Məhkəmə qərarları › İş №2(103)-3565/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3565/2022

11.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3565/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-378/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvana (abonent kodu **********08210) Cavabdeh tərəfindən əsassız hesablanmış 3247,2 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, ona məxsus ünvan 1 ünvana əsassız borc hesablanmışdır. Sözügedən aktlardan onun xəbəri olmayıb və onun iştirakı olmadan tərtib edilmişdir. Bildirdi ki, cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Ona görə də Cavabdeh İB tərəfindən onun abonent koduna (**********08210) əsassız hesablanmış 3247,2 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-378/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvana aid qaz sayğacına (abonent kodu: **********08210 olan) hesablanmış 3025,14 (üç min iyirmi beş manat, on dörd) manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilməli olan 50,25 manat məbləğində dövlət rüsumunun iddiaçı Cavabdehndən tutular dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfimizdən təqdim olunmuş sübutlara – yəni, aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdiyimiz sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddia qismən əmin edilmiş, qətnaməni isə yalnız cavabdeh mübahisələndirmişdir. İddiaçı iddia tələbinin təmin edilməməsi hissəsində isə qətnamənin mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-378/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********8210 sayla qeydiyyata alınmış abonent koduna (İddiaçı) cəmi 3247,20 (3219,54 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc və 27,66 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.06.2021-ci tarixli ******* saylı, 29.10.2021-ci tarixli ******* saylı, 29.01.2021-ci tarixli ******* saylı, 26.02.2021-ci tarixli ******* saylı, 31.03.2021-ci tarixli ******* saylı, 31.05.2021ci tarixli ******* saylı, 30.09.2021-ci tarixli ******* saylı aktların təsdiq edilmiş surətlərindən görünür ki, abonent İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, iddiaçıya ümumilikdə aktlar əsasında 3247,20 manat məbləğində borc hesablanmışdır. Bundan sonra cavabdeh təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib etmişdir. İddiaçı 2021-ci ilin may ayında bir dəfə sayğacdan kənar qaz xətdindən idtifadə etdiyini bildirir. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, cavabdeh göstərilən halı təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə aktları qanunsuz hesab edərək, həmin aktlar əsasında hesablanmış borcu əsassız sayır. Nəzərə alınmalıdır ki, qeyd edilən aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının borcu əsassız hesablandığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən normativ aktların müddəalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 3025.14 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatı düzgün qeyd etmədiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-378/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-378/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar