Məhkəmə qərarları › İş №2(103)-3584/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3584/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3584/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1584/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər “xxxx” MMC, “xxxx” MMC, Bakı şəhəri Cavabdeh3, Bakı şəhəri Cavabdeh4nə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və “X5 Azərbaycan” QSC cəlb edilməklə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, qiymətləndirmə hesabatının ləğv edilməsi, hərrac prosedurunun başlamasına şərait yaradan qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1584/2020 saylı, 16 noyabr 2020-ci il qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməm, eləcə də hərracın keçirilməsinin yeri və vaxtı barədə ona məlumat verilməmiş, habelə yekun protokolun surəti ona ünvanlanmamışdır. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* nömrəli çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 5, mənzil 23 28.11.2007ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Hərracın yekunları barədə 04.10.2019-cu il tarixli protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 5, mənzil 23 ilkin satış qiyməti 105000 manat məbləğində müəyyən edilərək “xxxx” MMC tərəfindən hərraca çıxarılmışdır. Hərracın yekunları barədə 04.10.2019-cu il tarixli protokoldan görünür ki, X1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ev 28, mənzil 5 ilkin satış qiyməti 60000 manat məbləğində müəyyən edilərək “xxxx” MMC tərəfindən hərraca çıxarılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 5, mənzil 23 30.12.2019-cu il tarixdə “X5 Azərbaycan” QSCnin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ev 28, mənzil 5 15.01.2020-ci il tarixdə “X5 Azərbaycan” QSC-nin adına qeydiyyata alınmışdır. Hərracın keçirilməsi barədə 12.07.2019-ci il tarixli, 01 saylı, 26.07.2019-cu il tarixli, 01/2 saylı və 16.08.2019-ci il tarixli, 02 saylı bildirişlərin surətindən görünür ki, İddiaçı və X3 və X1 hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. Bakı şəhəri Cavabdeh3 tərəfindən İddiaçı ünvanlanmış 21 fevral 2020-ci il tarixli bildirişdə qeyd olunmuşdur: “Nizami Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli icra sənədinə əsasən ... İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 5, mənzil 23-ün ilkin satış qiyməti 105000 manat, X1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ev 28, mənzil 5 ilkin satış qiyməti 60000 manat olmaqla açıq hərrada satılmalı, satışdan əldə olunan vəsaitdən 196148,14 manat borc “X5 Azərbaycan” QSC-nin hesabına tutulmalıdır. Sözgedən mənzillər açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılmalıdır. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 5, mənzil 23 protokolun nəticələrinə əsasən “X5 Azərbaycan” QSC tərəfindən əldə edilmiş və AR ƏMDK yanında DƏDRX tərəfindən adı gedən mənzilın bankın mülkiyyətinə keçirilməsi ilə bağlı yeni çıxarış vermişdir. Odur ki, Sizdən tələb olunur ki, qeyd edilən məznili 10 gün ərzində könüllü surətdə boşaldasınız...” Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Belə ki, işin materiallarına əsasən mübahisəli daşınmaz əmlaklar barəsində hərracın keçirilməsi ilə bağlı cavabdeh tərəfindən qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmışdır. Həmçinin, hərracın keçirilməsi ilə bağlı elan verilmişdir. “F.Cavadov və V.Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişinin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki iş materiallarda olan hərracın yekunları barədə 04.10.2019-cu il tarixli protokollardan da görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 5, mənzil 23 və X1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ev 28, mənzil 5 hərraca çıxarılmış, həmin daşınmaz əmlaklar müvafiq olaraq 30.12.2019-cu il və 15.01.2020-ci il tarixlərində “X5 Azərbaycan” QSC-nin adına qeydiyyata alınmışdır. “X5 Azərbaycan” QSC 19.10.2020-ci il tarixli ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək sözügedən əmlakların hərrac protokollarına əsasən Bankın balansına keçdiyini bildirərək onun maraqlı şəxs qismində mülki işə cəlb edilməsini xahiş etmişdir. Eyni zamanda Bakı şəhəri Cavabdeh3 tərəfindən İddiaçı ünvanlanmış 21 fevral 2020-ci il tarixli bildirişin məzmunundan aydın olunur ki, iddiaçının Nizami Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli icra sənədindən, hərracın yekunları barədə protokolun nəticəsindən, sözügedən mənzilin Bankın mülkiyyətinə keçməsindən xəbərdar edilmişdir. Beləliklə, kollegiya qeyd edir ki, hazırkı halda iddiaçı Nizami Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 iyul 2017-ci il tarixli qətnaməsinin icrasına açıq-aşkar mane olmaq məqsədi ilə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir, belə olan halda onun apellyasiya şikayətinin əsassız olduğu da müəyyən olunur. AR MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1584/2020 saylı, 16 noyabr 2020-ci il qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar