Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3631/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1847/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********06571 Samsung Galaxy S21 markalı telefon almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür.
2. "xxxx" MMC tərəfindən verilmiş 20 fevral 2023-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2990,2 manat olan İmei kodu **********06571 Samsung Galaxy S21 markalı telefon üçün cəmi ödədiyi məbləğ 1184 manat, ödənilməmiş əsas borcu 1806.2 manat, dəbbə borcu 180.8 manat olmaqla, ümumi ödənilməmiş borcu 1987 manat təşkil edir.
3. 20 fevral 2023-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İmei kodu **********06571 Samsung Galaxy S21 markalı telefonun aylıq ödəniş məbləği 111.2 manat təşkil edir.
4. "xxxx" MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl edilməmişdir. Mövcud müqavilənin 3.11-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün yuxarıda göstərilən malların "xxxx" MMC-yə tam saz və korlanmamamış vəziyyətdə geri qaytarmalıdır. Bu zaman geri qaytarılan mal birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcək. Bu mümkün olmadıqda, malın müqaviləyə əlavədə qeyd olunmuş dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilməlidir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı halda aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********06571 Samsung Galaxy S21 markalı telefon üçün 1806,20 manat ödənilməmiş hissə, 180,80 manat cərimə olmaqla, ümumilikdə 1987 manat borc, 39,87 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********06571 Samsung Galaxy S21 markalı telefon almış və nəticədə 1987 (min doqquz yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2990.2 (iki min doqquz yüz doxsan manat iyirmi qəp) manat (26 ay x 111.2 manat + 99 manat ilkin ödəniş), İmei kodu **********06571 Samsung Galaxy S21 markalı telefon üçün ümumilikdə, 1987 (min doqquz yüz səksən yeddi) manat olmaqla ondan, 1806.2 (min səkkiz yüz altı manat iyirmi qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 180.8 (yüz səksən manat səksən qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1184 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin iddiaçı tərəfindən göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ərizəyə əlavə olunan Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1847/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********06571 Samsung Galaxy S21 markalı telefon üçün 1806,20 manat ödənilməmiş hissə, 180,80 manat cərimə olmaqla, ümumilikdə 1987 manat borc, 39,87 manat dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********06571 Samsung Galaxy S21 markalı telefon üçün 1806,2 manat ödənilməmiş hissə, 180,8 manat cərimə olmaqla, ümumilikdə 1987 manat borc, 39,87 manat dövlət rüsumu alınaraq, iddiaçının xeyrinə ödənilməlidir.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 284-1, 284-5.3, 284-6, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1847/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, guya ona iddia ərizəsi göndərilmiş və 10 gün müddətində iddia ərizəsinə etirazını bildirməyib. Onun poçt ünvanına "xxxx" MMC-nin iddia ərizəsi göndərilməmiş və məhkəmənin mövcudluğundan məlumatı olmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, guya poçt göndərişinin verilməsi haqqında xəbərnamə iş materiallarına əlavə edilmişdir. Şəxsən o poçt göndərişinə imza etməyib. Həmin xəbərnamədə olan imza onun imzası deyildir və həmin imza məhkəmə xəttşünaslıq ekspertizası tərəfindən araşdırılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində bilmək olmur ki, o iddiaçı "xxxx" MMC-dən mobil telefon götürüb yoxsa Kombi Ariston götürüb. Əvvəlcə qətnamədə 14 fevral 2021-ci il tarixli müqavilə üzrə yaranmış borcun tələb edilməsi göstərilsə də, qətnamənin əsaslandırıcı hissəsində isə 24 fevral 2020-ci il tarixli müqavilə üzrə borc əsaslandırılmış və qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində iki fərqli müqavilələr qeyd edilmiş və həmin müqavilələr üzrə məbləğlər göstərilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin giriş hissəsində başqa müqavilə və onun ödənilməli olan məbləğləri, əsaslandırıcı hissəsində ayrı müqavilə və onun ödənilməli olan ödənişləri və qətnamənin qət etdi hissəsində yenidən ayrı müqavilə və ödənişlər qeyd edilmişdir. Bu bir daha onun göstəricisidir ki, birinci instansiya məhkəməsi işi qanunvericiliyə uyğun olaraq araşdırmamış, seçici hüququna malik olan vətəndaşın hüquqları pozulmuş və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbində 180.80 manat cərimə borcu tələb etmiş və birinci instansiya məhkəməsi cərimə borcunu əsas borca münasibətdə qanuni hesab edərək tam təmin etmişdir. İddiaçı "xxxx" MMC ilə onun arasında bağlanmış 14 fevral 2021-ci il tarixdə 24 ay müddətinə müqvailə bağlanmışdır. Həmin müqavilənin bitmə tarixi 14 fevral 2023-cü il tarixdə bitmişdir. Onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinin bitməsindən 1 ay keçməmiş məhkəməyə müraciət etmiş və iddia ərizəsində cərimə borcunun şişirdilmiş məbləğdə verilmişdir. Birinci instansiya məhkəməsində buna baxmayaraq şişirdilmiş cərimə borcunu tam şəkildə təmin etmişdir. Halbuki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz tələb edə bilərdi. Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,,399.4,,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərinin tam icraedilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
14. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
15. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (Maddə 443.1)
16. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Maddə 600.1)
18. Məcəllənin 601.1-ci maddəsində qeyd edilir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (Maddə 600.4)
19. Məcəllənin 462.1-ci maddəsində qeyd edilir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. İş materiallarından isə göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin predmeti olan əşya məhz sonuncuya təhvil verilmişdir. Bununla bağlı aidiyyəti sənədlər də Cavabdeh tərəfindən imzalanmışdır.
26. "xxxx" MMC tərəfindən verilmiş 20 fevral 2023-ci il tarixli maliyyə cədvəlinə əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2990,2 manat olan İmei kodu **********06571 Samsung Galaxy S21 markalı telefon üçün cəmi ödədiyi məbləğ 1184 manat, ödənilməmiş əsas borcu 1806,2 manat, dəbbə borcu 180.8 manat olmaqla, ümumi ödənilməmiş borcu 1987 manat olmuşdur.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 1806,20 manat əsas borcun tutulması ilə bağlı düzgün qənaətə gəlmişdir.
28. Cavabdeh apellyasiya şikayətinin dəlilində qeyd edir ki, cavabdehdən tələb edilən 180.8 manat manat dəbbə pulu borcu şişirdilmişdir.
29. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.5-ci bəndində qeyd edilir ki, “Müştəri” ödənişləri vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1 faizi həcmində mübahisəzi olaraq peniya ödəyir.
30. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən 180.8 manat dəbbə pulu ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda iddiaçı tərəfindən yüksək məbləğdə dəbbə pulunun tələb edilmədiyi nəzərə alaraq məhkəmə kollegiyası iddia tələbini həmin hissədə də əsaslı hesab edir.
31. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh şikayətinin dəlili olaraq cərimə borcunun şişiridildiyini qeyd etsə, bu məbləğin mübahisələndirilməsi ilə bağlı əks sübutları məhkəməyə təqdim etməmişdir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
33. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
37. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1847/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev