Məhkəmə qərarları › İş №2(103)-3559/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3559/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3559/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1807/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən MEİ KODU **********87569 SAMSUNG GALAXY S23+ markalı telefon almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür.

2. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3362.04 manat ödənilməmiş hissə, 336.96 manat cərimə, ümumilikdə 3699 manat borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********87569 SAMSUNG GALAXY S23+markalı telefon üçün 3362.04 manat ödənilməmiş hissə, 336.96 manat cərimə, ümumilikdə 3699 manat borc və 56.99 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İMEİ KODU **********87569 SAMSUNG GALAXY S23+markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 18 ay müddətinə hər ay 186.78 manat olmaqla 3362.04 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3362.04 manat ödənilməmiş hissə, 336.96 manat cərimə, ümumilikdə 3699 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1807/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********87569 SAMSUNG GALAXY S23+ markalı telefon üçün 3362.04 manat ödənilməmiş hissə, 33.6 manat cərimə, ümumilikdə 3395.64 manat borc və 53.95 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********87569 SAMSUNG GALAXY S23+markalı telefon üçün 3362.04 manat ödənilməmiş hissə, 33.6 manat cərimə, ümumilikdə 3395.64 manat borc və 53.95 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 336.96 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 33.6 manat məbləğində müəyyən edilməlidir.

7. Məhkəmə mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 467, 600.1, 600.2, 600.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 284-5.2, 284-5.3, 46,626-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-1807/2024 saylı qətnaməsinin maddi və prosessual hüquq pozuntuları ilə qəbul edildiyindən qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının iddiasının məhkəmə tərəfindən təmin edilməsi tam qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********87569 SAMSUNG GALAXY S23+ markalı telefon əldə etdikdən qısa bir müddət sonra telefonda texniki nasazlığın olduğunu müəyyən edib. Bundan sonra dərhal "xxxx" MMC-nin Diaqnostika Mərkəzinə gedərək bubarədə məlumat verib. Mərkəz tərəfindən telefon yoxlanıldıqdan sonra telefonda texniki nasazlığın olduğu və Texniki Servisə göndəriləcəyi bildirilərək telefonu məndən təhvil aldılar. Bir müddət sonra məni Diaqnostika Mərkəzinə dəvət edərək telefonu ona geri qaytararaq Texniki Servis və Diaqnostika Mərkəzinin rəyləri ona təqdim edildi. Rəylərlə tanış olarkən telefonun nasaz olduğu ona məlum olduğundan bununla razı olmadığını bildirərək telefonun geri qaytarılmasını tələb edib. Lakin Cəmiyyət tərəfindən ona heç bir köməklik göstərilmədi."xxxx" MMC tərəfindən onun hüquqları pozulmaqla yanaşı yuxarıda qeyd edilmiş müqavilə üzrə iddiaçı öz öhdəliyini yerinə yetirməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3559/2024 saylı, 14 may 2024-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə kiçik iddiaya dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e2(008)-1807/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

12. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, o telefonu alıb, 8-ci günündə telefonda qüsur aşkar edildi. Baxmaları üçün servisə apardı. Telefonda donma və internetin itməsi var idi. Servisdə yoxlandıqdan sonra telefonda heç bir qüsur olmadığını bildirdilər. Ona orada bildirdilər ki, istədiyi halda rəsmi servisə göndərə bilərlər. Onun diaqnostikaya şikayəti başqa məsələ olub, rəsmi servisə deyilən isə başqa məsələ olub. Rəsmi Servis heç bir qüsurun olmaması barədə qərar çıxarıb. Ondan sonra telefonu götürüb evə apardı. Ona 14 gün ərzində göndərilmə olduğunu bildirmədilər. O telefon üçün ödəniş etməyəcək, qüsurlu mal üçün niyə ödəniş etməlidir. O dəfələrlə onlara deyib ki, bu telefon ona lazım deyil. Telefon ondadır amma, telefonu işlətmir. O telefonu qaytarmaq üçün yaxınlaşdı, telefonun qiymətinin 2400 manat olmasına baxmayaraq 1700 manat verib geri götürüləcəyini bildirdilər. Rəsmi servis telefonda qızma olduğunu və qüsur olmadığını bildirdi. 8 iyun tarixində alıb, iyunun 15-də diaqnostikaya aparıb.

13. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, telefon alğı-satqı müqaviləsinə əsasən alınıb, bir müddət sonra nasazlıq olduğu bildirilib. Onların servisi tərəfindən telefon qəbul edilib, baxış keçirilməsi üçün "Samsung"un Rəsmi Servisinə göndərilib. Baxış keçirildikdən sonra qüsur müəyyən edilmədiyi bildirilib və onlar telefonu təhvil veriblər. Tərəfin özü də baxış keçirilmədiyini və rəsmi servis tərəfindən qüsur olmadığını bildirmələrini etiraf etdi. Apellyasiya şikayətində yanlışlıqla telefonun onlarda olduğunu qeyd edib. Apellyasiya şikayəti tam əsassızdır. Cavabdeh tərəf barışığa razı deyil. Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

15. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

16. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (Maddə 443.1)

17. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Maddə 600.1)

19. Məcəllənin 601.1-ci maddəsində qeyd edilir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (Maddə 600.4)

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. İş materiallarından göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin predmeti olan əşya məhz sonuncuya təhvil verilmişdir. Bununla bağlı aidiyyəti sənədlər də Cavabdeh tərəfindən imzalanmışdır.

25. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, telefonu aldıqdan sonra telefonda texniki nasazlıq aşkar edilmiş, bununla əlaqədar olaraq "xxxx" MMC-nin Diaqnostika Mərkəzinə gedərək bu barədə məlumat verib, texniki servisə göndəriləcəyi bildirilərək telefonu ondan alıblar. Bir müddət sonra Texniki Servis və Diaqnostika Mərkəzinin rəyləri təqdim olunmuş, o isə telefonun ona geri qaytarılmasını tələb etsə də, bu mümkün olmamışdır.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. Cavabdeh tərəf iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulduğunu, telefonun ona təhvil verilmədiyini iddia etsə də, məhkəmə iclasında telefonun özündə olduğunu bildirdi. Lakin qeyd etdi ki, telefon özündə olsa da o vaxtdan işləmir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilənin ləğvi ilə bağlı müraciət etmədiyindən və mqavilə ləğv edilmədiyində hazırda qüvvədədir. Müqavilə üzrə öhdəlik də icra edilməlidir.

27. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən ödəniş edilməmiş, 3362.04 manat ödənilməmiş hissə, 336.96 manat cərimə olmaqla, ümumilikdə 3699 manat borcu qalmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 3362.04 manat əsas borcun tutulması ilə bağlı düzgün qənaətə gəlmişdir.

28. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən 336.96 manat dəbbə pulu ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda iddiaçı tərəfindən yüksək məbləğdə dəbbə pulunun tələb edildiyini nəzərə alaraq məhkəmə kollegiyası 33.6 manat məbləğində dəbbə pulunun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.

29. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

30. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

31. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1807/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar