Məhkəmə qərarları › İş №2(103)-3596/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3596/2022

24.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3596/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Əziz Şahtaxtinskinin, Cavabdeh iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı1 Cavabdeh Səhrəd oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Səbail Rayon Bələdiyyəsi cəlb edilməklə) «qanunsuz tikilinin sökülməsi tələbinə dair» 2(009)- 125/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Səhrəd oğlu, maraqlarına toxunan şəxslər X4 və X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçı1 Cavabdeh Səhrəd oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Səbail Rayon Bələdiyyəsi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Socar-ın İddiaçı1 istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən Bibiyehbət Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,350-ci km-də, kəmərdən təqribən 15 metr aralı məsafədə yerləşən, ünvan 1 ünvanda Cavabdeh Səhrəd oğlu tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evi və hasar tikililərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Socar-ın İddiaçı1 istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən Bibiyehbət Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,350-ci km-də, kəmərdən təqribən 15 metr aralı məsafədə yerləşən, ünvan 1 ünvanda Cavabdeh Səhrəd oğlu tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evi və hasar tikililərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı1 rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri, bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması, torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-cı il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Socar-ın İddiaçı1 istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistal neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik neft kəmərindən 21.4 metr aralı məsafədə - ünvan 1 ünvanda yerləşən Cavabdeh Səhrəd oğlunun (və ailə üzvlərinin) yaşadığı fərdi yaşayış evinin və kəmərdən 16 metr aralı məsafədə yerləşən evin ətrafına çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi və ərazidən çıxarılması, Cavabdeh Səhrəd oğlundan 10 manat dövlət rüsumunun tutularaq iddiaçı Socar-ın İddiaçı1nə ödənilməsi, aparılmış tədqiqatın dəyəri olan 100 manatın Cavabdeh Səhrəd tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh Səhrəd oğlu, maraqlarına toxunan şəxslər X4 və X1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Cavabdeh və maraqlı şəxslər mübahisəli torpaq və evdən 2004-cü ildən etibarən maneəsiz istifadə edirlər və bu hal iddiaçıya çox gözəl məlum idi. Lakin maddi hüquq norması məhkəmə tərəfindən pozulmuşdur və iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə baxmayaraq əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Yəni, cavabdehin ailəsi ilə birgə mübahisəli obyektdən 2004-cü ildən maneəsiz istifadəsinə dair izahatı artıq ona siqnal idi ki, iddiaçı tərəfindən iddia müddəti ötürülüb və cavabdehin verdiyi izahat iddia müddətinin ötürülməsinə dair ərizə kimi qəbul edilərək iddia tələbi rədd edilməli idi. Bundan başqa, məhkəmə borclu idi ki, cavabdehə belə bir hüququnun olmasını izah etsin (ən azından məlumat verilməli idi) və ümumiyyətlə cavabdehə öz hüquq və vəzifələrini izah edən bildirişin də təqdim edilməsi məhkəmə tərəfindən təmin edilməmişdir. MPM-nin 223.1-ci maddəsinə görə məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Birinci qeyri-müəyyənlik ondan ibarətdir ki, əgər mübahisəli əmlak qanunsuz tikilidirsə, bu zaman iddiaçı həmin tikilinin cavabdehə aid olduğunu necə müəyyən edib. Həmçinin əgər bu mübahisəli fərdi yaşayış evi qanunsuz tikilidirsə, o zaman nəyə görə cavabdeh məhz Cavabdeh Səhrəd oğludur. Həmçinin bu fərdi yaşayış evinin sökülməsi digər şəxslərin qorunan marağına və qanuni mənafelərinə toxunur və məhkəmə bunu araşdırmadan və dəqiqləşdirmədən səhv nəticəyə gəlməkdən savayı, qətnamədə sadəcə «cavabdehin (və ailə üzvlərinin)» ifadəsini işlətməklə kifayətlənmişdir. Birincisi, bu, artıq heç də qanunsuz tikili deyil və elə iddiaçının özü tərəfindən Cavabdeh Səhrəd oğlunun və həmçinin maraqlı şəxslər X1 və X2 da bu əmlaka hüququ tanınıb və qəbul edilib (ən azından istifadə və icarə hüququ). Lakin həm bu kimi məqamlar və eləcə də işin bir çox faktiki halları məhkəmənin baxış predmetindən kənarda qalmışdır və nəticədə qətnamədə qeyd edilənlər işin faktiki halı ilə ümumiyyətlə uzlaşmır. Belə ki, göstərilənlərlə əlaqədar məhkəmə iş üzrə düzgün nəticəyə gəlmək üçün, ilk növbədə, mübahisə edilən əmlakın bələdiyyə və ya dövlət mülkiyyətində olan torpaqda yerləşməsini müəyyən etməli idi. Məhkəmə iş materiallarında olan sübütlarıda hərtərəfli, tam və obyektiv araşdirmadan səhv nəticəyə gəlməklə prosessual hüquq nomralarını pozmuşdur. Belə ki, iş materiallarında olan Səbail rayon Bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış 02.11.2004-cü il tarixli «Torpaq icarəsi» müqaviləsi, 2005-ci ilin fevral ayında ARDNŞ AZNEFT İB Bibiheybət Neft və Qazçıxarma İdarəsinin Mənzil Təsərrüfat Kontoru tərəfindən verilmiş 16425 saylı arayışı və həmçinin Bakı şəhər İH MKTD 149 saylı MKİS tərəfindən verilmiş 19.03.2021-ci il tarixli arayışı da təsdiq edir ki, ünvan 2 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi Cavabdeh Səhrəd oğlunun qanuni istifadəsindədir və bu da öz növbəsində dövlət orqanları tərəfindən tanınıb. İddia tələbi özü-özlüyündə MM-in müddəaları ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə cavabdehə qanuni əsaslarla məxsus olan torpaq sahəsində inşa edilmiş qanuni hasarın və tikilinin sökülməsi qənaətinə gələrkən nəzərə almamışdır ki, sözügedən sahə özbaşına tikinti sayılmır. Mübahisəli evin bütün kommunikasiya xətləri mövcuddur və cavabdeh maraqlı şəxslərlə birgə 2004-cü ildən həmin evdə yaşayır. Torpaq sahəsi və üzərində yerləşən 2 otaqlı mübahisəli ev heç də qanunsuz zəbt edilməyib və iş materiallarında olan sübutlarla təsdiq edildiyi kimi icarə hüququ ilə 2004-cü ildən birgə istifadə edilib. Mübahisəli evdən və həmçinin torpaq sahəsindən cavabdeh və onun ailə üzvləri 2004-cü ildən (18 ildən çox) maneəsiz istifadə etməkdədir. Cavabdeh və onun ailəsi şəhid ailəsi statusuna malikdir və həmçinin cavabdeh özü də X3. Müvafiq əmlak cavabdeh və onun ailəsinin yeganə yaşayış evidir. Mübahisəli ev və torpaq sahəsi qanunsuz zəbt edilmiş sayıla bilməz. Cavabdeh və onun ailə üzvlərinin müvafiq evdən və torpaq sahəsindən istifadə etməsi faktı iddiaçıya 10 ildən çox məlum olsa da, iddiaçı tərəfindən ümumi iddia müddəti ərzində müvafiq iddia tələbi ilə hüquqlarının pozulmasına dair heç bir iddia qaldırılmamışıdır (iddia müddəti ötürülüb). Bütün bunlardan başqa məhkəmə öz qətnaməsində qeyd edir ki, mübahisəli obyekt tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsidir lakin bu məntiqsiz nəticəyə hansı dəlil, sübut və əsasla gəldiyini açıqlamır, çünki bu əsassız fikrə heç bir zəruri araşdırma aparmadan gəlmişdir. Digər tərəfdən isə iddia tələbini rədd edən əsaslardan biri də odur ki, əgər cavabdeh ailəsi ilə birgə 2004-cü ildən etibarən maneəsiz və təhlükəsiz heç bir xoşagəlməz hal olmadan istifadə edibsə, demək ki, müvafiq evdə yaşamağın nəsə təhlükə və ya həyatı sağlamlıq üçün zərərli olması iddiası sadəcə cəfəngiyyatdır. Buna görə də, əgər həqiqətən də müvafiq torpaq sahəsində yerləşən əmlakın sökülməsi zərurəti yaranarsa, bu zaman həmin ərazidə olan müvafiq tikilinin bazar qiyməti dəyərində cavabdehə müvafiq kompensasiyanın ödənilməsi şərti ilə və buna dair tərəflər arasında razılaşma əldə edilərsə mümkün ola bilər. Şikayət ərizəsinə əlavə edilmiş maraqlı şəxslərin şəxsiyyət vəsiqələrinin surətindən də məlum olur ki, onlar mübahisəli əmlakın yerləşdiyi ünvanda daimi qeydiyyatdadılar (cavabdehin ailə üzvləridir) və buna görə də məhkəmənin qanunsuz qətnaməsi çıxarılarkən çəkişmə prinsipinin tələbi pozulmaqla, onların hüquq və maraqlarına toxunmaqla mənafelərini pozmuşdur. Apellyasiya baxışı zamanı Cavabdeh Səhrəd oğlu apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, SOCAR-ın Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X6, atıcı X7 və 1 saylı TND-nin sürücüsü X9 tərəfindən tərtib olunmuş 20.07.2021-ci il tarixli akta əsasən 20.07.2021-ci il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 14:00-da Səbail rayonu, Bibiheybət qəsəbəsi, G.Əliyev küçəsi ünvanda Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 0,350-ci km-də kəmərdən təqribən 15 metr aralı məsafədə yerləşən, 1-ci sırada, sənədi olmayan, hazırda yaşayış olan, köhnədən inşa edilmiş yaşayış evinin həyətyanı sahəsinə (təqribi ölçüləri) uzunluğu 13 metr, hündürlüyü 1,6 metr olan azbest dam örtüyündən hasarın çəkilməsi 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115,2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində əməkdaşları tərəfindən aşkar edilmişdir. Ev sahibi vətəndaş Cavabdeh Səhrəd oğlu evdə olmadığından telefon (əlaqə nömrəsi *** *** ** **) əlaqəsi yaradılmış, mühafizə zonası daxilində gördüyü işin qanuna zidd olduğunu izah etməyə çalışlar da o, çox aqressiv danışaraq heç nə eşitmək istəmədiyini və nə bacarırsınız gedin edin deyə bildirmişdir. Faktla bağlı DİN Səbali rayon 8-ci polis bölməsinə müraciət olunmuş və hadisə yerinə sahə müvəkkili polis mayoru Arif Ələsgərov ilə birlikdə getmişlər, çağırsalar da evdən çıxan olmamışdır. A.Ələsgərov vətəndaşla telefon əlaqəsi saxlamış o, xəstəxanada olduğunu və gec gələcəyini bildirmişdir. Sahə müvəkkili məsələni araşdırdıqdan sonra onlarla əlaqə saxlayacağını bildirmişdir. Faktla bağlı Tİ-nin növbə rəisinə və NKİ QİB-ə məlumat verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2022-ci il tarixli, 10/6873 saylı ekspertiza rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, SOCAR-ın İddiaçı1 istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistal neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik neft kəməri ilə ünvan 1 ünvanda yerləşən Cavabdeh Səhrəd oğlu tərəfindən inşa edilməsi iddia edilən fərdi yaşayış evi arasında məsafənin 21,4 metr, evin ətrafına çəkilmiş hasar arasındakı məsafənin isə 16 metr olması müəyyən edilmişdir. ünvan 1 ünvanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikililərinin neft kəmərindən müvafiq olaraq 21,4 metr və 16 metr məsafədə yerləşdiklərini nəzərə aldıqda, həmin tikililərin «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»nın 6.3-cü bəndinə əsasən DŞ-300 mm-lik magistral neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»nın tələblərinə əsasən texniki qurğuların dayanması yaxud nasazlığı, texnoloji rejim proseslərindən kənara çıxma, eləcə də istehsal obyektlərində işlərin görülməsi qaydalarının aparılmasını müəyyənləşdirən normativ-texniki sənədlərin tələblərinin pozulması nəticəsində yarana biləcək hadisələr magistral neft kəmərinin mühafizə zonasında bədbəxt hadisələrin baş verməsinə gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, SOCAR-ın İddiaçı1 istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistal neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik neft kəməri ilə ünvan 1 ünvanda yerləşən Cavabdeh Səhrəd oğlunun yaşadığı ev arasında məsafənin 21,4 metr, evin ətrafına çəkilmiş hasar arasındakı məsafənin isə 16 metr olması müəyyən edilmişdir. Göstərilən hallar, Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2022-ci il tarixli, 10/6873 saylı ekspertiza rəyi ilə də təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf iddia müddətinin təbiqi ilə bağlı birinci instansiya məhkəməsində ərizə təqdim etməmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, MPM-nin 372.2-ci maddəsinə istinadla və yaxud MPM-nin 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiya məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Göründüyü kimi, iddia müddətinin tətəbiqi barədə ərizə birinci instansiya məhkəməsinə təqdim olunmalıdır. Hansı ki, həmin ərizə cavabdeh tərəfindən təqdim oılunmamışdır. Buna görə də kollegiya hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı dəlili əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10.02.2022-ci il tarixli, 2(009)-125/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar