Məhkəmə qərarları › İş №2(103)-3602/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3602/2021

28.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3602/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 757/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “özbaşına tikintinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda ona məzsus olan fərdi yaşayış evinin divarı, torpaq sahəsinin hasarı üzərində olan özbaşına tikintinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 16.09.2011 -ci il qeydiyyat tarixli seriya MA ******* saylı çıxarışı ilə ünvan 1 ünvanda adına xüsusi mülkiyyət hüququnda fərdi yaşayış evi və istifadə hüququnda ölçüsü 0.03296 ha olan torpaq sahəsi qeydə alınmışdır. Həmin daşınmaz əmlakın texniki pasportunda fərdi evin və torpaq sahəsinin sərhədləri müəyyən olunmuşdur. Texniki pasportun “tikintilərin və qurğuların xarakteristikaları” adlanan cədvəlində yaşayış evinin və daş hasarın sahəsi göstərilmişdir. 2011-ci ildə evi alanda qonşusu Cavabdeh öz hasarı var idi. Sonradan o, hasarını hissə-hissə sökməyə başlamışdır. Hasarının üstündən elektrik, qaz və telefon xətləri keçir. 2018-ci ildə o, hasarına bitişik, özünə aid torpaq sahəsində ikiotaqlı tikili tikmiş və damının şiferini hasarının üstünə çıxartmışdır. Bundan sonra elektrik, qaz və telefon xətlərində problemlər yaranmağa başlamışdır. Dəfələrlə ustaları çağırıb xətlərdəki nasazlıqları aradan qaldırmışdır. 2019cu ilin oktyabr ayında Cavabdeh onun mülkiyyətində olan yaşayış evinin divarına, hasarına armatur millər bərkidərək evinin divarının və hasarının üzərindən 50-70 sm hündürlükdə dəmir karkas hazırlatdırmışdır. Ona narazılığını bildirmiş, evinin divarından, hasarından razılığı olmadan istifadə etməsinin qanunsuz olduğunu demiş, heç bir rəsmi icazəsi olmadan qanunsuz olaraq tikdiyi bu tikilinin tikinti normaları baxımından çox təhlükəli olduğunu söyləmiş və tikintinin dərhal dayandırılmasını tələb etmişdir. Lakin cavabdeh tələblərinə heç bir məhəl qoymamış, bu günə kimi tikinti işlərini davam etdirdir. Cavabdeh planlaşdırdığı tikilinin yükünün bir hissəsi evinin divarı və hasarının üzərinə düşəcəkdir. Hasarının eni bir mişar daşı enində- 20 sm-dir, bünövrəsi isə yoxdur. Bu tikili tikilən zaman və yaxud tikildikdən sonra evinin divarını, hasarını dağıdıb uçura bilər. Bundan başqa küləkli havada həmin tikilinin təhlükəliliyi daha da arta bilər. Cavabdeh qanunsuz hərəkətlərilə mülkiyyətçi kimi hüquqlarını pozur, mülkiyyətində olan fərdi yaşayış evinin divarı və istifadəsində olan torpaq sahəsinin hasarı üzərindən özbaşına tikinti aparır. Həmçinin Cavabdeh İddiaçı qarşı “qanunsuz tkilinin sökülməsi və maneçiliyin aradan qaldırılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək aralarında olan sərhədin müəyyən edilərək cavabdehin evinin divarının ona məxsus torpaq sahəsinə düşən hissəsinin cavabdehin hesabına sökülməsi, onun kommunikasiya xətlərinin həyətindən çıxarılması, cavabdehin evinin onun həyətinə tərəf olan pəncərəsinin bağlanması və eyvanın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçıla qonşudur. Hazırda ona məxsus ünvanda tikinti işlərini və hasarı ilk əvvəl o inşa etmişdir. Hasar ona məxsus olmuşdur. Lakin cavabdeh sonradan həmin ünvanda tikinti işləri apararaq, aralarında olan və onun sahəsində tikinti işləri aparaq ev tkimişdir. Tikilən ev qanunvericiliyin tələblərinə uyğun tikilməmişdir. Belə ki, cavabdeh torpaq sahəsinin hasarında ara məsafəsini gözləməyərək birgə hasarın üzərində qanunsuz tikinti işləri apararq ev tkimişdir. Evin bir hissəsi hasarın üzərinə düşməklə onun qonşuluq hüququnu pozmuşdur. Cavabdeh tikinti və şəhərsalma normativ aktlarının tələbini pozmaqla tikinti işləri aparmış, onun öz sahəsində apardığı tikinti işlərinə mane olmuşdur. Cavabdehin sahəsinə daxil olmamış, öz həyətində və özünə məxsus torpaq sahəsində tikinti işləri aparmışdır. Cavabdehin onun həyətində apardığı işlərə mane olmağa hüququ çatmır. Əslində cavabdehin özü mənim həyətimdən rahat istifadə etməyimə maneçilik törədir. Onun evinin pəncərələri və balkonu həyətinə tərəf açılmaqla onun həyətindən rahat isifadə edilməsinə imkan vermir. Həyətində rahat yaşaya bilmir. Cavabdehin mühəndis və komunikasiya xətləri onun həyətindən keçir. Həmin xətlər sökülərək onun öz həyətindən keçməlidir. Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 73.3 maddəsinə əsasən mühəndis-komnikasiya təminatlı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndiskommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir. Nəzərə almaq lazımdır ki, onun öz həyətindən həmin xətləri keçirməsi üçün əlverişli şərait olduğu halda ona icazə verməsi mümkün deyil. Ona icazə vermir. Ona görə də həmin xətlərin həyətindən çıxarılmasını tələb edir. Eyni zamanda qonşu olan cavabdeh ara divarı demək olar ki, zəbt edərək ona düşən sahədə ev tikmişdir. Bunun özü qanunsuzdur. Çünki o, mülkiyyətini zəbt etmişdir. Cavabdeh həmin hasarın üzərində tikinti apara bilməzdi. Tikintinin aparılması üçün onfan icazə almamışdır. Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 69.5 maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1 divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2 xüsusi yaşayış ərazilərində divar hündürlüyünün 0,4 hissəsi: 69.5.2-1 bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsi. Qeyd olunan Məcəllənin 69.7.1-ci maddəsinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikntiyə dair nomativ sənədlərlə müəyyən edilmiş ara məsafələrinin saxlanılması nəzərə alnımalıdır. Lakin cavabdeh bütün bunları nəzərə almamış və heç bir sm də olsa ara məsafəsi saxlamadan tkinti aparmış, yəni evini onun torpağında tikdiyi hasarın üzərində tikmişdir. Bu qonşuluq hüququna ziddir. Hasarın bütün xərcələrini özü çəkmişdir. Qanunvericiliyə əsasən hasarlama xərclərinin xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsi ilə və ya sərhəd kimi istifadə edilə bilən başqa qurğu ilə məhz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaratmasın. Qonşu hasarın üzərində tikinti işi aparmaqla və ev ucaltmaqla ona maneçilik törətmişdir. Cavabdeh tikintini öz sahəsində tikdiyini ehtimal edir. Lakin bu belə deyildir. Çünki həmin tikintini məhz onun sahəsində tikmişdir. Qanunvericiyiliyə əsasən əgər dəqiq sərhədləri müəyyən etmək mümkün olmadıqda mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa tərəflərin birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda cavabdeh evinin pəncərələrini və eyvanını onun həyətinə tərəf açmaqda və eyvanı onun həyətinə tərəf salmaqda tikinti normalarını və qonşuluq hüququnu pozmuşdur. Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə görə qonşular səs-küyün qarşısını almaq üçün tədbir görməlidirlər. Lakin qonşu tədbir görmür. Onun həyətində və balkonunda olan səs-küy evində rahat qoymur. Çünki onun balkonunda daimi səs-küy vardır. Həmin səs-küyü aradan qaldırmaq üçün həmin pəncərələr bağlanmalıdır. Eyvan sökülməldidir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbləri əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, qarşılıqlı iddia ərizəsində Cavabdeh hasarı özünün inşa etdiyini və ona məxsus olduğunu göstərsə də, bunu təsdiq edən heç bir sənədi ərizəyə əlavə etməmişdir. Nəzərə alınmalıdır ki, mübahisə predmeti olan hasar evin divarından çıxır və divarın davamıdır. Əgər Cavabdeh hasarı tikmiş olsa idi, onda həmin hasar İddiaçı evinin divarına yamaq kimi görünməli idi- kənardan adi baxışla görünür ki, hasar, doğrudan da, evin divarından çıxır və tikintinin bir hissəsidir. İddiaçı 2011ci ildə evi alanda ev və hasar artıq tikilmişdir, bu səbəbdən heç bir tikinti işləri aparmamış, yalnız təmir işləri gördürmüşdür. İş materiallarında olan İddiaçı evinin texniki pasportunun üz vərəqində qeyd olunmuşdur ki, texniki pasport 17.02.2004-cü ildə tərtib olunmuşdur. Tikinti və şəhərsalma Məcəlləsinin təsdiq olunması isə 2012-ci ilə təsadüf edir. Beləliklə, Məcəllə ev tikildikdən sonra qəbul edildiyinə görə onun tələbləri bu mübahisəyə tətbiq oluna bilməz. 2011- ci ildə İddiaçı evi alarkən qaz, elektrik və rabitə xətləri bərbad halda olduğundan iddiaçının istəyilə bütün kommunikasiya xətləri aidiyyəti qurumlar vasitəsilə ona məxsus hasarın üzərindən çəkilmiş, davamı isə evinin divarına bərkidilərək çəkilmiş və Cavabdeh torpaq sahəsinə heç bir aidiyy ti yoxdur. Qarşılıqlı iddia ərizəsində qeyd olunan evin pəncərəsi tikilinin lap arxasında yerləşir və Cavabdeh həyətinin həmin hissəsi çox dar olduğundan oradan, ümumiyyətlə, həyət görünmür. Evin eyvanı İddiaçı ös həyətinə çıxır və Cavabdeh həyətinə heç bir aidiyyəti yoxdur. Evin texniki pasportundan görünür ki, eyvan evin konstruksiyasının içindədir, evlə birlikdə tikilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-757/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 2 ünvanında sərhəd hasarı və İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 49Q saylı yaşayış evinin üzərində dəmir millər quraşdırılmaqla dəmir betor konstruksiyadan inşa edilmiş müxtəlif naxışlı (şəlalə tipli) divarın cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi, Cavabdeh ödənilmiş 10 (on) manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “qanunsuz tkilinin sökülməsi və maneçiliyin aradan qaldırılması tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyərinin 50 (əlli) manat hissəsinin Cavabdeh, 50 (əlli) manat hissəsinin İddiaçı tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərini əsaslandırmaq üçün iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Öz həyətində içərisinin görünməməsi üçün tikdiyi şəlalə formalı hasarın cavabdehə və ya onun mülkiyyətinə heç bir mənfi təsiri olmamış, həmin tikili cavabdehin mülkiyyət hüququnu pozmamışdır. Belə ki, cavabdehin evindən ona məxsus həyətin içərisi göründüyünə görə öz hasarına bitişik halda şəlalə formasında başqa bir tikili tikmiş, bununla da mənim həyətimin içərisinin görünməsinin qarşısını almağa çalışmışam. Cavabdeh isə həmin şəlalənin armatur vasitəsi ilə onun evinə birləşməsini əsas gətirib həmin tikilinin sökülməsini tələb etmişdir. Halbuki, onun şəlalə formasında tikdiyi tikilinin cavabdehə heç bir aidiyyəti yoxdur. Cavabdehlə onun həyətinin arasında olan divar ortaq divar hesab edilir. Cavabdeh onun razılığı olmadan, o Rusiya Federasiyasında olduğu dövrlərdə həmin divarın bir hissəsinin üzərində özü üçün yaşayış evi inşa etmişdir. Halbuki, cavabdehə məxsus texniki pasporta əsasən onun yaşayış evi onun divarından aralı yerləşir. Yəni cavabdeh ona məxsus divarı sökərək divarın yerində özünə yaşayış evi tikdikdən sonra onun evinin divarı ortaq divar kimi olmuşdur. Belə ki, həyətinin cavabdehin həyəti ilə ayıran divarın bir hissəsini cavabdehin evinin divarı təşkil edir. O da ortaq divar hesab edilən bu divarın ona məxsus həyətə tərəf hissəsində bir şəlalə formasında tikili tikmiş, həmin tikilini 4 ədəd armaturla ortaq divar hesab edilən cavabdehə məxsus evin divarına bərkitmişdir. Məhkəmə həmin armaturların cavabdehə məxsus evə hər hansı bir təsirinin olmasını müəyyən etmək istəyirdisə, bu zaman ekspert qarşısında bu sualı qoymalı idi. Lakin məhkəmə ekspert qarşısında “Cavabdeh tərəfindən ünvan 3 ünvanında aparılan tikinti İddiaçı evinin divarına və hasarına birləşdirilmiş armatur millərinin üzərindən aparılırmı?” sualını qoymuşdur. Halbuki, o həmin tikilinin cavabdehə məxsus evə armatur vasitəsi ilə birləşdirilməsini etiraf etmişdi və bu armaturların cavabdehə məxsus evə heç bir mənfi təsirinin olmamasını bildirmişdi. Belə olduqda isə məhkəmə ekspert qarşısında “həmin armaturların cavabdehə məxsus evə hər hansı bir mənfi təsirinin olub-olmaması” sualını qoymalı idi. Çünki divarın özünə aid hissəsində cavabdehə zərər vurmadan istədiyi işi görə bilər, yəni özünə mənsub əmlak barəsində öz mülahizəsilə istənilən hərəkətləri edə bilər. Əgər hərəkətinin cavabdehin hüquqlarını pozardısa, o zaman məhkəmə həmin tikilinin sökülməsi barədə qərar qəbul edə bilərdi. Tikdirdiyi şəlalə formasında divar isə ortaq divar deyil, öz həyətinin daxilində ortaq divara birləşmiş formada tikilən tikilidir. Ona görə də, məhkəmə tərəfindən tikdiyi tikilinin cavabdehə məxsus yaşayış evinə hər hansı bir mənfi təsirinin olub-olmamasını, yəni cavabdehin hüquqlarını pozub-pozmamasını müəyyən etmədən, həmin tikilinin sökülməsi qənaətinə gəlməkdə səhv etmişdir. Qətnamənin qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə əlaqədar bildirir ki, məhkəmə onun iddiasının əsaslarını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməməyi əsası ilə qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Onun qarşılıqlı iddia tələbi 3 hissədən ibarət olmuşdur. a) cavabdehin evinin divarının ona məxsus torpaq sahəsinə düşən hissəsinin cavabdehin hesabına sökülməsi, b) onun kommunikasiya xətlərinin həyətimdən çıxarılması, c) cavabdehin evinin mənim həyətimə tərəf olan pəncərəsinin bağlanması və eyvanın cavabdehin hesabına sökülməsi. Birinci tələbi ilə əlaqədar bildirir ki, cavabdehin evi ona məxsus həyətin divarının üzərində inşa edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş texniki pasportdan isə görünür ki, cavabdehə məxsus ev ona məxsus həyətin hasarından aralı inşa edilməli idi. Yəni iddia tələbi bu hissədə cavabdehə məxsus evin texniki pasportu ilə sübuta yetirilir. Bundan əlavə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.09.2020-ci il tarixli, 10/103 saylı ekspert rəyinə əsasən (səkkizinci sualı üzrə) İddiaçı ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin üzərində (sərhəd hasarına bitişik) inşa olunmuş fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Yəni iddia tələbi cavabdehin evinin divarının ona məxsus hasarın üzərində tikilməsi işin mübahisə edilməyən halıdır və bu hal həm ekspert rəyi, həm də hakim tərəfindən yerində müayinə edilməsi zamanı öz təsdiqini tapmışdır. Ona görə də iddia tələbi cavabdehin evinin divarının ona məxsus torpaq sahəsinə düşən hissəsinin cavabdehin hesabına sökülməsi hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.09.2020-ci il tarixli, 10/103 saylı ekspert rəyinə, cavabdehin evinə dair texniki pasportun göstəricilərinə və yerində müayinə zamanı müəyyən edilmiş hallara əsasən təmin edilməli idi. Lakin əgər məhkəmə cavabdehin evinin sökülməsi ilə onun daha yüksək zərərə məruz qalacağını, onun məruz qalacağı zərərlə ona vurulmuş zərərin mütanasibliyi baxımından daha yüksək olacağını düşünüb, həmin hissədə iddia tələbimi təmin etmədiyi zaman, ona münasibətdə də ədalətli davranmalı, ən azından cavabdehin onun həyətindən keçən və təhlükəsizlik qaydalarına zidd olan mühəndiskommunikasiya təminatı sistemi - qaz, elektrik və telefon xətlərini onun həyətindən çıxarılması, onun həyətinə baxan pəncərənin bağlanması, eyvanın sökülməsi barədə qətnamə qəbul etməli idi. Göründüyü kimi qarşılıqlı iddia tələbi ikinci hissəsi cavabdehin kommunikasiya xətlərinin onun həyətindən çıxarılması barədə olduğundan və bu tələbi məhkəmə iclasında xüsusi ilə öz təsdiqini tapdığından belə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli idi. Belə ki, 19 noyabr 2020-ci il tarixində məhkəmə tərəfindən ona və cavabdehə məxsus həyətə yerində müayinə keçirilmiş və müayinə zamanı cavabehə məxsus mühəndiskommunikasiya təminatı sistemi - qaz, elektrik və telefon xətlərinin mənim həyətinin içərisindən keçməsi, elektrik xəttinin qaz və telefon xətti ilə birləşdirilərək bir-birilərinə bağlanması, hətta elektrik xəttinin bir hissədə üstünün açıq olması müəyyən edilmişdir. Qanunvericiliyin tələbindən də görünür ki, yalnız mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli yol olmadığı təqdirdə cavabdeh bu xətti mənim həyətimdən apara bilər, yəni mən buna o zaman icazə verməyə borclu hesab edilə bilərdi. Lakin cavabdehin mühəndis-kommunikasiya təminatı xətlərinin öz həyətindən çəkməsi üçün daha əlverişli yolları olmuş, cavabdeh bu xətləri öz həyətindən çəkməmiş, hələ bu azmış kimi həmin xətləri onun həyətindən çəkən zaman da təhlükəsizlik tədbirlərinə əməl etməmişdir. Bir sözlə cavabdehə məxsus mühəndis-kommunikasiya təminatı sisteminin mənə məxsus həyətdən keçməsi və həmin xətlərin təhlükəsizlik qaydalarının pozulması ilə bir-birinə bağlanması işin mübahisə edilməyən halıdır. Məhkəmə isə bu halı öz qətnaməsində göstərməmiş, ümumiyyətlə onun iddia tələbinin bu hissədə araşdırılması istiqamətində hər hansı bir tədbir görməmiş, ekspertiza qarşısında bu barədə sual qoymamış, hətta ona məxsus həyətə yerində müayinə keçirilsə də, müayinə ilə hansı halların müəyyən edilməsi barədə öz qətnaməsində göstərməmişdir. Bundan əlavə iddia tələbimin cavabdehin evinin onun həyətinə tərəf olan pəncərəsinin bağlanması və eyvanın cavabdehin hesabına sökülməsi hissəsinə münasibətdə də bildirir ki, məhkəmənin gəldiyi nəticə bu hissədə əsassız olmuşdur. Çünki cavabdehə məxsus pəncərənin onun həyətinə açılması, onun eyvanından onun həyətinin içərisinin görünməsi yerində müayinə zamanı öz təsdiqini tapmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin ona məxsus evə tərəf pəncərə açması, onun öz mülkiyyətində sərbəst yaşamağına maneçilik törətmiş, onların öz evindən sərbəst istifadə etmək hüquqlarını pozmuşdur. Belə ki, yay aylarında biz ailəlikcə öz həyətində oturur, həyətdə dincəlir, öz həyətindən öz istədiyi kim istifadə edir və bu zaman heç kəsin onları izləməməsinə əmin olur, həyətlərinə özlərini sərbəst hiss edir. Lakin onların həyətə və ona məxsus evə tərəf pəncərənin açılması artıq onun Konstitusion hüququ olan şəxsi toxunulmazlıq hüququnu pozacaqdır. Çünki cavabdehin evinin pəncərəsi onların həyətə açıldığından və o özünü evində hər zaman izlənəcəyi barədə narahatlıq keçirir, öz evində sərbəst yaşaya bilmir. Beləliklə də, ilkin iddia tələbi təmin edilməməli, cavabdeh tərəfindən mənə məxsus torpaq sahəsinə bitişik tikdiyi evin mənə məxsus evə tərəf açılan pəncərələri bağlanmalıdır. Göründüyü kimi, onun özünə mənsub həyətdə tikdirdiyi tikilinin cavabdehin hüquqlarını pozmadığı təqdirdə məhkəmə tərəfindən həmin tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsi əsassız olmuş, həmçinin cavabdehin ortaq divar hesab edilən divarımızın üstündə ara məsafəsi qoymadan yaşayış evi inşa etməsi, mənə məxsus həyətə pəncərə açması və mənim həyətimlə mühəndis-kommunikasiya təminatı xətlərini çəkməsi mənim hüquqlarımı pozsa da məhkəmənin bu halların heç birinə əhəmiyyət verməməsi ədalətsiz bir qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, qətnamə qanunlara və sübutlara əsaslanmayan bir qətnamə olduğuna görə ləğv edilməli, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-757/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 49Q saylı fərdiyaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 16.09.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Xətai rayon İH başçısının 01.06.1998-ci il tarixli 185 nömrəli sərəncamından görünür ki, Cavabdeh Zığ şossesi, 46 saylı evin yaxınlığında cizgidə göstərilən sahədə 0.04 ha torpaq sahəsi ayrılmış və fərdivev tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.09.2020-ci il tarixli, 10/103 saylı ekspert rəyi ilə, aşağıdakılar müəyyən edilmişdir. Qərardadın birinci sualı üzrə: Cavabdeh istifadəsində olan həyətyanı torpaq sahəsinin daxilində inşa olunmuş anbar, tövlə və dəmir beton konstruksiyasından söhbətkah (besedka) inşa olunmasına dair müvafiq sənədlər alınmamışdır. Qərardadın ikinci sualı üzrə: Cavabdeh tərəfindən, ünvan 2 ünvanında aparılan tikinti işlərinin sərhəd hasarı və İddiaçı məxsus yaşayış evinin üzərində dəmir millər quraşdırılmaqla dəmir betor konstruksiyadan müxtəlif naxışlı (şəlalə tipli) divarın quraşdırıldığı müəyyən edilir. Qərardadın üçüncü sualı üzrə: ünvan 5 ünvanında və ünvan 6nın kimə məxsus olmas barəsində mülki iş materialında məlumat olmamışdır. Lakin mübahisəli hasar iddiaçının və cavabdehin torpaq sahələrini ayıran sərhəd hasarı olduğu müəyyən edilir. Qərardadın dördüscü sualı üzrə: Cavabdeh və İddiaçı məxsus torpaqları arasında Cavabdeh həyətyanı torpaq sahəsinə girişdən 24.5 m, R.S.Həşimovun evnə tərəf isə 26.0 m uzunluğunda, ümümlikdə isə 50,5 m uzunluğunda sərhəd hasarının olduğu müəyyən edilir Qərardadın beşinci sualı üzrə: Cavabdeh tərəfindən aparılan tikinti tişlərinin ünvan 7 ünvanında yerləşən torpaq sərhədləri daxilində aparıldığı müəyyən edilir. Qərardadın altıncı sualı üzrə: İddiaçı apardığı tikinti işlərinin (iki mərtəbəli yaşayış evi) ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin (texniki pasprotun məlumatlarına əsasən) sərhədləri daxilində inşa olunduğu müəyyən edilmişdir. Lakin həyətyanı torpaq sahəsinə giriş hissəsində 6,0 m enində 10,0 m uzunluğunda texniki pasportun məlumatlarında öz əksini tapmayan torpaq sahəsinin olduğu müəyyən edilir. Qərardadın yeddinci sualı üzrə: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin hər hansı divarı Cavabdeh istifadəsində olan torpaqlarının sərhədlərinə aşmadığı müəyyən edilir. Qərardadın səkkizinci sualı üzrə: Maneçiliyin törədib-törətməməsi subyektiv məsələ olmaqla tikinti-texniki ekspertin slalahiyyət dairəsindən kənardır. Bununla belə, İddiaçı ünvan 4 ünvanında yerləşən toraq sahəsinin üzərində (sərhəd hasarına bitişik) inşa olunmuş fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsində təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-ci maddəsinə görə isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə dəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ilkin iddia üzrə Cavabdeh tərəfindən, ünvan 2 ünvanında sərhəd hasarının və ilkin iddia üzrə İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 49Q saylı yaşayış evinin üzərində dəmir millər quraşdırılmaqla dəmir betor konstruksiyadan inşa edilmiş müxtəlif naxışlı (şəlalə tipli) divarın inşa olunduğu, bununla da, onun özbaşına tikilinin sökülməsi tələbi ilə çxış etmək hüququ olan şəxs olması və özbaşına tikililərin inşa edilməsi ilə onun hüquqlarının pozulması məhkəmə baxışı zamanı təsdiq edildiyindən ilk iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilərək cavabdeh tərəfindən aparılmış qanunsuz tikilinin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyəti bərpa edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırki işdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərini əsalandırmaq üçün iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Həmçinin iş materialları ilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 49Q saylı evin pəncərəsinin və eyvanının Cavabdeh hüquqlarını pozmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin, qarşılıqlı iddianı isə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apelyasiya icraatı zamanı istinad etdiyi dəlilləri təsdiq edəcək heç bir sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-757/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-757/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar