Məhkəmə qərarları › İş №2(103)-360/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-360/2023

13.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-360/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1296/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı cavabdeh təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi barədə aktlar tərtib etmişlər. İddiaçıya ümumilikdə aktlar əsasında 9453,46 manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvana (abonent kodu: **********01740) Cavabdeh tərəfindən əsassız hesablanmış 9453,46 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən təbii X2nın pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacına müxtəlif vaxtlarda aktlar tərtib edilməklə əsassız olaraq böyük miqdarda borc hesablanmışdır. Hansı ki, yay aylarında 180,0 manat borc yazılıb. Fərdi evdə yay vaxtı bu qədər qaz istifadəsi qeyri mümkündür. Möhtərəm hakim qeyd edir ki, sözügedən aktlardan heç bir xəbəri olmamışdır və aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqda sonradan ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itgisi kimi qiymətləndirilmişdir. Sözügedən aktlar əsasında ona ümumilikdə 9453,46 manat məbləğində qaz borcu hesablanmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Bildirir ki, cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Odur ki, həmin borcun silinməsi barəsində qətnamə qəbul edilməsini xahiş edir.

4. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1296/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim E.Məmmədli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********01740) hesablanmış 6701,1 manat məbləğində borcun silinməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, Cavabdehndən 87,0 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Həmçinin, tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

6. Məhkəmə qeyd edilənləri və iddiaçı tərəfindən yuxarıda göstərilən və onun tərəfindən 2020-ci ilin aprel ayında bir dəfə sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etməsini, onun sayağaca qanunsuz qoşulma kimi iddiaçının qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə verdiyi izahatında 2020-ci ilin aprel ayında bir dəfə sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etməsini bildirdiyindən, məhkəmə 2020-ci ilin aprel ayında akt əsasında hesablanmış 157,40 manat borcun silinməsi hissəsində iddiaçının tələbini əsaslı hesab etmir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya aktlar əsasında sayğacdan kənar qaz xəttinə görə 2013-2020-ci illərdə cəmi aktlar əsasında 6858,5 manat məbləğində borc hesablanmışdır. Odur ki, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvana aid qaz sayğacından kənar qaz xəttindən istifadəyə görə aktlar üzrə hesablanmış 6701,1 (6858,5 – 157,40) manat borc silinməlidir.

7. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, təbii qazdan istifadəyə görə iddiaçıya hesablanmış 9403,46 manat borcun 2544,95 manatı (ödənişlər nəzərə alınmaqla) təbii qaza görə sayğac göstəricisinə əsasən hesablanmış borcdur. Məhkəmə iddia tələbinin həmin hissəsinə qiymət verərək hesab etmişdir ki, 2544,95 manat borc abonentin istifadə etdiyi təbii qaza görə sayğac göstəricisinə əsasən hesablandığından iddia tələbi həmin hissədə də təmin edilə bilməz.

8. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 21-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 11.6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4, 6.5, 6.6, 6.7 maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1296/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmiş, prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə böyük miqdarda ziyan vurmuşdur. 1-ci instansiya məhkəməsi mühüm əhəmiyyət kəsb edən GASREP məlumatlarını, yəni Smart kart tipli sayğaclar üzrə ödəniş məlumatlarını özündə əks etdirən məlumatları aydınlaşdırmamışdır. Belə ki, abonent xx.xx.2020-ci il tarixinə qədər, yəni sayğac yenisi ilə əvəzlənənə qədər SMART (kart) tipli sayğacdan istifadə etmişdir. Digər tərəfdən həmin məlumatlara nəzər yetirilsə idi İddiaçının ödənişlərindən tutulmaların getdiyini müəyyən etmək olardı. İddiaçının abonent kodu verilmiş ünvanda həqiqətəndə yaşayıb yaşamaması faktını, yəni nə iş materiallarında, nə də ki, izahatında buna dair sübutlar təqdim etməmişdir. Bunu, yəni yaşayış olub-olmamasını təsdiq edən sənədlərdən biri də işıq saldosudur. Qeyd olunanlar mühüm əhəmiyyət kəsb edən haldır və məhkəmənin nə dərəcədə səhv nəticəyə gəlməsini bir daha təsdiq edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

13. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

14. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

19. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun

25. 6.2-ci maddəsi üzrə bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır.

26. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

27. 22-ci maddəsinə əsasən Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın:

28. 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

29. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.

30. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.

31. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.

32. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

33. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

34. 6.5-6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

35. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

36. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

42. 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

44. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosundan müəyyən edilir ki, iddiaçıya məxsus ünvana qaz sayğacı xx.xx.2020-ci ildə quraşdırılmışdır və həmin ünvanda iddiaçının istifadəsində 1 ədəd PQ-4 tipli qaz cihazı, 1 ədəd samovar, 1 ədəd qızdırıcı radiator peçi və 1 ədəd dəmir peçi mövcud olmuşdur.

45. Eyni zamanda abonent saldosundan o da məlum olur ki, iddiaçıya məxsus ünvanda əvvəllər də sayğac mövcud olmuşdur və 2010-cu ildən başlayaraq iddiaçı sayğac üzrə qazdan istifadə etmişdir.

46. İddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə əlaqədar onun barəsində cavabdeh təşkilat tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 29 akt, sayğaca müdaxilə edilməsi ilə əlaqədar isə xx.xx.2019-cu il tarixdə 1 akt tərtib edilmişdir. Qeyd edilən aktlar əsasında iddiaçıya hesablanmış borcun məbləği ümumilikdə 9453,46 manat təşkil etmişdir.

47. Kollegiya qeyd edir ki, hazırkı iddianın əsaslılığını müəyyən etmək üçün ilk növbədə onun tərəfindən qaz xəttinə qanunsuz qoşulmanın olub-olmadığı araşdırılmalıdır.

48. Bu məqsədlə kollegiya tərəfindən təyin edilmiş məhkəmə trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə mübahisəli ünvanda sayğacının və qaz boru xəttinin üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik zədə aşkar edilməmişdir.

49. İş materiallarına fotoşəkillər əlavə edilmişdir. Həmin fotoşəkillərdə qaz sayğacından kənar abonentə məxsus evin hasarından keçməklə həyətyanı sahəyə daxil olın qaz borusu əks olunmuşdur.

50. İddiaçı bu fotoşəkillərdə ona məxsus qaz sayğacının və xətlərin olduğunu mübahisələndirməmişdir .

51. Həmçinin, iş materiallarında olan abonent saldosundan müəyyən edilir ki, iddiaçı aktların tərtib edildiyi müddət ərzində qazdan istifadəyə görə əvvəlki dövrlərə nisbətən cüzi ödənişlər aparmış və yaxud ümumiyyətlə ödənişlər etməmişdir.

52. Belə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçının 2016-cı ildən başlayaraq qazdan istifadəyə görə etdiyi ödənişlərin məbləği əhəmiyyətli dərəcədə azalmışdır. Belə ki, iddiaçı 2015-ci ildə ümumilikdə 87 manat ödəniş etdiyi halda, 2016-cı ildə 14 manat, 2017-ci ildə 37 manat, 2018-ci ildə 6 manat ödənişlər etmiş, 2019 və 2020ci illərdə isə ödənişləri olmamışdır.

53. İddiaçı həmçinin qeyd edilən ünvanda daimi yaşayışın olmasını, həmin ünvanda onun mərhum qardaşının ailə üzvlərinin yaşadığını və onların qazdan mütəmadi istifadə etmələrini inkar etməmişdir.

54. Bu isə o anlama gəlir ki, həmin yaşayış sahəsində məişət qaz qurğularında istifadə etmək üçün müəyyən həddə qaza ehtiyac olmuşdur. Aktların tərtib edildiyi müddət üzrə sayğac üzrə az miqdarda ödənişlərin aparılması da deyilənləri təsdiq edir.

55. Bundan başqa, iddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında ayrı-ayrı vaxtlarda qaz xəttinə qanunsuz qoşulduqlarını qismən etiraf etmiş, bunu həmin ünvanda faktiki yaşayan mərhum qardaşının ailəsinin maddi vəziyyətinin ağır olması ilə izah etmişdir.

56. Məhkəmə kollegiyası qeyd edilən sübutları əlaqəli şəkildə qiymətləndirərək bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən qaz xəttinə qoşulma halı mövcud olmuşdur.

57. Kollegiya qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən aktların tərtib edilməsi zamanı abonentin iştirakının təmin edilməməsi və aktın bir nüsxəsinin abonentə təqdim edilməməsi özü-özlüyündə qanunsuz qoşulma halının olmaması anlamına gəlmir. Kollegiyanın qənaətinə görə, həmin aktlar sübut növlərindən biri kimi yalnız iş üzrə toplanmış digər sübutlarla birlikdə araşdırılmaqla onlara qiymət verilməlidir.

58. Kollegiya ilk növbədə xx.xx.2019-cu il tarixdə sayğaca müdaxilə edilməsi ilə əlaqədar tərtib edilmiş akt üzrə hesablanmış borcun silinməsinə dair biricni instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin aktda iddiaçının ünvanına quraşdırılmış sayğacın çıxış plastmas borusunun deşilməsinə görə 4266 m3 qaz itkisinə görə 426.60 manat ziyan məbləği hesablanmışdır.

59. X2nın tələblərinə əsasən yaşayış yerindən kənarda quraşdırılmış sayğacın işlək vəziyyətdə saxlanmasına görə məsuliyyəti qaz paylayıcısı daşıyır, istehlakçının məsuliyyəti isə yalnız sayğacın zədələnməsi onun təqsiri üzündən baş verdiyi halda yaranır.

60. Hazırkı işin hallarından iddiaçıya məxsus ünvanda quraşdırılan qaz sayğacının onun təqsirli hərəkətləri nəticəsində yararsız hala düşməsi müəyyən edilmədiyindən, kollegiya bu əsasla iddiaçıdan dəymiş maddi ziyanın tələb edilməsini əsassız hesab edir.

61. Kollegiya həmçinin hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli aktlar iddiaçıya məxsus ünvana baxış keçirilmədən tərtib edildiyindən, onlar həmin aktlarda qeyd olunmuş dövrdə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.

62. Belə ki, həmin aktların məzmunundan da göründüyü kimi, onlar mübahisəli ünvana baxış keçirilmədən, hansısa xidməti yazıya istinad edilməklə tərtib edilmişdir. Amma bu xidməti yazının nədən ibarət olması, orada abonentə aid hansı qanunazidd hərəkətin edilməsinin fiksə olunması müəyyən deyildir.

63. Qanunsuz qoşulmaya dair xx.xx.2018-ci il tarixli aktla bağlı isə kollegiya qeyd edir ki, həmin aktdan və onun tərtib edilməsi zamanı çəkilmiş fotoşəkildən göründüyü kimi, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğac sökülərək aparılmış, bu səbəbdən evə gedən qaz xətti qaz təchizatı xəttinə rezin boru vasitəsilə birləşdirilmişdir.

64. Qeyd edilən qoşulma ilə bağlı akt tərtib edilməklə, qaz işlədicilərinə daxil olan borunun en kəsiyindən keçən qazın maksimal saatlıq sərfi nəzərə alınmaqla və hesabat müddəti yay ayları üçün 97 gün, qış ayları üçün isə 83 gün qəbul edilməklə iddiaçıya ümumilikdə 180 gün üçün 4705 m3 qaz itkisi hesablanmışdır.

65. İddiaçı həmin vaxt sayğacın Azəriqaz QSC-nin əməkdaşları tərəfindən sökülüb aparıldığını, lakin onun yerində sayğac quraşdırılmadığını, bu barədə dəfələrlə müraciət etməsinə baxmayaraq, sayğac quraşdırılmadığını bildirmişdir.

66. Cavabdeh təşkilat hansı səbəbdən göstərilən müddət ərzində iddiaçıya məxsus ünvanda sayğacın quraşdırılmadığını ağlabatan əsaslarla izah etməmişdir.

67. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.1-ci bəndində istehlakçıya təbii qazın verilməsinin dayandırılmasının konkret əsasları müəyyən edilmişdir. Həmin qaydalarda istehlakçının təqsiri olmadan qaz sayğacından istifadənin mümkün olmaması qazın verilməsinin dayandırılmasının əsası kimi nəzərdə tutulmamışdır.

68. Bu mənada kollegiya hesab edir ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının hər hansı səbəbdən sökülməsi ona qazın verilməsinin dayandırılması üçün əsas ola bilməzdi.

69. “X2”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

70. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır

71. Göstərilən sahəvi normaların təhlili onu deməyə əsas verir ki, yaranmış vəziyyətdə iddiaçıya qazın verilməsi bərpa edilməklə, sayğac quraşdırılana qədər olan müddət ərzində qazın dəyəri sayğac oğurlandığı gündən əvvəlki dövrün orta gündəlik sərfinə uyğun aparılmalı idi.

72. Lakin cavabdeh təşkilat bunu etməmiş, iddiaçıya qanunsuz istifadəyə görə akt tərtib etməklə kifayətlənmişdir.

73. Göstərilənlər onu deməyə əsas verir ki, yuxarıda qeyd edilən aktlar əsasında iddiaçıya zərər məbləğinin hesablanması əsassız olmuşdur.

74. Beləliklə kollegiya hesab edir ki, iddiaçının qazdan qanunsuz istifadə etməsi zamanı dəymiş ziyanın məbləği iş materialarına əlavə edilmiş xx.xx.2016, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli digər aktlar əsasında müəyyən edilməlidir.

75. Lakin həmin aktlar üzrə aparılmış hesabatların təhlili onu deməyə əsas verir ki, cavabdeh təşkilat tərəfindən dəymiş ziyanın hesablanması zamanı bir sıra pozuntulara yol verilmişdir.

76. Belə ki, sadalanan aktların bəzilərində iddiaçının istifadəsində olmayan qaz cihazlarına görə hesabat aparılmış, bir sıra hallarda isə hesabat aparılarkən qaz cihazlarının maksimal sərfiyyatı düzgün nəzərə alınmamışdır.

77. Buna misal olaraq kollegiya qeyd edir ki, tərtib edilmiş aktların bəzilərində qaz cihazlarının orta günlük iş rejimi 4-6 saat və ya 6-18 saat (qış və yay mövsümünə görə fərqlənir) kimi göstərildiyi halda, digər aktlarda həmin qaz cihazları üçün ilin eyni fəslində hesabat orta günlük iş rejimi 24 saat üzrə (mövsümə görə fərq qoyulmadan) aparılmışdır.

78. Bu isə son nəticədə abonentin qazdan qanunsuz istifadə etməsinə görə məbləğin düzgün müəyyən edilməməsinə gətirib çıxarmışdır.

79. Nəzərə alınmalıdır ki, qüvvədə olan normativ sənədlərə (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli 11 saylı “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarı) əsasən itirilmiş qazın hesabatı istifadədə olan qaz cihazlarının maksimal sərfiyyat imkanları nəzərə alınmaqla, yay və qış aylarında fərqli saatlar (yay ayları üçün 4-6 saat, qış ayları üçün isə 6-18 saat) üzrə aparılır.

80. Bundan başqa, iddiaçıya məxsus abonent saldosunda qeyd olunmuş onun istifadəsində olan qaz cihazlarından başqa, mövcudluğu sübuta yetirilməmiş QSSQ və Radiator kimi qaz cihazlarına görə hesabat aparılmışdır.

81. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçının borcunun düzgün müəyyən edilməsi üçün yuxarıdakı nöqsanlar nəzərə alınmaqla, yəni iddiaçının istifadəsində olmayan qaz cihazları üzrə aparılmış hesabatlar çıxılmaqla və gündəlik orta sərfiyyatın ilkin aktlarda göstərilən həddinə uyğun olaraq (yay və qış mövsümləri üzrə istehlak edilən qazın fərqi nəzərə alınmaqla) hər bir akt üzrə ayrıca hesabat aparılmalıdır.

82. Bu qaydada hesabat aparılarkən müəyyən edilir ki, xx.xx.2016-cı il tarixli akt üzrə qaz itkisi 492 m3 (1,2x4x65=312, 1,2x6x25=180), xx.xx.2017-ci il tarixli akt üzrə 2398 m3 (1,2x6x74=533, 1,4x18x74=1865), xx.xx.2018-ci il tarixli akt üzrə 486 m3 (1,2x6x15=108, 1,4x18x15=378), xx.xx.2018-ci il tarixli akt üzrə 1328 m3 (1,2x6x41=295, 1,4x18x41=1033), xx.xx.2018-ci il tarixli akt üzrə 158 m3 (1,2x4x33=158), xx.xx.2019-cu il tarixli akt üzrə 972 m3 (1,2x6x30=216, 1,4x18x30=756), xx.xx.2019-cu il tarixli akt üzrə 972 m3 (1,2x6x30=216, 1,4x18x30=756), xx.xx.2019-cu il tarixli akt üzrə 216 m3 (1,2x6x30=216), xx.xx.2019-cu il tarixli akt üzrə 972 m3 (1,2x6x30=216, 1,4x18x30=756), xx.xx.2019-cu il tarixli akt üzrə 144 m3 (1,2x4x30=144), xx.xx.2019-cu il tarixli akt üzrə 144 m3 (1,2x4x30=144), xx.xx.2019-cu il tarixli akt üzrə 144 m3 (1,2x4x30=144), xx.xx.2019-cu il tarixli akt üzrə 144 m3 (1,2x4x30=144), xx.xx.2019-cu il tarixli akt üzrə 144 m3 (1,2x4x30=144), xx.xx.2019-cu il tarixli akt üzrə 144 m3 (1,2x4x30=144), xx.xx.2019-cu il tarixli akt üzrə 972 m3 (1,2x6x30=216, 1,4x18x30=756), xx.xx.2019-cu il tarixli akt üzrə 972 m3 (1,2x6x30=216, 1,4x18x30=756), xx.xx.2020-ci il tarixli akt üzrə 972 m3 (1,2x6x30=216, 1,4x18x30=756), xx.xx.2020-ci il tarixli akt üzrə 972 m3 (1,2x6x30=216, 1,4x18x30=756), xx.xx.2020-ci il tarixli akt üzrə 972 m3 (1,2x6x30=216, 1,4x18x30=756) təşkil edir.

83. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən qazdan qanunsuz istifadə edilməsinə görə hesabat 1m3 qaza görə 10 qəpik hesabı ilə hesablanmışdır.

84. Yuxarıda sadalanan aktlar üzrə ümumi qaz itkisinin 13718 m3 təşkil etməsini nəzərə alaraq, dəymiş zərərin məbləğinin 1371,8 manat olması müəyyən edilir.

85. Bununla da müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən silinməsi qət edilmiş 6701,1 manat borcun 1371,8 manat hissəsi iddiaçıya əsaslı olaraq hesablanmışdır. Qalan 5329,3 manat borcla bağlı iddiaçının hər hansı hüquqa zidd hərəkəti müəyyən edilmədiyindən, kollegiya həmin borc məbləğinin silinməsini əsaslı hesab edir. Göründüyü kimi, iddia tələbi qismən əsaslı olmuşdur.

86. Lakin işə baxmış birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır.

87. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, iddiaçının qazdan qanunsuz istifadə etməsi ilə bağlı ona hesablanmış 9453,46 manat borcdan 5329,3 manatının silinməli, borcun qalan 1371,8 manat hissəsinə münasibətdə isə qətnamə ləğv edilməklə, iddia həmin hissədə rədd edilməlidir.

88. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1296/2022 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********01740) hesablanmış 5329,30 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 87,0 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 64 manat məbləğində xərc Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar