Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3614/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X5, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3281/2018 saylı, 13 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 15 sentyabr 2014-cü il tarixli AL-1782 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Samand Se” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT6EF710206 ban, 55291 mühərrik nömrəli, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılması, Cavabdeh 15 sentyabr 2014-cü il tarixli AL-1782 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 19 fevral 2018-ci il tarixə 5.328,84 manat əsas, 1.709,68 manat mükafat və həmin günə hesablanmış 5.749,13 manat dəbbə pulu, cəmi 12.787,65 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X8 arasında bağlanmış 15.09.2014-cü il tarixli AL-1782 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Şahin Rzayevin sifarişi ilə 2014-cü il buraxılışlı, “Samand Se” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT6EF710206 ban, 55291 mühərrik nömrəli, qara rəngli avtomobil 9.500 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq şirkəti ilə Şahin Rzayev arasında imzalanmış ödəniş cədvəlinə əsasən o illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit olaraq 274,04 manat, ümumilikdə isə 13.153,35 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13.153,35 manatını 9.500 manat əsas məbləğ təşkil edir. 02.11.2015-ci il tarixdə Şahin Rzayev, Cavabdeh və İddiaçı ASC arasında AL-1782 (1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanılmış və 15.09.2014-cü il tarixli AL-1782 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdehlə imzalanmış yeni ödəniş cədvəlinə əsasən o, illik 17% hesablanmaqla 34 aylıq müddətə hər ay sabit olaraq 281,57 manat, ümumilikdə isə 9.573,29 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonunçu ödəniş 01 fevral 2016-cı il tarixdə 297 manat məbləğində olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3281/2018 saylı, 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 15 sentyabr 2014-cü il tarixli AL-1782 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Samand Se” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT6EF710206 ban, 55291 mühərrik nömrəli, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılması, Cavabdeh 15 sentyabr 2014-cü il tarixli AL-1782 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 5.328,84 manat əsas, 1.709,68 manat mükafat və həmin günə hesablanmış 5.749,13 manat dəbbə pulu, cəmi 12.787,65 manat borc və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqdim edilmiş materialları, sənədləri hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə cavabdehin iştirakını təmin etməmiş, prosessual hüquq normalarının tələbini kobud surətdə pozmuş, tətbiq edilməməli maddi hüquq normalarını tətbiq etmiş, nəticədə tam əsassız və qanunsuz qərar qəbul etmişdir ki, bunu nəticəsində də ona xeyli məbləğdə ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak etmiş, lakin iddiaçının gəlməməsi səbəbindən məhkəmə iclası təxirə salınmış, ikinci dəfə yenə gəlmədiyinə görə təxirə salınmışdır. Bundan sonra ona nə telefon, nə poçt vasitəsilə məlumat verilməmişdir. Məhkəmə qətnaməsi barədə icra məmuru 2021-ci ilin yanvar ayında çağırarkən məlumatı olub. Məhkəmə prosessual hüquqlarını, məhkəmədə iştirak etmək, izahat, suallar vermək, çıxış etmək hüququndan məhrum etməklə, çəkişmə prinsipini pozmaqla kobud prosessual hüquq pozuntularına yol verilmişdir. Müqavilə cavabdehin aldadılması məqsədi daşımaqla pis niyyətlə bağlanmış müqavilədir. İş materiallarında olan hesab çıxarışdan görünür ki, 01.02.2016-cı ilə qədər axırıncı ödəniş 297 manat olub. Deməli tələb olunan məbləğ 01.02.2016-cı ildən - 19.02.2018-ci ilə qədər olan dövrü əhatə edir. Bu da 2 il (24 ay) - 19 gündür. Onun isə hər ay ödəməli olduğu pul 281 manatdır. Belə olan halda məbləğ 6.921 manat təşkil edir. İddiaçı isə əsas borc kimi 5.328,84 manat tələb edir. Belə çıxır ki, iddiaçı özü də bilmir ki, nə qədər ödənməmiş məbləğ qalıb. Müqavilənin 13.10-cu bəndində göstərilir ki, gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinin 0,3%-ə qədər cərimə ödəyir. Məhkəmə əsas borcun nə qədər olmasını müəyyən etsəydi, onda pulun ödənilməsinin gecikdirilməsinə görə tələb olunan cərimə məbləğinin müəyəyn edilməsi barədə mütləq məhkəmə maliyyə mühasibatlıq ekspertiza təyin etməli idi. Göründüyü kimi məhkəmə bu hissədə də düzgün nəticəyə gəlməmişdir. Birinci növbədə mübahisənin əsasını təşkil edən Lizinq obyektinin halhazırda harada və kimin sahiblik və istifadəsində olmasını məhkəmə aydınlaşdırmalı idi. Çünki, müqavilədə cavabdeh iki ay iki ardıcıl pulu ödəmədiyi halda müqavilənin ləğv edilməsi nəzərdə tutulub. Belə olan halda Lizinq müqaviləsinə görə cavabdeh pulu ödəmədiyi və avtomobilin harada olmasından məlumatı olmursa, bəs o müqavilə şərtlərinə necə nəzarət edir. Göründüyü kimi Lizinq verən nəzarəti həyata keçirməyib. İş üzrə iddiaçı cavabdeh tərəfindən (altıncı-bazar günləri) pulu gecikdirdiyinə görə avtomobil əməkdaşlar tərəfindən saxlanılıb təhvil alınıb və obyekti təhvil-təslim aktına əsasən ondan alıblar. O, vaxtdan 01.02.2016-cı il tarixdən avtomobil iddiaçının istifadəsində olmayıb və başqasının sahiblik və istifadəsinə verilib. Təhvil-təslim aktının surəti isə cavabdehə verilməyib. Lizinq müqaviləsinin 15.1-ci bəndinə əsasən ardıcıl olaraq 2 dəfə ödəniş müddətini gecikdirdikdə müqaviləni ləğv edə bilər. Hansı ki, yuxarıda qeyd edildiyi kimi bir dəfə aylıq pulu gecikdirdiyinə görə avtomobil onun əlindən alınıb. Əgər cavabdeh 01.02.2016-cı ildən 2-3 ay pulun ödənilməsini gecidkirmişsə nəyə görə müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq, pretenziya göndərməyib və məhkəməyə müraciət etməyib. Bu onu sübut edir ki, iddiaçı iddia qaldırmamaqla cərimənin şişirdilməsinə suni surətdə nail olmaq məqsədi güdüb. Qeyd edilir ki, guya iddiaçı 17.08.2017-ci ildə cavabdehə pretenziya göndərib. Ünvanı və telefon nömrələri iddiaçıda ola-ola bəs nəyə pretenziya ona çatdırılmayıb və telefonla əlaqə saxlanılmayıb. İstinad olunanlardan tam aydın olur ki, iddiaçının ərizəsində göstərdikləri tam yalan olmaqla həqiqəti əks etdirmir. Məhkəmənin isə göstərilənləri araşdırmaq əvəzinə təqdim olunan sənədlər əsasında qərar qəbul edir ki, bu da işin faktiki hallarına uyğun gəlmir. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3281/2018 saylı, 13 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, avtomobilin pulunu ödəyə bilmədiyi üçün onu satmaq qərarına gəlmiş və adını xatırlamadığı bir vətəndaşla sövdələşmiş, həmin vətəndaşdan avtomobilə görə 1.000 manat pul almış və birlikdə lizinq şirkətinə gəlmişlər. Lizinq şirkətində bütün sənədləri adını xatırlamadığı bir şəxs götürmüş və ona bildirmişdir ki, sənlik bir iş yoxdur. Oda lizinq şirkətindən heç bir sənəd almadan çıxıb getmiş və ondan sonra keçən müddət ərzində avtomaşından məlumatı yoxdur və həmin vaxtdan, yəni 2016-cı ilin əvvələrindən sonra maşına görə heç kim onu narahat etməyib. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh vəkili X3 verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3281/2018 saylı, 13 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X7 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3281/2018 saylı, 13 iyun 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh tərəfindən “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmış və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747 və 748-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, AC № 259369 saylı Aərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı, “Samand Se” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT6EF710206 ban, 55291 mühərrik nömrəli, qara rəngli avtomobil 15.09.2014-cü il tarixdən İddiaçı ASC-nin mülkiyyətindədir. İş matеriallarında olan, İddiaçı ASC ilə X8 arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli AL-1782 saylı “Daxili lizinq” müqaviləsinin surətindən görünür ki, X2 ilə 2014-cü il buraxılışlı, “Samand Se” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT6EF710206 ban, 55291 mühərrik nömrəli, qara rəngli avtomobil 9.500 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan, AL-1782 (1) saylı 02 noyabr 2015-ci il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsinin surətindən görünür ki, X8, Cavabdeh və İddiaçı ASC arasında AL-1782 (1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanılmış və Cavabdeh 15 sentyabr 2014-cü il tarixli AL-1782 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan, 02 noyabr 2015-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan “Samand Se” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 noyabr 2015-ci il tarixdə Cavabdeh müvəqqəti istifadəsinə verildiyindən ona təhvil verilmişdir İş materiallarında olan, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 422 saylı, 31 avqust 20L7-cLiltarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC cavabdehi borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. İş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh illik 17% hesablanmaqla 03.12.2015-ci il tarixdən 34 aylıq müddətə hər ay 281,57 manat ödəniş etməklə 7.559,00 manat əsas və 2.014,29 manat mükafat məbləği olmaqla ümumilikdə 9.573,29 manat pulu 03.09.2018-ci il tarixə kimi İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən lizinq şirkətinə sonunçu ödəniş 01 fevral 2016-cı il tarixdə 297 manat məbləğində olmuşdur. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş 25.04.2018-ci il tarixli, 590 saylı maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh 15 sentyabr 2015-ci il tarixli AL- 1782 saylı “Daxili lizinq” müqaviləsi üzrə 19 fevral 2018-ci il tarixinə 5.328,84 manat əsas, 1.709,68 manat mükafat və həmin günə hesablanmış 5.749,13 manat cərimə, cəmi 12.787,65 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522-ci maddəsinə əsasən: 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir; 552.2. əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-7.11-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə (lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq verənin mükafatının məbləği, lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarının mənasından da göründüyü kimi, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Lizinq müqaviləsinə görə isə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsas borcun, mükafatın və dəbbə pulunun cavabdehdən tutulmalı olması ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Lizinq verən müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının əsas borcun qaytarılmasını lizinq alandan tələb etmək hüququ vardır. Belə ki, tərəflər arasında mövcud olan “Daxili lizinq” müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə №3) müəyyən edilmişdir. Müqavilənin 4.3-cü bəndinə əsasən, lizinq ödənişlərinə (lizinq obyektinin dəyəri, lizinq verənin mükafati, tərəflər arasinda razilaşdırılmış əlavə məsrəflər və s.) daxildir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.10-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Müqavilənin 15.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Müqavilənin 16.1-ci bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Öhdəliklərin ötürülməsi müqaviləsinin 2.4.1-ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və lizinq müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, Cavabdeh apelyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Belə ki, Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı məhkəməyə gəlmədiyinə görə təxirə salındığı və sonra ona nə telefon, nə poçt vasitəsilə məlumat verilmədiyi barədə göstərdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və məhkəmə işindən məlumatlı olmuş, lakin üzürsüz səbəbdən növbəti məhkəmə iclasında iştirak etmədiyindən işə onun iştirakı ilə baxılmışdır. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları sübut edən dəlillərini məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya icraatı zamanı izahatında göstərdiyi dəlilləri ilə əlaqədar (yəni avtomaşını satmaq istəməsi, müştəri tapması, onunla birlikdə lizinq şirkətinə gedib sənədləri təhvil verməsi, müştəridən maşına görə 1.000 manat pul alması və s.) qeyd edir ki, cavabdeh həmin dəlilləri təsdiq edən öz izahatından başqa hər hansı bir sübut (avtomaşını satdığı şəxsin kimliyi, sənədləri təhvil verdiyi lizinq şirkətinin əməkdaşının kimliyi, sənədləri və avtomobili təhvil verərkən lizinq şirkətindən təhvil-təslim sənədlərini almamasının səbəbləri) məhkəməyə təqdim etməmişdi. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan və cavabdehin apelyasiya icraatında verdiyi izahatindakı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3281/2018 saylı, 13 iyun 2018-ci il tariхli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3281/2018 saylı, 13 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3614/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3614/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver