Məhkəmə qərarları › İş №2(103)-3626/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3626/2024

23.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3626/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(011)- 6934/2021 saylı qərardadı ilə işə baxılıb yekun qərar çıxarılanadək mübahisə predmeti olan ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(011)-6934/2021 saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı - Cavabdeh4 və Cavabdeh5 arasında ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqlarının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması, Cavabdeh4 mülkiyyətinə qaytarılmış ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına Cavabdeh4 məhkəmə qətnamələri ilə iddiaçıya münasibətdə üzərinə qoyulmuş pul öhdəliklərinin icrasına yönəldilməsi, dövlət rüsumunun və ödənilən vəkil xərcinin tutulması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

2. Məhkəmənin həmin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(103)- 2148/2022 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(103)-2148/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2(102)- 4434/2022 saylı qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022- ci il tarixli, 2(103)-2148/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(103)-1687/2023 saylı qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, Cavabdeh4 və Cavabdeh5 arasında ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağlanmış 13 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh4 ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M22, m2) dair hüquqlarının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(103)-1687/2023 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsinin qismən - İddiaçı1 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı Cavabdeh4 mülkiyyətinə qaytarılmış mənzilin açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh4 məhkəmə qətnamələri ilə iddiaçıya münasibətdə üzərinə qoyulmuş pul öhdəliklərinin icrasına yönəldilməsi tələbinə dair hissədə ləğv olunması və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

5. Cavabdeh4 ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda inşa edilən 1 saylı binanın 100 nömrəli mənzilinin üzərindən həbsin götürülməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı 14 dekabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(011)- 6934/2021 qərardadının ləğv edilməsi, mübahisə predmeti olan ünvan 1 ünvanda inşa edilən 1 saylı binanın 100 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M22, m2) üzərinə özgəninkiləşdirilmə ilə bağlı qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır.

6. Həmin qərardaddan İddiaçı1 tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8100/2023 saylı 27 dekabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6934/2021 saylı işi üzrə 14 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş Xətai Rayon Məhkəməsinə qaytarılmışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı 11 yanvar 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı 14 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

8. Məhkəmənin 14 dekabr 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil 28 dekabr 2023-cü il tarixdə şikayət vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qərardaddan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6934/2021 saylı 19 yanvar 2024-cü il tarixli qərardadı ilə İddiaçı1 nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı 14 dekabr 2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin rədd edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2023- cü il tarixli 2(011)-6934/2021 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilməsi üçün müyyən olunmuş müddətin ötürülməmiş hesab edilməsi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı 14 dekabr 2023-cü il tarixli qərardadından verdiyi şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(103)-1790/2024 saylı qərardadı ilə İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı işi üzrə 14 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, İddiaçı1 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Cavabdeh4 “əmlakın üzərindən həbsin götürülməsi” barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır.

10. Cavabdeh4 hazırda yenidən ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda inşa edilən 1 saylı binanın 100 nömrəli mənzilinin üzərindən həbsin götürülməsini xahiş etmişdir.

11. Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

12. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

15. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

16. Ərizəni təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(103)-1790/2024 saylı qərardadı ilə cavabdehin ərizəsinə mahiyyəti üzrə qiymət verildiyi tarixdən sonra iş üzrə hər hansı dəyişiklik baş vermədiyindən, yəni qərardadda qeyd edilən hallar aradan qalxmadığından, məhkəmə hesab edir ki, ünvan 1 ünvanda inşa edilən 1 saylı binanın 100 nömrəli mənzilinin üzərindən həbsin götürülməsi barədə Cavabdeh4 ərizəsi təmin edilə bilməz.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər.

19. MPM-in 162.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur.

20. MPM-in 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər.

21. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi üçün əsaslar olmadığından, rayon məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

23. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

24. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

25. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar