Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3585/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və 100 manat dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3797/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 3797/2023 saylı qətnaməsi ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və 100 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 3797/2023 saylı qətnaməsindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, şirkətin ümumi serverində və internet şəbəkəsində yaranmış uzunmüddətli probləmlə əlaqədar, şirkət tərəfindən mütəmadi olaraq elektron informasiya sistemi vasitəsi ilə şəxsi kabinetə daxil olmaq və sənədləri nəzarətdə saxlamaq mümkün olmadığından, Şirkət qətnamə ilə taniş olmamış və rəsmi əldə edə bilməmişdir. Şirkət bu qətnaməni şəxsi kabinetdən xx.xx.2024-cü il tarixdə rəsmi olaraq əldə etmiş, qətnamədən narazı qaldıqları üçün apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3797/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, apellyasiya şikayəti, ona əlavə edilmiş sənədlər və 50 (əlli) manat ödənilmiş dövlət rüsumu iddiiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına qaytarılmışdır. İddiaçının qeyd edilən qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, “ ... xx.xx.2024-cü il tarixədək şirkətin ümumi serverində və internet şəbəkəsində yaranmış uzunmüddətli problemlə əlaqədar, Şirkət tərəfindən mütəmadi olaraq elektron informasiya sistemi vasitəsilə şəxsi kabinetə daxil olmaq və sənədləri nəzarətdə saxlamaq, həmin qətnamə ilə tanış olmaq və onu rəsmi surətdə əldə etmək mümkün olmamışdır”. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəlləsinin 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 3797/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə isə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının qeyd edilən qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi elektron kabinet vasitəsilə Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi qanunvericiliyin yuxarıda sadalanmış normalarının tələbindən irəli gələrək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-3797/2023 saylı qətnaməsi iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi qaydada əldə edilmiş, apellyasiya şikayəti isə 1 ay prosessual müddət ötürülməklə verilmişdir. Müddətin bərpasına dair ərizənin dəlillərinə münasibətdə isə kollegiya hesab edir ki, onlar müddətin ötürülməsinin üzrlü səbəbləri kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı yaranmış müəyyən problemlərlə əlaqədar onun elektron kabinetinə yerləşdirilmiş qətnamə ilə yalnız xx.xx.2024-cü il tarixdə tanış ola bildiyini, bu səbəbdən müddətin ötürüldüyünü qeyd etsə də, əvvala qeyd edilməlidir ki, elektron kabinetə yerləşdirilmiş sənədi tərəfin hansı tarixdə açıb oxuması prosessual müddətin hesablanmasına təsir etmir, çünki prosessual normalara əsasən sənəd elektron kabinetə yerləşdirildiyi andan rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə iş materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-3797/2023 saylı qətnaməsi iddiaçının nümayəndəsi X3 iştirakı ilə qəbul edilmiş, həmin tarixdə ona qətnamədən çıxarış qəbzə imza etdirilməklə təqdim edilmişdir. Göründüyü kimi iddiaçının nümayəndəsi tələblərinin təmin edilməməsi barədə qətnamədən məlumatlı idi və qətnaməni elektron qaydada qəbul etmək imkanından məhrum olduğu halda, ağlabatan müddətdə məhkəməyə ərizə ilə müraciət edərək, qətnaməni şəxsən də qəbul edə bilərdi. Lakin qeyd olunan tədbirlər iddiaçı tərəfindən görülməmiş və xx.xx.2024-cü il tarixdə - 6 ay sonra müvafiq ərizə və apellyasiya şikayəti ilə müraciət etmişdir. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etsə də, bərpanın həyata keçirilməsi üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpasından imtina etməklə düzgün nəticəyə gəlmişdir. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3797/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3585/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3585/2024
29.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver