Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3584/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: vurulmuş zərərin subroqasiya qaydasında tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh2 nümayəndəsi X8, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-588/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş 9 fevral 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Ak. Həsən Əliyev küçəsi 51 saylı ünvanda yerləşən ümumi sahəsi 456.3 kv/m olan qeyri yaşayış sahəsi X9 bağışlanmışdır.
2. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 38 №-li sərəncamından görünür ki, Ak. Həsən Əliyev küçəsi 51 saylı ünvanda yerləşən 2-ci mərtəbədə yerləşən 18; 33 №-li mənzillərin birləşdirilmiş şəkildə mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmiş, sərəncamın birinci bəndində göstərilən mənzillərin sahəsi daxil olmaqla əlavə qeyri-yaşayış sahəsi cəmlənərək vahid bir qeyri-yaşayış sahəsi kimi mövcud istifadə vəziyyətində ümumi sahəsi 933,2 kv.m olmaqla təqdim olunmuş layihəyə uyğun vətəndaş İ.C.Hüseynovun adına sənədləşdirilməsinə icazə verilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi 51, mənzil 49 ünvanda yerləşən mənzil ½ hissədə Cavabdeh2, ½ hissə X5 adına qeydiyyata alınmışdır.
4. RAZ********** nömrəli xx.xx.2016-ci il tarixli “Daşınmaz əmlakın icbari sığorta” şəhadətnaməsindən görünür ki, Ak. H.Əliyev küçəsi 51 ünvanında yerləşən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır.
5. 53 saylı MKİS-in rəisi İ.Quliyev, mühəndisi A.Hüseynov, texniki Y.Heydərli tərəfindən tərtib olunmuş və imzalanmış xx.xx.2016-cı il tarixli aktdan görünür ki, Ak. H.Əliyev küçəsi 51 saylı evdə X9 məxsus "xxxx" MMC-də baxış keçirilmişdir. Baxış zamanı aşkar edilmişdir ki, üst qonşusu 49 saylı mənzildə su borusunda qəza baş vermiş və aşağıya su axmışdır. Axıntı zamanı "xxxx" MMC-də elektrik xətti, müşahidə kamerası, yanğına qarşı mühafizə qurğusu və tavana ciddi ziyan dəymişdir.
6. “X21 Valuation Services” MMG tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 329 saylı əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Xətai rayonu, Q.Qarayev 2A, məhəllə 1/6 NN studio subasma nəticəsində dəymiş zərərin həcmi material 658 manat, işçilik 365 manat olmaqla cəmi 1023 manatdır.
7. 0991/CFİ-056/2016 saylı sığorta aktından görünür ki, sığortalı X6 Ak. H.Əliyev küçəsi 51 ünvanında yerləşən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. xx.xx.2016-cı il tarixdə sığorta hadisəsi (subasma) baş vermiş, daşınmaz əmlaka zərər dəymişdir. Dəymiş zərərin məbləği 1023 manatdır. Müəyyən edilmiş zərər məbləğindən 100 manat azadolma məbləği çıxarılaraq cəmi 923 (doqquz yüz iyirmi üç) manat ödənilmişdir. - 13 aprel 2016-cı il tarixli 2230 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X9 923 manat zərər ödənişi edilmişdir.
8. "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya (bildiriş) məktubundan görünür ki, 923 manat məbləğin bildiriş daxil olduğu tarixdən 15 təqvim günü ərzində ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə müvafiq məhkəməyə iddia ilə müraciət olunacağı bildirilmişdir.
9. "xxxx" ASC tərəfindən Cavabdeh1 ASC və Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya (bildiriş) məktubundan görünür ki, 923 manat məbləğin bildiriş daxil olduğu tarixdən 5 gün ərzində ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə müvafiq məhkəməyə iddia ilə müraciət olunacağı bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 923 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 40 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, RAZ********** nömrəli xx.xx.2016-ci il tarixli “Daşınmaz əmlakın icbari sığorta” şəhadətnaməsi ilə sığorta müqaviləsi bağlanmış və Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 51 ünvanında yerləşən daşınmaz əmlak sığorta təminatı almışdır. xx.xx.2016-cı il tarixdə ünvan 2 ünvanında yerləşən X9 məxsus "xxxx" MMC-ni üst qonşu yəni Cavabdeh2 mənzilindən su axmışdır. Su axma nəticəsində 923 (doqquz yüz on üç) manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edir ki, ödənilmiş 923 (doqquz yüz on üç) manat məbləğ, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4602/2023 saylı qərardadına əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-588/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 152.11, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə qaydalarının 1.2.2, 2.1.1-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.2, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarında qeyd olunduğu kimi, Nərimanov rayon 53 saylı MKİS-in xx.xx.2016-cı il tarixli aktından aydın olur ki, Bakı şəhəri, Nərimanov ray.,Ak. Həsən Əliyev küç.,51 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dəymiş maddi zərər məhz üst qonşu Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi 51, 49-cu mənzildən su axıdılması nəticəsində dəymişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X13 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.
23. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
24. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
25. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
26. Maddə 1096. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-588/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. İş materiallarından görünür ki, RAZ********** nömrəli xx.xx.2016-ci il tarixli “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi ilə X6 mülkiyyətində olan Ak.Həsən Əliyev küçəsi 51 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi sığortalanmışdır. xx.xx.2016-cı il tarixində sözügedən ünvana subasma hadisəsi nəticəsində 1023 manat məbləğində maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı 0991/CFİ-056/2016 saylı sığorta aktına əsasən sığortalı X4 923 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı "xxxx" ASC ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən öz xeyrinə tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
39. Kollegiya qeyd edir ki, subroqasiya nəticəsində sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir.
40. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
41. Odur ki, hazırkı halda "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququnun yaranması üçün ilk növbədə cavabdehlərin sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması, yəni hadisənin cavabdehlər və ya əməllərinə görə cavabdehlərin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi müəyyən edilməlidir. Hazırkı halda isə hadisənin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC tərəfindən törədilmiş təqsirli, hüquqa zidd əməl nəticəsində baş verməsi iş materialları ilə - mötəbər sübutlarla öz təsdiqini tapmır.
42. Belə ki, hadisənin baş verməsi faktını təsdiq etmək üçün iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə yalnız xx.xx.2016-cı il tarixdə 49 saylı mənzildə su borusunda qəza baş verməsi və aşağıya su axıdılmasına dair xx.xx.2016-cı il tarixli 53 saylı MKİS-in rəisi İ.Quliyev, mühəndisi A.Hüseynov, texniki Y.Heydərli tərəfindən tərtib olunmuş və imzalanmış akt təqdim edilmişdir.
43. Bununla belə, həmin akt əsasında su sızma hadisəsinin binanın ümumi istifadədə olan sahəsində və yaxud üçüncü şəxslərin mülkiyyətinə verilmiş yaşayış sahələrinin daxilində baş veməsi və ya ümumiyyətlə qəzanın binanın daxilində və ya xaricində yerləşən su xəttində baş verməsi və belə olan halda baş vermiş qəzaya görə cavabdehlərin məsuliyyət daşımalı olması barədə əsaslı nəticəyə gəlmək mümkün deyildir. Belə ki, birinci instansiyasında araşdırma zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi qeyd olunan aktın mübahisəli mənzilə baxış keçirilmədən tərtib olunduğunu, evin sahibi - cavabdehin bu aktı imzalamadığını və akt barəsində yalnız məhkəmə iclası zamanı məlumatlı olduğunu bildirmişdir. İşin hallarından görünür ki, qeyd olunan hal iddiaçının nümayəndəsi tərəfindən nə birinci instansiya məhkəməsində icraat zamanı, nə də ki apellyasiya icraatı zamanı mübahisələndirilməmişdir. Akt isə yalnız MKİS-in rəisi İ.Quliyev, mühəndisi A.Hüseynov, texniki Y.Heydərli tərəfindən tərtib olunmaqla imzalanmış, aktın tərtibi zamanı cavabdeh və ya cavabdehin nümayəndəsinin iştirakı təmin olunmamışdır.
44. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
45. Həmçinin nəzərə alınmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
46. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
47. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarında qeyd olunur ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.
48. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
49. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
50. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
53. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
55. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-588/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən kasasiya şikayəti verilə bilməz.