Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3622/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər ünvan Notariat Ofisinə və “xxxx” ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(011)-5252/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və ünvan Dövlət Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən verilmiş 18 iyul 2020-ci il tarixli 8İ-1997 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 09 sentyabr 2019-cu il tarixdə şəxsi istehlak məqsədləri üçün Cavabdeh2 ASC-dən 20 faiz dərəcəsi ilə 48 ay müddətinə qaytarmaq şərtilə 10000 manat məbləğində kredit götürmüşdür. O, kredit götürdükdən 1 ay sonra işdən çıxmış, 2020-ci ilin mart ayından COVİD-19 xəstəliyinin yayılması ilə əlaqədar ölkə ərazisində tətbiq olunan sərt karantin rejiminə görə heç yerdə işləyə bilməmişdir. Buna görə də göstərilən borc məbləğini üzrlü səbəblərdən vaxtında ödəyə bilməmişdir. Cavabdeh2 ASC-nin müraciəti əsasında ünvan Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 18 iyul 2020-ci il tarixli 8İ-1997 nömrəli icra qeydinə əsasən ondan 11246,73 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmin icra qeydini qanunsuz hesab edir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borc mübahisəsiz olduğu halda icra qeydi verilə bilər. Hazırkı iş üzrə isə borc mübahisəlidir. O, Cavabdeh2 ASC-dən 11246,73 manat deyil, 10000 manat məbləğində pul almışdır, yəni onun adına olan kredit müqaviləsi üzrə borc məbləği 11246,73 manat deyil, 9722,24 manat təşkil edir. Çünki kredit müqaviləsi üzrə ilk ayın pulunu o ödəmişdir. Kredit müqaviləsinin müddəti 09 sentyabr 2023-cü il tarixdə başa çatsa da, bank tərəfindən ondan müqavilə müddətinin sonunadək faizlər tələb olunmuş, müqavilənin ləğv olunması məsələsi həll olunmamışdır. Bundan əlavə notarius icra qeydinin aparılması haqqında ona məlumat verməmişdir. Bu isə “Notariat hərəkətlərinin aparılması” haqqında Təlimatın 169cu maddəsinin 4-cü bəndinə ziddir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli 167 saylı Qərarının 161-ci maddəsinə əsasən borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparılır. Qeyd olunanlardan əlavə, mübahisələndirilən icra qeydi ona təqdim edilməmiş və elan edilməmişdir. Bu icra qeydindən icra sənədinin icrası mərhələsində xəbər tutmuşdur. Həmin icra qeydində tələbkarın adı və ünvanı göstərilsə də, borclunun adı və ünvanı, haqqın miqdarı, borcludan tutulmalı olan dövlət rüsumunun məbləği ilə yanaşı, xüsusilə ödəniləsi məbləğ, yəni tutmanın hansı borc məbləğinin ödənilməsinə yönəldildiyi ümumiyyətlə göstərilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(011)- 5252/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə belə hesab etmişdir ki, icra qeydi yox, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynidir. Əlavə olaraq şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə icra qeydi aparılmış tələbin borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsinin mümkünlüyünü əsas gətirməklə iddianı rədd edərkən hər hansı bir qanuna istinad etməmiş və həmin nəticəni qanunun tələbləri baxımından əsaslandırmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh ünvan Dövlət Notariat Ofisinin xüsusi notariusu Rəna Dadaşova məktubla məhkəməyə müraciət edərək apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, iş materiallarında olan Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 10.09.2019-cu il tarixli BPM**********51 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı illik 20% faiz ödəmək şərtilə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanan bildiriş məktubundan görünür ki, İddiaçı ünvan Notariat Ofisinin 8İ-1997 nömrəli, 18 iyul 2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi tələb olunmuşdur. Cavabdeh2 ASC tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli, 751 nömrəli maliyyə arayışından məlum olur ki, İddiaçı 10.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9862,37 manat məbləğində əsas borc, 1363,96 manat məbləğində faiz üzrə borcu olmaqla, ümumilikdə 11226,33 manat borcu vardır. İş materiallarında olan 18 iyul 2020-ci il tarixli 8İ-1997 nömrəli icra qeydinin surətindən məlum olur ki, ünvan notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İddiaçı Cavabdeh2SC-nin xeyrinə vaxtında ödənilməmiş 11226 manat 73 qəpik borc və tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11246 manat 73 qəpik məbləğində borcun tutulmasını təklif etmişdir. İşdə olan sübutlardan görünür ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas tərəflər arasında bağlanmış 10.09.2019-cu il tarixli BPM**********51 saylı kredit müqaviləsi olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında 4 təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. İşdə olan sübutlardan isə aydın olur ki, notarius tərəfindən borcun mübahisəsiz olduğu araşdırılmamışdır. Belə ki, iddiaçı kredit müqaviləsi üzrə bank tərəfindən hesablanmış borc məbləği ilə razı deyildir və həmin məbləği mübahisələndirir. Bundan əlavə, iş materiallarından göründüyü kimi notariat orqanı qanunvericiliyin tələblərini pozmaqla icra qeydinin aparılması barədə iddiaçını məlumatlandırmamışdır. Məhkəmə tədqiq edilən sübutları araşdıraraq belə nəticəyə gəlir ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun verilməməklə iddiaçının hüquqlarını pozduğuna görə ləğv edilməlidir. İddiaçı 10.09.2019-cu il tarixli BPM**********51 saylı kredit müqaviləsi üzrə borc məbləğini, “xxxx” ASC isə müqavilə üzrə öhdəliyin icra edilməməsini məhkəmə qaydasında mübahisələndirə bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə görə icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Qanunun həmin müddəası icra qeydi aparılmış tələblə yanaşı, icra qeydinin məhkəmə qaydasında mübahisələndirilməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsini səhv təfsir etməklə maddi hüquq normalarını pozmuşdur. Buna görə də apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(011)-5252/2020 saylı qətnaməsi ləğv olunmalı və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(011)- 5252/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. ünvan Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 18 iyul 2020-ci il tarixli 8İ-1997 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3622/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3622/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver