Məhkəmə qərarları › İş №2(103)-3586/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3586/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3586/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6682,46 manat əsas, 2569,54 manat dəbbə pulu və 112,52 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 9364,52 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Əsədzadə, iş 2(004)-1226/2025) iddia qismən təmin edilmiş, 6682,46 manat əsas, 100 manat cərimə borcu və 87,83 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6870,29 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnmə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddiaçının iddia ərizəsi qiymətləndirilən iddia ərizəsidir və iddianın qiyməti 9364,52 manat təşkil edir. Belə olan təqdirdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 8.6-cı maddələrinə müvafiq olaraq apellyasiya şikayəti verilərkən 56,82 manat dövlət rüsumu ödənilməli olduğu halda cəmi 44,60 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, cavabdeh apellyasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etməyərək Azərbaycan Respublikası MPM-in 363.1.2-ci maddəsinin tələbinə də tam əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in 361.3-cü maddəsinin tələbinə görə şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.2) Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar