Məhkəmə qərarları › İş №2(103)-3624/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3624/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3624/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(009)-1060/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4-00019-Q/Y nömrəli müqavilədə müəyyən edilmiş ölçülərdə, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166-cı məhəllədə inşa edilmiş yaşayış binalarının 4-cü yaşayış binasının, 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(009)-1060/2024 saylı qərardadı ilə aidiyyət qaydalarına uyğun olmayan formada verildiyi üçün İddiaçı Cavabdeh MMCyə qarşı “müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(009)-1060/2024 saylı qərardadından verilmiş şikayəti həmin məhkəməninin 02 may 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsi ilə hüquqi şəxsin qeydiyyatda olduğu ünvan 1 ünvanı üzrə Bakı şəhəri, Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixlli, 4-00019-Q/Ynömrəli müqavilədə müəyyən edilmiş ölçülərdə, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166-cı məhəllədə inşa edilmiş yaşayış binalarının 4-cü yaşayış binasının, 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsi 2(009)-1060/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia ərizəsi geri qaytarılaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir, maddəsinə istinad edərək ərizənin mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi yer üzrə yəni Yasamal Rayon Məhkəməsinə müraciət etməyi bildirilmişdir. Bundan əvvəl iddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166-cı məhəllədə inşa edilmiş yaşayış binalarının 4-cü yaşayış binasının, 1-ci mərtəbəsində ona satılan 750 kv.m qeyri yaşayış sahəsinin çatışmayan 159,04 kv.m hissəsinin Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsi iddia ərizəsini geri qaytararaq, işin cavabdeh hüquqi şəxsin ünvan 1 ünvanı üzrə Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmasını bildirmişdir. Hesab edir ki, işə hüquqi şəxsin qeydiyyatda olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(009)- 1060/2024 saylı qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin vəyaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə iddia ərizəsini geri qaytarardən qeyd etmişdir ki, iddiaçının iddia tələbi məhz daşınmaz əmlakın təhvil verilməsi ilə bağlıdır ki, tələb edilən daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3166-cı məhəllədə inşa edilmiş 4-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Odur ki, iddiaçı mövcud iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməlidir. Məhkəmə kollegiyası birinci instaniysa məhkəməsinin mövqeyini əsaslı hesab etmir. Belə ki, iddia ərizəsindən göründüyü kimi hazırki iddia tələbi müqavilədən əmələ gələn öhdəliklərin icrası ilə bağlı olmaqla, iddiaçının “müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbi onunla Cavabdeh MMC arasında bağlanmış 15 may 2018-ci il tarixli, 6506025-4-00019-Q/Y nömrəli qeyri yaşayış sahəsinin alğı-satqı müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə tələb müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləri ilə bağlı olmaqla, məhkəmə qeyd olunan tələbə müstəsna aiddiyyat qaydalarına uyğun qiymət verməklə, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(009)-1060/2024 saylı qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(009)- 1060/2024 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar