Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3607/2024 01.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1780/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2014-cü il tarixli, 30921977 nömrəli müqavilə bağlanmışdır.
2. İddiaçı məxsus abonent hesabından çıxarışa əsasən 2016-2023-cü illər üzrə borcu 2.032,35 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə fərdi yaşayış evində yaşayır. 2022-ci il tarixdən etibarən iddiaçıya məxsus evdə sayğac quraşdırılmışdır. Sudan istifadəyə görə borclarını vaxtında ödəmişdir. Lakin, ona əsassız borc hesablanmışdır. Bu səbəbdən, borcun silinməsi və iddia tələbinin təmin olunması xahiş olunur.
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1780/2024 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə münasibətləri üzrə abonent istifadə etdiyi suyun ödənişini müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində Cavabdeh ASC-yə ödəməlidir.
7. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı İddiaçı məhkəməyə izahat verərək, onun yaşadığı evin həyət evi olduğunu, lakin ona hesablanmış borcun yüksək məbləğ təşkil etdiyini bildirmişdir. Məhkəmə iddiaçının arqumentinə münasibətdə bildirmişdir ki, abonent hesabından çıxarışa əsasən müəyyən edilir ki, iddiaçıya münasibətdə sudan istifadəyə görə aylıq hesablanmış borcun ortalama məbləği 18-20 manat təşkil edir ki, bu da xüsusilə həyət evində sudan istifadənin həcmi nəzərə alınmaqla əsaslı və ağlabatan məbləğdir. Bundan əlavə, sudan istifadəyə görə artıq hesablanma varsa da, məhz artıq hesablanmış məbləğin müəyyən edilməsi mümkün deyildir. Nəzərə alaq ki, iddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşamışdırsa, deməli sudan da istifadə etmişdir. Bu xüsusat mülki işin mübahisəsiz halıdır.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin sübut edilməsi istiqamətində zəruri sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, hazırki tələb üzrə borcun yaranması əsaslarını sübut etmək vəzifəsi hakimiyyət səlahiyyətli cavabdeh orqanın üzərindədir. Lakin, bu xüsusat iddiaçını sübutetmə yükündən, aktiv prosessual fəaliyyətdən azad etmir. Nəzərə alaq ki, məhz iddiaçı hesablanmış borcun əsassız, artıq miqdarda hesablandığını iddia edir. İddiaçı tərəfindən iddianın əsaslılığına dəlalət edən ilkin əsaslı hallar müəyyən edilməmişdir. İddiaçı tərəfindən müvafiq illər üzrə sudan istifadəyə görə ödənişlər (cavabdeh tərəfindən nəzərə alınmayan) aparmasına dair sübutlar (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim edilməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, o, və ailəsi məcburi köçkündür. 2017-ci ilədək sərfiyyatları dövlət tərəfindən ödənilib. 2017-ci ildən sonra isə orada anası ilə o yaşamışdır. Hər kvartal onlardan 20 manat alıblar. Onlara verilən qəbzlərin heç bir qüvvəsi olmayıb. Onları aldadıblar. Sonra cavabdehin kommunal xərcləri yığan nümayəndəsi dəyişmişdir. xx.xx.2022-ci il tarixdə su sayğacı qoyulmuşdur. 2023-cü ildə ona 240 manat borc yazılmışdır. Cavabdehin hansı əsasla ona 2022-2023-cü illər üzrə borc yazması bəlli deyil. Həyət evində yaşayır. Həyətyanı sahədə ağaclar yoxdur. Bir il üçün həyət evində 200 manat su sərfiyyatı çoxdur. Sayğacın göstəricisində iki il üçün 135 m3 su sərfiyyatı göstərir. Bu isə 135 manat edir. O, ödənişlər etmişdir. Lakin cavabdeh elektron sistemdə qeydə almamışdır. Bu isə onun günahı deyil. Cavabdehin iki-üç yoxlayıcı nümayəndəsi hər dəfə gələndə suyu kəsəcəklərini bildirərək, 100 manat ödəniş etmələrini tələb edirdilər. 100 manatı ödədikdən sonra qəbz verirdilər. Həmin qəbzi isə idarədə qəbul etmirdilər.
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” Bənd 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İşdən görünür ki, tərəflər arasında olan xx.xx.2014-cü il tarixli 30921977 nömrəli müqaviləyə əsasən iddiaçı istifadə etdiyi suya və tullantı sularının axıdılması xidmətlərinə görə cavabdehə ödənişlər etməlidir.
23. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, müqavilənin 4.2-ci bəndində göstərilmişdir ki, istehlakçı müəssisə tərəfindən satılmış suyun və göstərilmiş xidmətlərin haqqını bank, poçt, internet və ya POS-terminallar vasitəsilə ödəməlidir.
24. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı ödənişlərlə (cavabdeh tərəfindən nəzərə alınmayan) aparmasına dair sübutları (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim etməmişdir.
25. Bundan əlavə, abonent hesabından çıxarışa əsasən iddiaçıya münasibətdə suya və göstərilmiş xidmətlərə görə aylıq hesablanmış borcun ortalama məbləğinin 18-20 manat olması müəyyən edilir. Kollegiya həyət evi üçün həmin məbləğin ağlabatan olduğunu hesab edir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
27. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1780/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: