Məhkəmə qərarları › İş №2(103)-357/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-357/2025

25.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-357/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «kompensasiya ödənilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi») Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil Babalı oğlunun iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3479/24 saylı iş üzrə 18 iyul 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir.

2. Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən torpaq sahəsində olan Cavabdeh məxsus M-83 B nömrəli evin (özbaşına tikilinin) ümumi sahəsi 85,42 kv.m təşkil edir. Cavabdehin nə həmin ev (özbaşına tikili), nə də evin yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüququ olmasına dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Cavabdeh 32000 manat ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 B ünvanda ona məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 nömrəli sərəncamının icrası ilə bağlı, "xxxx" ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina etmiş, hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(004)-3479/24 saylı qətnaməsi ilə (hakim K.Xudayev) iddia təmin edilmişdir.

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tikinti norma və qaydalarının tələblərinə cavab verməyən cavabdehə məxsus olan özbaşına tikili insanların həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin iddiaçının təklifini qəbul edərək, özbaşına tikilini boşaltmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan özbaşına tikilini boşaltması, ilk növbədə onlar üçün həyati vacib məsələdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Mübahisəli evin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" ASC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" ASC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehin bütün hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin Bakı şəhərinin mərkəzində yerləşən 85,42 kv.m sahəsi olan evinin hər kvadratına görə 350-400 manat məbləğində hesablayaraq qanunsuz qətnamə çıxarmışdır. Halbuki, onun evinin bazar dəyəri daha yüksəkdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

12. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi və eyni zamanda ərizə təqdim edərək bildirdi ki, iddiaçı kompensasiya olaraq cavabdehə mütəxəssis rəyində göstərilən məbləği, yəni 55 000 manat pul vəsaitini ödəməyə razıdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququəldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının vəya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 32 000 (otuz iki min) manat məbləğində kompensasiya ödənilməsi hissəsində dəyişdirilməli, ödənilməli olan kompensasiya məbləği 55 000 (əlli beş min) manat müəyyən edilməlidir.

17. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən ərazidə yerləşən özbaşına tikilinin cavabdehə məxsus olması işin mübahisəsiz halıdır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən tikili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmasa da, onlar cavabdeh tərəfindən inşa olunmaqla faktiki olaraq mövcuddur və uzun müddətdir yaşayış evi kimi cavabdehin istifadəsindədir. Bu baxımdan, cavabdehin həmin tikili üzərində əmlak hüquqları vardır və ona görə də həmin tikiliyə “əmlak” kimi yanaşılmalı və qiymət verilməlidir.

19. Mülki Məcəllənin 158.2, 158.4-cü maddələrinin tələbinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

20. Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən də mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olan tələblərini də əhatə edə bilər.

21. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, mübahisəli tikili müvafiq qaydada reyestrdə qeydə alınmasa belə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və cavabdehin «mülkiyyəti» hesab olunur.

22. Beləliklə, kollegiya mübahisəli özbaşına tiklinin faktiki olaraq cavabdehin istifadəsində və sahibliyində olmasını nəzərə alaraq onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunduğu və həmin maddənin təsiri altına düşdüyü qənaətinə gəlir.

23. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

25. Azərbaycan Respublikası MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

26. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

27. Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93).

28. “Sporronq və Lonnrot İsveçə qarşı” işdə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi bildirmişdir ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər. Əks təqdirdə mülkiyyət hüququ «xəyali» və «səmərəsiz» hüquq olaraq qalardı. Kompensasiyanın məbləğinə gəldikdə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir.

29. Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X1rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95).

30. Avropa İnsan Hüquqları Məhkəməsi “Çinqa Litvaya qarşı iş üzrə” 31 oktyabr 2017-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyətə hər hansı müdaxilə qanuni olmalı və legitim məqsəd daşımalıdır, eləcə də, proporsionallıq tələbinə cavab verməlidir. Cəmiyyətin ümumi maraqları ilə vətəndaşların fundamental hüquqlarının müdafiəsi tələbi arasında ədalətli tarazlıq olmalıdır. Tələb edilən tarazlıq şəxs individual və həddindən artıq yük daşıdığı halda gözlənilməmiş olacaqdır. Adətən ağalabatan dəyər ödənilmədən əmlakın geri götürülməsi cəmiyyətin ümumi maraqları ilə şəxslərin fundamental hüquqları arasında ədalətli balansı təşkil etmir və ərizəçinin üzərinə həddindən artıq yük qoyur. Məhkəmənin əmlakın qiymətləndirlməsi ilə bağlı oxşar işlərdə gəldiyi mövqeyə əsaslanaraq, yuxarıda qeyd edilən ədalətli balans, əmlakın qiymətləndirilməsi zamanı müəyyən edilmiş “bazar” qiymətinə uyğun olan kompensasiya məbləği ödənilməmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, əmlaka dair ərizəçinin hüquqlarının itirilməsi üçün ödənilən məbləğ mülkiyyət hüquqları itirildiyi zaman əmlakın dəyəri ilə hesablanmalıdır.

31. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında da öz əksini tapmışdır (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı və s.).

32. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.

33. Həmin Məcəllənin 4.2-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir

34. Şəhərsalma və Tikinti Məcəlləsinin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır

35. Cavabdehin apellyasiya şikayətinin və etirazının məzmunundan göründüyü kimi, o, kompensasiya ödənilməsi müqabilində söküntüyə razıdır. Cavabdeh mübahisəli evin sökülməsinə görə təklif olunan kompensasiyanın məbləği ilə razı deyildir. O, ya yeni inşa olunan binadan ona müvafiq yaşayış sahəsi verilməsini, ya da ədalətli kompensasiya ödənilməsini tələb edir.

36. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır.

37. Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli rəyində cavabdehə məxsus yaşayış sahəsinin yerləşdiyi ərazidə, sözügedən evin texniki göstəriciləri ilə eynilik təşkil edən evlərin satışına və qiymətinə dair məlumatlar olmadığı əsas gətirilərək dəyərinin müəyyən edilməsinin mümkün olmadığı qeyd olunmuşdur.

38. Bununla yanaşı, ekspert cavabdehə məxsus özbaşına tikilinin (yaşayış sahəsinin) tikinti-təmirinə sərf edilmiş materialların həcmi ilə bağlı smeta tərtib etmiş və həmin smeta rəydə öz əksini tapmışdır.

39. Ekspert rəyindən göründüyü kimi, ekspert tərəfindən mübahisəli özbaşına tikiliyə yerində baxış keçirilmiş və baxış zamanı torpaq sahəsinin üzərində birmərtəbəli fərdi yaşayış evinin inşa olunduğu, evin bünövrəsinə beton töküldüyü, xarici və daxili arakəsmə divarlarının 0,2 m qalınlığında mişar daşından inşa edildiyi, evin dam hissəsinin taxta konstuksiyadan yığılaraq şiferlə üzləndiyi, evin döşəməsinə dikt və laminat vurulduğu, divarlarının daxildən sement məhlulu ilə suvandığı, evin tavanının dikt yığılaraq şpaklyovka çəkildiyi və boya ilə boyandığı, hamam və ayaqyolu tikililərinin tavanına lambirdən asma tavan yığıldığı, divarlarına şpaklyovka çəkilərək divar kağızı ilə üzləndiyi, evin pəncərələrinə taxta və plastik materialdan pəncərə yığıldığı, otaqlar arası keçid qapılarının taxta materialdan quraşdırıldığı müəyyən edilmişdir.

40. İşin apellyasiya baxışı zamanı mübahisəli yaşayış sahəsinin (özbaşına tikilinin) bazar dəyərinin, onun inşasına çəkilmiş xərcin müəyyən edilməsi üçün “Daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi Xidməti” MMC tərəfindən ekspert rəyində göstərilənlər nəzərə alınmaqla qiymətləndirmə aparılmış, həmin MMC-nin xx.xx.2025-ci il tarixli, 140 saylı mütəxəssis rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 B ünvanda Cavabdeh məxsus yaşayış sahəsinin (özbaşına tikilinin) bazar dəyərinin 55000 manat və onun inşasına çəkilmiş xərcin məbləğinin isə 23389.3 manat olduğu müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2025-ci il tarixli, 140 saylı mütəxəssis rəyi kifayət qədər əsaslandırılmışdır və rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası bunu nəzərə alaraq mütəxəssis rəyinin mötəbərliyini qəbul edir.

42. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq üçün “Daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi Xidməti” MMC tərəfindən verilmiş rəyə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 B ünvanda yaşayış sahəsinin (özbaşına tikilinin) əvəzi olaraq 55000 manat ödəməyə razı olduğunu bildirmişdir.

43. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən bunun əksini, yəni kompensasiya məbləğinin daha artıq olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Mübahisəli özbaşına tikilinin bazar dəyərinin 213 550 manat olmasına dair cavabdeh tərəfindən təqdim olunmuş “Qiymətləndirmə və Consulting Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli rəyi isə reallığı əks etdirmədiyindən məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut kimi qəbul etmir. Belə ki, cəmi 85,42 kvm ümumi sahəsi olan özbaşına tikili bir mərtəbəli olmaqla cəmi bir mişar daşı enində inşa edilib, köhnə təmirlidir, evin tikintisinə çəkilmiş xərc isə cəmi 23389,3 manat təşkil edir. Dövlət mülkiyyətində olan torpaq sahəsində heç bir lazımi icazə olmadan özbaşına inşa edilmiş belə bir evin bazar dəyərinin 213 550 manat olması və kiminsə heç bir hüquqmüəyyənedici sənədi olmayan belə bir evi 213 550 manata almaq istəməsi inandırıcı və ağlabatan deyil.

44. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq mübahisəli özbaşına tikilinin bazar dəyərinin 55 000 manat olmasına dair “Daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi Xidməti” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 140 saylı mütəxəssis rəyinin daha inandırıcı və ağlabatan olmaqla reallığı əks etdirdiyini nəzərə alaraq onu mötəbər sübut kimi qəbul edir və hesab edir ki, cavabdehə ödənilməli olan kompensasiya məbləği müəyyən edilərkən məhz bu rəydə göstərilənlər rəhbər tutulmalıdır.

45. Məhkəmə kollegiyasının qənaətinə görə 55 000 manat cavabdehin “mülkiyyəti”nə müdaxiləyə görə ədalətli kompensasiyadır və mütənasibdir.

46. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

47. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir.

48. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.

49. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası 52.

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qətnaməsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 32000 (otuz iki min) manat məbləğində kompensasiya ödənilməsi hissəsində dəyişdirilsin və cavabdehə ödənilməli olan kompensasiyanın məbləği 55 000 (əlli beş min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar