Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3615/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: "kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-148/2025 saylı, 18 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2726/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 2 otaqlı 85 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə iddiası təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh X4 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X2 Bаkı şəhəri, Xətai rаyоnu, Gəncə prospekti, ev 37 ünvanında yerləşən 85 saylı mənzilə olan istifadə hüququna 15.000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiada göstərilir ki, oğlu X1 Vüsalə Hidayət qızı ilə xx.xx.2018-ci ildə ailə həyatı quraraq ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə müvəqqəti olaraq köçərək onunla birlikdə yaşamağa başlamışdır. İlk vaxtlar mehriban yaşasalar da, sonradan münasibətləri kəskinləşmiş və 2019-cu ilin may ayının 5-də oğlu X6 və gəlini X3 mənzili tərk etmişlər və həmişəlik yaşamaq üçün başqa evə köçüb getmişlər. Bаkı şəhəri, Xətai rаyоnu, ünvan 2 ünvanında yerləşən 2 (iki) otaqlı, 29,01 ibarət mənzil 2005-ci il tarixdən iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Mənzildə o və ailə üzvləri, övladı X6 qeydiyyatdadır. Cavabdeh iddiaçının ailə üzvü olsa da, iddiaçının mülkiyyətində olan mənzildə yaşamır, əsassız olaraq hələ də formal qeydiyyatdadır. İddiaçı Ağalı qızı bildirir ki, oğlu 6 ildir ki, evdən köçsə də bir övlad kimi anası ilə maraqlanmır, anasının evinə gəlib getmir, hətta hansısa bir yerdə qarşılaşanda belə anasını tanımırmış kimi özünü apararaq ona salam belə vermir, anasının qayğısına qalmır, övlad kimi vəzifələrini yerinə yetirmir. Bundan əlavə cavabdeh mənzildə qeydiyyatda olduğuna görə iddiaçı buna görə əlavə kommunal xidmət haqları ödəyir. İddiaçı cavabdehə kompensasiya ödəməklə onun mənzilə olan istifadə hüququna xitam vermək istəyir. Bu səbəbdən İddiaçı cavabdeh Baxşıyev Röyalı qeydiyyatdan çıxarmaq və mənzildən istifadə hüququna xitam vermək tələbi ilə məhkəməyə müraciət edir. Mübahisəli mənzilin yerləşdiyi ərazidə eyni tip orta təmirli mənzillərin kirayə haqqı 200 manat təşkil edir. Onun mənzili təmirsiz, yaşayış üçün bərbad vəziyyətdədir, təqaüdlə dolanan insandır. İddiaçı humanistlik edərək cavabdehə övladlarına görə mənzilə istifadə hüququna xitam verilməsi müqabilində 9.000 manat kompensasiya verir və onun istifadə hüququna xitam verilməsini xahiş edir. İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehə imkan verir ki, o, mülkiyyətçinin (iddiaçının) hesabına davamlı sürətdə və bir neçə il müddətində başqa yerdə, mübahisəli mənzilə xas olan şəraitə oxşar şəraitdə yaşasın, kompensaiyanın məbləği ədalətlidir. Mülkiyyətçi olaraq İddiaçı tərəfindən cavabdehə təklif edilən 9.000 manat kompensasiyanın məbləği hazırki bazar qiymətinə uyğundur. Cavabdehin həmin mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququna Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən kompensasiya verilməsi yolu ilə xitam verilməlidir. Bаkı şəhəri, Xətai rаyоnu, Gəncə prospekti, ev 37, mənzil 85 ünvanında yerləşən 2 (iki) otaqlı, 29,01 85 saylı mənzilin mülkiyyətçisi оlаn iddiаçı İddiaçı Ağalı qızı tərəfindən cаvаbdеh X4 9.000 mаnаt kоmpеnsаsiyаnın verilməsi müqаbilində cavabdehin onun həmin mənzildən istifаdə hüququnа xitam verilməsi və sоnuncunun həmin mənzildən çıхаrılması hаzırkı mübаhisənin ədаlətli həllidir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-148/2025 saylı, 18 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun və ekspertiza tədqiqatı dəyərinin iddiaçıdan tutulması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 2 otaqlı 85 saylı mənzili İddiaçı məxsusdur. Cavabdeh ailə üzvü olduğundan, həmin mənzilə istifadə hüququ yaranmışdır və həmin hüquq xətm edilməmişdir. Cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxması da iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdeh isə mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan cavabdehə kompensasiya verilməsi yolu ilə onun mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır. Bu həmçinin, iddiaçı tərəfindən cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığını sübut etdiyi hallarda da mümkündür. Ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq məhkəmə hesab edir ki, kompensasiya cavabdehin oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün adekvat olmalıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizası zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 85 saylı mənzilə uyğun mənzilin aylıq icarə haqqı 450 manat təşkil edir. Belə ki, mübahisəli mənzilin bazar qiymətinə uyğun aylıq kirayə haqqı məbləği nəzərə alınmaqla, cavabdehlərin davamlı surətdə yaşamaq imkanlarının təmin edilməsi üçün 16.200 manat məbləği - bazar qiymətinə uyğun adekvat kompensasiya məbləği hesab olunmalıdır. İddiaçı öz təklif etdiyi məbləğdən yuxarı kompensasiya ödəməkdən imtina etmişdir. Bununla da iddiaçının təklif etdiyi 15.000 manat kompensasiya məbləği cavabdehin oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli deyil və buna görə də həmin məbləğ cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddiasının isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərib ki, birinci instansiya məhkəməsinin həmin mövqeyi əsassızdır. Belə ki, cavabdeh iddiaçının övladıdır və o, öz ailə üzvləri (arvadı və övladları) ilə birlikdə iddiaçı ilə birlikdə yaşadıqları mənzili könüllü olaraq tərk edib. Həmin vaxtdan da cavabdeh və onun ailə üzvləri, qayınatasına aid mənzildə yaşayır. Başqa sözlə, cavabdehin yaşayış sahəsinə hər hansı ehtiyacı yoxdur. Cavabdeh və onun ailə üzvləri iddiaçıya məxsus mənzildən çıxdıqdan sonra bu günədək heç bir yerdə kirayədə yaşamamışlar. Cavabdeh bunun əksini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmiş, ümumiyyətlə bu halı mübahisələndirməmişdir. Həmçinin, iddiaçının mülkiyyətində olan Bаkı şəhəri, Xətai rаyоnu, Gəncə prospektində yerləşən 37 №-li evin 85 №-li mənzili 2 otaqdan, 29,01 kv.mdən ibarətdir. Məhkəməyə təqdim olunan fotoşəkillərədən də göründüyü kimi, mənzil təmirsizdir. Bundan başqa, iddiaçı təqaüdçüdür və dövlət tərəfindən verilən pensiya məbləği ilə, habelə övladlarının köməyi ilə gündəlik tələbatlarını qarşılayır. İddiaçının aldığı pensiyadan başqa, gəlir yeri yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 29,01 kv.m yaşayış sahəsindən ibarət 37 saylı evin 85 saylı mənzilinin yerləşdiyi ərazidə aylıq kirayə haqqı 250 manat təşkil edir ki, bu məbləğ həmin ərazi üçün kirayə haqları ilə bağlı daha məqbul və realdır. İddiaçı da yuxarıda göstərilənləri, yəni cavabdehin kirayədə deyil, qayınatasına aid mənzildə əvəzsiz olaraq yaşadığını, iddiaçıya məxsus mənzilin təmirsiz olması və bu səbəbdən həmin mənzilin aylıq kirayə haqqının 250 manat civarında olduğunu, pensiyadan başqa gəlirinin olmadığını nəzərə alaraq, cavabdehə 15000 manat kompensasiya təklif etmişdir. Çünki iddiaçının xüsusi mülkiyyətindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər hansı maneələrin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Bunun üçün də iddiaçı qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehin istifadə hüquqlarına kompensasiya vermək yolu ilə xitam verilməsi barədə iddia qaldırmaq hüququndan istifadə etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi həmin məbləği yetərli bilməmiş və iddianı rədd etmişdir. Halbuki, iddiaçının cavabdehə kompensasiya şəklində təklif etdiyi 15.000 manat cavabdehin davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Göstərilənlər onu təsdiq edir ki, birinci instansiya məhkəməsi işin baxılmasına səthi yanaşmış, iddiaçının maddi vəziyyətini, mənzilin texniki vəziyyətini və mənzilin və ona oxşar şəraitli mənzillərin aylıq kirayə haqqının 250 manat civarında olmasına əhəmiyyət verməmiş, iddiaçının pozulmuş hüquqlarını bərpa etməkdən əsassız olaraq imtina etmişdir. Bütün bunlar nəticəsində iş üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. İddiaçı maddi imkanı çox məhduddur. Lakin qətnamədə kompensasiya məbləği kimi göstərilən 16.200 manatı tam həcmdə düzəltmək üçün borc olaraq dost tanışa müraciət edib və hazırda həmin məbləği toplamağa çalışır. İddiaçı 16.200 manatı kompensasiya şəklində cavabdehə, onun mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ödəyə biləcəkdir. Apellyasiya instansiyası məhkəməsindən qeyd olunan halı nəzərə almasını xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi, əlavə olaraq ərizə də təqdim edərək kompensasiya məbləğini 16.200 (on altı min, iki yüz) manat təklif etdiyini və bu məbləğlə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 müəyyən edilən və təklif olunan kompensasiya məbləğinə etiraz etmədi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1-228.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
10. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.
12. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...”
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığı üçün iddia haqlı sayılır.
22. Məhkəmə tərkibi qeyd edir ki, bu cür mübahisələrə baxarkən iddia edənin mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququna malik olduğu, hüququna xitam verilməsi tələb olunan şəxs(lər)in yaşayış sahəsindən istifadə hüququnu əldə etdiyi və təklif olunan kompensasiyanın istifadə hüququna malik olan şəxslərin bu hüququna xitam verilməsi üçün yetərli olduğu müəyyən edilməlidir.
23. Mübahisə predmeti olan Bаkı şəhəri, Xətai rаyоnu, Gəncə prospektindəki 37 nömrəli evin 85 nömrəli mənzili İddiaçı Ağalı qızının mülkiyyətindədir. Yəni hazırki iddianı qaldırmağa iddiaçının subyektiv hüququ mövcuddur.
24. Apellyasiya instansiya məhkəməsi də kompensasiyanın məbləğini müəyyən edərkən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və 16200(on altı min, iki yüz)manat həddində təklif olunan kompensasiyanın məbləğini ədalətli sayır.
25. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqelərə əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
26. Eyni zamanda, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil olmadığından belə işlərə baxarkən, birinci instansiya məhkəməsi iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, bu məbləği bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.
27. Məhkəmələr tərəfindən kompensasiyanın müəyyən edilməsi qaydası belə işlərə baxılması zamanı mühüm əhəmiyyətə malik olmaqla, mübahisə tərəflərinin mülkiyyət və istifadə hüquqlarının daha səmərəli müdafiəsinə, tərəflər arasında yaranmış hüquq münasibətlərinə müəyyənlik gətirilməsinə, mübahisə tərəflərinin sonsuz məhkəmə çəkişmələrinə cəlb olunmasının qarşısının alınmasına və bununla da prosessual qənaət prinsipinin təmin olunmasına xidmət edir. Bu baxımdan istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələblərinə baxılması zamanı iddianı rədd edən məhkəmənin bu cür xitam üçün yetərli olan kompensasiya məbləğini müəyyən etməməsi Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
28. Düzdü, birinci instansiya məhkəməsi tərəfindən işin halları, tərəflərin qarşılıqlı münasibətləri, istifadə hüququnun xitam verilməsi tələb edilən mənzilin mövcud texniki vəziyyəti və digər əhəmiyyət kəsb edən hallar nəzərə alınmaqla kompensasiya məbləği 16200(on altı min, iki yüz)manat müəyyən edilsə də cavabdeh kompensasiyanın məbləğini qəbul etməmiş, daha artıq miqdarda kompensasiya tələb etmişdir. Lakin işdən də bəlli olur ki, tərəflər yaxın qohum olsalarda uzun illərdir ki, mübahisəli mənzillə bağlı aralarında olan məhkəmə mübahisələri davam edir. Demək ki, aralarında razılaşma yoxdursa mübahisənin birdəfəlik həlli onu zəruri və qaçılmaz edir.
29. Məhz tərəflər arasında olan uzunmüddətli sonu görünməyən məhkəmə çəkişmələrinin birdəfəlik həlli məqsədilə apellyasiya instansiya məhkəməsi kompensasiyanın məbləğini birinci instansiya məhkəməsinin müəyyən etdiyi 16200(on altı min, iki yüz)manat müəyyən edilməsini məqsədə uyğun hesab etdi. İddiaçı bu məbləği ödəməyə birinci instansiya məhkəməsində razılaşmasa da, apellyasiya şikayətində və apellyasiya baxışı zamanı ərizə ilə məhkəməyə müraciət edərək müəyyən edilən, yəni 16200(on altı min, iki yüz)manat kompensasiya məbləğinə etiraz etmədi. Cavabdeh tərəf isə birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan məbləği mübahisələndirməyib, apellyasiya baxışı zamanı isə kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmədi. Məhkəmə tərkibi də müəyyən edilən və iddiaçının bununla razılaşaraq cavabdehə təklif etdiyi 16200(on altı min, iki yüz)manat məbləğində kompensasiya məbləğini ağlabatan hesab edir.
30. Məhz bu məbləğ cavabdehə mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Düzdü, kompensasiyanın məbləği müəyyən edilərkən mənzilin dəyərinin buna təsiri olmasa da mübahisə predmeti olan mənzilin texniki göstəriciləri də kompensasiya məbləğinin ədalətli və ağlabatan olduğunu təsdiq edir.
31. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, kompensasiya institutu cavabdehə evin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Bu institutun mahiyyəti yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Buna görə də məhkəmənin müəyyən etdiyi və iddiaçının təklif etdiyi kompensasiya məbləği işin hallarına uyğundur. Mənzilin dəyərinin kompensasiyanın məbləğinə hər hansı bir təsiri olmasa da, kompensasiyanın məbləğinin bazar qiymətinə uyğunluğunun yoxlanılması üçün aylıq kirayə haqqının bazar dəyəri də müəyyən edilmişdir. Göründüyü kimi, bütün bu hallar da iddiaçının cavabdehin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə nail olmaqda israrlı olduğuna dəlalət edir.
32. Göstərilənlərdən əlavə, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları göstərildiyi kimi təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
33. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində iddiaçı tərəfindən kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi qeyd olunması iddianın yalnız bu cür tələb göstərildiyinə görə həmin qaydada təmin olunması üçün əsas ola bilməz. Çünki məhkəmə özü də iddiaçının tələblərinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirməlidir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. Mad.14.1, 167.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Bu mənada iddiaçının istəyi və məqsədi kompensasiya verilməklə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə və həmin mənzildən çıxarılmasına(müvəqqəti yaxud uzun müddət yaşamasa belə) nail olmaq olmuşdur. Çünki kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi həm də cavabdehin qeyd olunan mənzildən çıxarılmasını ehtiva edir yaxud etməlidir.
34. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilərək onun qətnamə ilə sözügedən mənzildən çıxarılmasının qət edilməsi heç bir halda iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Çünki kompensasiya ödənilməklə cavabdehin qeyd olunan mənzildən istifadə hüququna xitam verilsə də o, bu və ya digər səbəbdən mənzildən çıxmaya bilər və ya müvəqqəti yaxud uzun müddət yaşamasa belə istənilən an mənzilə yaşamaq üçün qayıda bilər yaxud icra mərhələsində qətnamədə belə bir göstərişin olmadığı üçün kompensasiya almış və istifadə hüququna xitam verilmiş şəxslə bağlı məcburi icra tədbirləri həyata keçirilməsi mümkünsüz vəziyyətə düşə bilər. Başqa sözlə, kompensasiya almış şəxsin istifadə hüququna ona görə xitam verilir ki, onun, həmin mənzillə bağlı artıq heç bir hüququ və imtiyazı qalmır. Məhz kompensasiya alaraq istifadə hüquqularına xitam verildiyi üçün cavabdeh şəxs mənzildən çıxmağa borclu olur. Bunun üçün ayrıca məhkəmə qərarının olmasına ehtiyac və zərurət olmur. Yəni cavabdehin mənzildən çıxarılması barədə yenidən iddianın irəli sürülməsi də prosessual qənaət prinsipinə açıq-aşkar zidd sayılır.
35. Bu mənada 16.200 (on altı min, iki yüz)manat kompensasiya ödənilməklə mübahisəli mənzildə istifadə hüququ olan cavabdehin bu hüquqlarına xitam verilməklə həmin mənzildən çıxarılmalıdır. Kompensasiyanın verilməsi ilə istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması isə eyni vaxtda icra edilməlidir.
36. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı apellyasiya şikayəti təmin edilməli; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-148/2025 saylı, 18 aprel 2025-ci il tarixli qətnaməsi ləğv və iddia təmin edilməli; İddiaçı tərəfindən 16.200 (on altı min, iki yüz) manat kompensasiya verilməklə cavabdeh X2 Bаkı şəhəri, Xətai rаyоnu, Gəncə prospektindəki 37 nömrəli evin 85 nömrəli mənzilindən istifadə hüququna xitam verilməli və cavabdeh X6 həmin mənzildən çıxarılmalı; Kompensasiyanın verilməsi ilə cavabdeh X2 istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması eyni vaxtda icra edilməlidir.
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-148/2025 saylı, 18 aprel 2025-ci il tarixli qətnaməsi ləğv və iddia təmin edilsin. İddiaçı tərəfindən 16.200 (on altı min, iki yüz) manat kompensasiya verilməklə cavabdeh X2 Bаkı şəhəri, Xətai rаyоnu, Gəncə prospekti, ev 37 ünvanında yerləşən 85 saylı mənzildən istifadə hüququna xitam verilsin və cavabdeh X6 həmin mənzildən çıxarılsın. Kompensasiyanın verilməsi ilə cavabdeh X2 istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması eyni vaxtda icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.