Məhkəmə qərarları › İş №2(103)-3637/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3637/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3637/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-607/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, İddiaçı məxsus olan ipoteka predmetinə - Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 Bağ sahəsi 501A saylı ünvanında yerləşən ümumi sahəsi 0.057 ha torpaq sahəsinə dair cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən keçirilən hərracla bağlı xx.xx.2019cu tarixli Y-115 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 Bağ sahəsi 501A saylı torpaq sahəsinin üzərinə iddianın təmin tədbiri kimi həbs qoyulması özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-607/2021 saylı qərardadı ilə ərizə təmin edilərək, yekun Məhkəmə aktı çıxarılanadək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 Bağ sahəsi 501A saylı torpaq sahəsinin üzərinə özgəninkiləşdirilməsi qadağan edilməklə həbs qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-607/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayətin təmin olunmamasını xahiş etdi və verilən suallara cavab olaraq bildirdi ki, İddiaçı məxsus olan ipoteka predmetinə - Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 Bağ sahəsi 501A saylı ünvanında yerləşən ümumi sahəsi 0.057 ha torpaq sahəsinə dair cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən keçirilən hərrac məhkəmə qətnaməsi deyil, notariusun icra qeydi əsasında təşkil olunmuşdur. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbi hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi olduğundan, mübahisə tam həll edilənədək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 Bağ sahəsi 501A saylı torpaq sahəsinin üzərinə özgəninkiləşdirilməsi qadağan edilməklə həbs qoyulması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə cavab verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (madddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1, 158.1.2, 158.1.3). Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-607/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar