Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-365/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı mülki iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-241/2024 saylı, 5 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. xx.xx.2023-cü il tarixdə saat 12:05-də X5 “BMC Procity 12M CNG” markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək “BMC Procity 12M” markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusun sahibi "xxxx" MMC-nin mülki məsuliyyəti icbari sığortalanmışdır. Həmin şəhadətnamədə qeyd edilmişdir ki, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5.000 manat müəyyən edilmişdir.
3. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, “Lexus ES300H” markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilə 6.725 manat ziyan dəymişdir.
4. “KİA Motors AZ” №-3 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hesabatdan görünür ki, “Lexus ES300H” markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi 750 manat hesablanmışdır.
5. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Toyota Bakı Mərkəzi» MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Lexus ES300” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminər 5100,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında “KİA Motors Az” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Lexus ES300” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 750,0 manat müəyyən edilir.
6. İşin apellyasiya baxışı zamanı alınmış "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən “Lexus ES300” markalı (şassi-ban JTHB21B**********; buraxılış ili 2020) avtomobilin ön faralarının şüşəsini dəyişmək mümkündür. Avtomobilin ön faralarının qiyməti sağ tərəf 485 manat, sol tərəf isə 405 manatdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər X3 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan **-UO-*** dövlət qeydiyyat nişanlı "Lexus ES300 hibrid" markalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi, mülkiyyətində olan **-UO-*** dövlət qeydiyyat nişanlı "Lexus ES300 hibrid" markalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə Cavabdeh1 1.725 manat pul vəsaitinin tutularaq ona ödənilməsi haqqında; dövlət rüsumunun əvəzi qismində 87,25 manat və hüquqi xidmətə görə vəkilə ödənilmiş 110 manat haqqın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində “BMC PROCİTY 12M CNG AVTOBUS” markalı “**-JU-***” qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 onun mülkiyyətində olan “Lexus ES300 HİBRİD” markalı “**-UO-***” qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmaqla ona maddi zərər vurmuşdur. Mülkiyyətində olan nəqliyyat vasitəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta olunmuşdur. Ona dəymiş maddi zərərin məbləği 6.725 manat olmuş, bu barədə sığortaçıya şifahi və yazılı müraciət etmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ona ödəməli olan 5.000 manat sığorta ödənişini ödəməkdən faktiki imtina etmiş, müraciətlərinə nə müsbət, nə də mənfi cavab verməmişdir. Bununla da cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti onun qanunla qorunan hüquqlarını pozmuşdur. İddia ərizəsinə əlavə edilmiş səlahiyyətli orqanların qərarlarından görünür ki, cavabdeh X5 törətdiyi inzibati xətaya görə tənbeh edilmiş, bu barədə qərar qanuni qüvvəsini almışdır. İddia ərizəsinə əlavə edilmiş rəsmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış qiymətləndirmə aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş zərəri aradan qaldırmaq üçün cəmi 6.725 manat məbləğində pul vəsaiti tələb olunur. Buna baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti qanunvericiliklə üzərinə düşən 5.000 manat sığorta məbləğini etməkdən boyun qaçırır. Hesab edir ki, cavabdehlər X5 iddiaçıya təqsirli hərəkətləri ilə maddi zərər vurduğuna görə dəymiş maddi zərərin 5000 manatdan artıq olan hissəsini ödəməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən də 1.725 manat pul vəsaitin ondan, 5.000 manat sığorta məbləği isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulmalıdır.
9. LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iddia tələbini qismən etiraf edərək, izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı şirkət tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi əsasında sığortalanmış, "xxxx" MMC-yə məxsus olan və X5 tərəfindən idarə olunan “BMC Procity 12M” avtobus markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsus olan “Lexus ES300” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar zərərçəkənə məxsus olan əmlaka dəymiş zərərin qiymətləndirilməsi üçün lazımi tədbirlər görülmüş, qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmədən sonuncuya dəymiş zərər şirkət tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 750 manat məbləğində müəyyən edilmişdir. Lakin, zərərçəkən daşınmaz əmlaka dəymiş zərərə görə şirkətin müəyyən etdiyi məbləğlə razılaşmayaraq zərərin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət etmiş, həmin müəssisə tərəfindən əmlaka dəyər zərər 6.725 manat məbləğində müəyyən edilmişdir
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-241/2024 nömrəli, 5 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən maddi zərərə görə 5.000 manat, ödənilmiş dövlət rüsumuna görə 70 manat və hüquqi xidmətlərin göstərilməsinə görə 110 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia cavabdeh X4 münasibətdə rədd edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh X5 “BMC Procity 12M CNG” markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə “Lexus ES300” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər dəymişdir. İş materialları ilə müəyyən edilir ki, “BMC Procity 12M CNG” markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" MMC-yə məxsusdur. Cavabdeh X5 "xxxx" MMC-də sürücü vəzifəsində çalışır. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyekt müəyyən edilməklə ona qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə qərar verə bilər.
12. Qeyd olunanlar kontekstində məhkəmə hesab etmişdir ki, X5 iddiaya cavab verməli şəxs olmadığından, sözügedən hissədə iddia rədd edilməlidir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, “BMC Procity 12M” markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusun sahibi "xxxx" MMC-nin mülki məsuliyyəti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək icbari sığortalanmışdır. Odur ki, dəymiş zərər sonuncudan tutulmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.2, 152.8, 926.1, 933.1.1, 1099.1 və 1099.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
15. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 241/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən, yəni 750 (yeddi yüz əlli) manat məbləğində təmin edilməsi barədə yeni qətnamə çıхarılmasını xahiş etmişdir.
16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda mübahisənin əsasını yaradan hal “Lexus ES300 hibrid” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin farasının tamamilə yoxsa yalnız şüşəsinin dəyişilməsi məsələsidir. Ekspert tərəfindən dəfələrlə vəsatət verilsə də iddiaçı avtomobili ekspert baxışına təqdim etməmiş, nəticədə ekspert tərəfindən qeyd olunan məsələyə münasibət bildirilməsi mümkün olmamışdır. Ona görə də hesab edir ki, avtomobilin həmin ehtiyyat hissəsinin dəyişilməsi və yaxud təmir olunması məsələsi cavabdehin xeyrinə həll olunmalı, cavabdehin qüsur aktı rəhbər tutularaq həmin qiymət təmin olunmalıdır. Çünki, qanunvericiliyin tələblərinə əsasən iddiaçı öz tələbinin əsaslandığı halı sübut etməlidir. İddiaçı qiymətləndirilməni könüllü şəkildə "xxxx" MMC-də həyata keçirmişdir. Qeyd etmək lazımdır ki, qeyd olunan servis mərkəzi səlahiyyətli qiymətləndirici olmadığından qanunvericiliklə bu sahədəki fəaliyyəti tənzimlənmir. Odur ki, zərər məbləği müəyyən edilərkən ehtiyyat hissələrin təmir-bərpa, yaxud dəyişilməli olması məsələni zərurət yox, təmir etdirmək üçün müraciət edən şəxsin istəkləri əsasında müəyyən edir. Onu da qeyd etmək lazımdır ki, iş üzrə sığorta növü nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyət sığortasıdır və müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Bu sığorta növündə rəsmi servis təminatı verilmir. Odur ki, Məhkəmə işin hallarını tam və obyektiv araşdırmamış və Şirkətin mənafelərinə toxunan qanunazidd və əsassız qətnamə çıxarmışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə tamamilə ləğv edilməli və iddianın qismən, yəni 750 (yeddi yüz əlli) manat məbləğində təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, maşına bu qədər ziyan dəyməmişdir, özü maraqlanmışdır, maşının farasının şüşəsinin qiyməti 28 manatdır, faranın şüşəsinin üzərində 5 sm cızıq, cüzi şəkildə də batıq vardır. 19.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi avtomobilin yalnız şüşəsinə zədə dəymişdir. Yalnız həmin şüşənin dəyişilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin təqsirli olmasına hüquqi qiymət vermişdir. Hazırda cavabdeh qeyri-səmimi şəkildə danışır. Birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsaslıdır. Birinci instansiya məhkəməsində bu iş bir ildən çox davam etdi, iş dəfələrlə ekspertizaya göndərildi, hesab edir ki, əlavə sübuta ehtiyac yoxdur. Faranın şüşəsi təkcə dəyişdirilmir, bütövlükdə fara dəyişilməlidir. Videgörüntüdən də görünür ki, fara çilik-çilik olunaraq yerə tökülmüşdür. Birinci instansiya məhkəməsində kifayət qədər araşdırma aparıldı.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 23.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 25.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətindən aydın olur ki, cavabdeh iddianın təmin olunan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin cavabdeh iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
26. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 29.922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 30.922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 31.925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. 32.925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 33.925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. 34.926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 35.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun
36.6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. 37.16.2-ci maddəsinə əsasən, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 38.16.4-cü maddəsinə əsasən, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya qiymətləndirici vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 39.18-ci maddəsinə görə bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun
40.10.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. 41.95.3-cü maddəsinə əsasən, Mərkəzi Bank sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığortaçıların və xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını Mərkəzi Bank müəyyən edir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
42.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 43.77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 45.88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 46.218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “sığorta ödənişinin məbləği” hissəsində dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. 48.İşin materiallarından göründüyü kimi, sığorta hadisəsinin baş verməsi, baş verdiyi sığorta hadisəsi nəticəsində iddiaçının maliyyə itkisinə məruz qalması işin mübahisələndirilməyən hallarıdır. İşin mübahisələndirilən halı isə sığorta ödənişinin məbləğindən ibarətdir. Belə ki, cavabdeh-təşkilat iddiaçıya sığorta ödənişi olaraq 750 manat həddində pul təklif etməklə sığorta hadisəsinin baş verməsini qəbul etmişdir. 49.Məhkəmə kollegiyası mübahisəli məsələyə dair apellyasiya şikayətində göstərilən dəlillərə, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin məbləği üzrə əldə olunmuş rəyə, iş üzrə toplanmış digər sübutlara, məhkəmənin istinad etdiyi hallara və bunun nəticəsində gəldiyi qənaətə münasibət bildirilməsini zəruri hesab edir. 50.İş materiallarına əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermişdir. Hadisənin törədilməsində təqsirli bilinən X2 mülki məsuliyyəti şirkət tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi ilə LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək icbari qaydada sığortalanmışdır. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar zərərçəkənə məxsus olan əmlaka dəymiş zərərin qiymətləndirilməsi üçün şirkət tərəfindən lazımi tədbirlər görülmüş, qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmədən sonuncuya dəymiş zərər şirkət tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 750 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən, “Lexus ES300H” markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilə 6.725 manat ziyan dəydiyi müəyyən edilmişdir. 51.Mübahisəli məsələnin aradan qaldırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Toyota Bakı Mərkəzi» MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Lexus ES300” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5100,0 manat; nəzəri hesablama yolu ilə, iş materiallarında “KİA Motors Az”-ın xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Lexus ES300” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 750,0 manat məbləğində müəyyən edilmişdir. 52.Ekspert rəyindən müəyyən edilir ki, rəydə əks olunan iki nəticə arasında yaranmış fərq, “Lexus ES300 hibrid” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol farasının xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonrakı vəziyyəti (istifadəyə yararsız vəziyyətə düşmüş və ya zədələnmiş) ilə əlaqəlidir. 53.Qeyd edilən halın aydınlaşdırılması üçün birinci instansiya məhkəməsi, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq növdən ekspertiza təyin olunsa da, “Lexus ES300 hibrid” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol farasının xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hansı vəziyyətə düşdüyünü, üzərində aşkar olunan zədələrin təmir-bərpa ilə aradan qaldırılmasının mümkün olduğu təqdirdə təmir-bərpa işlərinə sərf olunmalı vəsaitin məbləğinin nə qədər təşkil etdiyini, istifadəyə yararsız olduğu müəyyən edildiyi təqdirdə avtomobilin ön sol farasının mövcud olan bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. 54.Mübahisələndirilən qətnamədən də görünür ki, birinci instansiya məhkəməsi iddiaçıya real zərər formasında maddi zərərin vurulduğu ilə əlaqədar razılaşaraq mövqeyini Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyi ilə əsaslandırmış, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 2020-ci il buraxılışlı “Lexus ES300” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 5100,0 manat məbləğində olduğu qənaətinə gəlmişdir. 55.Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub-olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 56.İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması həmin hallara istinad edən tərəfin birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 57.Kollegiya Mülki Məcəllənin 21-ci maddənin müddəalarını nəzərə alaraq qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulsa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 58.Belə ki, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində hüququ pozulmuş şəxs pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin (real zərər) ödənilməsini tələb etmək hüququna malikdir. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 59.Bununla belə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində şəxsə zərər vurulmasına, o cümlədən qanunla qorunan mənafeyinə vurulmuş zərərin həcminə dair sübutların təqdim edilməsi yükü bütünlüklə zərərçəkmiş şəxsin üzərinə düşür. Hazırkı işin hallarına görə də zərərçəkmiş şəxs-iddiaçı ona vurulmuş ziyanın faktiki həcmini, zərərin qarşı tərəfin təklif etdiyi məbləğdən daha artıq olmasını sübutütmə yükünü daşıyır. 60.İş materiallarında olan CD diskdə əks olunan xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin videoyazısızndan görünür ki, "xxxx" MMC-yə məxsus olan və X5 tərəfindən idarə olunan “BMC Procity 12M” avtobus markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsus olan “Lexus ES300” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Buna baxmayaraq baş vermiş sığorta hadisəsi nəticəsində zərərçəkənə məxsus olan avtomobilin ön sol farasının istifadəyə yararsız vəziyyətə düşdüyü müəyyən edilməmişdir. İddiaçı tərəfindən çəkilməsi ehtimal edilən xərclərə həqiqətən ehtiyac olduğu barədə hər hansı digər mötəbər sübut isə (fotoşəkillər, nəqliyyat vasitəsi satılarkən əmtəə dəyəri ilə bağlı itkilərə məruz qalması - əmlakın zədələnməsindən və sonrakı təmirindən sonra avtomobilin bazar dəyərinin aşağı düşməsini təsdiq edən sənədlər və s.) məhkəməyə təqdim edilməmişdir. 61.Beləliklə də işdə olan sübutlara əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Lexus ES300 hibrid” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol farasının üzərində mövcud olan zədələrin iddiaçının istinad etdiyi dərəcəsində, yəni bu faranın tam şəkildə dəyişilməsinə zərurət yarandığı dərəcəsində iddiaçının zərərə uğradığı öz təsdiqini tapmamışdır. 62.Əksinə işdə olan sübutlara əsasən “Lexus ES300 hibrid” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol farasının zədələndiyi, bu qüsurun aradan qaldırılmasının mümkün olduğu, yəni mübahisə predmeti olan avtomobilin ön fararasının şüşəsini dəyişməklə bərpa etmək mümkün olduğu müəyyən edilmişdir. 63.Məhkəmə kollegiyası "xxxx" MMC-nin məhkəmə sorğusuna verdiyi cavaba əsasən, sözügedən avtomobilin ön sol farasının qiymətinin 405 manat olduğunu, habelə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyinə əsasən qalan təmirbərpa işlərinin 508+148 manat məbləğində olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə sığorta ödənişi olaraq tutulmalı olan məbləğ 1.061 manat təşkil edir. 64.Məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 65.MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 66.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-241/2024 nömrəli, 5 iyul 2024-cü il tarixli qətnaməsi “sığorta ödənişinin məbləği” hissəsində dəyişdirilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1.061 (bir min altmış bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 70 manatın 15 manatı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev