Məhkəmə qərarları › İş №2(103)-357/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-357/2024

14.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-357/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi, Bakı şəhəri 21 saylı Notariat Ofisi, X4, X14) mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqaviləsinin, çıxarışların etibarsız hesab edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2022 saylı, 24 fevral 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mərhum anası X10 məxsus olmuşdur. X8 7 övladı olmuş: Eyvaz, Elyaz, Elmira, Zərnişan, Knyaz, Zərxanım və Eldar. X2 xx.xx.2015-ci il tarixli vəsiyyətnaməyə əsasən özünə məxsus olan bütün əmlakını onunla eyni ünvanda yaşayan oğlu Cavabdeh5 və Ukrayna vətəndaşı Cavabdeh1 Məmməd oğluna vəsiyyət etmişdir. Knyaz və Elyaz vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi almışlar, Zərnişan və Elmira isə qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Digər üç övlad Eyvaz, yəni iddiaçı, Zərxanım və Eldar mirası nə faktiki qəbul etmiş, nə də bununla bağlı notariat kontoruna müraciət etməmişlər.

2. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 211564 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 25 sentyabr 2006-cı il tarixdə ölmüşdür.

3. 1 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 058088 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 19 yanvar 2020-ci il tarixdə ölmüşdür.

4. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 016779 nömrəli xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X10 məxsus olmuşdur.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 8 X8 adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir.

6. Bakı şəhəri 18 saylı notariat kontorunda təsdiq edilmiş, reyestrdə 2V-179 № ilə qeyd edilmiş, xx.xx.2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 4-cü Aşırım, 2-ci döngə ev 13-də yaşayan X16 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir: Ölən günədək ona məxsus olan bütün əmlakını–onunla eyni ünvanda yaşayan Cavabdeh5 və Ukrayna vətəndaşı Cavabdeh1 Məmməd oğluna vəsiyyət etmişdir.

7. 53 saylı MKİS-in xx.xx.2020-ci il tarixli, arayışından görünür ki, X2 ölən gününə qədər 4-cü Aşırım küçəsi, ev 15-də yaşamış və qeydiyyatda olmuşdur. Ölümündən əvvəl və hazırda qeydiyyatda olan ailə üzvləri 4 nəfərdir. Oğlu – Cavabdeh5, gəlini-Cavabdeh4, nəvəsi- X17, nəvəsi- X5r.

8. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 Məmməd oğlu vərəsəlik şəhadətnaməsi almaq üçün 51 saylı notariat kontoruna müraciət etmişdir.

9. xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X11 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən xx.xx.2015 tarixdə təsdiq edilən və reyestrdə 179 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş- X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Rusiya Federasiyası ünvanında qeydiyyatda olan Cavabdeh1dur (RUS 754446876, xx.xx.2017 - FMX 52004, FİN:, d/t xx.xx.1961) və o miras əmlakdan 3/8 hissədə pay almalıdır. 3/8 hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-si yanında DƏDRX tərəfindən xx.xx.2020 tarixdə X10 verilmiş **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Novruzov Qardaşları küçəsi,13 ünvanında yerləşən ümumi sahəsi 79.3 kv/m olan fərdi yaşayış evindən ibarətdir.

10. Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş, reyestrdə 2V-155 № ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X11 Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən xx.xx.2015 tarixdə təsdiq edilən və reyestrdə 179 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş- X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Rusiya Federasiyası ünvanında qeydiyyatda olan Cavabdeh5oviçdir. **********, xx.xx.2017 - 520-001, FİN: XXXXXX d/t xx.xx.1972) və o miras əmlakdan 3/8 hissəyə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: - ƏMDKsı yanında DƏDRX tərəfindən xx.xx.2200 tarixdə X10 verilmiş **********85- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 79.3 kv/m olan fərdi yaşayış evindən ibarətdir.

11. 10.03.2020-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik şəhadətnaməsi almaq üçün 51 saylı notariat kontoruna müraciət etmişlər.

12. Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş, reyestrdə 2V-105 № ilə qeyd edilmiş, xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X11 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş-X8 vərəsələri: Azərbaycan Respublikası, ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh3 (AZE0*******, xx.xx.2008 - Xətai, FİN:xxxxxxx, d/t:xx.xx.1956) ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AZE********, xx.xx.2016 Asan2, FİN:xxxxxxx, d/t: xx.xx.1966) və onların hər biri nvras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-si yanında DƏDRX tərəfindən xx.xx.2020 tarixdə X10 verilmiş **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Novruzov Qardaşları küçəsi. 13 ünvanında yerləşən ümumi sahəsi 79.3 kv/m olan fərdi yaşayış evidən ibarətdir.

13. Cavabdeh5oviç ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 79,3 kv.m olan fərdi yaşayış evini hədiyyə alana bağışlamışdır.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 8-ə Cavabdeh2 1/8 hissədə, Cavabdeh3 1/8 hissədə, Cavabdeh1 3/8 hissədə, Cavabdeh4 adına 3/8 hissədə payları qeydə alınmışdır.

15. Bakı şəhəri 51 saylı Notariat Ofisinin notariusu Ü.F.Kərimovun xx.xx.2021-ci il tarixli, 1729 №-li qərarından görünür ki, “Vətəndaş İddiaçı Bakı şəhəri 51 saylı notariat ofisinə ünvan 9 ünvanda yaşamış 19 yanvar 2020-ci il tarixdə vəfat etmiş anası X7 qalmış mirası qəbul etmək və qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 10 iyul 2021-ci il tarixdə ərizə təqdim etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı miras açıldıqdan sonra və əvvəl göstərilən yaşayış evində yaşamamışdır. Bununla yanaşı qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış İddiaçı notariat ofisinə mirası faktik qəbul və ona sahiblik etməsi barədə sübutlar təqdim etməmişdir. İddiaçı mirasın qəbulu ilə bağlı qanunvericiliyin tələbi izah edilmişdir. Lakin İddiaçı tələbini dəyişməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq «Notariat haqqında» qanunun 40-cı maddəsinin 1-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.”

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X7 miras qalmış, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh1 və Cavabdeh5oviçə Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V155 və 2V-104 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh4 ilə Cavabdeh5oviç arasında bağlanmış Bakı şəhəri 21 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli 40- 022 nömrəli bağışlama müqaviləsinin, Cavabdeh2 adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın, Cavabdeh4 adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh5oviçin adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh1 adına və X6 ƏMDK yanında DƏDRX tərəfindən verilmiş paylı şəkildə olan çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, mərhum anası X7 miras qalmış Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 və X3 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh1 və Cavabdeh5oviçə Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-155 və 2V-104 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh4 ilə Cavabdeh5oviç arasında bağlanmış Bakı şəhəri 21 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli 4G-922 nömrəli bağışlama müqaviləsinin, Cavabdeh2 Məmmdovnanın adına GMDK yanında DGDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın, Cavabdeh4 adına GMDK yanında DGDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh5oviçin adına GMDK yanında DGDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh1 adına və Cavabdeh3 GMDK yanında DGDRX tərəfindən verilmiş paylı şəkildə olan çıxarışların etibarsız hesab edilməsi, İddiaçı mübahisəli fərdi yaşayış evində payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə verərək, mərhum anası X7 miras qalmış Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh1 və X9 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-155 və 2V-104 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh4 ilə Cavabdeh5oviç arasında bağlanmış Bakı şəhəri 21 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli 40-922 nömrəli bağışlama müqaviləsinin, Cavabdeh2 adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 1 ********* qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın, Cavabdeh4 adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh5oviçin adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021ci il tarixli çıxarışın, Cavabdeh1 adına və Cavabdeh3 ƏMDK yanında DƏDRX tərəfindən verilmiş paylı şəkildə olan çıxarışların etibarsız hesab edilməsi, İddiaçı mübahisəli fərdi yaşayış evində 1/11 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 4cü Aşırım küçəsi, Döngə 2 ev 13, indiki Novruzov Qardaşları ev 13 saylı ünvanda yerləşən fərdi yaşayış evi onun anasının X8 şəxsi mülkiyyətində olmuşdur. Anası xx.xx.2020-ci il tarixində vəfat etmişdir, atası isə xx.xx.2006-cı il tarixində ondan əvvəl vəfat etmişdir. Valideynləri və o qeyd edilən ünvanda yaşamış, oradan daimi olaraq istifadə edərək təsərrüfat aparmışlar. Anasının vəfatından sonra o, elə hesab etmişdir ki, onun vərəsəsi kimi artıq əmlak üzərində sərəncam vermək səlahiyyəti bütün övladlarına məxsusdur. Onun xəbəri olmadan iş üzrə cavabdehlər mübahisəli fərdi yaşayış evinə dair 51 saylı notariat ofisinə müraciət etmişlər və oradan özlərinə vərəsəlik hüququ haqqında şəhadətnamələr alınmış və onun əsasında 1 saylı Bakı Ərazi İdarəsindən çıxarışlar əldə etmişdirlər. O, bundan məlumatlı olmamış və məlumat əldə edən kimi aidiyyəti üzrə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-6172/2021 saylı qərardadı ilə sənədlər geri qaytarılmış və bildirilmişdir ki, əmlak Nərimanov rayonu ərazisində yerləşdiyi üçün aidiyyəti olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət edilməlidir. Bundan sonra o, Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 4302/2021 saylı qərardadı ilə ərizəsi baxılmamış saxlanılmış və ona izah edilmişdir ki, iddia icraatı qaydasında müraciət edilməlidir. O, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, fərdi yaşayış evində hamı birlikdə yaşamış sonralar isə ailə qurduqca öz evlərinə köçmüş, anası X16 2020-ci ildə vəfat etmiş həmin vaxt onlarövladlar orada yaşamamış, ancaq iş üzrə cavabdeh Əsədova (Paşayeva) Sevda Salman qızı mübahisəli ünvanda yaşamış və hazırda da o ünvanda yaşamaqda davam etmişdir. Onun həyat yoldaşı qardaşı Cavabdeh5 3/8 pay verilmiş və Cavabdeh4 həmin pay bağışlanmışdır. Bacıları həmin miras əmlakdan 1/8 hissə Cavabdeh3, 1/8 hissə Cavabdeh2, 3/8 hissə Cavabdeh1 məxsusdur, Cavabdeh5 3/8 hissə verilmişdir, Cavabdeh5 öz payını Cavabdeh4 bağışlamışdır. Bütün bu əməliyyatlar 51 saylı notariat ofisində edilmişdir. O və iki övlad gizlədilmiş, bu barədə notariat ofisinə məlumat verilməmişdir. Bundan sonra o, müvafiq sənədlərlə bərabər maraqlı şəxs Bakı şəhəri 51 saylı Notariat Ofisinə müraciət etmişdir ki, ona vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilsin. Notarius vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən rəsmi olaraq xx.xx.2021-ci il tarixində imtina etmişdir. Hesab edir ki, Notariusun imtinası əsassızdır və bu ərizə məhkəmə qaydasında öz həllini tapa bilər. Bildirir ki, qeyd edilən ev onun anasının şəxsi mülkiyyətində olmuşdur. Hazırki cavabdehlərdən vəsiyyətnamə üzrə vərəsəlik olanları qəbul edir, çünki anası onlara vəsiyyətnamə vermişdir, digər qanun üzrə vərəsəlik almış Cavabdeh2 və Ədilova Zərnişan isə anasının sağlığında hazırki mübahisəli evdə uzun illər o və digər övladlar kimi yaşamamış və qeydiyyatda olmamışdırlar. Bildirir ki, Elmira və Zərnişan da ölmüş şəxslə birlikdə uzun illər yaşamamış və qeydiyyatda olmamışdırlar, ölmüş şəxslə birlikdə təsərrüfat işləri aparmamış və onunla yaşamamışdırlar. Elmira və Zərnişan hər ikisi notariusda ərizə verərək hər biri ancaq özlərinin vərəsə olması barədə yalan məlumat vermişlər. Odur ki, vərəsəlik işi tam olaraq qanunsuz və əsassız aparılmış vərəsələr gizlədilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Qanun və vəsiyyət üzrə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilərək paylar yenidən müəyyən edilməli, vəsiyyət üzrə paylar verildikdən sonra qanun üzrə olan vərəsəlik hüququ haqqında şəhadətnamələr ölmüş şəxsin övladları arasında bərabər bölünməlidir.

20. Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, Döngə 2 ev 13, indiki Novruzov Qardaşları ev 13 saylı ünvanda yerləşən fərdi yaşayış evi onun qaynanası X8 şəxsi mülkiyyətində olmuşdur. Qaynanası xx.xx.2020-ci il tarixində vəfat etmişdir, qaynatası isə xx.xx.2006-cı il tarixində ondan əvvəl vəfat etmişdir. Onlar, həyat yoldaşı Cavabdeh5, o və iki övladı həmin ünvanda yaşayıb və hazırdada yaşamaqda davam edir və pasport qeydiyyatı da həmin ünvanadır. O, 26 ildən çoxdur ki Knyazla ailə həyatı quraraq yuxarıda qeyd edilən ünvanda mülkiyyətçi ilə birlikdə yaşamış təsərrüfat aparmışdır. Knyazla birgə nikahından iki övladı olmuş və onlar həddi buluğ yaşını keçmişdirlər. Ümumiyyətlə hesab edir ki, həmin ünvanda yaşamayan və orada daimi qeydiyyatı olmayan baldız və qayınları vəsiyyət edilmişlərdən başqa heç kim pay ala bilməzdi. Lakin Elmira və Zərnişan pay almaq üçün notariusa müraciət etmişdirlər və evin qeydiyyat vəsiqəsi onda olmağına baxmayaraq gizlin şəkildə vərəsəlik işinin açılmasına nail olmuşlar və reyestr xidmətindən yeni çıxarış alaraq notariusa təqdim edərək vərəsəlik hüququ haqqında şəhadətnamələr əldə etmişdirlər. Hazırkı iddia ərizəsinə heç bir etirazı yoxdur.

21. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişlər ki, İddiaçı iddia ərizəsi ilə əlaqədar iddia müddəti buraxılmışdır. Belə ki, iddiaçı vərəsə kimi xx.xx.2020-ci ildə dünyasını dəyişmiş mərhum anaları X7 qalmış miras əmlakla (ünvan 8) əlaqədar mübahisə qaldırmışdır. Lakin iddiaçı vərəsə olaraq anası Zinanın rəhmətə getməsini ilk gündən bilmiş, onun dəfnində və yas mərasimində iştirak etmişdir. O, vərəsə olaraq qanunla müəyyən olunmuş 3 ay müddətində Notariat ofisinə müraciət etməmiş, faktiki olaraq mirasdan imtina etmişdir. İddiaçıdan başqa digər qardaşı və bacısı da mirasdan pay istəməmişlər və Notariat ofisinə müraciət etməmişlər. Eləcə də, iddiaçı həmin miras əmlakı faktiki olaraq qəbul etməmiş, öz evində yaşamışdır. Hətta iddiaçı şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş 6 ay müddətində (xx.xx.2020-ci ilədək) də mirasla əlaqədar hazırda cavabdeh olan Sevda Salmanovanın göstərişi ilə xx.xx.2020-ci il tarixdə məni (Cavabdeh2) döymüşdür. Bu barədə Nərimanov RPİ-nin İstintaq Şöbəsində onun barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Lakin bacı-qardaşlarının xahişini nəzərə alaraq onunla barışmışdır. İddiaçı barəsində olan cinayət işinə xx.xx.2021-ci il tarixli qərarla xitam verilmişdir. İddiaçı miras əmlak barədə anasının ölümündən bir il yarımdan sonra qərəzli olaraq mübahisə yaratmağa başlamışdır. Buna səbəbi isə miras əmlakın cavabdeh Sevda Salmanova tərəfindən kirayəyə verilməsi və aldığı pulları mənimsəməsi səbəbindən olmuşdur. Həmin vaxtlarda Sevda Salmanovaya qarşı kirayənişinlərin miras qalmış həmin evdən çıxarılması, pul tələbi barədə iddia qaldırılmış və iddia tələbi qismən təmin edilmişdir. Göstərilənlərə əsasən iddia müddətinin tətbiq edilməsi ilə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2022 saylı, 24 fevral 2022-ci il tarixli (hakim Aytən Novruzova) qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlanma müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, fərdi yaşayış evinə payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 339.1, 339.2, 339.3, 340.2, 352, 354.1, 1133.1, 1133.2, 1134.1. 1134.2, 1145, 1146, 1151, 1159, 1160, 1166, 1168, 1179.1, 1193, 1194, 1195, 1196, 1198, 1202.1, 1202.2, 1243.1, 1243.2, 1243.3, 1274, 1321.1, 1321.2, 1324.3-cü maddələri və Konstitusiya Məhkəməsinin Plenum qərarlarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

24. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7096/2022 nömrəli iş üzrə 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

c) Kassasiya instansiyası məhkəməsində icraat

28. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayəti və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2018/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-7096/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Proses iştirakçılarının izahatı

31. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

32. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

33. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətini qəbul edərək təmin edilməsini xahiş etmişdir.

34. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdehlər və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdeh şəxslər və üçüncü şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

35. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

36. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

37. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

38. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

39. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

40. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

41. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

42. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

43. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

44. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

45. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

46. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

47. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

48. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

49. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

50. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

51. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

52. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

53. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

54. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

55. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

61. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

62. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

65. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

67. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

68. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

69. Hazırkı işdə iddiaçı vərəsəlik hüququna istinad edərək, anası X7 miras qalmış Bakı şəhəri, ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsələrə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların, Cavabdeh5oviçlə Cavabdeh4 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız sayılmasını, özünün mübahisəli fərdi yaşayış evinə 1/11 payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

70. Birinci instansiya məhkəməsi iddianı həm mirasın qəbulu müddətlərinin keçməsi, həm də iddia müddətini tətbiq etməklə rədd etmiş, mövqeyini Mülki Məcəllənin həm 354.1-ci, 1246-cı maddələrini tətbiq etməklə əsaslandırmışdır.

71. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Kollegiya qeyd edtmişdir ki, iddia müddəti bir qayda olaraq, tələb hüquqlarına şamil olunur. Belə ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hazırkı işdə isə iddiaçı özünün vərəsəlik hüququna istinad edərək miras əmlak üzərində payının tanınmasını tələb edir. İrəli sürülmüş tələblər baxımından qeyd olunmalıdır ki, notariusun verdiyi vərəsəlik şəhadətnamələri, habelə onlar əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat haqqında çıxarışlar ümumiyyətlə əqd hesab edilmirlər. Onlar şəxsin mülki hüquqlarının mövcudluğunu və ya qeydiyyatını təsdiq edən sənədlərdir. Bu baxımdan həmin sənədlərin etibarsız sayılması barədə tələbə əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələri haqqında müddət tətbiq oluna bilməz. Bağışlama müqaviləsi isə əqd sayıldığı üçün onun əhəmiyyətsiz sayılması və zəruri dispozisiya şərtləri sübuta yetirildiyi halda sözügedən normanın tətbiqi mümkün ola bilər. Bunun üçün müqavilənin əhəmiyyətsiz olduğu təsbit edildikdən sonra həmin əqd üzrə icra edilmişlərin əldə edən baxımından əsassız varlanma təşkil etdiyi müəyyənləşdirilməlidir. Bundan əlavə, apellyasiya məhkəməsi iddiaçının Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulan müddət ərzində mirası qəbul etmədiyini bildirərkən, “həmin müddətin mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddət olması”na dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarına istinad etmişdir. Belə olan halda həmin hüquqi mövqenin hansı meyarlara görə iddiaçının tələbinin rədd edilməsinə əsas verməsi lazımi şəkildə izah olunmamışdır.

72. Kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə iş materiallarını araşdıraraq vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

73. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

74. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

75. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar).

76. Kollegiya hazırki mülki işə Mülki Məcəllənin 1272-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı qanun üzrə və vəsiyyət vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddəti ötürmüşdür. Ona görə də iddia tələbi Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-155 və 2V-104 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilə bilməz.

77. Məhkəmə kollegiyası iddia tələbinin vərəsəlik şəhadətnamələri əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi hissəsini də əsassız hesab edir. Belə ki, iddia tələbi həmin hissədə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilib-edilməməsi nəticəsindən asılı olduğundan və hazırkı halda iddia tələbləri vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməsi hissəsinsə rədd edildiyindən, hazırkı halda həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi halını da ortadan qaldırmış olur.

78. Kollegiya iddia tələbinin bağışlanma müqaviləsinin etibarsızlığı hissəsində isə qeyd edir ki, məhkəmə araşdırması zamanı bağışlanma müqaviləsinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmiş, eyni zamanda belə hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mirası qəbul etmə ilə bağlı dəlillərinə də düzgün qiymət vermişdir.

79. Məhkəmə kollegiyasl eyni zamanda iddia tələbinin İddiaçı mübahisəli fərdi yaşayış evində 1/11 payının müəyyən edilməsi hissəsi ilə aşağıdakıları qeyd edir:

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir.

81. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər.

82. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz.

83. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.

84. 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir;

85. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir;

86. Göründüyü kimi, iddiaçının iddia ərizəsi iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Belə ki, İddiaçı anasının ölümü barədə məlumatlı olduğu halda qanunla nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməmiş, bunun üçün aktiv hərəkətlərə cəhd göstərməmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

87. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).

88. Bu mənada məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.

89. Məhkəmə kollegiyasl qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

90. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”.

91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir.

92. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982- ci il tarixli qərarı; “X21rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

93. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan araşdırmanın nəticələrini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmadığından iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

94. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlanma müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, fərdi yaşayış evinə payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar