Məhkəmə qərarları › İş №2(103)-3566/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3566/2022

07.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3566/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi, sübutetmə yükü ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi) Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-305/22 saylı iş üzrə 02 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.xx.xx.2015-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən istehlakçı İddiaçı məxsus ünvanda “Smart” tipli “G 4” markalı qaz sayğacı quraşdırılmışdır.

2. Cavabdeh tərəfindən qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edildiyi müəyyən edilmiş, bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci tarixli, ******* saylı, xx.xx.2018-ci tarixli, ******* saylı, xx.xx.2019-cu tarixli, ******* saylı, xx.xx.2019-ci tarixli, ******* saylı, xx.xx.2019-cu tarixli, ******* saylı, xx.xx.2019-cu tarixli, ******* saylı aktlar tərtib edilmişdir.

3. İtirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 2319,6 manat məbləğində borc cavabdehdən tələb edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona (abonent kodu **********00980) Cavabdeh tərəfindən əsassız hesablanmış 6042,4 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 may 2015-ci ildə yaşadığı ünvana qaz sayğacı quraşdırılmışdır. Daha sonra, ona 6042,4 manat borcunun olduğu bildirilmişdir. Son 2 ildə 5 dəfə sayğac dəyişdirilib, sayğac işləməyən halda 4-5 il bundan əvvəl üzərində 3000,0 manat borcla işlənmiş sayğac qoyublar. O, onlara işlənmiş sayğacdakı borc silinmədən həmin sayğacı qoyduqlarını bildirmişdir. Hazırda borc 6042,4 manat göstərilir. Onun borcu olmayıb, vaxtlı-vaxtında qazdan istifadəyə görə pulunu ödəyib.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-305/22 saylı iş üzrə 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvana aid qaz sayğacına (abonent kodu: **********00980 olan) hesablanmış 5493,20 manat məbləğində borcun silinməsi və 74,95 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı məhkəməyə verdiyi izahatında 2018-ci ilin noyabr və 2019-cu ilin yanvar aylarında iki dəfə sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etməsini bildirdiyindən, məhkəmə 2018ci ilin noyabr ayında akt əsasında hesablanmış 329,40 manat, 2019-cu ilin yanvar ayında akt əsasında hesablanmış 219,80 manat borcun, ümumilikdə 549,20 manat borcun silinməsi hissəsində cavabdehi bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır.

8. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində 549,20 manat borcun silinməsi ilə bağlı nəticəyə gəlsə də, qətnamənin nəticə hissəsində 5493,20 manat borcun silinməsini qət etmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş sübutlara qiymət verməyib. İddiaçı isə tələbini əsaslandıran sübutları təqdim etməyib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

15. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

16. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

17. Bənd 2.5. Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

18. Bənd 2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

19. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir;

20. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia qismən təmin edildiyindən qətnamə iddianın təmin edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etsə də, silinməli borcun məbləğini düzgün müəyyən etməmişdir.

24. İşin apellyasiya baxışı zamanı 25 may 2022-ci il tarixli qərardadla ekspertiza təyin edilmiş, lakin ekspert kommunal xidmət xətlərinə hər hansı qanunsuz qoşulmaların olubolmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyindən rəy verməkdən imtina etmişdir.

25. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən ərizə ilə məhkəməyə müraciət edərək 2018-ci ilin mart və noyabr aylarında əlavə xətdən istifadə etdiyini etiraf etmişdir.

26. Birinci instansiya məhkəməsi isə iddiaçının 2018-ci ilin noyabr və 2019-cu ilin yanvar aylarında sayğacdan kənar qaz xəttindən istifadə etdiyi barədə nəticəyə gəlmiş, bunu iddiaçının etirafı ilə əlaqələndirmiş, halbuki iddiaçı belə bir etiraf etməmişdir.

27. Cavabdeh tərəfindən 2010-cu ilin iyul ayından 2018-ci ilin fevral ayınadək olan dövrə hesablanmış 3724,6 manat ziyanın hesablanmasına əsas olmuş sənədlər (aktlar) cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilməmişdir.

28. Birinci instansiya məhkəməsi qeyd olunan halı əsas götürərək 3724,6 manat borcun silinməli olduğu qənaətinə gəlmişdir.

29. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarını, o cümlədən həmin borcun 2010-cu ildən 2018-ci ilədək olan dövrü əhatə etməsini nəzərə alaraq birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşır.

30. Əslində, cavabdehin özünün də həmin məbləği tələb etməsi işdən görünmür. İşdə cavabdehin yalnız 2319,6 manat borcun ödənilməsini tələb etdiyi qeyd olunmuşdur.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.8, 4.9-cu maddələrinə müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir.

32. Borcun qalan hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

33. Baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh iddiaçı tərəfindən sayğaca müdaxilə edildiyi və bununla da təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci tarixli, ******* saylı, xx.xx.2018-ci tarixli, ******* saylı, xx.xx.2019-cu tarixli, ******* saylı, xx.xx.2019-ci tarixli, ******* saylı, xx.xx.2019-cu tarixli, ******* saylı, xx.xx.2019-cu tarixli, ******* saylı aktlar tərtib etmişdir.

34. İddiaçı bu aktlardan yalnız ikisini - xx.xx.2018-ci tarixli, ******* saylı, xx.xx.2018-ci tarixli, ******* saylı aktları qəbul etmiş və həmin dövrdə həqiqətən də sayğacdan kənar qaz xəttindən istifadə etdiyini etiraf etmişdir (i.v.40).

35. Məhkəmə kollegiyası iddiaçının bu etirafına tənqidi yanaşır və hesab edir ki, onun sonrakı dövrdə sayğacdan kənar qaz xəttindən istifadə etməməsi, qaz xəttinə hər hansı müdaxilə etməməsi barədə göstərdikləri inandırıcı deyil. İddiaçı bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də onun tələbi həmin hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə də təmin etməkdə səhvə yol vermişdir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Kollegiya hesab edir ki, 3724,6 manat borcun yaranmasına əsas olmuş sənədlər (aktlar) mövcud olmadığından birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edib 3724,6 manat borcu abonent hesabından silməkdə haqlı olmuşdur. Ona görə də qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbinin qalan hissəsi isə sübut olunmadığından rədd edilməlidir.

38. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

39. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-in 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən İddiaçı məxsus ünvana aid qaz sayğacına (abonent kodu: **********00980 olan) hesablanmış 5493,20 manat borcun silinməsi hissəsində dəyişdirilsin. Silinməli olan borcun məbləği 3724,6 (üç min yeddi yüz iyirmi dörd manat, 60 qəpik) manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar