Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3599/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-319/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və 14 saylı Notariat Ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Qara Qaravev prospekti, ev 58də yerləşən 53 saylı mənzilə dair “Zaminbank" ASC-nin Gənclik filialının müdiri X2, Cavabdeh1 və X3 arasında 14 saylı Notariat Ofisində bağlanmış 10.08.2011-ci il tarixli, 40/161 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Gənclik filialının müdiri X2, Cavabdeh1 və X3 arasında bağlanmış və 14 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinə görə iddiaçının X5 ilə birgə nikahda olduğu dövrdə əldə olunmuş, hazırda pasport qeydiyyatında olmaqla yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 58-də yerləşən 53 saylı mənzil iddiaçının məlumatı olmadan Cavabdeh1 satılmışdır. Qeyd olunan mənzil “Zaminbank" ASC-nin Gənclik filialında ipoteka ilə yüklü edilərək həmin mənzilin alınmasına Cavabdeh1 illik 8% olmaqla 300 ay müddətinə 50000 manat məbləğində ipoteka krediti ayrılmışdır. Əmlakın iddiaçı ilə cavabdeh X5 ilə birgə nikah dövründə əldə olunmasına və iddiaçının öz ailə üzvləri ilə birlikdə həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşamağına baxmayaraq, əmlak satılan zaman iddiaçının məlumatı olmamış, əmlak satılan vaxt iddiaçının razılığı alınmamışdır. Əmlakın satılması və ipoteka ilə yüklü edilməsi ilə bağlı məlumatı yalnız icra məmuru tərəfindən evə göndərilən icraata başlamaq haqqında qərarı aldıqdan sonra almışdır. Müqavilə bağlanan zaman mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-319/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 58-də yerləşən 53 saylı mənzil onların X3 ilə birgə nikahda olduğu dövrdə onların ümumi gəlirləri hesabına alındığı üçün həmin əmlakı ümumi birgə mülkiyyətlərində olan əmlak olması işin mübahisəsiz halıdır. Məhkəmə qəbul etdiyi qətnamənin hüquqi əsası kimi MM-nin 359.1-ci maddəsində nəzərdə tutulmuş normaya istinad etmiş, qətnaməni onunla əsaslandırmışdır ki, guya o, X1 onun bütün əmlakını idarə etməyə və üzərində sərəncam verməyə və s. dair 08.06.2021-ci il tarixdə 08.06.2031-ci il tarixədək qüvvədə olan etibarnamə vermiş, həmin etibarnamə əsasında Ramin Hüseynov tərəfindən imzalanmış və notariat kontoruna ünvanlanmış ərizədən də görünmüşdür ki, guya o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında yerləşən 58 saylı evin 53 nömrəli mənzilinin satılmasına və ipoteka qoyulmasına etiraz etməyib. Əvvala, X1 hər hansı etibarnamə verməyib. Məhkəmə qətnaməsində göstərilən etibarnamə mövcud olsa belə, həmin etibarnamə Bakı şəhəri, Nizami rayonu, Qara Qaravev prospekti, ev 58-də yerləşən 53 saylı mənzilə dair "xxxx" ASC-nin Gənclik filialının müdiri X2, Cavabdeh1 və X3 arasında 14 saylı Notariat Ofisində 10.08.2011-ci il tarixdə müqavilə bağlanan zaman qüvvədə olmamışdır. X1 heç bir etibarnamə verməyib. Etibarnamədəki imza onun imzası deyildir. Lakin buna baxmyaraq m ə h k ə m ə bu halı araşdırmamış, etibarnamədəki imzanın ona məxsus olub-olmaması üçün lazımı prosessual hərəkətlər etməmiş, iş üzrə müvafiq ekspertizalar təyin olunmamışdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmirlər. Cavabdeh 14 saylı Notariat Ofisi tərəfindən məhkəməyə ünvanlanmış məktubda hazırki məhkəmə iclasında nümayəndəsinin iştirak edə bilmədiyini bildirmiş və nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. İş üzrə İddiaçı və digər cavabdehlər Cavabdeh1, "xxxx" ASC isə məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.6, 324.1, 337.1, 337.4-cü maddələrinə; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 88, 217.4, 218.3-cü maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı tələbini mübahisələndirilən alqı-satqı və ipoteka müqaviləsi bağlanarkən onun razılığının almadığı ilə əsaslandırır. Halbuki, iş materialları ilə həmin halın əksi, yəni alqı-satqı və ipoteka müqaviləsi bağlanan zaman onun razılığı olduğu təsdiq edilmişdir. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Əqdin etibarsız hesab edilməsi həmin əqdin şərtlərinin pozulmuş olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış alğı-satqı və ipoteka müqaviləsinin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmiş və iddiaçının tələbini əsaslandığı hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. şin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Tətbiq edilməsi nəzərdə tutula bilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların Mülki Məcəllənin 337-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır, həmçinin cavabdeh bankın etiraz və müdafiə hüquqlarına görə də aradan qalxır. Əvvəla, iddiaçı mübahisə predmeti olan mənzilin satılmasından və ipoteka qoyulmasından xəbəri olmadığını, X1 etibarnamə vermədiyini, etibarnamədəki imzanın ona məxsus olmadığını, eləcə də etibarnamə mövcud olsa da 10.08.2011-ci il tarixdə, yəni müqavilə bağlanan zaman qüvvədə olmadığını bildirsə də, onun bu dəlilləri inandırıcı və ağlabatan hesab edilə bilməz. İddiaçının bu dəlilləri həm də ziddiyyətlidir. Çünki, bir tərəfdən etibarnamə vermədiyini və imzanın ona məxsus olmadığını göstərir, digər tərəfdən isə etibarnamə mövcud olsa da müqavilənin bağlandığı zaman qüvvədə olmadığını bildirir. Yəni, etibarnamənin verilməməsi və imzanın iddiaçıya məxsus olmaması bir haldır, etibarnamə mövcud olsa və imzanın ona məxsus olduğu halda əqd bağlanan zaman qüvvədə olmaması isə başqa bir haldır. Bunlar fərqli əsasla hüquqi nəticə yarada bilən hallardır. Ancaq, ziddiyyətli olsa da şikayətində göstərdiyi bu hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bəyan etdiyi bu halları sübut etmək yükü isə iddiaçının üzərinə düşürdü. Əksinə, işdə olan notariat işində olan sənədlərdən görünür ki, iddiaçı 08 iyun 2011-ci il tarixdən(qətnamədə bu tarix yanlış olaraq 08.06.2021-kimi qeyd olunmuşdur)08 iyun 2031ci il tarixədək qüvvədə olan etibarnamə ilə əri Ramil Hüseynova harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi və.s. hərəkətləri etməyi etibar etmişdir. Ramil Hüseynov da iddiaçının adından bu etibarnamə əsasında mübahisəli mənzilin satılmasına və ipoteka qoyulmasına etiraz etmədiyinə dair notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Əgər, bu etibarnamə müqavilə bağlanan zaman qüvvədə olmamışdırsa, demək bu halın həqiqiliyini iddiaçı sübut etməlidir, ancaq edə bilmir. Ona görə də iddiaçının şikayətində göstərdiyi digər dəlillər də onun şikayətinin və iddiasının əsaslılığına dəlalət etmir. Çünki, bu dəlillər də iddiaçının şəxsi mülahizələrinə əsaslanan fikirləri olmuşdur. Bununla yanaşı, işdən görünür ki, mübahisə predmeti olan mənzilə artıq məhkəmə qətnaməsinə əsasən kredit borcunun ödənilməməsinə görə tutma yönəldilmişdir. İstisna olunmur ki, hazırki iddianın ortaya çıxması da məhz bu “zərurətdən” yaranmışdır. Ancaq bu cür hallar açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə etməklə başqalarına zərər vurmaq məqsədi daşıdığından əlbətdə ki, yolverilməzdir. Əgər belə olmasaydı, ən azından iddiaçı və cavabdehlər Cavabdeh1 və Ramil Hüseynov məhkəmə iclaslarında iştirak edə və iddia ilə bağlı mövqelərini bildirə bilərdilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-319/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-319/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3599/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3599/2022
11.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver