Məhkəmə qərarları › İş №2(103)-364/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-364/2021

17.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-364/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-662/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Ələskərova Gülçöhrə Xalıq qızı, Cavabdeh3, X2 və Məcidova Mədinə Vahid qızına qarşı qanunsuz tikilinin sökülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Ələskərova Gülçöhrə Xalıq qızı, Cavabdeh3, X2 və Məcidova Mədinə Vahid qızı tərəfindən ünvan 1 ünvanda inşa edilən qanunsuz tikilinin cavabdehlərin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılmasına dair əlavə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Ələskərova Gülçöhrə Xalıq qızı, Cavabdeh3, X2 və Məcidova Mədinə Vahid qızı tərəfindən ünvan 1 ünvanda inşa edilən qanunsuz tikilinin onlara məxsus yaşadığı evin pəncərəsi istiqamətində tikilmiş 10 metr uzunluqda, 5 metr enində olan hissəsinin və yaşadığı evə gələn yolu zəbt edən eni 3 metr, uzunluğu 11 metr hissəsinin cavabdehlərin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev onlara mərhum valideynlərindən miras qalmışdır. Hazırda özü və bacıları həmin yaşayış evində ailələri ilə birgə yaşayırlar. Belə ki, evin yerləşdiyi ərazidə bir neçə evə giriş və çıxışın təmin edilməsi məqsədilə ayrıca yol ayrılmışdır. Lakin bir müddət əvvəl cavabdehlər qeyd edilən ərazidə tikinti işlərinə başlamışlar. Ən əsas məqamda ondan ibarətdir ki, yolu bağlamaqdan əlavə qeyd edilən yeni evin bütün pəncərələri onun evinin tam içinə baxır, hasarı onun hasarı ilə tam bitişikdir. Cavabdehin qanunsuz tiklisi nəticəsində onun evinə gələn havanın da qarşısı alınır. Baş verənlərlə bağlı dəfələrlə cavabdehlərlə danışıqlar apararaq könüllü şəkildə tikinti işlərini dayandırmaqlarını xahiş etsə də, bu heç bir nəticə verməmişdir. Ərazidə tikinti işləri bu günədək davam etdirilir. Cavabdehin qeyri-qanuni əməlləri barədə Suraxanı rayonu İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə dəfələrlə məlumat verilmişdir. Aparılan tikinti işlərini hansı qanuni əsaslarla aparılması barədə məlumatlar tələb edilmişdir. Lakin təəssüflər olsun ki, heç bir dövlət qurumu baş vermiş hadisə ilə bağlı doğru-düzgün bir cavab verməmişdir və ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Cavabdehlər onlara məxsus yaşadığı evin pəncərəsinə çox yaxın məsafədə yeni yaşayış evinin tikintisinə başlamışlar və onların apardığı qanunsuz tikilinin də eni 3 mert, uzunluğu 11 metr hissəsi onların yaşadığı evə gələn yolu zəbt etmişdir. Hesab edir ki, cavabdehlər tərəfindən aparılan qanunsuz tikilinin onlara məxsus yaşadığı evin pəncərəsi istiqamətində tikilmiş 10 metr uzunluqda, 5 metr enində olan hissəsi və yaşadığı evə gələn yolu zəbt edən eni 3 metr, uzunluğu 11 metr hissəsi cavabdehlərin hesabına sökülməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-662/2019 saylı, 20 noyabr 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən yalnız iş üzrə təyin olunmuş ekspertiza rəyinə istinad edərək iddianı təmin etməmişdir. Cavabdehin qanunsuz tiklisi nəticəsində evə gələn havanın və günəş işığının da qarşısı alınır. Cavabdehin qeyri-qanuni əməlləri barədə Suraxanı rayonu İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə dəfələrlə məlumat verilmişdir. Məhkəmə işə baxan zaman işin həqiqi hallarını araşdırmamış, işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməsi ilə bərabər maddi və prosessual hüquq normalarına da riayət etməyərək, hüquq pozuntularına yol vermişdir. İddiaçı1 və onun nümayəndəsi-vəkili məhkəmə iclasında şikayəti müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı rayon İH-nin 05.09.2017-ci il tarixli iddiaçılar İddiaçı1 ünvanladığı məktubundan görünür ki, yerində keçirilmiş baxış zamanı qonşusu X3 yaşadığı həyətdə tikinti işlərinin başlanılması üçün hazırlıq işlərinin aparıldığı müəyyən olunmuş, tikinti işlərinin dayandırılması və nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin razılaşdırılmış layihələrə uyğun aparılması tövsiyyə olunmuşdur. Hal-hazırda evin qəzalı olması ilə əlaqədar FHN-in mütəxəssisləri tərəfindən araşdırıldığı məlum olmuşdur. Eyni zamanda bildirilmişdir ki, müraciətdə qeyd olunan məsələnin mübahisəli olduğunu nəzərə alaraq qüvvədə olan qanunvericiliyinə əsasən aidiyyatı üzrə məhkəmə və hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyyə olunur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İHB-nın Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 26.08.2018-ci il tarixli məktubundan görünür ki, əvvəllər da qonşu tərəfindən İddiaçı1 yaşadığı evin divarına bitişik sütunlar sökmüşdür və aralarındakı mübahisə uzun müddətdir davam edir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 12.02.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər X4 və digərlərinə qarşı "sökülmüş dayaq sütunlarının bərpa edilməsi və evə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi 8 saylı fərdi yaşayış evinin cavabdehlər tərəfindən sökülmüş istinad divarı onlar tərəfindən bərpa edilərək əvvəlki vəziyyətə gətirilsin və cavabdehlərə həmin evin istinad divarlarını özbaşına sökmək qadağan edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* saylı 18.04.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04.10.2019-cu il tarixli 6448 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pravda döngəsi 8 saylı evin həyətyanı torpaq sahəsində, “A” tikilisinin qarşısında faktiki cavabdehlər tərəfindən yeni 1 mərtəbəli tikili inşa edildiyi və həmin tikilinin 8 saylı yaşayış evinə dair tərtib edilmiş texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Baxış zamanı aparılmış ölçü işlərinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pravda döngəsi 8 saylı evin həyətyanı torpaq sahəsində cavabdehlər tərəfindən yeni inşa edilmiş tikilinin 8 saylı yaşayış evinə dair tərtib edilmiş texniki paportda qeyd olunan həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi və tikinti işləri zamanı iddiaçılara məxsus evə gələn yolun tutulmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, cavabdehlər tərəfindən inşa edilmiş tikintiyə dair layihə sənədi tərtib olunaraq müvafiq qaydada məlumatlandırma icraatı həyata keçirilmədiyindən, həmin tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 bəndinin tələblərinə riayət olunmadığı müəyyən edilir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pravda döngəsi 8 saylı evin həyətyanı torpaq sahəsində, cavabdehlər tərəfindən yeni inşa edilmiş tikilinin 1 mərtəbəli, 6 hissədən ibarət olduğu, uzunluğu 10,0 metr, eni 9,0 metr, xarici divar boyunca hündürlüyü 4,6 metr təşkil etdiyi müəyyən olunmuşdur. Ayrı-ayrı hissələrin ölçülən və sahələri rəyin tədqiqat hissəsində göstərilmişdir. Tədqiq olunan yaşayış evinin həyətyanı torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili iddiaçılara məxsus evin pəncərəsindən 2,0 metr aralı yerləşdiyindən, həmin tikilinin iddiaçılara məxsus evin pəncərəsinə hər hansı maneəçiliyi müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2-ci maddəsinə görə, tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 3 sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidri; istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika(səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; enerji resurlarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır; əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin yikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır(xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri). Həmin Məcəllənin 69.1-ci maddəsinə görə, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Həmin Məcəllənin 69.4-cü maddəsinə görə, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Apellyasiya şikayətində qeyd olunan dəlilləri nəzərə alaraq apellyasiya instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 29.12.2020-ci il tarixli 10/1817 saylı rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 26.10.2020-ci il tarixli 04-22/7-3047 saylı məktuba əsasən, Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin İddiaçı1 məxsus yaşayış evinə günəş şüasının düşməsinə mane olmadığı müəyyən edilmişdir. İlkin ekspertiza tədqiqatı ilə cavabdehlər tərəfindən yeni tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 bəndinin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Lakin tikilinin iddiaçıya məxsus evə baxan pəncərələrinin tikinti norma və qaydalarına uyğun açılıb-açılmaması həmin tikiliyə dair müvafiq layihə sənədləri tərtib edildikdən və aidiyyatı təşkilatlar tərəfindən razılaşdırılmaqla müəyyən edilə bilər. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 04.10.2021-ci il tarixli 10/4506 saylı rəyindən göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən ünvan 3 ünvanda inşa edilən tikili ilə iddiaçılara məxsus yaşayış evi (torpaq sahəsinin sərhədi) arasındakı məsafə bir tərəfdən 2,4 metr, digər tərəfdən 1,6 metr, pəncərə olan sahədə isə 2,0 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikililər arasındakı məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4., 69.5. və 69.5.2-1. bəndlərinin tələblərinə uyğun olduğu müəyyən edilir. Cavabdehler tərəfindən inşa edilmiş tikintiyə dair layihə sənədi tərtib olunaraq müvafiq qaydada məlumatlandırma icraatı həyata keçirilmədiyindən, ünvan 3 ünvanda inşa edilən tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1. bəndinin tələblərinə riayət olunmadığı müəyyən edilir. Lakin tikilinin iddiaçıya məxsus evə baxan pəncərələrinin tikinti norma və qaydalarına uyğun açılıb-açılmaması həmin tikiliyə dair müvafiq layihə sənədləri tərtib edildikdən sonra müəyyən edilə bilər. Eyni zamanda qeyd olunur ki, iddiaçılara məxsus yaşayış evinin pəncərələri də cavabdehlərə məxsus evin həyətyanı sahəsinə tərəf açılır. Tədqiq olunan tikilinin inşası ilə bağlı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1. bəndinin tələblərinin pozulmasının aradan qaldırılması, həmin tikiliyə dair layihə sənədi tərtib olunaraq müvafiq qaydada məlumatlandırma icraatı həyata keçirilməklə aradan qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, həm birinci instansiya məhkəməsi zamanı keçirilmiş ekspertiza rəyi ilə, həm də apellyasiya instansiyası tərəfindən keçirilmiş ekspertiza rəyləri ilə mübahisəli yaşayış evinin həyətyanı torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili iddiaçılara məxsus evin pəncərəsindən aralı yerləşdiyindən, həmin tikilinin iddiaçılara məxsus evin pəncərəsinə hər hansı maneəçiliyi müəyyən olunmamışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçılara məxsus yaşayış evinin pəncərələri də cavabdehlərə məxsus evin həyətyanı sahəsinə tərəf açılır. Digər tərəfdən iş materiallarından göründüyü kimi cavabdehlər tərəfindən inşa olunmuş tikilinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə riayət olunmaması (məlumatlandırma icraatı) hazırki mülki işin predmeti olmadığından, tikilinin iddiaçılara məxsus evlə olan ara məsafələri Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun inşa edildiyindən iddiçıların iddia tələbində iddia etdiyi kimi onlara məxsus evə hər hansı bir maneçilik yaratması müəyyən olunmur. Göründüyü kimi, iddiaçıların irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarınının dəyəri də məhz iddiaçılaradan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-662/2019 saylı, 20 noyabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 200 (iki yüz) manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar