Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3588/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MTK-na qarşı “öhdəliyin icrası və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-na qarşı “öhdəliyin icrası və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmış, məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericilik iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsini nəzərdə tutmuşdur; iddiaçının cavabdeh qismində göstərdiyi hüquqi şəxsin hüquqi ünvanı isə Bakı şəhərinin Nəsimi rayonundadır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət birinci instansiya məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı, cavabdeh MTK ilə bağlamış olduğu xx xxxxxx 2020-ci il tarixli müqavilənin şərtlərinin pozulduğunu iddia etməkdədir və onun tələblərindən biri həmin müqaviləyə görə ona verilməli olan ünvan 2 ünvanında inşa olunan binadakı mənzilin təhvil verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması barədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.11-ci maddəsinə görə isə, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Göründüyü kimi qanunverici, müqavilələrdən əmələ gələn iddiaların müqavilənin icra yerinə görə verilməsinin mümkünlüyünü nəzərdə tutmuş və ümumi qaydadan istisna olan bu imkanı hər hansı məhdudiyyətlə şərtləndirməmişdir. Bu səbəblə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4464/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3588/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3588/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver