Məhkəmə qərarları › İş №2(103)-358/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-358/2024

06.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-358/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı Şəhəri 7 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 may 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, mərhum atası Məmmədov Məmmədəli Məmməd oğluna məxsus olmuş və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsində yerləşən 12 “a” saylı fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka dair cavabdehlərin adına xx.xx.2021-ci il tarixdə verilmiş və reyestrdə 2V-520 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” və xx.xx.2021-ci il tarixli “Miras payın bağışlanması müqaviləsinin” etibarsız hesab edilməsi, miras əmlaka dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ********** və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli “Çıxarışların” ləğv edilməsi, iddiaçının miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras əmlak iddiaçının mərhum atasına məxsus olmuşdur. İddiaçının atası xx.xx.1976-cı il tarixdə vəfat etmişdir. Atasının birinci növbə vərəsələri iddiaçının anası Məmmədova (Hadıyeva) X16, iddiaçının özü, onun bacıları - Məmmədova (Aslanova) Rəhilə Məmmədəli qızı, Məmmədova (Tağıyeva) Rəhimə Məmmədəli qızı, qardaşları - X1, X5, X4, X2 olmuşdur. İddiaçının anası xx.xx.2006-cı il tarixdə, qardaşı Eldar xx.xx.2018-ci il tarixdə, qardaşı Xanlar isə xx.xx.2003-cü il tarixdə vəfat etmişlər. İddiaçı bir neçə ay əvvəl mərhum atasından miras qalmış qeyd olunan yaşayış evinə dair vərəsəlik işinin açılması üçün cavabdeh 7 saylı Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə cavab olaraq mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və məsələnin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra iddiaçı, vəkillə müqavilə bağlamış və miras əmlaka dair vərəsəlik işinin açılıb açılmaması barədə Notariat Ofisinə vəkil sorğusu verilmişdir. Daha sonra həmin qurumdan vərəsəlik işinin surəti ona təqdim edilmişdir. Vərəsəlik işi ilə tanış olan zaman iddiaçıya məlum olmuşdur ki, miras əmlaka dair onun mərhum qardaşı Xanların arvadı Cavabdeh2 1/2 hissədə, mərhum qardaşı Eldarın arvadı Cavabdeh3 1/8 hissədə, Eldarın oğlu Elvinə 1/8 hissədə, Eldarın qızı Sevincə 1/8 hissədə, Eldarın digər oğlu Eminə 1/8 hissədə pay hüququna dair xx.xx.2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Elə həmin tarixdə Elvin, Sevinc və Emin “Miras payın bağışlanması müqaviləsinə” əsasən miras paylarını anaları Cavabdeh3 bağışlamışlar. Bundan sonra miras əmlaka dair 1/2 hissədə Cavabdeh2, 1/2 hissədə isə Cavabdeh3 adına “Reyestrdən çıxarış” verilmişdir. İddiaçı, miras əmlak olan evdə yaşayış yeri üzrə qeydiyyatda olmaqla orada yaşamış və mirası faktiki olaraq qəbul etmişdir. Lakin cavabdehlər iddiaçı ilə eyni ünvanda qeydiyyatda olmalarına və orada yaşamalarına baxmayaraq, vərəsəlik işi açılan zaman iddiaçının vərəsə olması barədə Notariat Ofisinə məlumat verməmiş, vərəsələrin dairəsini gizlətmiş, vərəsəlik işinin açılması barədə iddiaçıya heç bir məlumat verməmiş, eyni zamanda Notariat Ofisi də vərəsələrin axtarılması üçün heç bir tədbir görməmiş, yalnız cavabdehlərin ərizəsi əsasında sonunculara “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” vermişdir. Odur ki, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iş üzrə üçüncü şəxslərin işə cəlb olunması barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi tərəfindən X1, X2, Məmmədova (Tağıyeva) Rəhimə Məmmədəli qızı və Məmmədova (Aslanova) Rəhilə Dadaş qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişlər. c) cavabdehlərin və iş üzrə üçüncü şəxsin iddia tələbinə dair mövqeyi barədə məlumat

4. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə vəkili (nümayəndə) Vəkil iddia tələbinə qarşı olan etirazını Rayon Məhkəməsinə təqdim edərək, etirazını belə əsaslandırmışdır ki, iddiaçı, miras qoyan Məmmədəli Məmmədovun vəfatından sonra miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Belə ki, iddiaçı, xx.xx.1987-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olaraq başqa ünvana gəlin köçmüşdür. Onun miras əmlakla hər hansı bağlılığı olmamış, mirasın qəbulu üçün nə notariat orqanına, nə də məhkəməyə müraciət etməmişdir. Miras əmlakın mülkiyyətçisi olmuş Məmmədəli Məmmədov xx.xx.1976-cı il tarixdə vəfat etdiyinə görə qüvvədən düşmüş 1964-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsinə görə həmin vaxtdan vərəsəlik açılmışdır. Qeyd olunan maddəyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 552-ci maddəsində təsbit edilmişdir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İddiaçının mübahisəli evə münasibətdə vərəsəlik hüququnun tanınması onun tərəfindən miras əmlakın qəbul edilməsindən asılıdır. Qeyd edilən maddədən isə göründüyü kimi miras əmlak 2 üsulla qəbul edilə bilər: 1. Bu barədə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə 2. Yaxud miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə. İşdən isə görünür ki, iddiaçı notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişdir. İddiaçı, iddia ərizəsində mirası faktiki surətdə idarə etməyə başlamaqla qəbul etdiyini bildirmişdir. Lakin iş materiallarında iddiaçının mirası faktiki surətdə qəbul etdiyini təsdiq edən hər hansı mötəbər sübutlar yoxdur, əksinə işdə olan digər sübutlar miras qoyanın vəfatından sonra iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilmədiyinə dəlalət edir. Bu hal ilk növbədə xx.xx.1987-ci il tarixdə iddiaçının Hacıağa Abasovla rəsmi nikaha daxil olaraq başqa ünvana gəlin köçməsi ilə təsdiqlənir. İddiaçının evləndikdən sonra mübahisəli mülkə gəlib-getməsi, miras əmlakın faktiki surətdə onun tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Çünki miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçının mübahisəli həyətə gəlib-getməsi faktını mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyil. İddiaçının mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur.

5. Eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə vəkili (nümayəndəsi) Rayon Məhkəməsinə “iddia müddətinin tətbiqi barədə” ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar iddia müddəti ötürülmüşdür və cavabdehlər tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildiyindən, iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. İddiaçının miras əmlaka faktiki sahiblik etməməsi, mirasın qəbulu ilə bağlı həm 3 aylıq, həm 6 aylıq müddətlərlə birlikdə Mülki Məcəllədə nəzərdə tutulmuş 10 illik iddia müddətini ötürməsi iş materialları ilə təsdiq olunur. İddiaçı atasının ölümündən sonra mirası nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmiş, hətta sonradan mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. İddiaçı mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmədiyindən o, həmin miras əmlaka dair mübahisə açmaq hüququnu itirmişdir. İddiaçı iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh3 vəkilinin (nümayəndənin) bildirdiklərini təsdiq edərək əlavə olaraq qeyd etmişdir ki, o, 1981-ci ildə iddiaçının qardaşı Eldar Məmmədov ilə nikaha daxil olaraq ailə qurmuş və mübahisəli evə gəlin köçmüşdür. Eldarla nikahlarından 2 övladları olmuşdur. Təxminən 1986-1987-ci illərdə iddiaçı rəsmi nikaha daxil olmuş və həmin evdən köçüb getmişdir. Mübahisəli evi iddiaçı heç vaxt faktiki qəbul etməmiş və sahiblik etməmişdir. Ərə gedən vaxtdan hal-hazıradək iddiaçı öz ailəsi ilə birlikdə ərinin evində yaşayır.

7. Digər Cavabdeh2 vəkilinin (nümayəndənin) bildirdiklərini təsdiq edərək əlavə olaraq göstərmişdir ki, o, 1992-ci ildə iddiaçının qardaşı Xanlar Məmmədov ilə nikaha daxil olaraq ailə qurmuş və mübahisəli evə gəlin köçmüşdür. İddiaçı ilə münasibətləri həmişə yaxşı olmuşdur. Ona məlum olmuşdur ki, təxminən 1986-1987-ci illərdə iddiaçı rəsmi nikaha daxil olmuş və həmin evdən köçüb getmişdir. O vaxtdan hal-hazıradək iddiaçı öz ailəsi ilə birlikdə ərinin evində yaşayır.

8. Cavabdehlər Notariat Ofisi, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, habelə üçüncü şəxslər məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə baxışı iclasında iştirak etməmiş, bunun səbəbləri və iddia tələbinə dair mövqelərini Rayon Məhkəməsinə bildirməmişlər. Rayon Məhkəməsi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli hüquq münasibəti 1976-cı ildə baş verməklə (yaranmaqla), hazırki iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il tarixində qəbul edilmiş, 1965-ci ildə qüvvəyə minmiş, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş) normaları tətbiq edilməlidir. Həmin Məcəllənin tələblərinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. İşin hallarından görünür ki, mübahisəli evin mülkiyyətçisi Məmmədəli Məmmədov xx.xx.1976-cı il tarixdə vəfat etmişdir. Onun vərəsəsi olan iddiaçı vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən nə 3 ay ərzində, nə də 6 ay ərzində miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməmiş, nə də mirası faktiki qəbul edəcək hərəkətlər etməmişdir. Mülki qanunvericiliyə (həm əvvəlki, həm də hazırda qüvvədə olan) əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, xx.xx.1970-ci il təvəllüdlü iddiaçı vərəsəliklə bağlı hüquqlarını yetkinlik yaşına çatdıqda, yəni tam mülki hüquq fəaliyyət qabiliyyətli olduqda həyata keçirə bilərdi. Lakin iş materiallarından görünür ki, iddiaçı, 1987-ci il tarixdə, yəni 17 yaşında rəsmi nikaha daxil olaraq başqa ünvana gəlin köçmüşdür. Bununla da öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişdir. İddia tələbinin xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Məmmədəli Məmmədovun vərəsələri Eldar Məmmədov və Xanlar Məmmədov öldüyündən irsi transmissiya əsasında mirasdan payın bir hissəsi onların arvadlarına keçmişdir. Daha sonra mərhum Eldar Məmmədovun övladları tərəfindən özlərinə düşən paylar anaları Cavabdeh3 bağışlama müqaviləsi əsasında hədiyyə edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının mirası faktiki qəbulu sübuta yetirilmədiyindən, qeyd olunan halların mübahisələndirilməsinə subyektiv hüququ yoxdur. Bu səbəbdən də əsas iddia tələbi təmin edilmədiyinə görə həmin tələbdən törəmə olan tələblər də təmin edilməməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə vəkilinin (nümayəndənin) “iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizəsinə” münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Mülki Məcəllənin 1246cı maddəsində müəyyən edilmiş 6 aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Qeyd olunana əsasən məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı müraciət əsassızdır. e) apellyasiya şikayəti barədə məlumat

8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qətnamə qəbul etmişdir. f) apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi

10. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə ərizə ilə Məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin olunması barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

11. İş üzrə tərəflər və üçüncü şəxslər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından Məhkəmə, MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

13. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2021-ci il tarixdə verilmiş “Çıxarışdan” görünür ki, mübahisəli ev xüsusi mülkiyyət əsasında **********09-10301 reyestr nömrəsi ilə Məmmədəli Məmmədovun adına qeydiyyatdan keçirilmişdir.

14. Əzizbəyov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş arayışdan görünür ki, Məmmədəli Məmmədov xx.xx.1976-cı il tarixdə ölmüşdür.

15. “Qanun üzrə vərəsəlik haqqında” xx.xx.2021-ci il tarixli, 2V-520 saylı şəhadətnamədən görünür ki, xx.xx.1976-cı il tarixdə vəfat etmiş Məmmədəli Məmmədovun vərəsəsi (övladı) Xanlar Məmmmədovun xx.xx.2023-cü il tarixdə ölməsi ilə əlaqədar birincinin gəlini, sonuncunun isə arvadı olan Cavabdeh2 miras əmlakdan 1/2 hissədə, Məmmədəli Məmmədovun vərəsəsi (övladı) Eldar Məmmədovun xx.xx.2018-ci il tarixdə vəfat etməsi ilə əlaqədar birincinin gəlini, sonuncunun isə arvadı olan Cavabdeh3 miras əmlakdan 1/8 hissədə, Eldar Məmmədovun və Cavabdeh3 övladları Sevinc, Elvin və Cavabdeh6lar hər biri miras əmlakdan 1/8 hissədə pay almalıdırlar.

16. “Miras payın bağışlanması barədə” xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Sevinc, Elvin və Cavabdeh6lar miras əmlakdan özlərinə düşən hissələri anaları Cavabdeh3 bağışlamışlar.

17. Bakı Şəhəri 7 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, D/109 saylı məktubdan görünür ki, xx.xx.1976-cı il tarixdə ölmüş Məmmədəli Məmmədovdan miras qalmış mübahisəli ünvana dair Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən (vərəsə vərəsəliyə çağırıldığı bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər) ona notarial qaydada qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməmişdir.

18. İddiaçının adına olan AA******* saylı “Şəxsiyyət vəsiqəsindən” görünür ki, iddiaçı xx.xx.1970-ci il tarixdə doğulmuşdur.

19. İV-JQ seriyalı, 361184 saylı, xx.xx.1987-ci il tarixli “Nikah haqqında şəhadətnamədən” görünür ki, iş üzrə iddiaçı xx.xx.1987-ci il tarixdə X6 ilə nikaha daxil olmuşdur.

20. İşə baxmış Rayon Məhkəməsi nəzərə almışdır ki, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə görə, dövlət vərəsəlik hüququna təminat verir.

21. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir (maddə 57.). Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır (maddə 58.). Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır (maddə 59.).

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (maddə 1145.). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (maddə 1151.2.). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər (maddə 1252.). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir (maddə 1322.).

23. İşin hallarını nəzərə alan Məhkəmə bildirir ki, Rayon Məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisəli hüquq münasibəti 1976-cı ildə yaranmaqla, hazırki iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün Azərbaycan Respublikasında qüvvədə olmuş Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Çünki MPMin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Qeyd edilən dövrdə qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə görə, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir (maddə 527.). Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur (maddə 528.). Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir (maddə 529.). Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar (maddə 532.). Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir (maddə 533.). Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur (maddə 552.). Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir (maddə 553.).

25. Rayon Məhkəməsi sadalanan normaların tələblərinə istinadən qeyd etmişdir ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir.

26. Rayon Məhkəməsi qeyd etmişdir ki, mübahisəli evin mülkiyyətçisi Məmmədəli Məmmədov xx.xx.1976-cı il tarixdə vəfat etdikdən sonra onun vərəsəsi olan iddiaçı vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən nə üç ay ərzində, nə də altı ay ərzində miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməmiş, nə də mirası faktiki qəbul edəcək hərəkətlər etməmişdir. Mülki qanunvericiliyə (həm əvvəlki, həm də hazırda qüvvədə olan) əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.

27. Qeyd edilənləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı, xx.xx.1970-ci il təvəllüdlü iddiaçı vərəsəliklə bağlı hüquqlarını yetkinlik yaşına çatdıqda, yəni tam mülki hüquq fəaliyyət qabiliyyətli olduqda həyata keçirə bilərdi. Lakin iş materiallarından görünür ki, iddiaçı 1987-ci il tarixdə, yəni 17 yaşında rəsmi nikaha daxil olaraq başqa ünvana gəlin köçmüşdür. Bununla da öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişdir.

28. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin gəlmiş olduğu nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına uyğun olmadığı üçün əsassızdır.

29. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.

30. Mülki Məcəllənin artıq qüvvədən düşmüş 1246-cı maddəsində qeyd edilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

31. Mülki Məcəllənin artıq qüvvədən düşmüş 1273-1-ci maddəsində isə qeyd edilirdi ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.”

33. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

34. MPM-in 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərh məhkəmələr üçün məcburi olduğu üçün Rayon Məhkəməsi tərəfindən tətbiq edilmiş 1964-cü il tarixində qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin hazırki iş üzrə tətbiq edilməli olan maddələri də bu şərhə tabe tutulmalı və eyni yanaşmadan şərh edilməlidir.

36. Belə olan halda, iddiaçının qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və ya mirası faktiki qəbul edəcək hərəkətlər etməməsinin onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsindən imtina edilməmişdir.

37. Məhkəmə onu da nəzərə alır ki, Rayon Məhkəməsi belə nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı hələ qəbul edilməmişdi və Rayon Məhkəməsi tərəfindən tətbiq edilə bilməzdi. Lakin Plenum qərarında mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyi təsbit edilmişdir.

38. İddiaçının miras əmlakı qəbul etməkdən imtina etməməsi nəzərə alınaraq Məhkəmə tərəfindən müəyyən edilir ki, miras əmlak iddiaçı tərəfindən qəbul edilmişdir. Belə olan halda, miras əmlakda olan paylar vərəsələr arasında bölüşdürülərkən iddiaçının payı nəzərə alınmadığından iddia qalan hissədə də əsaslı hesab edilməlidir.

39. İddiaçının vərəsəlik payının müəyyən edilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçının mərhum atası Məmmədəli Məmmədov xx.xx.1976-cı il tarixdə vəfat etdiyi məqamda onun birinci növbə vərəsələri arvadı Məmmədova (Hadıyeva) X16, övladları İddiaçı (hazırki iş üzrə iddiaçı), Məmmədova (Aslanova) Rəhilə Məmmədəli qızı (hazırki iş üzrə üçüncü şəxs), Məmmədova (Tağıyeva) Rəhimə Məmmədəli qızı (hazırki iş üzrə üçüncü şəxs), X1 (hazırki iş üzrə üçüncü şəxs), X5, X4 və X2 (hazırki iş üzrə üçüncü şəxs) olmuşdur.

40. Miras qoyanın arvadı Səlmə Məmmədova (Hadıyeva) xx.xx.2006-cı il tarixdə, onların övladları Eldar Məmmədov xx.xx.2018-ci il tarixdə, Xanlar Məmmədov isə xx.xx.2003-cü il tarixdə vəfat etmişlər.

41. X12 və Eldar Məmmədov miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldükləri üçün mirasdan pay almaq hüququ irsi transmissiya qaydasında onların vərəsələrinə (hazırki iş üzrə cavabdehlərə), yəni mərhum Xanlar Məmmədovun arvadı Cavabdeh2, mərhum Eldar Məmmədovun arvadı Cavabdeh3, övladları Cavabdeh4, Cavabdeh5, və Cavabdeh6 keçmişdir. Həmin şəxslər mirası qəbul etmişdir.

42. İddiaçıdan başqa digər vərəsələr vərəsəliklə bağlı mübahisə açmamış və bölgüdə iştirak etmək niyyətini bəyan etməmişlər. Hazırki iş üzrə üçüncü şəxs kimi cəlb edilmələrinə baxmayaraq, iddiaya hər hansı münasibət bildirməmiş, məhkəmə iclaslarında iştirak etməmiş və bununla da mirasın onların iştirakı olmadan bölgüsündə maraqlı olmamaları bir daha müəyyən olunmuşdur.

43. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı, bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyindən, digər vərəsələrin hazırki iş üzrə iddiasının olmaması nəzərə alınaraq, miras əmlak üzərində paylar iddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında müəyyən edilməlidir.

44. İddiaçının, mərhum Xanlar Məmmədovun və mərhum Eldar Məmmədovun miras əmlak üzərində vərəsəlik payları bərabər olduğundan, iddiaçı və mərhum Xanlar Məmmədovun yeganə vərəsəsi olan arvadı Cavabdeh2 hər birinin vərəsəlik payları 1/3 hissədə, mərhum Eldar Məmmədovun isə 4 nəfər vərəsəsi olduğundan, onların da hər birinin payı (1/3 : 4 =) 1/12 hissədə müəyyən edilməlidir.

45. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə və bu nəticəyə gəlmək üçün əsas götürdüyü mövqe səhv olmuşdur. İddiaçı mirası qəbul etmiş sayıldığından qeyd olunan halların mübahisələndirilməsinə subyektiv hüququ vardır. İddianın əsaslılığı işdə olan sübutlarla tam təsdiq olunur.

46. Eyni zamanda Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş “iddia müddətinin tətbiqi barədə” ərizəni əsassız hesab edir.

47. Belə ki, vərəsəlik hüququ mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında bu məsələ də şərh edilərək göstərilmişdir ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

48. Belə olan halda, cavabdeh tərəfin qeyd etdiyi 10 illik ümumi iddia müddəti hazırki tələbə tətbiq edilə bilməz. Çünki Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. h) apellyasiya baxışının nəticəsi

49. Göründüyü kimi iddia tələbi əsaslıdır, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına uyğun olmadığı üçün əsassızdır.

50. Beləliklə qeyd edilənləri nəzərə alan Məhkəmə, MPM-in 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

51. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 may 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiası təmin edilsin. 18 yanvar 1976-cı il tarixdə vəfat etmiş Məmmədov Məmmədəli Məmməd oğluna məxsus olmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsində yerləşən 12a saylı fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilərək, həmin əmlaka dair cavabdehlərin adına 15 dekabr 2021-ci il tarixdə verilmiş və reyestrdə 2V-520 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında 15 dekabr 2021-ci il tarixdə bağlanmış və reyestrdə 3M-221 nömrə ilə qeyd edilmiş “Miras payın bağışlanması müqaviləsi” etibarsız hesab edilsin. Həmin əmlaka dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ********** və ********** qeydiyyat nömrəli 16 dekabr 2021-ci il tarixli çıxarışlar ləğv edilsin. 18 yanvar 1976-cı il tarixdə vəfat etmiş Məmmədov Məmmədəli Məmməd oğlunun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsində yerləşən 12 “a” saylı fərdi yaşayış evi üzərində iddiaçı İddiaçı 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə, Cavabdeh3 1/12 hissədə, Cavabdeh4 1/12 hissədə, Cavabdeh5 1/12 hissədə və Cavabdeh6 1/12 hissədə pay müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar