Məhkəmə qərarları › İş №2(103)-36/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-36/2023

17.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-36/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş tikilinin sökülərək mühafizə rejiminin təmin edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(011)-2513/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş tikilinin sökülərək mühafizə rejiminin təmin edilməsi» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsindən keçən İddiaçı ASC-yə məxsus diametri 1200 mm olan 8-ci kilometr kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi və kollektorun mühafizə zonalarının boşaldılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin əhalisi, dövlət, özəl və ictimai obyektlər tərəfindən axıdılan tullantı sularının kanalizasiya qurğuları vasitəsi ilə qəbul edilib müvafiq məntəqələrə ötürülərək zərərsizləşdirilməsi gündəlik həyat üçün çox vacib vəzifələrdəndir. Çirkab suların fasiləsiz və normal qaydada qəbul edilməsi üçün şəhərə xidmət göstərən kanalizasiya sistemlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara mütəmadi texniki xidmətin göstərilməsi olauqca vacib məsələlərdəndir. Belə ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsindən keçən “Azərsu'' Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 1200 mm olan 8ci kilometr kanalizasiya kollektorunun mühafizə zonasında özbaşına tikili inşa etdirmiş, tikilinin inşası nəticəsində cavabdeh tərəfindən qüvvədə olan "Su təchizatı və tullantı suları haqqında” Qanunun, "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanunun və "Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnıfatı”-nın, "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydalarının və "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Nəticədə yuxarıda adı çəkilən özbaşına tikili nəticəsində 8-ci kilometr kanalizasiya kollektorunun böyük hissəsinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrin baş verməsi, çirkab suyun əraziyə axmasıyla gigiyenik təhlükənin yaranma ehtimalını artırır, başvermiş qəzaların vaxtında və operativ şəkildə qarşısının alınmasında ciddi maneələr yaradır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(011)- 2513/2020 saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı X7 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, həmin ünvanda yerləşən yaşayış sahəsini X3 2007-ci ildə razılaşdırılmış pul məbləği əsasında alması, tikiliyə dair Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 19 iyun 1998-ci il tarixli sərəncamının və digər hüquqmüəyyənedici sənədlərin olması, adına etibarnamə verilməsi, tikintinin qanunsuz və özbaşına olmaması, evi alan zamanı ona evin hər hansı bir kommunikasiya xətləri ilə bağlı problemli olmasının bildirilməməsi, iddianın əsassız olması, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmaması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun, eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, mübahisə predmeti olan tikili əvvəllər X6 məxsus olmuş, səlahiyyətli inzibati orqanlar tikintinin inşasına icazə vermiş, sonradan isə tikilini istismara qəbul etmişlər. O, həmin sənədlərə güvənərək yaşayış sahəsini X3 əldə etməklə, uzun zamandır ki, orada yaşayır. Eyni zamanda qonşuluğunda çoxlu sayda fərdi yaşayış evləri, qeyri-yaşayış sahələri vardır. İddiaçı evə dair hüquqmüəyyənedici sənədləri Bakı İnzibati Məhkəməsində mübahisələndirsə də, iddia mümkün sayılmamış, beləliklə həmin sənədlər öz qüvvəsini saxlamışlar. Belə olan halda isə tikinin onun hesabına sökülməsi barədə hazırki iddia tam əsassızdır. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Halbuki, o həmin sənədləri birinci instansiya məhkəməsinə də təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş və məhkəmə kollegiyasıdan şikayətin təmin edilməməsi xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X7 izahatında bildirmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ona Xətai rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə verilmiş, həmçinin orada tikintiyə icazə verilmişdir. O, tikilini inşa etdikdən sonra oranı hazırki iş üzrə Cavabdeh vermişdir. Torpaq sahəsi ümumilikdə 0,06 ha olmuş, onun 0,03 ha hissəsini evlə birlikdə cavabdehə satmışdır. İstər torpaq sahəsi ayrılan zamanı, istərsə də orada tikilini inşa edərkən ona hər hansı orqan tərəfindən kanalizasiya kollektorunun mühafizə zonası ilə bağlı xəbərdarlıq olunmamışdır. Hesab edir ki, iddia tam əsassızdır və rədd olunmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia aşağıdakı əsaslarla rədd olunmalıdır. Belə ki, işdə olan 15 iyul 2019-cu il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı ASC-yə məxsus diametri 1200 mm olan 8-ci kilometr kollektorunun mühafizə zonasında tikili (yaşayış evi) inşa edilmişdir. Həmin tikili Cavabdeh məxsusdur. İşdə olan İddiaçı ASC-nin “Bakı Sukanal” İdarəsinin rəisi Habil Quliyev tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubuna əsasən bildirilmişdir ki, özbaşına inşa etdiyi tikilinin sökülməsi və sözügedən kanalizasiya kollektorunun mühafizə zonasının boşaldılmasını təmin etsin, əks təqdirdə İcra Hakimiyyəti orqanları və ya məhkəmə vasitəsi ilə özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi həyata keçiriləcək və bununla bağlı çəkilmiş bütün xərclər əlavə olaraq ondan tələb olunacaqdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin “a” bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan 5 metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 6.1.2-ci bəndinə əsasən, hidrotexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatından asılı olaraq onların ətrafında mühafizə zonalarının ölçüləri kanallar, kollektorlar, magistral sunəqledici kəmərlər və tunellər boyu onların suburaxma qabiliyyətindən asılı olaraq aşağıdakı kimi qəbul edilir: 1) 10 kub. m/san qədər olduqda - 10 m; 2) 10-30 kub. m/san olduqda - 25 m; 3) 30-50 kub. m/san olduqda - 60 m; 4) 50 kub. m/san-dən artıq olduqda - 100 m. məsafədə. Hazırda iddiaçı qeyd olunanlara əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsindən keçən İddiaçı ASC-yə məxsus diametri 1200 mm olan 8-ci kilometr kanalizasiya xəttinin mühafizə zonasında özbaşına tikili inşa edildiyini bildirərək, həmin tikilinin əvəzi ödənilmədən sökülməsini və mühafizə zolağının boşaldılmasını tələb edir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikintitexniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/1040 saylı ekspert rəyindən görünür ki, mülki iş materialında İddiaçı ASC-yə məxsus diametri 1200 mm olan kanalizasiya kollektorunun üzərində inşa edilmiş tikintiyə dair hüquqmüəyyənedici və texniki sənəd olmadığına görə inşa edilmiş tikilinin tikinti norma və qaydalarına uyğun inşa edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır. Xətai rayonu, Şahin Səmədov küçəsi, döngə 1, ev 14 ünvanında yerləşən İddiaçı ASC-yə məxsus yeraltı kanalizasiya kollektorunun üzərində Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və 2 mərtəbəli fərdi yaşayış evinin 28 oktyabr 1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinin a) bəndində göstərilən 5.0m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir. Birinci instansiya məhkəməsi qeyd edilən sübutlara əsaslanaraq iddianı təmin etmiş, mövqeyni onunla əsaslandırmışdır ki, qanunvericilikdə qanunsuz tikili məhfumu mövcud olmadığından müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların – yəni özbaşına tikintinin məhkəmənin qərarı əsasında sökülməsi nəzərdə tutulmuşdur. İddia tələbində mübahisə edilən ünvan 3 ünvanında inşa edilmiş fərdi yaşayış evinin Cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərinə uyğun inşa edilmədiyi, bununla da, iddiaçının hüquqlarının pozulması məhkəmə baxışı zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdə olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 19 iyun 1998-ci il tarixli sərəncamının və sxemin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X6 Bakı şəhəri, Xətai rayonu, əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində 0,06 ha torpaq sahəsi ayrılmaqla, orada fərdi yaşayış evinin inşasına icazə verilmişdir. İşdə olan Bakı şəhər İH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən X6 ünvanlanmış 08 avqust 2006-cı il tarixli məktubun surətindən görünür ki, Xətai rayonu, əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində X7 tərəfindən tikilmiş fərdi yaşayış evinə - Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 1-ci döngə, ev 14 ünvanı verilmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 10 sentyabr 2006-cı il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 19 iyun 1998-ci il tarixli, 219 saylı sərəncamı ilə X6 fərdi ev tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 08 avqust 2006-cı il tarixli məktubu ilə fərdi yaşayış evinə - Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 1-ci döngə, ev 14 ünvanı verilmişdir. X4 müraciəti nəzərə alınmaqla, həmin ünvanda sonuncuya məxsus ümumi torpaq sahəsi 0,06 ha olan yaşayış sahəsi 200,5 m2, köməkçi sahəsi 180,4 m2 olan fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi göstərmişdir ki, hazırda mübahisəli tikilinin üzərində yerləşdiyi torpaq sahəsinin üçüncü şəxs X6 verilməsinə dair izibati orqanlar tərəfindən verilmiş inzibati aktların (Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 19 iyun 1998-ci il tarixli sərəncamı və s.) mübahisələndirilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bu səbəbdən də hazırki iş üzrə icraatın inzibati işə baxılanədək dayandırılmasını xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli 2(103)-1488/2021 saylı qərardadı iş üzrə icraat dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-745/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «sərəncamların ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2023-cü il tarixli, 2-1(103)-1056/2023 nömrəli qərardadı ilə təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 959/2023 saylı, 25 may 2023-cü il tarixli qərarına əsasən isə İddiaçı ASC-nin cavabdeh Bakı şəhəi Xətai Rayon İcra Hakimiyyətinə qarşı «sərəncamların ləğv edilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2023-cü il tarixli, 2-1(103)-1056/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)- 1056/2023 nömrəli 13 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvədə olan qeyd edilən məhkəmə qərarından görünür ki, İddiaçı ASC Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamını və xx.xx.2006-cı il tarixli 283 saylı sərəncamını mübahisələndirməkdə qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. Həmçinin mövcud qanunvericiliklə yanaşı mübahisələndirilən sərəncamların qəbul olunduğu dövrdə qüvvədə olan MPM-nin 298-ci maddəsində də qeyd olunur ki, “Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir”. iddiaçının iddia etdiyinə görə mübahisəli kanalizasiya kollektoru 1970-ci ildən istismara verilmiş, mübahisəli fərdi yaşayış evi isə ən tezi 1998-ci ildə tikilmişdir. Apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırmadan görünür ki, iddiaçı 1995-ci ildən müvafiq su kəmərlərinə, o cümlədən hazırda mübahisəli əmlakın üzərində yerləşdiyi güman olunan diametri 1200 mm olan kanalizasiya kollektoruna xidməti, nəzarət işlərini həyata keçirir. Belə olduğu halda 20 ildən artıq müddət ərzində iddiaçı tərəfindən həmin tikilinin müəyyən edilməməsinin və ya həmin tikilinin mövcud olmasına əsas verən sərəncamların iddiaçıya məlum olmamasının inandırıcı və ağlabatan hesab olunmaması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Bu mövqeyə uyğun olaraq kollegiya hesab edir ki, iddiaçı müvafiq sərəncamların ləğvi ilə bağlı iddia qaldırmazdan uzun müddət əvvəl həmin sərəncamlar barəsində məlumatlı olmuşdur (olmalı idi), bu hal iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. 39. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən, mübahisəli daşınmaz əmlaka dair inzibati orqanların əvvəllər verdiyi inzibati aktların qanuniliyi inkar olunmamışdır. Bu səbəbdən də iddiaçı mübahisəli tikilinin özbaşına, qanunsuz tikili kimi əvəzi ödənilmədən sökülməsini tələb etməkdə haqlı deyildir. Həmçinin qeyd edilməlidir ki, mübahisəli tikili hazırkı məqamda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olmasa belə, həmin daşınmaz əmlaka dair inzibati orqanların verdiyi inzibati aktlar qüvvədədir, eləcə də müvafiq məhkəmə qərarı mövcüddur. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir: - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb» «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Mülki Məcəllənin (bundan sonra, MM) mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. MM-in 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən yaşayış sahəsi iddiaçıya məxsus kanalizasiya kollektorunun mühafizə zonasına düşdüyü təqdirdə belə, həmin torpaq sahəsi və orada inşa olunmuş tikili (fərdi yaşayış evi) səlahiyyətili inzibati orqanın qərarı ilə ayrıldığından və tikildiyindən onun əvəzi ödənilmədən, özbaşına tikili adı ilə cavabdehin hesabına sökülməsi və mühafizə zonasının boşaldılması barədə tələbin qanuni və faktiki əsası mövcud deyildir. Bununla yanaşı, iddia tələbi cavabdeh kimi Cavabdeh qarşı irəli sürülsə də, mübahisə predmeti olan daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədlər üçüncü şəxsin adına verilmişdir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, mübahisəli daşınmaz əmlakın statusunu dəqiq müəyyən etməmiş, buna uyğun maddi hüquq normalarını tətbiq etməmiş, eyni zamanda prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Beləliklə, Kollegiya, qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın yuxarıda sadalanan əsaslarla rədd olunması barədə yeni qətnamə qəbul olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsində icraat zamanı 50 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş tikilinin sökülərək mühafizə rejiminin təmin edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(011)-2513/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(011)- 2513/2020 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Məhkəmə xərci İddiaçı ASC-yə aid edilsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar