Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3567/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(003)-242/2022 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 6747,98 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Xəzər rayonu Qala kəndində Sülh küçəsində yaşayır. 28 sentyabr 2017-ci il tarixdə ******* saylı akt tərtib olunmuş, Cavabdeh əməkdaşları yaşadığı fərdi yaşayış evinin qaz xəttinin giriş xəttindən kəsiləcəyi üçün sayğacın guya qeyri-qanuni istifadə edildiyinə görə akt üzrə guya onun 4551,98 manat qaz sərfiyyatına görə borcu vardır və onlar həmin sayğacı çıxarıb aparıblar. Onun faktiki olaraq borcu yoxdur. 2017-ci ildə uşağı xəstəxanaya aparıb qayıdanda görmüşdür ki, ona məxsus qaz sayğacı yoxdur. Sonra qaza baxan Əliyev Şahinə bu barədə məlumat vermiş və o isə ona bildirmişdir ki, satış yerindən sayğacı açılıb aparılmışdır. Sonra o satış yerinə getmiş və ona ərizə ilə göstərilmiş ki, ev söküldüyünə görə sayğac onlar tərəfindən açılmışdır. O isə bildirmişdir ki, ev sökülməmişdir və yerindədir. 3 gün keçdikdən sonra nümayəndə gəlmiş və evə baxmışdır. Həmin nümayəndə bildirmişdir ki, sayğaca müdaxilə etmiş olsaydı o lobaratoriyaya göndərməli olardı. Əliyev Şahin ona bildirmiş ki, sayğac gələnə qədər qazı qoşub işlədə bilər. Onu aldadıb, özləri icazə verdikləri halda ondan gizli olaraq fotoşəkillər çəkib qeydiyyat aparıblar ki, guya o qazdan istifadə etmişdir. Nəhayət 2020-ci ilin mart ayında o ərizələrlə müraciət etmiş və onun evinə qaz sayğacı quraşdırılmış, üzərinə plob vurulmuş və həmin vaxtıdan da o qaz işlədə bilmir. X1 bildirmişdir ki, 4551 manat 98 qəpik ödəmə qaz verilməyəcəkdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(003)-242/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçının abonent hesabına (abonent kodu **********00400) hesablanmış 6747,98 manat məbləğində borcun silinməsi, cavabdehdən 87,47 manat dövlət rüsumunun alınaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh İB-nin nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən dəfələrlə təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə olunmuş və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında itirilmiş təbii qazın dəyəri hesablanaraq iddiaçının abonent hesabına köçürülmüşdür. İş materiallarında olan iddiaçının abonent hesabında göstərilmiş borc həmin aktlar əsasında hesablanmış borcdur. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan 28.09.2017-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, həmin tarixdə istehlakçı olan İddiaçı ünvanına yerləşdirilmiş sayğac, sayğacın giriş xəttindən kəsildiyi səbəbindən çıxarılmışdır. Aktda istehlakçının imzası yoxdur. İddiaçı tərəfindən Birliyə ünvanlanmış 26.10.2017-ci il tarixli ərizədə sayğacın çıxarıldığı bildirilməklə, yerinə bərpa olunmasına köməklik göstərilməsi xahiş edilmişdir. 30.03.2020-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, həmin tarixdə istehlakçı olan İddiaçı ünvanına G4 markalı ******* nömrəli sayğac yerləşdirilmişdir. Aktda istehlakçının imzası var. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 06.12.2017-ci il tarixli ******* saylı, 02.01.2018-ci il tarixli ******* saylı, 16.03.2018-ci il tarixli ******* saylı, 20.04.2018-ci il tarixli ******* saylı, 31.05.2018-ci il tarixli ******* saylı, 29.06.2018-ci il tarixli ******* saylı, 24.08.2018-ci il tarixli ******* saylı, 24.09.2018-ci il tarixli ******* saylı, 31.10.2018-ci il tarixli ******* saylı, 18.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı aktlar tərtib olunaraq həmin aktlarda İddiaçı qazdan sayğacdan kənar istifadə etdiyi göstərilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamələrdən və iş üzrə İddiaçı adına olan **********00400 kodlu abonentin saldosundan görünür ki, abonent hesabına ümumilikdə 6747,98 manat borc hesablanmışdır. İddiaçı hazırda həmin borc məbləğinin silinməsini tələb edir. Abonentin saldosundan görünür ki, abonent hesabına ümumilikdə 6747,98 manat borc hesablanmışdır, 5988,40 manat yuxarıda göstərilən aktlar əsasında təbii qazdan sayğacdan kənar istifadə edilməsi nəticəsində hesablanmış cərimə borcu, 139,10 manat 2020-ci ilin aprel-dekabr ayları üzrə sərfiyyat məbləği, “-620,48” manat isə 2020-ci ilin may ayı üçün “ödəniş” qrafasında göstərilmiş məbləğdir. Kollegiya qeyd edir ki, iddia tələbi qismən əsaslıdır. Abonent saldosuna əsasən müəyyən edilmiş 2020-ci ilin aprel-dekabr ayları üzrə sərfiyyat məbləği olaraq hesablanmış 139,10 manat məbləğində borca aid hissədə iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, həmin borc məbləği qeyd edilən aylar üzrə iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə hesablanmış sərfiyyat məbləğidir, odur ki, həmin məbləğin silinməsi üçün hər hansı əsas yoxdur. “-620,48” manata aid hissədə Kollegiya hesab edir ki, iddia tələbi əsaslıdır və həmin borc məbləği silinməlidir. Belə ki, abonent saldosunda 2020-ci ilin may ayı üçün “ödəniş qrafasında “-620,48” manat qeyd edilsə də, həmin məbləğin yaranma əsasını müəyyən etmək mümkün olmamışdır, cavabdeh Birlik tərəfindən də həmin borc məbləğinin hansı əsasla yaranmasını göstərən hər hansı sübut təqdim edilməmişdir. Aktlar əsasında təbii qazdan sayğacdan kənar istifadə edilməsi nəticəsində hesablanmış 5988,40 manat məbləğinə aid hissədə isə Kollegiya hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus evdə olan sayğac 28.09.2017-ci il tarixdə çıxarılmış və 30.03.2020-ci il tarixdə yeni sayğac quraşdırılmışdır. Həmin dövrdə isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilmişdir. İddiaçı birinci instansiya məhkəməsində izahatında göstərmişdir ki, onun yaşadığı evə quraşdırılmış sayğac 2017-ci ildə cavabdeh Birliyin əməkdaşları tərəfindən sökülərək aparılmış, yeni sayğac isə 30.03.2020-ci il tarixdə yerləşdirilmişdir. Bundan sonra onun evinə təbii qaz verilməmişdir. Səbəbini öyrənəndə isə ona aktlar əsasında borcun yazıldığı və həmin borcun ödəniləcəyi təqdirdə qazın verilməsinin mümkün olacağı bildirilmişdir. O, 2017-ci ildə sayğac sökülüb aparıldıqdan sonra təbii qazdan istifadə etməmiş, yalnız odundan istifadə etmişdir. Təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməmiş və bu barədə tərtib edilmiş aktlarla bağlı heç vaxt məlumatı olmamışdır, həmin aktlar əsassızdır. Kollegiya iddiaçının bu izahatına tənqidi yanaşaraq, qeyd edir ki, iddiaçı məhkəmədə izahatında 2017-ci ildə sayğac sökülüb aparıldıqdan sonra təbii qazdan istifadə etmədiyini və yalnız odundan istifadə etdiyini bildirsə də, özü iddia ərizəsində göstərmişdir ki, Əliyev Şahin onu aldadaraq bildirmişdir ki, sayğac gələnə qədər qazı qoşub işlədə bilər, özləri icazə verdikləri halda ondan gizli olaraq fotoşəkillər çəkib qeydiyyat aparmışlar ki, guya o, qazdan istifadə etmişdir. Göründüyü kimi iddiaçı təbii qazdan qanunsuz istifadə etdiyini özü təsdiq etmişdir. İddiaçının sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkardır. Tərtib edilmiş aktların mötəbərliyi şübhə doğurmur. Cavabdeh İB-nin Şahin Əliyev adlı işçinin iddiaçıya qazdan sayğacdan kənar istifadə etməsinə icazəsi verməsi müəyyən olunmur, nə də iddiaçı bu halı sübut edə bilməmişdir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edildiyi müəyyən edilmişdir. Lakin hesablanmış borc məbləgi ilə razılaşmayaraq Kollegiya hesab edir ki, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, abonent saldosuna əsasən, iddiaçının ünvanına 2020-ci il mart ayında yeni qaz sayğacı quraşdırıldıqdan sonra, 2020-ci ilin 9 ayı üçün sərfiyyat məbləği 139,10 manat olmuşdur. Bu isə o deməkdir ki, iddiaçının orta aylıq sərfiyyatı 15,45 manat (139,10/9) təşkil etmişdir. Belə olan halda sayğacın çıxarıldığı 28.09.2017-ci il tarixdən yeni sayğac quraşdırıldığı 30.03.2020-ci il tarixə qədər olan müddət üçün (2 il 6 ay) hesablanmalı olan borc məbləği 463,5 manat (15,45x2 il 6 ay) müəyyən edilir. Odur ki, tərtib edilmiş aktlar əsasında borc məbləğ 463,5 manat hissəsində əsaslı olduğundan, 5988,40 manat borc (hesablanmış cərimə) məbləğindən 5524,9 manat silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-242/2022 saylı iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçının abonent hesabına (abonent kodu **********00400) hesablanmış 6145,38 manat (aktlar üzrə hesablanmış 5524,9 manat və abonent saldosunun “ödəniş qrafasında qeyd edilmiş “-620,48” manat) məbləğində borc silinsin. İddia qalan (aktlar üzrə hesablanmış 463,5 manat və 2020-ci ilin aprel-dekabr ayları üzrə sərfiyyat üçün hesablanmış 139,10 manat) hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3567/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3567/2022
11.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver