Məhkəmə qərarları › İş №2(103)-3576/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3576/2022

17.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3576/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(004)-2084/2021 saylı qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47 ünvanında yerləşən 23 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız hesablanmış 5112 manat məbləğində borcun silinməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Mənzildən kənarda, yəni ümumi istifadədə olan sahədə SMART tipli su sayğacı (kod064494, müqavilə-********) quraşdırılıb. Mənzili sınaq müddətinə qeyri-yaşayış sahəsi kimi icarəyə vermişdir. Su sayğacı 2020-ci ilin avqust ayında onun adına keçirilib. 27 X7 sayğacının yenisi ilə dəyişdirilməsi ilə əlaqədar Cavabdeh ASC tərəfindən tərtib edilmiş 04 sentyabr 2020-ci il tarixli sənədə əsasən su sərfiyyatı və çirkab sularının axıntısına dair ümumi olaraq borcu olmayıb. Həmin vaxtdan etibarən yeni quraşdırılmış sayğacın göstəricisinin 28 kubmetr olmasına baxmayaraq (1 kub metrin suyun dəyəri 2,0 manat olmaqla cəmi 56,0 manat təşkil edir) hesaba müxtəlif tarixlərdə 12 dəfəyə 176 manat pul ödəmişdir. Hesablamaya əsasən su sərfinə və tullantıya görə əlavə 120 manat avans qoymuşdur. Sonradan, yəni 2020-ci ilin sonunda ona heç bir əsas olmadan yeni hesab təqdim edilərək ümumi borcunun 5154 manat olduğu və ödəmiş olduğu 176 manat pulun çıxılaraq cəmi 4978 manat ödəyəcəyi barədə bildiriş verilmişdir. Bu cür hesabat məntiqsiz və əsassızdır. Belə çıxır ki, sudan istifadə olundu və yə olunmadı fərqi yoxdur, istənilən məbləğ ödənilməlidir. Kartda isə müəyyən məbləğ olmadıqda sayğac avtomatik bağlanır. Əsassız hesablanmış məbləğin silinməsi üçün onun ailəsinə məxsus Səbail və Yasamal rayonlarında olan evlərdə hesabatın yenidən aparılması məqsədilə 18 dekabr 2020-ci il tarixində Cavabdeh ASC-nin rəhbərliyinə elektron poçt vasitəsi ilə müraciət etmişdir. Cavab məktubu tam əsassızdır. O, bununla razı deyil. SmartX8 sayğacının yenisi ilə lüzumsuz dəyişdirilməsi işi Cavabdeh ASC tərəfindən ödənişlərin bilərəkdən şişirdilməsinə xidmət etməkdən başqa bir şey deyildir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(004)- 2084/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4-cü maddəsinin 4.1.7-ci bəndinin tələbinə əsasən Alfasu - 20 markalı, zavod nömrəsi 50120129 və plomb nömrəsi B013489 olan su sayğacının yoxlamadan keçirilməsi üçün Cavabdeh ASC-nin struktur tərkibinə daxil olan Səbail Rayon Sukanal İdarəsinə müraciət etmişdir. Sayğac iş əmrinə əsasən 12.09.2020-ci il tarixdə çıxarılmış və Cəmiyyətin X5 İdarəsinin Suölçən X1 gətirilməsi üçün iddiaçıya təqdim edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən sayğac laboratoriyaya təqdim edilmişdir. Həmin şəxsin iştirakı ilə sayğacın müayinəsi keçirilmiş və bu barədə 16 sentyabr 2020-ci il tarixli, 20129/0062314 saylı rəy tərtib edilmişdir. Müayinə nəticəsində ilkin olaraq: su sayğacının laborator avadanlıq üzrə yoxlanması nəticəsinə əsasən kipliyə davamlığının pozulması, sayğacın elektron platasının işlək vəziyyətdə olmaması, qapaqaltı platform hissəsinin çatlaq olması, quru hesablama mexanizm hissəsinə su yığılması, batareyanın (E=3.6v)- 0.0v), klapanın (K=6.0v)-0.0v) işlək vəziyyətdə olmaması, sayğacın təmirə və istismara yararsız olması müəyyən edilmişdir. Beləliklə, sayğacın elektron hissəsində yaranmış nasazlıq səbəbindən sayğacın elektron hissəsinə impuls getməmişdir. Bundan sonra su sərfiyyatı sayğacın mexaniki hissəsinin göstəricilərinə əsasən aparılmışdır. Həmin rəy əsasında “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq istifadə olunmuş, lakin dəyəri ödənilməmiş su sərfiyyatı hesablanmışdır. İstehlakçı isə bu məbləği ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.4-cü bəndinə uyğun olaraq, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Normanın tələbindən göründüyü kimi, iddiaçı obyektin əvvəlki sahibindən borcun olmaması barədə arayış tələb etməli idi. Lakin iddiaçı qeyriyaşayış sahəsinin ad dəyişikliyi sənədləşdirildiyi zaman əvvəlki istifadəçi Əhədov Cəbrayıldan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması barədə arayış tələb etməmiş, məhkəmə iclasında verdiyi izahatında həmin arayışın tələb etməməsini də təsdiq etmişdir. Cavabdeh məhkəmə qətnaməsində borcun yaranma səbəbinin əsaslandırılmaması, sayğacın elektron hissəsində yaranmış göstəricilərinin 03219 m3-dək olan ödənişlərinə dair sualın cavablandırılmaması və bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi fikri ilə razılaşmır. Belə ki, Səbail rayonu Sukanal İdarəsinin xidməti ərazisində diş kabineti adı altında fəaliyyət göstərən, abonent kodu 064494 olan İddiaçı məxsus obyektin su xətti üzərində 05 oktyabr 2012-ci il tarixdə quraşdırılmış, Alfasu-20 markalı 50120129 nömrəli smart X8 sayğacı 12.09.2020-ci il tarixində çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin X5 İdarəsinə aparılmış və əvəzinə CSS-20 markalı, 00220125 nömrəli smart tipli su sayğacı quraşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.08.2021-ci il tarixli, 2(103)- 8532/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh kassasiya şikayət vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasınıın 07 fevral 2022-ci il tarixli, 2(102)-490/2022 saylı qərarı ilə Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(103)-8532/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Hazırkı apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırka apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü və 7.5-ci bəndlərinə istinad edərək, birinci növbədə iddiaçıdan tələb edilən borcun real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunun Cavabdeh ASC tərəfindən sübuta yetirilmədiyini, işdəki sənədlərin sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına aldığını qeyd edərək, birinci instansiya məhkəməsinin iddianı təmin etməkdə haqlı olduğu qənaətinə gəlmişdir. Halbuki istnad olinan “Qaydaların” 7.4 və 7.5-ci maddələri əhali istehlakçıları üzrə sudan sayğacsız istifadə zamanı xidmətlərin dəyərinin hesablanması qaydasını müəyyən edir. İddiaçı qeyriəhali qrupuna aid olmaqla, sudan sayğac üzrə istifadə etmiş, sadəcə sayşağın elektron hissəsi sıradan çıxdığına görə sayğacın mexaniki hissəsinin qeyd etdiyi sərfiyyata əsasən ödəniş tələb edilmişdir. Sayğacın elektron hissəsi sıradan çıxdıqda onun mexaniki göstəricilərinin hansı əsasla nəzərə alınmaması, 01.09.2016-cı ildən sayğac dəyişilən günə kimi sudan istifadə üzrə hər hansı ödəniş edilməsinin müəyyən edilməməsi, sayğacın göstəricilərinə əsasən tələb edilən ödənişin real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olmasının əlavə hansı sübutlarla təsdiq edilməli olması, hansı əsasla həmin borcun şübhəli olması qətnamədə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya qeyd edir ki, Ali Məhkəmənin bu göstərişinin icrası ilə əlaqədar məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Belə ki, DƏDRX tərəfindən verilmiş RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 1 İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Abonent haqqında məlumatlara əsasən, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsi İddiaçı istifadəsindədir və həmin qeyri-yaşayış sahəsi diş kabineti kimi fəaliyyət göstərir. Həmin ünvan 12.03.2020-ci il tarixdən Cavabdeh ASC tərəfindən içməli və istehsalat məqsədli su ilə təmin edilmişdir. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 12.09.2020-ci il tarixli 27 X7 Sayğacının Dəyişdirilməsinə dair iş əmrindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsində olan sayğac yenisi ilə dəyişdirilmişdir, çıxarılan sayğacın zavod və Azərsuya məxsus plombu üstündədir, sayğacın elektron hissəsi işləmir. Abonentə sayğacın laboratoriyaya aparılması izah edilmişdir. Həmçinin sayğacın son mexaniki sərfiyyat göstəricisi 03219 olmuşdur. İş materiallarında olan Cavabdeh ASC X5 İdarəsi “X2 Laboratoriyası” tərəfinən 20129/0062314 saylı rəydən görünür ki, laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı pozulmuşdur. S.Cın elektron platası işləmir. S.C-ın qapaqaltı platform hissəsi çatlaqdır. S.C-ın quru hesablama mexanizm hissəsinə su yığılmışdır. Nisbi xətanın təyini üçün yararsızdır. Batareya (E=3,6v) >0.0v) işlək deyil. (K=6 0v)-»0.0v) işlək deyil. S.C təmirə və istismara yararsızdır. İş materiallarında olan X4 görünür ki, İddiaçı 21.09.2020-ci il tarixə 5112 manat borc hesablanmışdır. İş materiallarında olan icraçı Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsinin sahibi Qanuni nümayəndə ünvanlanmış məktubdan görünür ki, Səbail rayonu Sukanal idarəsinin xidməti ərazisində fəaliyyət göstərən, müqavilə nömrəsi 064494 olan obyektin su xətti üzərində 05.10.2012-ci il tarixdə quraşdırılmış, Alfasu-20 markalı 50120129 nömrəli X7 sayğacı 12.09.2020-ci il tarixində çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün "Azərsu” ASC-nin X5 idarəsinə aparılmış və əvəzinə smart CSS-20 markalı, 220125 nömrəli smart tipli su sayğacı quraşdırılmışdır. Laboratoriyanın 16.09.2020-ci il tarixli 20129/0062314 nömrəli rəyinə əsasən sayğacın əks bağlayıcısı işlənməyib balans bitdikdə su bağlanmayıb sayğac sərfiyyatı qeydə aldığı məlum olmuşdur. Yaranmış borcla bağlı bildirilir ki, sayğacın sərfiyyatı 05.10.2012-12.09.2020-ci illər ərzində 3219 m3 olmuşdur ki, bunun da 2556 m3 istifadə olunmuş, dəyəri ödənilməmiş sərfiyyatdır. Belə ki, sayğacın istismarda olduğu dövr ərzində smart karta cəmi 663 m3 su yüklənmişdir. Həmçinin hazırda su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabda yaranmış borc 4978 manat təşkil edir. Qeyd edilən borc istifadə olunmuş, dəyəri ödənilməmiş su sərfiyyatına görə hesablanmış məbləğin ödənilməmiş hissəsidir. “Sudan istifadə Qaydaları”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabınızda yaranmış qalıq borclarını su təchizatı və kanalizasiya müəssisəsi ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilər. Bunun üçün Səbail Rayon Sukanal İdarəsinə müraciət edərək, razılıq protokolu imzalamağı tövsiyyə olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsi diş kabineti kimi fəaliyyət göstərir. Həmin ünvan 12.03.2020-ci il tarixdən Cavabdeh ASC tərəfindən içməli və istehsalat məqsədli su ilə təmin edilmişdir. Habelə, məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan X4 görünür ki, İddiaçı 21.09.2020-ci il tarixə 5112 manat borc hesablanmışdır. Bundan əlavə məhkəmə iclasında müəyyən olunmuşdur ki, 12.09.2020-ci il tarixli Cavabdeh ASC tərəfindən tərtib edilmiş 27 X7 Sayğacının Dəyişdirilməsinə dair iş əmri ilə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsində olan sayğac dəyişdilərək plomblanmışdır. Həmin iş əmrindən müəyyən edilmişdir ki, sayğacın mexaniki sərfiyyat göstəricisi 03219 m3 olmuşdur, elektron sərfiyyat göstəricisini müəyyən etmək mümkün olmamışdır. Həmçinin həmin tarixə İddiaçı borcu olmamışdır. Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi X3 09.10.2012-01.09.2016-cı illər üzrə toplam 663 kub metr sudan sərfiyyat etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, Cavabdeh ASC 03219 rəqəmdən 663-ü çıxmışlar (hansı ki, əvvəlki mülkiyyətçi tərəfindən 663 kub metrədək olan hissədə sərfiyyatın haqqı ödənilib) və alınan rəqəmi ikiyə vuraraq yekun nəticəni müəyyən etmişlər. 2012-ci ildən 2016-cı ilə qədər sayğac kodu Əhədov Cəbrayılın adına olmuş və həmin tarixə qədər 908 manat ödəniş olunmuşdur. Onlar arada olan sərfiyyatı tapmaq üçün son göstəricidən həmin sərfiyyatı çıxmışlar və 3219-663=2556 kub metr qalıq qalmışdır. Lakin məhkəmə tərəfindən cavabdehə sayğacı elektron hissəsinin göstəriciləri 03219-a çatana qədər olan ödənişlərin niyə göstərilməməsi soruşulduqda, cavabdeh bu suala cavab verə bilməmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli borc Cavabdeh ASCnin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsi üzrə İddiaçı 2020-ci il üçün hesablanılmış 5112 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 30 (1-ci hissə) Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü maddəsinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; Həmin Qaydaların 4.1.5-ci maddəsinə əsasən istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 8.4-cü maddəsinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara əsasən hesab edir ki, iş üzrə iddiaçı qeyri-əhali istehlakçısıdır. Sayğacın sərfiyyatı 05.10.2012-12.09.2020-ci illər ərzində 3219 m3 olmuş, onun 2556 m3 istifadə olunmuş, lakin dəyəri ödənilmiş sərfiyyatdır. Belə ki, sayğacın istismarda olduğu dövr ərzində smart karta cəmi 663 m3 (dəyəri ödənilən) su yüklənilmişdir. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc məbləği 2556 m3 × 2 manat= 5112 manat təşkil edir. Qeyd edilən borc iddiaçıya məxsus mübahisəli ünvanda istifadə edilmiş, lakin dəyəri ödənilməmiş borc məbləğdir. Bu səbəbdən də cavabdeh həmin məbləği iddiaçıdan tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 402-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(004)- 2084/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar