Məhkəmə qərarları › İş №2(103)-3625/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3625/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3625/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“subroqasiya qaydasında pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-244/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi) ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4144,85 manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 836,07 manat ƏDV məbləği və 70,21 manat dövlət rüsumu, ümumilikdə 5051,13 manat məbləğində pulun tutularaq iddiaçı "Meqa Sığorta” ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi təqdim edərək, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunduğunu, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə "Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2268 manat hesablandığını, ƏDV də daxil olmaqla, tələb edilən ziyan məbləğinin əsassız olduğunu, ekspert rəyində dəymiş ziyanın məbləği aparılan tədqiqat əsasında, o cümlədən avtomaşının həm texniki vəziyyətinə, həm də ki, dəymiş ziyanın real bazar qiymətlərinə uyğun hesablanması nəticəsində 2268 manat maksimum məbləğ hesablandığını, eyni zamanda hesablanmış ziyan məbləğinin ƏDV üzrə əlavələrin tələb edilməsi ƏDV- nin tətbiqinin əsaslarını yaradan qanunvericiliklə uyğunluq təşkil etmədiyini, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə "Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə hesablanmış 2268 manat məbləğ maşına dəymiş ziyanın bərpa edilməsi üçün tələb edilən məbləğdən yuxarı olduğunu bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-244/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2268 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 32 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat məbləğində pulun 45 manatının Cavabdeh, 55 manatı isə "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 936, 1096, 1097.1, 1108; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 103.2, 119.1, 217.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Ekspert rəyinin tədqiqi hissəsindən görünür ki, malın (işin,xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi biliyə malik ekspertin rəyində avtomobilə dəymiş zərərin ümumi məbləği müəyyən edilmişdir və həmin məbləğ ƏDV də daxil olmaqla əşyaların bazarda satış qiymətlərini özündə əks etdirir. Belə ki, qiymətlərin ƏDV daxil olmadan göstərilməsi məntiqə uyğun olmamaqla ümumi qəbul olunmuş qaydalarla da ziddiyyət təşkil edir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlmişdir ki, "Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində sığortalının avtomobilinin təmiri və ehtiyat hissələri üçün 4980, 92 manat ödənilsə də, Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2023-cü il tarixli ekspert rəyində "X6” MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2019-cu il buraxılışlı "Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq eidlməklə təxmini 2268 manat müəyyən edilmişdir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: -xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinn tibbi müayinəsi aktına əsasən, X4 alkoqol sərxoşluğu vəziyyəti yoxdur; - xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə "Mercedes Benz GL450” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Cavabdeh 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; - Avtonəqliyyat vasitələrinin könüllü sığortası şəhadətnaməsindən müəyyən olunur ki, "Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil "MEQA Sığorta” ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. Sığorta risklərinə nəqliyyat və hava nəqliyyat vasitələrinin toqquşması riski də daxildir; - "Rabitə bank” ASC-nin 10 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, X2 500 manat ödəniş edilmişdir; - X5 MMC-nin xx.xx.2023-cü il tarixli Hesab- Fakturaya əsasən, "Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin yekun məbləği 5480 manat təşkil edir; - xx.xx.2023-cü il tarixli Elektron Qaimədən görünür ki, "MEQA Sığorta” ASC tərəfindən X5 MMC-yə 5480,92 manat ödəniş edilmişdir; - "Hermes Finance” QSC tərəfindən "MEQA Sığorta” ASC-yə ünvanlanan xx.xx.2023- cü il tarixli məktuba əsasən, "Hermes Finance” QSC-yə məxsus olan "Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili təmirdən təhvil alınmış, "MEQA Sığorta” ASC-yə və zərəvuran şəxsə qarşı heç bir iddiaları olmayacaqdır; - AA seriyalı 746921 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "Hermes Finance” QSC-dir; - Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətinə əsasən, "Hermes Finance” QSC mülkiyyətində olan "Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil dair X2 etibarnamə vermişdir; - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "X6” MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2019cu il buraxılışlı "Toyota Rav 4” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq eidlməklə təxmini 2268 manat müəyyən edilir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 244/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, 836,07 manat ƏDV məbləğinin, 2268 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi və 32 manat dövlət rüsumu olmaqla ümumilikdə 3136,07 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin hesabına köçürülməsinə dair apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1; Mülki Məcəllənin 1096, 1097.1; Mülki Prosessual Məcəllənin 88 -ci maddələrinə istinadən qeyd edilmişdir ki, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. "Toyota Rav4" markalı, ** PF *** dövlət nömrə nişanlı avtomobil "xxxx" MMC-də təmir olunmuşdur və "xxxx" MMC ƏDV ödəyicisi kimi qeydiyyatda olduğundan təqdim etdiyi mallar vergi tutma obyekti olmuşdur və ƏDV ödəyicisi olmayan Cəmiyyətimizin büdcəsindən həmin MMC-yə ƏDV ödənilmişdir. Beləliklə, Cəmiyyətimiz ƏDV ödəyicisi olmadığı üçün "xxxx" MMC-yə ödədiyi 836,07 manat ƏDV məbləği Cavabdeh tutularaq "xxxx" ASC-nin hesabına subroqasiya hüququ əsasında ödənilməlidir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Mülki hüquq pozuntusu (delokt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Birinci instansiya məhkəməsi haqqında bəhs edilən maddələr ilə müəyyən edilən hüquqları öz qətnaməsində əsaslandırmasına baxmayaraq, həmin maddələrin tələblərini pozmaqla əsassız və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, qeyd olunan maddələrdə zərərin zərərvuran tərəfindən tam həcmdə qarşılanmalı olduğu vurğulansa da, ƏDV ödəyici olmayan hüquqi şəxsin ödədiyi ƏDV məbləği məhkəmə tərəfindən təmin olunmamış və məhkəmənin çıxardığı qərarda bu məsələyə toxunulsa da, qanunvericilik tərəfindən araşdırılmadan əsassız qərar qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsində iş üzrə verdiyimiz izahat və irəli sürdüyümüz sübutları nəzərə almamış, qətnamədə bu məsələlərə ümumiyyətlə toxunulmamışdır. Məhkəmə mübahisəyə birtərəfli yanaşmış və qətnamə iş üzrə müəyyən edilmiş hallara əsaslanmamışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-244/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edirlər. Ona görə ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci tarixli yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də "avtonəqliyyat vasitələrinin könüllü sığortası" növü üzrə sığortlanamış "Toyota Rav4" markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" MMC-yə 836,07 manat ƏDV məbləği daxil omaqla ümumilikdə 4980,92 manat məbləğində sığorta ödənişi həyata keçirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qətnaməsində ƏDV ödəyicisi olmayan hüquqi şəxs olan "xxxx" ASC tərəfindən ödənilən ƏDV məbləğini nəzərə almadan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində təyin etdiyi 2268 manat məbləği təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi "xxxx" ASC tərəfindən ödənilmiş 836,07 manat məbləğ həcmində ƏDV-yə dair heç bir mövqe bildirməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etmiş, ƏDV ödənilməsində onların cavabdehlik daşımalı olmadığını, bundan əlavə, ekspert rəyində məbləğinin şişirdilmiş şəkildə hesablandığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı ASC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

9. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə müvafiq olaraq Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə ; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda; 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə görə: Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; - Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; - Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir; -Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir; Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; - Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4-8, 25, Mülki Məcəllənin 21, 925-936, 1096, 1097, 1108, 1114-1115; Mülki Prosessual Məcəllənin 76, 77, 80- 82, 88, 103.1, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, işin araşdırılmış hallarına müvafiq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinə iddia tələbi və apellyasiya baxışının hədlərinə müvafiq birinci instansiya məhkəməsinin mövqeyinin (qanuntətbiqetmənin) ümumilikdə əsaslı olsa da, işin sübuta yetirilən hallarında qismən yanlış nəticəyə gəlmiş və ödənilmiş ƏDV məbləğini nəzərə almamışdır. Ona görə kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iddia qismən edilməli, cavabdehdən 18% ƏDV ödənişinə görə qət edilən məbləğə mütənasib 2268 manat məbləğ nəzərə alınmaqla, cəmi (2268 x 18% =) 408.24 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması təmin edilməlidir. Belə ki, iddiaçı qət edilən məbləğlə razılaşmış və şikayət verməyən cavabdehin də əlavə dəyər vergisi üçün iddiaçının ödədiyi məbləğin mütənasib hissəsində mülki məsuliyyəti yaranmışdır. Diqqətə çatdırılmalıdır ki, iddiaçı göstərdiyi xidmətlərə görə deyil, təmirə görə ödənilmiş ƏDV məbləği tələb etmiş, bu da zərərin tərkib hissəsini təşkil edir.

12. Apellyasiya şikayətinin verilməsi (məhkəmələrə müraciət edilməsi) üçün ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərci ödəyən şəxslərə aid edilməlidir.

13. Mübahisələndirilən hissəsində iddianın qiyməti 5000(beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kasassiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ : İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-244/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi qismən - iddia tələbinin 836,07 manat ƏDV məbləğinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək tələb qismən təmin edilsin. Cavabdeh 408,24 (dörd yüz səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar