Məhkəmə qərarları › İş №2(103)-3627/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3627/2025

01.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3627/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X2 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvana (abonent kodu: **********00154) qazdan istifadəyə görə yazılmış 5928,89 manat borcun cavabdeh tərəfindən silinməsi və ödədiyi puldan borc kimi tutulmuş cəmi 291,91 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər raynu, Buzovna qəsəbəsi, fərdi ev (abonent kodu: **********00154) ünvanında sayğac iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən akt tərtib edərək sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyində qeyd edilmişdir ki, güya o, sayğaca müdaxilə etmişdir və ona görə ona haqsız yerə 3 dəfə, ümumilikdə 6220,80 manat cərimə borcu yazılmışdır. Bir müddət sonra puldan tutulmaların olduğunu görmüşdür. Hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00154) İddiaçı 2021-2023-cü illər üzrə hesablanmış 5928,89 (beş min doqquz yüz iyirmi səkkiz manat səksən doqquz qəpik) manat məbləğində borcun silinməsi, 79,28 (yetmiş doqquz manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun və 65 (altmış beş) manat məbləğində ekspertiza xərcinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğaca müdaxilə etmək vasitəsilə istifadə etməklə, o cümlədən istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmədən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktlarının aşkar olunması, aşkar olunmuş faktların yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilməsi, müvafiq foto şəkillərin çəkilməsi, abonentin təqsirli hərəkətləri nəticəsində Birliyə zərər dəyməsi, aktların təbii qazdan qanunsuz istifadəyə dair əsas olması, iddianın əsassız olması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni yoxlanılan hissədə (iddianın təmin olunan hissəsində və məhkəmə xərclərinin tutulması hissədə) ləğv olunmalı, həmin hissədə iddia aşağıdakı göstərilən əsaslarla qismən təmin olunmalıdır. Belə ki, işdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3.456 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 36.720 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 12.240 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İşdə olan İddiaçı məxsus **********00154 saylı abonent kodu üzrə abonent saldosundan görünür ki, abonentin 2021-ci ilin oktyabr ayı üzrə 345,60 manat, 2022-ci ilin noyabr ayı üzrə 4406,40 manat və 2023-cü ilin yanvar ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 1468,80 manat borcu mövcud olmuşdur. İşdə olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, qaz təchizatına görə İddiaçı borcu 6096,69 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16- 16/2-3/595 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. İlkin olaraq qeyd olunmalıdır ki, cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsində qaz sayğacından kənar xətt vasitəsilə təbii qazdan istifadə edilmə barədə yuxarıda qeyd olunan müxtəlif tarixli aktlar tərtib olunmuş, həmin aktların nəticəsi olaraq itirilmiş qaz hesablanaraq, onun əsasında iddiaçıya borc yazılmışdır. Hazırkı halda isə, yuxarıda qeyd olunan aktlar üzrə cəmi 6220,80 manat cərimə borcu yazılsa da, iddiaçı aktların qanunsuz olmasını, kənar qoşulma halının olmamasını, iştirakının təmin olunmamasını və s. bildirərək, 5928,89 manat borcun silinməsini tələb etmişdir. İşə baxan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt vasitəsilə təbii qazdan istifadə edilmə barədə aktlar tərtib edilmişdir və aktlara əsasən iddiaçıya ümumilikdə 6220,80 manat borc yazılmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, bu faktları təsdiq edən şübhədən kənar mötəbər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İşdən görünür ki, iddiaçı cəmi 3 akt (xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* və xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar) üzrə yaranmış borc məbləğini mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi isə yoxlanılan hissədə aktlar üzrə ayrı-ayrılıqda araşdırma apararaq onlara hüquqi qiymət verməmiş (2021-ci il tarixdə tərtib olunmuş akta ümumiyyətlə hüquqi qiymət verilməmişdir), aktlar üzrə borc məbləğini düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, qətnamə işin hallarına uyğun əsaslandırılmamışdır. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz. Bu hal MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin yoxlanılan hissədə ləğvinə tam əsasdır. MPM-in 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia yoxlanılan hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qərarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Həmçinin qeyd olunmalıdır ki, «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçının abonent hesabına borcun hesanlanmasına dair əsaslar həmçinin cavabdeh qrum tərəfindən tərtib edilmiş aktlar olduğundan, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Bu istiqamətdə qeyd edilməlidir ki, «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qeyd edilməlidir ki, ««Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Qanuna yuxarıda qeyd edilən norma əlavə edilmiş, qeyd olunan maddi 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir (Analoji məsələ, sonradan həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsində də nəzərdə tutulmuşdur.) Yuxarıda da qeyd edildiyi kimi, aktlardan bəziləri, yəni xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar yuxarıda göstərilən norma qüvvədə olduğu vaxt tərtib olunmuş və həmin akta əsasən əlavə sərfiyyat (dəymiş ziyan) kimi hesablanmış müvafiq pul vəsaiti tələb olunmuşdur. Göründüyü kimi, qanunverici açıq-aşkar müəyyən etmişdir ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Yalnız bundan sonra, yəni istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırkı halda isə, cavabdeh orqan tərəfindən qeyd olunan aktlar tərtib olunan zaman abonentin təqsirinin müəyyən olunması üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və abonentin təqsirinin müəyyən olunması halı aşkar olunmur. Belə olan halda isə, iddiaçının abonent hesabına xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara görə əlavə sərfiyyatın daxil edilərək onun ödənilməsinin iddiaçıdan tələb olunması qanunvericiliyin qeyd edilən tələbləri ilə uzlaşmamaqla, əsassızdır. Həmin iki akta əsasən hesablanmış əlavə sərfiyyatın ümumi məbləği 5875,20 manat (4406,40 manat + 1468,80 manat = 5875,20 manat) təşkil etdiyindən, iddia həmin hissədə təmin olunmalı, qeyd edilən pul vəsaiti iddiaçıya məxsus abonent hesabından silinməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası mübahisə predmeti olan digər akt, yəni xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış əlavə sərfiyyatın qanuniliyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş ekspertiza zamanı təbii qazdan qanunsuz istifadə halı (qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir) müəyyən edilməsə də, abonent saldosunun təhlilindən görünür ki, 2021-ci ilin yanvar ayından həmin ilin sonunadək abonent tərəfindən qazdan istifadəyə görə cüzi (cəmi 70 manat) ödəniş olunmuş, xüsusən qış aylarında qazıdan istifadəyə görə ümumiyyətlə ödəniş həyata keçirilməmişdir. Həmçinin, iddiaçı həmin müddətdə mübahisəli ünvanda yaşamaması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, ünvan üzrə cüzi də olsa ödənişlərin həyata keçirilməsi yaşayış sahəsində təbii qazdan istifadə olunmasını ehtiva edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, uzun müddət ərzində təbii qazdan istifadə olunmasına görə iddiaçı tərəfindən ödənilmiş cüzi məbləği əsaslı və ağlabatan hesab etmir. Bu səbəbdən də xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın tərtib olunması qanunsuz sayıla bilməz. Belə olan halda isə yoxlanılmalı olan növbəti hal, müvafiq akta əsasən hesablanmış əlavə sərfiyyatın düzgünlüyünün müəyyən edilməsidir. İşdə olan xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 2 ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 3456 m3 qaz itkisi hesablanmışdır. Eləcə də, işdə olan abonent saldosundan görünür ki, qeyd olunan akt üzrə iddiaçıya 345,60 manat borc hesablanmışdır. Yoxlanılan hissədə iddia tələbinin ümumi həddi 5928,89 manat borcun silinməsi olduğundan və yuxarıda qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar üzrə 5875,20 manat borcun (əlavə sərfiyyatın) hesablanması əsassız olunduğundan, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə iddia məbləği 53,69 manat (5928,89 manat – 5875,20 manat = 53,69 manat) təşkil edir. Çünki, iddia tələbi 291,91 manat pulun qaytarılması hissədə rədd olunmuş, iddiaçı qətnaməni həmin hissədə mübahisələndirməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi - xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə yoxlanılan hissədə (həmin məbləğ yoxlanıdlan hissədə 53,69 manat təşkil edir) rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (yəni yoxlanılan hissədə – “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00154) İddiaçı 2021- 2023-cü illər üzrə hesablanmış 5.928,89 (beş min doqquz yüz iyirmi səkkiz manat səksən doqquz qəpik) manat məbləğində borc silinsin” və məhkəmə xərclərinin tutulması hissədə) ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00154) İddiaçı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar üzrə hesablanmış 5875,2 (beş min səkkiz yüz yetmiş beş manat, 20 qəpik) manat məbləğində borc (əlavə sərfiyyat) silinməli, iddia yoxlanılan qalan hissədə (yoxlanılan qalan hissə xx.xx.2021-ci il tarixli ******* nömrəli akt və həmin akta əsasən 53,69 manat həddində iddia tələbidir) təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində icraat zamanı 65 (altmış beş) manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. Bununla yanaşı, iddiaçı hazırki iddianın qaldırılması üçün dövlət rüsumunun ödənilməsindən azad olduğundan, həmçinin iddia qismən, yəni 5875,20 manat hissədə təmin olunduğundan, qanunvericiliyin tələblərinə əsasən ödənilməli olan 78,75 manat dövlət rüsumu da cavabdehə aid edilməli, sonuncudan tutularaq dövlət nəfinə verilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, hazırki qətnamə ilə iddia tələbi 53,69 manat hissədə təmin olunmamışdır. Bu səbəbdən də qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən (yəni yoxlanılan hissədə – “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00154) İddiaçı 2021-2023-cü illər üzrə hesablanmış 5.928,89 (beş min doqquz yüz iyirmi səkkiz manat səksən doqquz qəpik) manat məbləğində borc silinsin” hissədə) ləğv olunsun, həmin hissədə iddia qismən təmin olunsun. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00154) İddiaçı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar üzrə hesablanmış 5875,20 (beş min səkkiz yüz yetmiş beş manat, 20 qəpik) manat məbləğində borc (əlavə sərfiyyat) silinsin. İddia yoxlanılan qalan hissədə (yoxlanılan qalan hissə xx.xx.2021-ci il tarixli ******* nömrəli akt və həmin akta əsasən 53,69 manat həddində iddia tələbidir) təmin olunmasın. Qətnamə həmçinin məhkəmə xərcləri hissədə ləğv olunsun. Məhkəmə xərcləri Cavabdehnə aid edilsin. Cavabdehdən aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 65 (altımış beş) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************), habelə dövlət rüsumuna görə 78,75 (yetmiş səkkiz manat, 75 qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Cavabdehə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar