Məhkəmə qərarları › İş №2(103)-3630/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3630/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3630/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, İkram Sabir oğlu Şirinov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə öhdəliklərin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 30000 manat icarə haqqının, dəymiş ziyana görə 20000 manatın tutulması və Cavabdeh1 generatorun alınması və ona qaytarılması mümkün olmadığı təqdirdə dəyərinin hazırki bazar qiymətinə uyğun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 istifadəsində olan ona məxsus 22 kva generatorun üzərinə həbs qoyulması və müvəqqəti saxlanc yerində saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)- 655/2021 saylı qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə qismən təmin edilərək, Cavabdeh1 istifadəsində olan 22 (iyirmi iki) kva generatorun üzərinə həbs qoyulmuşdur. Cavabdeh1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-655/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, iddia ərizəsində sözügedən generatorun Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmasına dair hər hansı bir əsas və ya sübut göstərilməmişdir. Odur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)-655/2021 saylı qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsinə dair qərardad qəbul edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)- 655/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X3 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)-655/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olduğundan, eləcə də qeyd edilən əmlakın özgəninkiləşdirilməsi ehtimalı olduğundan, həmin əmlakın üzərinə həbs qoyulmalıdır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)-655/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)-655/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər İkram Şirinov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar