Məhkəmə qərarları › İş №2(103)-3621/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3621/2020

11.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3621/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehtərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində kompensasiya verilməklə iddiaçının mülkiyyətində olan mənzildən çıxarılması, Cavabdeh iki uşağı – Məmmədzadə Orxan Rövşən oğlu və Məmmədov Elxan Rövşən oğlu ilə birlikdə mənzildən istifadə hüquqlarına xitam verilməsi və cavabdehə məxsus əşyaların siyahıya alınaraq cavabdehin öz vəsaiti hesabına iddiaçının mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi, 39 saylı evin 1 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə əsaslandırılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)- 2990/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, təklif olunan kompensasiya məbləği ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə cavabdehin xx xxxx 2003-cü il tarixdən hal-hazırkı dövrə qədər həmin mənzildə yaşamasını, başqa yaşayış yerinin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, həmin ərazidə oxşar mənzillərdə kirayə haqqının azı 250 manatdan artıq olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Şükür Şıxıyev apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətinin təmin olunmamasını, qərar qəbul olunarkən mənzilin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşməklə qiymətinin baha olmamasını, mənzildən istifadə hüququ olan şəxslərin sayını, mənzil mülkiyyətçisinin maddi imkanlarının aşağı olmasını nəzərə almağı xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinə kompensasiya məbləğinin artırılmasını, cavabdehə 15000 manat məbləğində kompensasiya ödənilməsi barədə təklifin nəzərdən keçirilməsini təklif etdi. İddiaçının nümayəndəsi Samir Abdullayev təklifin nəzərdən keçirilməsi və kompensasiya məbləği ilə bağlı cavabdehlə razılığa gəlmək üçün onlara vaxt verilməsini xahiş etdi. Məhkəmə tərəfindən kompensasiyanın məbləği ilə bağlı razılığa gəlmək üçün tərəflərə vaxt verilib məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, ötən iki ay ərzində iddiaçı tərəfindən heç bir təklif daxil olmamış, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə razılığa gəlmək üçün onlara daha 15 gün vaxt verilib məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Şükür Şıxıyev ötən iki ay müddət ərzində iddiaçı tərəfin cavabdehlə əlaqə saxlamadığını, kompensasiyanın daha yüksək məbləği barədə onlara heç bir təklif irəli sürmədiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib məhkəmə iclasının təxirə salınmasına zərurət görməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)-2990/2019 saylı qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Mülki işin materiallarından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixli ÖM seriyalı 212821 saylı qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi, 39 saylı evin 1 saylı mənzilinin mülkiyyətçisidir. Həmin ev əvvəllər dövlət mənzil fondunda olmaqla 2004-cü ildə iddiaçının adına özəlləşdirilmişdir. Cavabdeh xx xxxx 2003-cü ildə iddiaçının oğlu Məmmədov Rövşən Vasif oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin vaxt qaynatasının mülkiyyətində olmayan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi, 39 saylı evin 1 saylı mənzilinə gəlin köçərək yaşamağa başlamışdır. Bu nikahdan onların 2003 və 2005-ci il təvəllüdlü uşaqları doğulmuşdur. 2015-ci ilin mart ayında cavabdeh uşaqları ilə birlikdə həmin mənzilə pasport qeydiyyatına düşmüşdür. Cavabdehin əri 2015-ci ildə vəfat etmiş, əri vəfat edəndən sonra da cavabdeh uşaqları ilə birlikdə həmin mənzildə yaşamaqda davam etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi 39 saylı evin 1 saylı mənzilinin qonaq otağından, sanitar qovşağından istifadə etməyi ilə bağlı cavabdehlər tərəfindən törədilən müdaxilələrə və onun həmin mənzildə yaxın qohumları ilə görüşməsinə cavabdehlər tərəfindən edilən maneələrə son qoyulması, həmin mənzilin ümumi giriş-çıxış qapısının açarının bir nüsxəsinin Cavabdeh verilməsi və onun mənzilə istənilən vaxt maneəsiz giriş-çıxışının təmin edilməsi qət edilmiş, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamədən verilmiş apelyasiya şikayəti və növbəti qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmələr bu nəticəyə gəlmişlər ki, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi 39 saylı evin 1 saylı mənzilindən istifadə hüququ vardır. Cavabdehin mənzildən istifadə hüququnun olması işin mübahisəsiz halı olmaqla, preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktları ilə müəyyən olunmuş faktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notarial qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli Qərarına əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, istifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ev alqı-satqısı ofisində fərdi qaydada fəaliyyət göstərən fiziki şəxs X5 (VÖEN: **********) verdiyi arayışa istinad etmişdir. Müvafiq möhür və ya ştampla təsdiq olunmamış və A4 formatlı adi kağızda yazılmış həmin arayışa əsasən, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi, 39 saylı ev istiqamətində və ona yaxın ərazilərdə yaşamaq üçün hər bir şəraiti olan bina evlərində yerləşən 2-3 otaqlı mənzillərin kirayə haqqı 170-200 manat arasında dəyişir. Lakin X5 mənzillərin kirayə qiymətlərinin müəyyən edilməsi sahəsində zəruri bilik və ixtisasa malik olması barədə iş materiallarına heç bir sənəd əlavə olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 5000 manat məbləğində kompensasiya müqabilində Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi 39 saylı evin 1 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə iddiaçının 2003-cü ildən halhazırkı dövrə qədər fasiləsiz olaraq həmin mənzildə yaşamasını, həyat yoldaşının vəfat etməsini, onun iki yetkinlik yaşına çatmayan uşağı təkbaşına saxlamasını, mənzilin dörd otaqdan ibarət olmasını nəzərə almamışdır. Kollegiya hesab edir ki, təklif olunan kompensasiya məbləği cavabdehin iki yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli deyil. Məhkəmə kollegiyası iddiaçı tərəfə daha yüksək məbləğdə kompensasiya müqabilində mənzildən istifadə hüququ olan cavabdehlə razılığa gəlmək barədə təklif irəli sürməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasının təxirə salındığı iki ay müddətində həmin təklifə münasibət bildirməmişdir. Yuxarıda sadalanan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)- 2990/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia tələbi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar