Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3592/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı8, İddiaçı3 vəkili Vəkil1, Cavabdeh Ramazanov Böyükağa Səfər oğlunun vəkili Vəkil2, Üçüncü şəxslər X5 və X1 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı8, İddiaçı7, İddiaçı6, X2, İddiaçı9, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nın yanında X8 Auksion Mərkəzinə, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə və Ramazanov Böyükağa Səfər oğluna qarşı «hərracın nəticələrinin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestr xidmətində məlumatların və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5242/2019 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı8, İddiaçı7, İddiaçı6, X2, İddiaçı9, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nın yanında X8 Auksion Mərkəzinə, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə və Ramazanov Böyükağa Səfər oğluna qarşı «hərracın nəticələrinin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestr xidmətində məlumatların və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixli 43/01 saylı cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında X8 Auksion Mərkəzi tərəfindən tərtib edilmiş hərrac protokolu, ünvan 1 ünvanda yerləşən, sahəsi 188,3 m2 olan qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Ramazanov Böyükağa Səfər oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh Ramazanov Böyükağa Səfər oğlunun adına ünvan 1 ünvanda yerləşən, sahəsi 188,3 m2 olan qeyri-yaşayış sahəsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yerləşən 98 saylı bina «Müəllim (Учитель)» MİK tərəfindən üzvlərin payları əsasında inşa edilmişdir. Binanın inşası üçün torpaq sahəsi Bakı şəhər ZDS İK-nın xx.xx.1963-cü il tarixli 37/1452 saylı qərarına əsasən ayrılmışdır. Sözügedən bina elə o zamandan «Müəllim (Учитель)» MİK-nın üzvlərinin istifadəsində və mülkiyyətindədir. Bir müddət öncə onlara məlum olmuşdur ki, binaya aid 188,3 m2 qeyri- yaşayış sahəsi dövlət əmlakı adı ilə hərrac yolu ilə xx xxxxxx 2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alğı-satqı müqaviləsi əsasında cavabdeh Ramazanov Böyükağa Səfər oğluna satılmışdır və hətta dövlət reyestrindən çıxarış da verilmişdir. Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət olunmuşdur və Bakı Apellyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddiaya cavab verməli olan bütün şəxslərə qarşı yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olduğunu onlara izah etmişdir. Məhkəmə proseslərində ƏMDK-nın nümayəndəsi bildirmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi dövlət əmlakı olduğu üçün onun barəsində səlahiyyəti olan ƏMDK-dır və bu apellyasiya instansiyası məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. Eyni zamanda, xx.xx.2017-ci il tarixli 43/01 saylı hərrac protokoluna və Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxx 2019-cu il tarixli məktubuna əsasən ünvan 1 ünvanda yerləşən, sahəsi 188,3 kv.m olan qeyriyaşayış sahəsi Bakı şəhər İH MKTD Nəsimi rayon MKTB-nin balansında olmuş və həmin qeyriyaşayış sahəsi «Dövlət Əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununa və Dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən digər qanunvericilik aktlarına uyğun olaraq, ƏMDK tərəfindən xx xxxxxx 2017-ci il tarixdə keçirilmiş hərracda Ramazanov Böyükağa Səfər oğlu tərəfindən özəlləşdirilmişdir. Cavabdehlərin fikrincə, sözügedən qeyri-yaşayış sahəsi hərraca çıxarılan zaman Bakı şəhər İcra Hakimiyyətinin MKTD Nəsimi rayon MKTB-nin balansında olmuşdur. Nəsimi rayon MKTB-nin xx.xx.2019-cu il tarixli 0/273 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 98 saylı bina «Müəllim (Учитель)» MİK-ya məxsusdur və həmin bina Nəsimi rayon MKTB-nin balansında deyildir. Balans saxlayıcı rəsmi məktubla bildirir ki, Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 98 saylı bina «Müəllim (Учитель)» MİK-ya məxsusdur və həmin bina Nəsimi rayon MKTB- nin balansında deyildir, buna baxmayaraq, ƏMDK həmin binanın bir hissəsi olan qeyri- yaşayış sahəsi ilə bağlı hərrac keçirir, alğı-satqı müqaviləsi bağlayır və sonradan çıxarış verir. Birinci instansiya məhkəməsi tərəfindən X5 və X4 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. Qeyd olunan qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Qeyd olunan qətnamədən narazı qalan üçüncü şəxslər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni ətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki,məhkəmə öz qətnaməsində göstərir ki, iddiaçıların ünvan 3 saylı binanın “Müəllim (Учитель)” MİK-ya məxsus olması və həmin binanın Nəsimi rayon MKTB - nin balansında olmamasına dair Nəsimi rayon MKTB - nin xx.xx.2019- cu il tarixli 0/273 saylı məktubuna istinad etmələrinə məhkəmə qiymət verərək hesab edir ki, iddiaçıların bu dəlili iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) sərəncamında olan Daşınmaz dövlət əmlakı haqqında Registrindən çıxarışın məzmunu ilə təkzib edilir. Bildirir ki, sözügedən bina elə məhkəmənin istinad etdiyi daşınmaz dövlət əmlakı haqqında registr çıxarışında qeyd olunur ki, həmin binanın yarımzirzəmi və zirzəmi mənzil tikinti kooperativ binanın qeyri - yaşayış sahəsidir və beləliklə hər halda kooperativin istənilən bir sahəsi, onun bir hissəsi dövlət əmlakı hesab oluna bilməz. Məhkəmə iclaslarında tərəflərindən dəfələrlə vəsatətlər qaldırılmışdır ki, sözügedən sahələrin dövlət əmlakı olması barədə registrə qeydə almağa əsas olan sənədləri məhkəməyə təqdim edilsin. Lakin təəssüflər olsun ki cavabdehlər tərəfindən bu sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu sənədlərin zəruriliyi ondan ibarətdir ki, dövlət 1962 -ci ildə istismara qəbul edilmiş kooperativ binasındakı özünə aid olan sahələri niyə görə məhz 2017- ci ildə registrə saldırmışdır və necə olur ki, balans saxlayıcısı olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyi öz sərəncamında olan əmlakdan xəbərsiz olduğu və hərraca əmlak veriləndə balans saxlayıcının razılığı alınmamışdır. Bundan başqa məhkəmə öz qətnaməsində vurğulayır ki, registrdən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli kooperativ binanın yarımzirzəmi və zirzəmisindəki qeyri - yaşayış sahələri dövlət vəsaiti hesabına inşa edilməklə dövlət mülkiyyətində olmasına dair dövlət əmlakının Registrində qeydiyyat mövcuddur. İş materillarında sözügedən registrdən çıxarışın surəti var. Həmin çıxarışın əmlak haqqında məlumat hissəsində sözügeden sahələr kooperativ binanın qeyri - yaşayış sahəsi vurğulanıb və dövlət tərəfindən inşa edilməsi,dövlət mülkiyyətində olması ,registrdə hər hansı bir qeydlər mövcud deyil. Məhkəmə dövlət vəsaiti hesabına həmin yarımzirzəmi və zirzəminin inşa edilməsi barədə məlumatı haradan əldə etməyi onlara məlum deyil. Hesab edirlər ki hakim olmayan məlumatı qətnamədə əks etdirmək ən azı işin hər tərəfli araşdırılmaması nəticəsindən irəli gəldiyini göstərir. Bundan başqa mübahisəli bina 1962-ci ildə təhvil verilib, birinci instansiya məhkəməsinin Azərbaycan SSR Nazirlər Kabinetinin Qərarı isə 1965 və 1983-cü il tarixdə qəbul edilmişdir. 1962-ci ildə istismara verilmiş binaya 1965 və 1983-cü il tarixli qərarların tədbiq edilməsi mümkün deyil. Üçüncü şəxslər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, ünvan 3 ünvanında yerləşən 188.3 kv. metr qeyri-yaşayış sahəsi yaşadıqları kooperativ binanın tərkib hissəsidir və binanın digər ümumi istifadədə olan tərkib hissələri də olduğu kimi kooperativə məxsusdur. Həmin qeyri-yaşayış sahəsinin hansı əsasla dövlətin mülkiyyətinə keçirilməsi araşdırılmamış, bu barədə məhkəməyə vəsatət versələr də, məhkəmə bu məsələnin araşdırılmasında maraqlı olmamışdır. Cavabdeh4 atası Səfər Ramazanov isə kooperativin sədri vəzifəsini İcra edərkən təsis sənədlərini (nizamnamə, texniki pasport və s.) ələ keçirmiş və sonradan heç kimə təqdim etməyərək, itirdiyini bildirmişdir. Belə ki, kooperativin nizamnaməsində sözügedən qeyri- yaşayış sahəsinin kooperativə məxsus olması, həmin sahəyə sahiblik, istifadə və sərəncam verilməsinin yalnız kooperativ üzvlərinin razılığı ilə mümkün olması öz əksini tapmişdır. Bunu kooperativin yaradılmasında iştirak edən köhnə sakinlər tam təsdiq edə bilər. Odur ki, Səfər Ramazanov qanunsuz yollarla həmin qeyri yaşayış sahəsinin oğlu Cavabdeh4 adına rəsmiləşdirilməsinə nail olmuşdur. “Müəllim (Учитель)” kooperativinin üzvlərinə onun əmlakının hərraca çıxarılması barədə heç bir bildiriş verilməyib, hər hansı formada razılıq alınmayıb. Beləliklə də, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi “Müəllim (Учитель)” kooperativinə məxsus əmlakı Kooperativin digər üzvlərinə məlumat vermədən Cavabdeh4 satıb. Kooperativin ümumi paylı mülkiyyət əsasında mülkiyyətçilərə məxsus əmlakını qeyri-qanuni hərraca çıxarıb. Səfər Ramazanov isə bilə-bilə həmin əmlakı əsassız varlanma, gəlir əldə etmək məqsədilə, kooperativin sədri vəzifəsini icra etməsindən və möhürün onda olmasından istifadə edərək almış və oğlu Cavabdeh4 adına rəsmiləşdirmişdir. Məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd edilmişdir ki, Nəsimi rayon MKTB-nin xx.xx.2019-cu il tarixli 0/273 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 98 saylı bina “Müəllim (Учитель)” MİK-ya məxsusdur və həmin bina Nəsimi rayon MKTB-nin balansında deyildir. Lakin hansısa səbəbdən məhkəmə işdə olan bu mötəbər sübutu qəbul etməyərək, sonradan qətnamədə həmin məktubun məzmunun daşınmaz dövlət əmlakı haqqında registr çıxarışında qeyd olunur ki, həmin binanın yarımzirzəmi və zirzəmisi mənzil tikinti kooperativ binanın qeyri-yaşayış sahəsidir və beləliklə də, kooperativin istənilən bir sahəsi, onun bir hissəsi dövlət əmlakı hesab oluna bilməz. Məhkəmə iclaslarında sözügedən sahələrin dövlət əmlakı olması barədə registrə qeydə almağa əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi barədə onların tərəfindən dəfələrlə vəsatətlər verilmişdir. Lakin heç bir sənəd təqdim edilməmişdir. Bu sənədlərin zəruriliyi ondan ibarətdir ki, dövlət 1962 -ci ildə istismara qəbul edilmiş kooperativ binadakı özünə aid olan sahələri niyə görə məhz 2017- ci ildə registrə saldırmışdır? Bundan başqa məhkəmə öz qətnaməsində vurğulayır ki, Registrdən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli kooperativ binanın yarımzirzəmi və zirzəmisindəki qeyri - yaşayış sahələri dövlət vəsaiti hesabına inşa eilməklə dövlət mülkiyyətində olmasına dair dövlət əmlakının Registrində qeydiyyat mövcuddur. İş materillarında sözügedən registrdən çıxarışın surəti var. Həmin çıxarışın əmlak haqqında məlumat hissəsində sözügeden sahələr kooperativ binanın qeyri - yaşayış sahəsi vurğulanıb və dövlət tərəfindən inşa edilməsi, dövlət mülkiyyətində olması barədə registrdə hər hansı bir qeydlər mövcud deyil. Məhkəmə dövlət vəsaiti hesabına həmin yarımzirzəmi və zirzəminin inşa edilməsi barədə məlumatı haradan əldə etməyi onlara məlum deyil. Bundan başqa mübahisəli bina 1962-ci ildə təhvil verilib, birinci instansiya məhkəməsinin Azərbaycan SSR Nazirlər Kabinetinin Qərarı isə 1965 və 1983-cü il tarixdə qəbul edilmişdir. 1962-ci ildə istismara verilmiş binaya 1965 və 1983-cü il tarixli qərarların tədbiq edilməsi mümkün deyil. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı8, İddiaçı3 vəkili Vəkil1, üçüncü şəxslər X5 və X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ramazanov Böyükağa Səfər oğlunun vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri apellyatorlara münasibətdə yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisəli sahələr dövlət əmlakı olduğu üçün Bakı şəhər İH MKTD Nəsimi rayon MKTB-nin ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi və zirzəmisinin bir hissəsinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılması, sözügedən əmlakın xx.xx.2017-ci il tarixli 43/01 saylı hərrac protokoluna əsasən hərracın qalibi Ramazanov Böyükağa Səfər oğluna 35.000 manat məbləğində satılması, həmin əmlakın da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı iddiaçılar Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 98 saylı binanın sakinləri olmaları ilə yanaşı həm də «Müəllim (Учитель)» MİK-nın üzvləri olmasını bildirsələr də, MİK-nın mövcudluğuna dair məhkəməyə heç bir sübut növü təqdim etməmişlər. Həmçinin də «Müəllim (Учитель)» MİK-nın heç bir dövlət orqanında qeydiyyatının olmaması iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Vergilər Nazirliyinin müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məktublarının məzmunu ilə də təsdiq edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyatorlar tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli 43/01 saylı hərrac protokoluna əsasən Bakı şəhər İH MKTD Nəsimi rayon MKTB-nin ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi və zirzəmisinin bir hissəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılmış, hərracın qalibi Ramazanov Böyükağa Səfər oğlu olmuş, satılan əmlakın dəyəri 35.000 manat olmaqla, sonuncu tərəfindən hərrac vasitəsi ilə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X6 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3739 saylı müəssisənin alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini «alıcının» Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X8 Auksion Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilən hərracda 43/01 saylı protokola əsasən satın aldığı 188,3 kv.m qeyri-yaşayış sahəsi (5 mərtəbəli binanın yarımzirzəmisi, 130.4 kv.m və zirzəminin bir hissəsi 57,9 kv.m) təşkil edir. ünvan 3 ünvanında yerləşən 188.3 kv.m qeyri-yaşayış sahəsinin hərracdan satış qiyməti ilə 35000 manata satın alır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, B.Məmmədquluzadə küçəsində istifadədə olan 98 saylı evin 188,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nəsimi rayon MKTB-nin xx.xx.2019-cu il tarixli 0/273 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 98 saylı bina «Müəllim (Учитель)» MİK-ya məxsusdur və həmin bina Nəsimi rayon MKTB-nin balansında deyildir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR-də mənzil - tikinti kooperativinin Nümunəvi Nizamnaməsi»nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Qeyd edilən normativ hüquqi aktlara əsasən ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli kooperativ binanın yarımzirzəmi və zirzəmisindəki qeyri-yaşayış sahələri dövlət vəsaiti hesabına inşa edilməklə dövlət mülkiyyətindədir və həmin əmlaka dair dövlət əmlakının Registrində qeydiyyat mövcuddur. Bakı şəhəri, İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrindən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən, 1962-ci ildə istismara verilən 5 mərtəbəli kooperativ binasının cəmi 188,3 kv.m olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmisi) 2063 kod, ***-*******2 registr nömrəsi ilə qeydiyyata alınmışdır. Yarımzirzəminin sahəsi 130.4 kv.m olmaqla ***-*******2-01, zirzəminin sahəsi isə 57,9 kv.m olmaqla isə ***- *******2-002 registr nömrəsi ilə qeydiyyata alınmışlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra hallar araşdırmamışdır. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən daxil olmuş məktub və ona əlavə olunmuş qoşmadan görünür ki, “Müəllim (Учитель)” MİK-nın sədri Mirzəliyev xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Baş Memarlıq və Şəhərsalma İdarəsinin müdiri E.Qasımzadəyə müraciət edərək, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 98 saylı evdə 635-ci məhəllədə yerləşən “Учитель” Kooperativinin yaşayış binasına məxsus 612 nömrəli pasportun itdiyini nəzərə alaraq onun təkrar surətini çıxarılıb verilməsini xahiş etmişdir. İddiaçılar tərəfindən kollegiyaya təqdim edilmiş 612 nömrəli texniki pasportun əslindən görünür ki, ünvan 5 ünvanında yerləşən torpaq sahəsi 635 kv.m sahədə binanın inşa edilməsi üçün “Müəllim (Учитель)” MİK-ya verilmişdir. Həmin texniki pasport müvafiq qaydada dövlət qurumu tərəfindən təsdiq edilmişdir. Bundan başqa kollegiyanın sorğusuna əsasən, məhkəməyə təqdim edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-44/2017 və MXMT(81)-62/2017 saylı işlərin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, mübahisəli bina “Müəllim (Учитель)” MİK-ya məxsusdur. Həmin işlər üzrə iddialar cavabdehin atası, MİK-nın indiki sədri S.M.Ramanzanov tərəfindən qaldırılmışdır. Bundan əlavə iddiaçılar tərəfindən kollegiyaya təqdim edilmiş arayışların əsillərindən görünür ki, bütün arayışlar MİK-nin sədri S.M.Ramazanov tərəfindən imzalanmış və MİK-in möhürü ilə təsdiqlənmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən “Müəllim (Учитель)” MİK-in mövcud olmaması barədə gəldiyi nəticə düzgün deyil. Bundan başqa Bakı şəhəri, İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrindən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən, 1962-ci ildə istismara verilən 5 mərtəbəli kooperativ binasının cəmi 188,3 kv.m olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmisi) 2063 kod, ***-*******2 registr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, kollegiya tərəfindən qeyd olunan registerin verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş sorğuya, cavab olaraq sonuncu tərəfindən bildirilmişdir ki, registerin verilməsinə əsas olmuş sənədlər arxiv materiallarında aşkar edilməmişdir. Əksinə iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 98 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina “Müəllim” MİK-nin üzvlərinin vəsaiti hesabına tikilmişdir. Bu binanın özülünə aid texniki zirzəmi ümumilikdə mənzil-tikinti kooperativi fondunu təşkil etməklə ayrılmaz daşınmaz əmlakı kimi binanın ümumi balansında oturur. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 98 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina “xxxxxxxxxx” MTK-ya məxsusdur və həmin bina Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında deyil. Kollegiya qeyd edir ki, özəlləşdirmənin obyekti -özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Hazırkı iş üzrə isə mübahisə predmeti olan əmlakın isə dövlət mülkiyyətində olması iş materialları ilə öz əksini tapmır. Belə olan halda həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarıla bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Həmin məcəllənin 337.2-ci madəsinə görə «Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən «Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1- ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin qanunun 1.0.3-cü maddəsinə əsasən, özəlləşdirmənin obyekti-özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən (müəssisənin, obyektin) start qiyməti qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiymətidir. Həmin Qanunun 16-cı maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı, dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi, dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı, dövlət əmlakının hərraclar vasitəsilə satışı, dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı, icarəyə verilmiş dövlət əmlakının satışı və dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı üsulları ilə həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. Həmin qanunun 31.1.1-cü maddəsinə əsasən, bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Kollegiya qeyd edir ki, mübahisəli binanın Bakı şəhər İH MKTD Nəsimi rayon MKTB-nin balansında olmadığından, həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarıla bilməzdi. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmişdir. Belə olan halda xx xxxxxx 2017-ci il tarixli 43/01 saylı cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında X8 Auksion Mərkəzi tərəfindən tərtib edilmiş hərrac protokolu, ünvan 1 ünvanda yerləşən, sahəsi 188,3 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Ramazanov Böyükağa Səfər oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Kollegiya qeyd edir ki, xx.xx.2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, hər-hansı hüquqi nəticələr yaratmır. Belə olan halda Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianı rədd etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçıların və üçüncü şəxslərin apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5242/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Ramazanov Böyükağa Səfər oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilməli, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçıların və üçüncü şəxslərin apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5242/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Ramazanov Böyükağa Səfər oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3592/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3592/2020
10.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver