Məhkəmə qərarları › İş №2(103)-3582/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3582/2024

10.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3582/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: “əsassız hesablanmış borcun silinməsi, sübutetmə yükü, iddia müddəti”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-765/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. xx.xx.2009-cu il – xx.xx.2023-cü il müddəti üçün hesablanmış "xxxx" ASC-nin abunə haqqında çıxarışından görünür ki, İddiaçı (abonent kodu **********00878) xx.xx.2024-cü il tarixinə 1560.02 manat borcu var.

2. "xxxx" ASC-nin 179984 №-li xx.xx.2020-ci il tarixli aktına əsasən, abonent İddiaçı məxsus Abşeron rayonu Hökməli qəsəbəsi (abonent kodu **********00878) ünvan üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, mənzilə sayğacdan kənar xətt daxil olur. Həmin aktdan görünür ki, yoxlama zamanı abonent iştirak etməmişdir. Həmin akta əsasən tərtib edilmiş icra vərəqəsindən görünür ki, İddiaçı 108,3 manat cərimə yazılmışdır.

3. "xxxx" ASC-nin eyni məzmunlu tərtib edilmiş 212735 №-li 19 mart 2021-ci il tarixli aktı əsasında tərtib edilmiş icra vərəqəsinə görə isə İddiaçı 178,56 manat cərimə yazılmışdır. Həmin aktdan görünür ki, yoxlama zamanı abonent iştirak etməmişdir.

4. Hökməli qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 672 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı hal-hazırda Hökməli qəsəbəsində yaşamır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Hökməli qəsəbəsi ünvanına (abonent kodu **********00878) 1560.02 (min beş yüz altmış manat 02 qəpik) manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Tələbdə göstərilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Hökməli qəsəbəsindəki ünvanına (abonent kodu **********00878) 1560.02 (min beş yüz altmış manat 02 qəpik) manat əsassız borc yazılmışdır. Belə ki, həmin evdə yaşayış olmayıb və yaşayış olmadığı halda 1560.02 (min beş yüz altmış manat 02 qəpik) manat borcun yazılması tamamilə qanunsuz və əsassızdır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-765/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia tələbinin təmin edilərək İddiaçı məxsus Hökməli qəsəbəsi (abonent kodu **********00878) ünvanına əsassız hesablanmış 1560.02 (min beş yüz altmış manat 02 qəpik) manat məbləğində borcun "xxxx" ASC tərəfindən İddiaçı **********00878 saylı abunə hesabından silinməsi; cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 35,6 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləsinə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Lakin İddiaçı 1991-ci ildən həmin ünvanda yaşamadığını, cavabdehlə hər hansı müqavilənin bağlamadığını bildirmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə iddiaçı ilə elektrik enerjinin alqı-satqısına dair müqaviləni məhkəməyə təqdim etməmişdir. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti 179984 №-li xx.xx.2020-ci il tarixli və 212735 №-li 19 mart 2021-ci il tarixli aktlar tərtib olunarkən iddiaçı iştirak etmədiyindən aşkar edilmiş qanunsuz qoşulmanı sübut edən foto və ya videoçəkiliş aparılmalı olduğu halda, həmin sübutların olmadığı cavabdeh tərəfindən məhkəməyə bildirilmişdir. Bununla da cavabdeh təşkilat aktın qanuniliyi ilə bağlı sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş “abunə haqqında” çıxarışı ilə həmin mənzildə 2018-ci ildən heç bir elektrik enerjinin istifadə olunmaması, Hökməli qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 672 nömrəli, xx.xx.2024-cü il tarixli arayışı, iddiaçı ilə heç bir müqavilənin olmaması və cavabdehin izahatı ilə İddiaçı Hökməli qəsəbəsində yaşamadığı və borcu olmadığı təsdiq edilmişdir. Beləliklə, iddiaçı borcun ona məxsus olmadığını, əsassız yazıldığını mübahisələndirir, cavabdeh tərəf isə borcların əsaslı yazılmasına dair sübutlarını məhkəməyə təqdim etmir. Həmçinin məhkəmə onu da qeyd edir ki, bu günədək cavabdeh tərəfindən iddiaçıya qarşı həmin borc məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməməsi də göstərir ki, cavabdehin borcun əsaslı yazılmasına və həqiqətən də, iddiaçıya məxsus olmasına dair sübutları yoxdur və borcun iddiaçıya məxsus olmasından əmin deyildir. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki iddia əsaslı olduğundan və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, məhkəmə iddia müddətinin tətbiq edilməli olub-olmamasını araşdırmalı və buna dair mövqeyini bildirməlidir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının 2020-ci ildən 1.374,37 manat borcdan xəbərdar olmasını, lakin təkçə 2023-cü ildə məhkəməyə müraciət edərək müqavilə tələbləri üzrə iddia müddətini (üç il) ötürdüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı tərəflər arasında hər hansı elektrik enerjisinin alqı-satqısı barədə müqavilənin bağlanması təsbit edilmədiyindən və həmçinin, iddiaçının 2020-ci ildən borcdan xəbərdar olunması barədə heç bir sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş edib şikayətində göstə\rib ki, qanunvericiliyin tələbinə görə həm müqavilə tələbləri üzrə, həm də vaxtaşırı icra edilməli öhdəliklər üzrə iddia müddəti 3 ildir. İddiaçıya məxsus yaşayış evinə yazılmış elektrik enerjisi borcu iddia qaldırıldığı tarixdən 3 il əvvələ olan borcudur. İddiçının həmin borcdan indi xəbərdar olması ağlabatan deyil, çünki iddiaçının borc yazıldığı dövrdə elektrik enerjisindən istifadə etməsi abonent saldosundan görünür və bu onu təsdiq edir ki, iddiaçı həmin dövrdə yaranmış borcdan da xəbərdar olmuşdur. Bu səbəbdən, iddia müddəti hazırkı işə tətbiq edilməlidir. İddiaçı qeyd edir ki, borcun yarandığı dövrdə həmin evdə yaşamamış və bununla bağlı məhkəməyə arayış təqdim etmişdir. Qeyd edilən arayış 28 fevral 2024-cü il tarixdə verilib və arayışda qeyd olunub ki, iddiaçı hal-hazırda həmin evdə yaşamır. Yəni, iddiaçının borcun yarandığı dövrdə həmin evdə yaşamaması iş materialları ilə öz təsdiqini tapmır. Qanunvericiliyin tələbinə görə də, bu halı iddiaçı məhkəməyə sübut etməlidir. Lakin bu hal qeyd edilən arayışla öz təsdiqini tapmır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi.

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan iddia müddətini tənzimləyən normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin iddia müddətinin keçməsi ilə əlaqədar etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

21. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

23. Belə ki, cavabdeh elektrik enerjisinin satışına dair müqaviləyə əsasən, istehlak olunan elektrik enerjisinə görə iddiaçının silinən məbləğdə borcu olmasına və ya elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyinə dair iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İşdə olan akt isə borcun olduğunu yaxud cavabdehə vurulan zərəri təsdiq edən sübut kimi qəbul oluna bilməz. Çünki, həmin sənəddə göstərilənlər o məlumatların həqiqi olduğunu təsdiq etməməklə yanaşı borcun olması yaxud elektrik enerjisindən qanunsuz istifadə ilə bağlı deyildir. Maraqlı şəxs olaraq istənilən sayda mötəbərliliyi təsdiq olunmayan həmin aktı hazırlaya bilər.

24. Şikayətin yeganə dəlili hazırki tələbin iddia müddətinin ötürülməklə irəli sürülməsidir.

25. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.)

26. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nədə mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı).

27. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

28. Qanunun tələbinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Apellyasiya baxışı zamanı da iddiaçı ona əsassız borc hesablandığını bildiyi vaxtdan dərhal sonra məhkəməyə müraciət etdiyini göstərdi. İddiaçının həqiqətən də silinməsi tələb edilən məbləğdə əvvəllər borcu yaranmışdırsa, cavabdeh qurum bu günə qədər bu borcu hansı səbəbdən tələb etməməsinə aydınlıq gətirməli idi. Başqa sözlə, iddiaçının həqiqətən borcu olmuşdursa, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə vermək əvəzinə, vaxtında həqiqi borcu tələb edə bilərdi, ancaq etməyib. Bununla belə, iddia müddəti institutu da borclunun hüquqi müdafiə vasitəsi sayılır. Yəni, cavabdeh bu institutun verdiyi hüquqi imkanlardan istifadə edə bilər. Lakin həqiqi borcun mövcud olduğu təsdiq olunmursa, demək iddia müddətinin tətbiqindən istifadə etmək açıq-aşkar hüquqdan sui-istifadə sayılır.

29. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-765/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-765/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar