Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-364/2025 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Cavabdeh1, onun nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabehlər Cavabdeh1, Cavabdeh4, X5 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(009)-1208/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 589 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə Əliyev Adil Abbas oğlu arasında xx.xx.1982-ci il tarixli 3221 nömrəli müqavilə bağlanmışdır. İcarədarın və ailə üzvlərinin razılıq ərizəsinə əsasən Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 saylı bağ sahəsinin 0,12 ha. hissəsi X1 adına keçmiş və 589a nörməli bağ sahəsinə dair xx.xx.1992-ci il tarixli 24611 nömrəli müqavilə bağlanmışdır. İddiaçı və Cavabdeh1 ana bir, ata ayrı ögey bacı-qardaşdırlar. Digər Cavabdeh2 isə onların anasıdır. Cavabdeh2 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 589a saylı 6 otaqlı bağ evini və 0,12 ha. torpaq sahəsini Cavabdeh1, yəni öz oğluna bağışlamışdır. Bundan sonra Cavabdeh1 sözügedən əmlaka dair mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 nömrəli bağ sahəsinin yerdə qalan 0,12 ha. hissəsi isə X10 vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş yazılı ərizəsinə əsasən Cavabdeh4 (Cavabdeh1 həyat yoldaşı) adına keçmiş və onunla xx.xx.2003-cü il tarixli 3221 nömrəli müqavilə bağlanılmışdır. Sözügedən bağ evi xx.xx.2011-ci il tarixdə Cavabdeh4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeydiyyat hazırki vaxta kimi ləğv edilmədiyindən Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsi zamanı da qüvvəsində olmuşdur. Bundan sonra sözügedən əmlak Cavabdeh4 tərəfindən dəyəri ödənilməklə Cavabdeh3 xeyrinə özgəninkiləşdirilmişdir. Hazırda iddiaçı sözügedən müqavilələrin etibarsızlığını xahiş edir və əsas kimi göstərir ki, Cavabdeh3 mübahisələndirilən bağda qonşusudur və əmlakın atasından ona miras qaldığını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabehlər Cavabdeh1, Cavabdeh4, X5 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “bağışlama müqaviləsinin, Cavabdeh1 Hüseyn oğlunun adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 412 nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 589a saylı bağ sahəsi mərhum X6na məxsus olmuşdur. Məlumat üçün bildirir ki, o, atasının və anasının ikinci nikahlarından doğulmuşdur. Cavabdeh X8 anasının yəni digər Cavabdeh2 birinci nikahdan doğulan oğludur. X6 ilə anası, yəni hazırki iş üzrə Cavabdeh2 arasında bağlanmış nikah xx.xx.1976-cı il tarixdə pozulmuşdur. X6 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Atasının sağlığında və onun vəfatından sonra bu günədək atasına məxsus bağ sahəsində iddiaçı, anası Cavabdeh2 və ögey qardaşı, iş üzrə cavabdeh X8 birlikdə istifadə edərək yaşamışlar. Bu yaxınlarda, yəni Binəqədi Rayon Məhkəməsindən ona gələn bildirişlərdən ona məlum olmuşdur ki, cavabdehlər mərhum atasına məxsus olmuş bağ sahəsi üzərində hansısa qanunsuz yolla öz mülkiyyət hüquqlarını qeydiyyata aldıraraq əmlaka sahiblənmişlər. Hesab edir ki, cavabdehlərin atasına məxsus əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, həmin əmlak üzərində sərəncam vermələri və adlarına verilmiş çıxarışlar qanunsuz olduğundan məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Mülki iş məhkəmədə icraata qəbul edildikdən sonra ona məlum oldu ki, X3 atasına məxsus olmuş, miras əmlakını kimi ona miras qalmış bağı iki hissəyə bölərək bir hissəsini həyat yoldaşı Cavabdeh4 adına qeydiyyata aldıraraq Bakı şəhəri, 23 saylı notariat ofisində xx.xx.2024-cü il tarixli, 412№-li alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Məlumat üçün bildirir ki, Cavabdeh3 mübahisələndirilən bağda qonşularıdır və həmin əmlakın atasından ona miras qaldığını bilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(009)- 1208/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli əmlaka dair notariat kontorunda bağışlama müqaviləsi təsdiq edilərkən həmin əşyanın həbsdə və yüklü olması ilə bağlı hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı notarius bağışlama müqaviləsini təsdiq edərkən mübahisəli əşya üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Mübahisəli əmlaka dair notariat kontorunda bağışlama müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni əşyanın yüklülüyünə dair arayış “Elektron notariat” informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş, hədiyyə verənin əmlaka dair olan mülkiyyət hüququ yoxlanılmış və yalnız bundan sonra bağışlama müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Bundan başqa müqavilə bağlanarkən hədiyyə verənin hədiyyə alan və yaxud müqavilənin bağlanmasında maraqlı ola biləcək qeyri bir şəxs tərəfindən müqavilə bağlamasına təsir edə biləcək hədə-qorxuya yaxud aldadılmaya məruz qalması və bununla da iradə ifadəsinin zədələnməsinə səbəb ola biləcək halların mövcudluğu məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı ərizəsində və izahatlarında sözügedən müqavilənin mahiyyətindən anası Nəbibə Həsənovanın məlumatsız olduğunu bildirsə də, hazırki iş üzrə cavabdeh qismində cəlb olunan N.Həsənova bununla bağlı məhkəməyə mövqeyini bildirmək imkanı olmasına baxmayaraq, bunu etməmiş və iddiaçının izahatlarında göstərdiyi bu halı təsdiq edən hər hansı bir sənəd yaxud ərizəni məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ilə X5 arasında bağlanmış xx.xx.2017ci il tarixli “Bağışlama Müqaviləsi” qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığına heç bir əsas yoxdur. Belə olan halda həmin müqavilə əsasında Cavabdeh1 adına əldə edilmiş çıxarış da etibarlı hesab edilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 412 nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 nömrəli bağ sahəsinin yerdə qalan 0,12 ha hissəsi isə X10 vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş yazılı ərizəsinə əsasən Cavabdeh4 adına keçmiş və onunla xx.xx.2003-cü il tarixli 3221 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən sözügedən bağ evi xx.xx.2011-ci il tarixdə Cavabdeh4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeydiyyat hazırki vaxta kimi ləğv edilmədiyindən Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsi zamanı da qüvvəsində olmuşdur. Bundan sonra sözügedən əmlak Cavabdeh4 tərəfindən dəyəri ödənilməklə Cavabdeh3 xeyrinə özgəninkiləşdirilmişdir. Müqavilə imzalanan zaman Cavabdeh4 əri Cavabdeh1 notariat ofisinə müraciət edərək, əmlakın satılmasına etiraz etmədiyini bildirmişdir. Hazırda iddiaçı sözügedən müqavilənin etibarsızlığını xahiş edir və əsas kimi göstərir ki, Cavabdeh3 mübahisələndirilən bağda qonşusudur və əmlakın atasından ona miras qaldığını bildirir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi bu əsas müqavilənin etibarsızlığına dəlalət etmir. Belə ki, qanunvericilikdə əqdin etibarsızlığı üçün müəyyən olunmuş şərtlər mövcuddur və həmin şərtlər hər biri yekunda müqavilə tərəflərindən birinin iradəsinin zədələnməsinə səbəb olacağı təqdirdə keçərlidir. Lakin hazırki işdən görünür ki, sözügedən əmlak ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş yazılı ərizəsinə əsasən Cavabdeh4 adına keçmişdir. O, isə öz növbəsində özünə məxsus əmlakı dəyəri ödənilməklə başqa bir şəxsin xeyrinə özgəninkiləşdirmişdir. Eyni zamanda müqavilənin bağlanmasında maraqlı ola biləcək qeyri bir şəxs tərəfindən müqavilə bağlamasına təsir edə biləcək hədə-qorxuya yaxud aldadılmaya məruz qalması və bununla da iradə ifadəsinin zədələnməsinə səbəb ola biləcək halların mövcudluğu da məhkəmə iclasında müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanmış 23 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə bağlandığından, onun etibarsızlığına heç bir əsas yoxdur. Belə olan halda həmin müqavilə əsasında Cavabdeh3 adına əldə edilmiş çıxarış da etibarlı hesab edilməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi, mübahisələndirilən bağ sahəsinə dair Cavabdeh4 adına olan müqavilənin qanunsuz olmasına dair sübutlara lazımı hüquqi qiymətini verə bilməmişdir. Belə ki, bağ torpaq sahəsinin Cavabdeh4 adına bağlandığı 2003-cü ildə “Torpaq islahatları haqqında” Qanununun 9-10-cu maddələrinin tələblərinə görə artıq sözügedən torpaq sahəsi atası X13 mülkiyyəti hesab olunurdu ki, onun da vəfatından sonra yeni müqavilə bağlana bilməzdi, yəni vərəsəlik qaydalarına uyğun olaraq torpaq sahəsinin müqəddəratı həllini tapmalı idi. Hesab edir ki birinci instansiya məhkəməsi tərəflər arasındakı qarşlıqlı münasibətləri düzgün araşdırmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi, torpaq sahəsinin Cavabdeh4 adına bağlanan müqavilənin qanuni əsası olmasını aydınlaşdırmamışdır. Həmin dövrdə artıq qüvvədə olan Torpaq islahatları haqqında qanuna əsasən qanuni istifadədə olan torpaq sahələri vətəndaşların mülkiyyətinə verilmiş olub. Bu isə o deməkdir ki, sözügedən torpaq sahəsi atasının mülkiyyəti sayılıb və həmin torpaq sahəsinə dair müqavilə bağlamaq qanunsuz olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsinin, mübahisəli bağ sahəsinin ilkin özələşdirilməsinin qanuni əsaslı olması barədə qənaəti işin haları ilə təkzib olunur. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5325/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh4 qarşı Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 3221 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş, eləcə də Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı birliyi ilə Cavabdeh4 arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işlər yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1818/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: Cavabdeh4) “çıxarışın ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apellasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1761/2025 saylı, 11 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1818/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan kassasiya şikayəti verilməmiş, öz qanuni qüvvəsini almışdır. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-300/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh4 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3668/2025 saylı, 12 avqust 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-300/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3496/2025 saylı, 10 dekabr 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3668/2025 saylı, 12 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iş üzrə icraatın dayandırılmasına əsas olmuş zərurət aradan qalxdığı üçün iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsivəkili ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllənin: 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın: 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. 46-cı maddəsinə əsasən notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA Seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən bağ evi və 0,12 ha. torpaq sahəsi X1 xüsusi mülkiyyətində olmuşdur. X5 tərəfindən 5 saylı notariat kontoruna ünvanlanmış ərizədə qeyd olunmuşdur ki, X5 ünvan 1 ünvanında yerləşən bağ evini və 0,12 ha. torpaq sahəsini bağışlamaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş edir. X5 ilə Cavabdeh1 arasında bağlanmış 22 avqust 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X5 ünvan 1 ünvanında yerləşən 6 otaqlı bağ evini və 0,12 ha. torpaq sahəsini oğlu Cavabdeh1 bağışlayır. AZ-T № 035311 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 atası X23 bəy Əli oğlu, anası X2r. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 ana bir, ata ayrı ögey bacı-qardaşdırlar. N.Həsənova ona məxsus ünvan 1 ünvanında yerləşən 6 otaqlı bağ evini və 0,12 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. Bundan sonra Cavabdeh1 sözügedən əmlaka dair mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Hazırda iddiaçı sözügedən müqavilənin etibarsız hesab olunmasını mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli əmlaka dair notariat kontorunda bağışlama müqaviləsi təsdiq edilərkən həmin əşyanın həbsdə və yüklü olması ilə bağlı hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı notarius bağışlama müqaviləsini təsdiq edərkən mübahisəli əşya üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Mübahisəli əmlaka dair notariat kontorunda bağışlama müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni əşyanın yüklülüyünə dair arayış “Elektron notariat” informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş, hədiyyə verənin əmlaka dair olan mülkiyyət hüququ yoxlanılmış və yalnız bundan sonra bağışlama müqaviləsi notarial qaydada təsdiq olunmuşdur. Bundan başqa müqavilə bağlanarkən hədiyyə verənin hədiyyə alan və yaxud müqavilənin bağlanmasında maraqlı ola biləcək digər şəxs tərəfindən müqavilə bağlamasına təsir edə biləcək hədə-qorxuya yaxud aldadılmaya məruz qalması və bununla da iradə ifadəsinin zədələnməsinə səbəb ola biləcək hallar müəyyən edilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 ilə X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Bağışlama Müqaviləsi” qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığına heç bir əsas yoxdur. Həmin müqavilə əsasında Cavabdeh1 adına əldə edilmiş çıxarış da etibarlı hesab edilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 589 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X17 arasında xx.xx.1982-ci il tarixli 3221 nömrəli müqavilə bağlanmışdır. İcarədarın və ailə üzvlərinin razılıq ərizəsinə əsasən Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 saylı bağ sahəsinin 0,12 ha. hissəsi X1 adına keçmiş və 589a nörməli bağ sahəsinə dair xx.xx.1992-ci il tarixli 24611 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 589a saylı bağ evi xx.xx.2002-ci il tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2011-ci il tarixdə sözügedən bağ evi və 0,12 ha. torpaq sahəsi vahid əmlak kimi X1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri notariat kontorunun xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsinə əsasən Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589a saylı bağ evi Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 nömrəli bağ sahəsinin yerdə qalan 0,12 ha. hissəsi isə X10 vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş yazılı ərizəsinə əsasən Cavabdeh4 adına keçmiş və onunla xx.xx.2003-cü il tarixli 3221 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən sözügedən bağ evi xx.xx.2011ci il tarixdə Cavabdeh4 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 saylı bağ evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi Cavabdeh4 xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanmış 23 fevral 2024-cü il tarixli alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 ünvan 2 ünvanında yerləşən 0,12 ha. torpaq sahəsini 108.000 manat qiymətinə Cavabdeh3 satmışdır. Cavabdeh1 tərəfindən 23 saylı notariat ofisinə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, o, birgə nikah dövründə əldə edilmiş və arvadı Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin satılmasına etiraz etmir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,12 ha. torpaq sahəsi və onun üzərində yerləşən bağ evi xx.xx.2024-cü il tarixdə Cavabdeh3 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, sözügedən əmlak ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş yazılı ərizəsinə əsasən Cavabdeh4 adına keçmişdir. O, isə öz növbəsində özünə məxsus əmlakı dəyəri ödənilməklə başqa bir şəxsin xeyrinə özgəninkiləşdirmişdir. Eyni zamanda müqavilənin bağlanmasında maraqlı ola biləcək digər şəxs tərəfindən müqavilə bağlamasına təsir edə biləcək hədə-qorxuya yaxud aldadılmaya məruz qalması və bununla da iradə ifadəsinin zədələnməsinə səbəb ola biləcək halların mövcudluğu da müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanmış 23 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə bağlandığından, onun etibarsızlığına heç bir əsas yoxdur və həmin müqavilə əsasında Cavabdeh3 adına əldə edilmiş çıxarış da etibarlı hesab edilməlidir. Bununla yanaşı apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Yasamal Rayon Məhkəməsində Cavabdeh4 qarşı iddia qaldıraraq Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 3221 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Bakı İnzibati Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı birliyi ilə Cavabdeh4 arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırda iddiaçı mübahisəli bağ sahəsinin Cavabdeh4 verilməsinə əsas olan xx.xx.2003-cü il tarixli 3221 nömrəli müqaviləni və sonuncu ilə bağlanmış icarə müqaviləsini mübahisələndirmişdir ki, həmin müqavilələr mübahisəli bağ sahəsinin İ.Cabbarovanın mülkiyyətinə keçməsinə əsas kimi çıxış edir. Lakin iddiaçının Bakı İnzibati Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı birliyi ilə Cavabdeh4 arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələbi nəticə etibarı ilə mümkün hesab edilməmişdir. Eyni zamanda İddiaçı Cavabdeh4 və qeyrilərinə qarşı Bakı şəhər İcra Hakimiyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 3221 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi tələbi təmin edilməmişdir. Həmin iş üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3668/2025 nömrəli 12 avqust 2025-ci il tarixli qətnaməsindən görünür ki: Bağ sahəsi iddiaçının atasının xüsusi mülkiyyətində olmayıb, iddiaçının atası bağ sahəsinin icarə müqaviləsinə əsasən, icarədarı olmuşdur; xx.xx.2003-cü il tarixdə mərhum icarədarın ailə üzvlərinin (Cavabdeh1, Əliyev Rafik və onun həyat yoldaşı X9) həmin bağ sahəsinə Cavabdeh4 adına icarə müqaviləsinin bağlanmasına dair yazılı razılıqlarını, həmçinin onun hüquqi varislərinin torpaq və bağ sahəsi üzərində icarə hüquqlarının ötürülməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət etdiklərini, bağın icarədarı vəfat etdikdə bağın icarə müqaviləsi onun müəyyən edilmiş müddəti bitənədək, ”icarədar”ın özü ilə birgə yaşayan ailə üzvlərindən birisi ilə yenidən bağlanmasına dair icarə müqaviləsinin 11-ci bəndində qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2003-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin əqdlərin etibarsızlığına dair normalarında nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3496/2025 saylı, 10 dekabr 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3668/2025 saylı, 12 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçı mübahisəli bağ sahəsinin Cavabdeh4 verilməsinə əsas olan xx.xx.2003-cü il tarixli 3221 nömrəli müqaviləni və sonuncu ilə bağlanmış icarə müqaviləsini mübahisələndirsə də, nəticə etibarı ilə iddiası təmin edilməmişdir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(009)- 1208/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.