Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3631/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-3796/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 Şirkəti cavabdeh X1 qarşı “özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 nömrəli mədənin 5-ci sahəsində neft xəttinin mühafizə zolağında və Şirkətin saziş ərazisi hüdudları (1. 398399.101 4478241.127; 2.398414.213 4478248.127; 3. 398421.160 4478234.234; 4. 398405.623 4478226.015 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 3796/2023 nömrəli qətnaməsi ilə (hakim Səlimova Səadət) iddia tələbi təmin olunmamışdır. İddiaçı həmin qətnamədən 27 mart 2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, şikayətə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3796/2023 nömrəli qərardadı ilə ərizəni təmin olumamışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilmiş ərizədə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməmiş hesab edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi məhkəmədən xahiş edilsə də, həmin ərizənin məzmunundan və mahiyyətindən, eyni zamanda ərizənin əsaslandırılmasından görünür ki, ərizənin mahiyyəti məhz apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən ibarətdir. İddiaçı Şirkəti sözügedən məhkəmə işindən məlumatlı olmaqla yanaşı, 07 avqust 2023- cü il tarixdə keçirilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmiş, həmin məhkəmə iclasında qətnamə nümayəndənin iştirakı ilə elan edilmiş, qətnamədən çıxarış iddiaçının nümayəndəsi X3 təqdim edilmiş və onun tərəfindən məhkəmə qəbzinə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. 26 avqust 2023-cü il tarixdə sözügedən qətnamə məhkəmə tərəfindən “elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş, 31 avqust 2023-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə Şirkətə məxsus elektron kabinetə yerləşdirilmiş, iddiaçı tərəf isə müddəti ötürməklə 27 mart 2024-cü il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Eləcə də, qətnamədən apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməməsinin üzürlü səbəbi kimi Şirkətin ümumi serverində və internet şəbəkəsində yaranmış uzunmüddətli problemin olması göstərilsə də, bununla bağlı müvafiq sübutlar da məhkəməyə təqdim edilməmiş və həmin hal iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş, şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-3796/2023 nömrəli qərardadı ilə təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının prosessual müddətin ötürülməmiş hesab olunması barədə ərizəsi onun məzmunu, mahiyyəti və əsaslandırılması etibarı ilə buraxılmış müddətin üzrlü hesab olunaraq bərpa olunması kimi qiymətləndirilməlidir. Həmçinin, şikayətin mətnində də bunun əksi ilə bağlı hər hansı dəlil irəli sürülməmişdir. MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 2(001)-3796/2023 nömrəli qətnaməsi iddiaçının nümayəndəsinin iştirakı ilə 07 avqust 2023-cü il tarixdə tarixində elan olunmuş, nümayəndə qətnamədən çıxarışı imzalamaqla qəbul etmiş, qətnamənin özü əsas sənəd kimi 26 avqust 2023-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Həmçinin, iş materillarından görünür ki, qətnamənin tam mətni 31 avqust 2023-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə iddiaçıya məxsus elektron kabinetə də yerləşdirilmişdir. MPM-in 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, qətnamə 31 avqust 2023-cü il tarixdə iddiaçıya məxsus elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada verilmişdir, belə olan halda isə qətnamədən apellyasiya şikayəti verilməsi üçün sonuncu gün 30 sentyabr 2023-cü il tarixi olmuş, lakin həmin müddət ərzində şikayət verilməmiş, bu səbəbdən də qətnamə qanuni qüvvəsini almışdır. İddiaçının ərizəsi və onunla eyni məzmunlu şikayətində müddəti buraxılmasının səbəbi kimi, iddiaçıya məxsus ümumi serverdə və internet şəbəkəsində yaranmış uzunmüddətli problemlə əlaqədar, Şirkət tərəfindən mütəmadi olaraq elektron informasiya sistemi vasitəsilə şəxsi kabinetə daxil olmaq və sənədləri nəzarətdə saxlamağın mümkün olmaması göstərilsə də, bununla bağlı müvafiq sübutlar da məhkəməyə təqdim edilməmiş və həmin hal iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı hüquqi şəxsdir, fiziki şəxsə münasibətdə daha geniş imkanlara və resurslara malikdir. Şirkətin informasiya resurslarında hər hansı problemlər yarandığı halda qətnamənin əldə olunması üçün dərhal, ardıcıl və ağlabatan addımlar atmaq imkanına malikdir. Belə olan halda isə, məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Beləliklə, iddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmüş (təqribən 5 aydan çox), prosessual müddətin bərpasına dair verdiyi ərizədə göstərilən səbəblər isə müddətin üzrlü sayılmasına qanuni əsas təşkil edə bilməz. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, cavabdeh tərəfindən müddətin ötürülməsinin üzrlü sayılması və bərpa olunması üçün prosessual əsaslar mövcud deyildir. İddiaçı prosessual müddətin üzrlü səbəblərdən ötürməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edildiyi kimi iddiaçı buraxılmış prosessual müddətin üzrlü sayılması üçün keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, qeyd edilməlidir ki, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-3796/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-3796/2023 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3631/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3631/2024
04.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver