Məhkəmə qərarları › İş №2(103)-3602/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3602/2022

17.05.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3602/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “əmək fəaliyyətilə bağlı istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-138/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində işlədiyi dövrdə cəmiyyət tərəfindən 2012-2014-cü illər ərzində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə işlədiyi son 12 ayın əmək haqqı əsas götürülməklə pul əvəzinin hesablanaraq birdəfəlik ona ödənilməsi, həmçinin 2020-ci il aprel ayından 2021-ci ilin yanvar ayınadək işə çıxmamağı ilə bağlı ona vurulmuş maddi ziyan məbləği olaraq 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş iş yerində ona qarşı törədilmiş qanunsuzluqlara hüquqi qiymət verilməsini, törədilmiş qanun pozuntularının aradan qaldırılmasını və Azərbaycan Respublikasının qanunlarına açıq-aşkar hörmətsizlik nümayiş etdirən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsini zəruri saymışdır. Belə ki, cavabdeh təşkilatda sənədləri gizlətmək və saxtalaşdırmaq yolu ilə iddiaçının almalı olduğu pul vəsaitlərini iddiaçıya ödənmədən mənimsənilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən həmin pul vəsaiti əsassız olaraq hesablanmayaraq iddiaçıya ödənilməmişdir. Halbuki, iddiaçının 2011-2015-ci illər ərzində həmin müəssisədə işlədiyi dövr üçün qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etməli olduğu əmək məzuniyyətləri iddiaçıya verilməmiş, həmin vaxt məzuniyyətlərin taleyi ilə maraqlandıqda isə qeyd olunan məzuniyyətlərin dondurulduğu və iddiaçıya işdən çıxacağı zaman iştifadə etmədiyi məzuniyyətlərin pul əvəzinin hesablanaraq veriləcəyi bildirilmişdir. Ancaq iddiaçı bir müddət əvvəl ərizə yazaraq öz xahişi ilə işdən çıxdıqda verilən sözlər tutulmamış, istifadə etmədiyi məzuniyyətlərin pul əvəzi hesablanmamış və iddiçıya ödənilməmişdir. Belə ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə iddiaçının təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 26.02.2021-ci il tarixli, 017/k saylı əmrlə xitam verilsə də, iddiaçı ilə son haqq-hesab aparılarkən istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi hesablanmamışdır. İddiaçı sözügedən təşkilatda işin spesifikliyi nəzərə alınmaqla, müvafiq ixtisas sertifikatı əldə edərək işləmiş və hər 5 il həmin sertifikatların yenilənməsi tələb olunurdu ki, bu sertifikatları almaq üçün 400-500 manat civarında pul vəsaiti tələb olunurdu. Lakin 2020-ci ilin yanvar ayında növbəti dəfə ixtisas sertifikatının əldə olunması zərurəti yarandıqda iddiaçı maddi sıxıntılar çəkdiyindən istifadə etmədiyi məzuniyyətlərdən heç olmasa birinin pulunun verilməsini müdiriyyətdən xahiş etsə də, iddiaçının xahişinə məhəl qoyulmamışdır. Nəticədə iddiaçının pulu olmadığına görə iddiaçı tələb olunan ixtisas sertifikatını ala bilməmiş və bu üzdən işdən də məhrum edilmişdir. Müəssisə rəhbərliyinin iddiaçının əmək və məzuniyyət hüququnu pozması nəticəsində iddiaçı və ailəsi ciddi maddi sıxıntılarla üzləşmiş, külli miqdarda borca girməyə məcbur olmuşdur. İddiaçının müxtəlif instansiyalara etdiyi şikayətlər sonda araşdırılması üçün X2 Xidmətinin Bakı şəhər idarəsinə göndərilmiş, həmin idarədə aparılmış yoxlamalar zamanı iddiaçıya 2011-2015-ci illər ərzində nə məzuniyyətin, nə də onun əvəzinə pul kompensasiyasının verilmədiyi faktı öz təsdiqini tapmışdır. Belə ki, X2 Xidmətinin Bakı şəhər idarəsinin sorğusuna Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 2011-2015-ci illər üzrə məzuniyyət ərizələrinin, əmrlərinin və pul vəsaitlərinin ödənilməsini təsdiq edən sənədlərin 5 il keçdiyi üçün arxivləşdirildiyi, Covid-19 infeksiyasına görə mövcud olan xüsusi rejim nəzərə alınmaqla həmin sənədlərin təqdim edilməsinin guya mümkün olmadığı bıldirilmışdir. Eyni zamanda X2 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən sözügedən sənədlərin təqdim olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə də müvafiq sorğu göndərilmiş, lakin Milli Arxiv İdarəsi tərəfindən təqdim olunmuş cavab məktubunda Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin arxiv sənədlərinin mühafizəsi üçün Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Göründüyü kimi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi sənədləri saxtalaşdırmaqla və müvafiq dövlət orqanlarına saxta, qeyri-dəqiq məlumatlar verməklə törətdikləri əməli ört-basdır etməyə çalışmışdır. Təəssüf ki, X2 Xidmətinin Bakı şəhər idarəsi araşdırmalar nəticəsində iddiaçının haqlı olduğunu və əmək hüququnun pozulduğunu müəyyən etsə də, hansısa səbəbdən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi iddiaçı barəsində qanunvericiliklə özlərinin səlahiyyətləri çərçivəsində olan müvafiq inzibati tədbirləri tətbiq etməkdən çəkinərək iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Covid-19 infeksiyasını bəhanə edərək sözügedən sənədləri üzə çıxarmaqdan yayınır, çünki həmin sənədlər üzə çıxdıqda iddiaçıya qarşı yol verilmiş qanunsuzluqlar və iddiaçıya çatası məzuniyyət pullarının mənimsənildiyi tam müəyyən ediləcəkdir. Göründüyü kimi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin rəhbəriliyi tərəfindən yol verilmiş qanunsuzluqlar nəticəsində iddiaçının əmək və istirahət hüquqları pozulmaqla yanaşı, iddiaçıya maddi və mənəvi cəhətdən də ziyan vurulmuşdur. İddiaçının son illərdəki əmək haqqı 583 manat təşkil etmişdir. İddiaçının külli miqdarda ziyana uğradığı sübuta yetirilir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-138/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin müvafiq iş illərinin əmək məzuniyyətlərinin verilməsi barədə əmrlərinin, həmin illərin məzuniyyətləri cavabdehin iddia etdiyi kimi verilmişdirsə, bu məzuniyyətlərə görə ödənilmiş pulların mühasibatlıq cədvəllərini mövcudluğunu aydınlaşdırmamışdır. Belə ki, işəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Qanunvericilik məzuniyyətlərin verilməsinin konkret qaydasını müəyyən etmişdir ki, həmin maddi hüquq normasına əsasən istənilən növ məzuniyyətin verilməsinin rəsmiləşdirilməsi üçün müəssisədə uçotu aparılmalı olan və müvafiq arxiv sənədlərində saxlanılmalı olan işəgötürənin əmri mütləq şərt kimi müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı mübahisələndirdiyi iş illərinə görə ona əmək məzuniyyətlərinin verilməsi və həmin məzuniyyətlərinin pulunun ödənilməsi qanuni şəkildə araşdırılmamış, iş illərinin məzuniyyətlərin verilməsi barədə işəgötürənin əmrləri, həmin məzuniyyət pullarının tərəfindən alınması barədə mühasibatlıq sənədlərinin mövcud olmamasına düzgün hüquqi qiymət verilməmişdir. Bütün bu hallar məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığını sübuta yetirir. Birinci instansiya məhkəməsi tərəfindən işlədiyi müddətdə mübahisələndirdiyi istifadə edilməmiş məzuniyyətlərin ona verilməməsi müəyyən edilsə də, cavabdehin həmin məzuniyyətlərə görə ona pul əvəzini ödəməsi mötəbər sübutlarla sübuta yetirilməmişdir. Ən başlıcası, həmin məzuniyyətlərin verilməsi barədə işəgötürənin müvafiq əmrlərinin və məzuniyyət pullarının ona ödənilməsi barədə həmin illərin mühasibatlıq sənədlərinin nə mövcudluğu cavabdehin təqdim etdiyi, nə də iş materiallarında olan sənədlərlə sübuta yetirilməmişdir. Məhkəmə cavabdehin iddiaçının mübahisələndirdiyi məzuniyyətlərin və həmin məzuniyyətlərin pulunun ona ödənilməsi barədə sənədləri tələb edilməsinə baxmayaraq təqdim edə bilməməsinə düzgün hüquqi qiymət verməmiş, həmin sənədlərin mövcudluğuna dair zəruri məlumatları əldə etməmiş, məzuniyyət pullarının onun tərəfindən alınmamasını sübuta yetirən faktların olmasına baxmayaraq bununla bağlı əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi mötəbər sübutlara istinad etmədən cavabdehlə onun arasında bağlanmış əmək müqaviləsi üzrə onun əmək hüquqlarının pozulmamasına dair əsassız nəticəyə gəlmişdir. Halbuki, cavabdehin iş illəri ərzində müvafiq iş illərinin əmək məzuniyyətlərini verməməsi və işdən çıxarkən istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzini hesablayaraq ödəməməsi nəticəsində onun əmək hüquqları aşkar şəkildə pozulmuşdur. Məhkəmə formal mülahizələri əsas gətirərək onun guya tələb hüququ olmadığına dair səhv nəticəyə gəlmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı 01.09.2011-ci ildə “gəmi, aşpaz köməkçisi” vəzifəsinə işə qəbul edilmiş, onun aylıq əmək haqqı 104 manat, hər il üçün əmək məzuniyyəti 21 gün müəyyən olunmuşdur. ИТ-İ № ******* saylı İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, 01.09.2011-ci il tarixdə "xxxx" MMC şirkətinə “aşpaz” vəzifəsinə işə qəbul edilmiş, 26.02.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü-öz ərizəsi əsasında) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən illər üzrə əmək məzuniyyətlərindən istifadə edilmiş və ona əmək qanunvericiliyinə müvafiq olaraq, məzuniyyət haqqı ödənilmişdir. Bununla bağlı işdən iddiaçının müvafiq illər üzrə əmək məzuniyyətindən istifadə etməsinə dair ərizələri də müəyyən olunur. Birinci instansiya məhkəməsində araşdırma zamanı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 06.10.2021-ci il tarixli 4/1256 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı adından olan 22.08.2012-ci il tarixli əmək məzuniyyətinin verilməsi barədə ərizədə “imza” qrafasındakı imza; İddiaçı adından olan 22.08.2013-cü il tarixli əmək məzuniyyətinin verilməsi barədə ərizədə “imza” qrafasındakı imza; İddiaçı adından olan 24.07.2015-ci il tarixli əmək məzuniyyətinin verilməsi barədə ərizədə “imza” qrafasındakı “Məmmədov A” sözü və imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Daha sonra məhkəmə tərəfindən təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 23.12.2021-ci il tarixli 4/1671 saylı ekspertiza rəyinin surətindən görünür ki, Cavabdeh LTD əmək haqqı vermək üçün 2013-cü ilin avqust ayına dair ödəniş cədvəlinin 134-cü vərəqinin “imza” qrafasında “İddiaçı” yazıları önündəki imza - İddiaçı tərəfinən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı 2012-2014-cü illərdə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənilməmiş əmək haqqının və 2020-ci ilin aprel ayından 2021-ci ilin yanvarınadək məcburi iş buraxma dövrü üçün vurulmuş maddi ziyanın cavabdehdən tutularaq, onun xeyrinə ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının mövcud hüququnun pozulduğunu aşkar etdiyi vaxtdan artıq 6 ildən çox vaxt keçmişdir. Məhkəmə hesab edir ki, mövcud iddia tələbi üzrə iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürdüyündən, iddia qeyd edilən hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin “2020-ci ilin aprel ayından 2021-ci ilin yanvar ayınadək işə çıxmaması ilə bağlı ona vurulmuş maddi ziyan məbləği olaraq 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə də əsassız oduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tələbini qeyd edilən dövrdə müvafiq sertifikatı olmadığı üçün işə çıxa bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının işə çıxmaması cavabdehin təqsiri ucbatından olmadığından, o, mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunun tələblərindən göründüyü kimi işçi əmək məzuniyyəti ilə bağlı məhkəməyə müraciət etmək üçün bir illik müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. İş materiallarında iddiaçının qanunla müəyyən edilmiş müddətin üzrlü səbəblərdən ötürülməsi barədə sübutları müəyyən edilməmiş, həmçinin bu müddətin bərpa edilməsi barədə ərizə də təqdim etməmişdir. Qanunla iddia müddətinin müəyyən edilməsinin məqsədi bir tərəfdən hüquq münasibətləri iştirakçılarını öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, digər tərəfdən məhkəmələrdə iddialara baxılarkən qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir. İrəli sürülən hər bir iddianının təmin edilməsi onun hansı dərəcədə əsaslı olmasından, iddianın əsaslılığı isə sübutların mötəbərliyindən asılıdır. Lakin üzərindən çox vaxt ötmüş sübutların mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olduğu üçün bu işin obyektiv araşdırılmasına da birbaşa təsir edir. Ona görə də, qanun hər kəsə pozulmuş hüququnun bərpası üçün konkret müddət çərçivəsində iddia qaldırmağı tövsiyə edir. Belə olan halda, iddiaçının 2012-2014-cü illər ərzində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə işlədiyi son 12 ayın əmək haqqı əsas götürülməklə pul əvəzinin hesablanaraq birdəfəlik ona ödənilməsi barədə tələbinin əsasları mötəbər sübutlarla öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı bu hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə “iddiaçının 2020-ci il aprel ayından 2021-ci ilin yanvar ayınadək işə çıxmamağı ilə bağlı ona vurulmuş maddi ziyan məbləği olaraq 5000 manat məbləğində pul vəsaitinin tutulması” tələbinə hüquqi qiymət verərkən düzgün olaraq qeyd etmişdir ki, iddiaçı işə buraxılması üçün müvafiq sertifikatı olmadığından işə çıxa bilməmişdir, belə olan halda iddiaçının işə çıxmamasında cavabdehin təqsiri sübuta yetirilməmişdir. Apellyasiya şikayətində qeyd olunan “məhkəmənin formal mülahizələri əsas gətirərək onun tələb hüququnun olmadığına dair səhv nəticəyə gəlməsi” barədə apellyator dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələblərini onun subyektiv hüququnun olmamasına görə deyil, iddia müddətinin ötürülməsi əsası ilə təmin etməmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə məcmu şəkildə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün təşkil etmədiyindən təmin edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh iddianın əsassız olmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, birinci instansiya məhkəməsi isə işin hallarını tam araşdırmadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşki edir, belə olan halda isə apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-138/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar