Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3652/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil – Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kommunal xidmətlərə görə xidmət haqqı borcunun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kommunal xidmətlərə görə borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh1, Cavabdeh3 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Mənzil – Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kommunal xidmətlərə görə xidmət haqqı borcunun tutulması barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2023-cü tarixli, e- 2(005)-915/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24 dekabr 2004-cü il tarixli 305 nömrəli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 1951 nömrəli məhəllədə çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi və tikintisi üçün 1428 kv.m. torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmişdir.
2. İddiaçı MTK və "xxxx" MTK arasında bağlanmış 15 mart 2012-ci il tarixli əsaslı tikintiyə dair podrat müqaviləsinə əsasən İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24 dekabr 2004-cü il tarixli, 305 nömrəli sərəncamı ilə ona ayrılmış sahəni oradakı yarımçıq yaşayış binasının tikintisini yerinə yetirmək üçün "xxxx" MTK-nın sərəncamına vermək, sonuncu isə tikinti norma və qaydalarına uyğun olaraq müəyyən olunmuş müddətdə və öz vəsaiti hesabına tikinti işlərini icra etmək barədə razılığa gəlmişlər. Müqavilənin 2.3-cü bəndinə əsasən mənzil satışını birbaşa "xxxx" MTK həyata keçirir və satışdan əldə olunan vəsait təyinatı üzrə tikintiyə xərclənir.
3. 15 mart 2012-ci il tarixli podrat müqaviləsinin 1 saylı əlavəsindən görünür ki, "xxxx" MTK-nın tikinti işlərini 15 mart 2012-ci il tarixdə başlayıb 01 oktyabr 2015-ci il tarixdə başa çatdıracağı və binanı hazır vəziyyətdə İddiaçı MTK-ya təhvil verəcəyi nəzərdə tutulmuşdur.
4. 11 mart 2013-cü il tarixli, 13/D nömrəli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MTK və Cavabdeh1 arasında bağlanmış və müqavilə ilə Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 1951 nömrəli məhəllədə tikilən çoxmərtəbəli binanın 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 98,1 kv.m. olan 13 nömrəli mənzilinin hər kv.m. üçün 1000 manat ödənilməsi şərti ilə sonuncuya verilməsi barədə razılıq əldə olunmuşdur.
5. 12 noyabr 2013-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 98100 manat pul vəsaitini "xxxx" MTK-ya ödəmişdir, qalıq borcu yoxdur.
6. Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli, 07 sentyabr 2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 1951 ev 105, 13 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 99, M7, m.1) xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına dövlət reyestrində qeydə alınmışdır. Çıxarışa görə, mənzilin ümumi sahəsi 89,6 kv.m təşkil edir.
7. 24 avqust 2017-ci il tarixli, 23/a nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə "xxxx" MTK və Cavabdeh3 arasında bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 1951 nömrəli məhəllədə tikilən çoxmərtəbəli binanın 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 92 kv.m. olan 21 saylı mənzilinin hər kv.m. üçün 1250 manat ödənilməsi şərti ilə sonuncuya verilməsi barədə razılıq əldə olunmuşdur.
8. 24 avqust 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 115000 manat pul vəsaitini "xxxx" MTK-ya ödəmişdir, qalıq borcu yoxdur.
9. Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli, 17 yanvar 2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 1951 ev 105, 21 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 97, M7, m.1) xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 adına dövlət reyestrində qeydə alınmışdır. Çıxarışa görə, mənzilin ümumi sahəsi 86,8 kv.m təşkil edir.
10. 23 may 2013-cü il tarixli, 2/11 nömrəli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MTK və Cavabdeh2 arasında bağlanmış və müqavilə ilə Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 1951 saylı məhəllədə tikilən çoxmərtəbəli binanın 2-ci giriş, 6-cı mərtəbə, 3 otaqlı ümumi sahəsi 125,5 kv.m. olan 11 saylı mənzilinin hər kv.m. üçün 1050 manat ödənilməsi şərti ilə sonuncuya verilməsi barədə razılıq əldə olunmuşdur.
11. 23 may 2013-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh2 131775 manat pul vəsaitini "xxxx" MTK-ya ödəmişdir, qalıq borcu yoxdur.
12. İddiaçı MTK-nın təsisçilərinin birgə ümumi yığıncağının 28 avqust 2017-ci il tarixli iclas protokolundan görünür ki, həmin iclasda İddiaçı MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərindən istifadələrində olan mənzillərin hər 1 kv.m. üçün 0,50 manat, qeyri-yaşayış sahələrinin hər 1 kv.m. üçün isə 0,60 manat məbləğində pulun ödənilməsi, həmin ödənişlərin hər növbəti ayın 10-una kimi ödənilməsi, üzrsüz səbəbdən bir aydan çox ödənilməmiş məbləğə hər gecikdirilmiş gün üçün 0,01% cərimə hesablanması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və X3rşı iddia ərizəsi və sonradan MPM-in 53-cü maddəsinə əsasən X7 cavabdehlər sırasından çıxarılmasına dair iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərilmiş xidmətlərin əvəzi olaraq 3601 manat əsas, 389 manat cərimə olmaqla, cəmi 3990 manat məbləğin Cavabdeh2, 1328 manat əsas, 143 manat cərimə olmaqla cəmi 1471 manatın Cavabdeh1 və 1914 manat əsas, 206 manat cərimə məbləği olmaqla, cəmi 2120 manatın Cavabdeh3 İddiaçı MTK-nın xeyrinə tutulması, həmçinin ödənilmiş 128 manat məbləğdə dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada İddiaçı MTK-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 105, məhəllə 1951 ünvanında yerləşən yaşayış binası, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində, "xxxx" MTK ilə birgə tikilmişdir. Adı keçən MTK-ların birgə fəaliyyəti ilə bağlı razılaşmaya əsasən binanın mənzil və qeyri-yaşayış sahələrinin ayrı-ayrı şəxslərə verilməsinə dair müqavilələr "xxxx" MTK tərəfindən bağlanmışdır. Binanın inşası tamamlanandan sonra İddiaçı MTKnın istifadəsinə verilmişdir. Yaşayış binası 6 ildən çoxdur ki, istismara verilmişdir. Mənzil və qeyri-yaşayış sahələri ayrı-ayrı mülkiyyətçilərin istifadə və sərəncamındadır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 da bu mülkiyyətçilərdən (payçılardan) biridir. Mənzil (payı) sahəsi onlara verilməsi üçün MTK arasında hər biri ilə aşağıdakı “mənzilin alqı-satqı” müqaviləsi bağlanmışdır: Cavabdeh2 ilə 23 may 2013-cü il tarixdə, 2/11 nömrəli müqavilə əsasında binanın 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən, sahəsi 99 kv.m. olan 3 otaqlı, 11 nömrəli mənzil; Cavabdeh1 ilə 11 may 2013-cü il tarixdə, 13/D nömrəli müqavilə əsasında binanın 2-ci girişi, 7-ci mərtəbəsində yerləşən, sahəsi 99 kv.m olan 3 otaqlı, 13 nömrəli mənzil və Cavabdeh3 ilə 24 avqust 2017-ci il tarixdə, 23/a saylı müqavilə əsasında binanın 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən, sahəsi 97 kv.m olan 2 otaqlı, 21 nömrəli mənzil onlara ayrılıb istifadələrinə verilmiş və hazırda da onların sərəncamındadır. Binanın təhvilindən sonra, binaya xidmətlərin göstərilməsinin təşkili, xidmət haqqının hesablanması və qiymətlərin müəyyən edilməsi ilə bağlı, bina sakinlərinin iştirakı ilə adı çəkilən hər iki MTK-nın təsisçilərinin 28 avqust 2017-ci il tarixdə ümumi yığıncağı keçirilmişdir. Həmin yığıncağın Qərarına əsasən 1 kv.m. mənzil sahəsinə görə aylıq xidmət haqqı 0,50 manat, qeyri-yaşayış üçün isə 1 manat müəyyən edilmişdir. Cavabdehlər xidmətə görə ilk vaxtlar ödənişlər etmiş, lakin sonradan ödənişləri bəzi aylar üzrə etməmiş, son zamanlar isə ümumiyyətlə ödəniş etməkdən yayınmışlar. Bəhanələri də ondan ibarətdir ki, sakinlərin hamısı ödəsin, sonra onlar ödəyəcək. Doğrudur bina sakinlərindən bir neçəsi ödənişləri vaxtında etmir, eləsi də vardır ki, uzun müddətdir ki, ödəmir. Lakin bu cavabdehlərin hər birinin fərdi istifadəsində olan mənzilə görə hesablanılan kommunal xərclərin ödənilməməsi üçün əsas ola bilməz. Ona görə ki, binanın saxlanılması və kommunal xidmətlərin göstərilməsi üçün xərclərin hesablanması ümumi qayda olsa da, ödəniş hər bir sakin üçün ona məxsus əmlakın sahəsinə görə, fərdi qaydada müəyyən edilən öhdəlikdir. Cavabdeh2 məxsus 11 nömrəli mənzilin sahəsi 99 kv.m. olmaqla, kommunal xidmətlərin aylıq məbləği 49 manat 50 qəpikdir. Cavabdeh əvvəllər az da olsa aylar üçün ödənişlər etmiş, lakin 2019-cu ilin may ayından sonra isə ümumiyyətlə ödəniş etmədiyindən 01 avqust 2022-ci il tarixə 3601 manat, Cavabdeh1 məxsus 13 nömrəli mənzilin sahəsi 99 kv.m, olmaqla, kommunal xidmətlərin aylıq məbləği 49 manat 50 qəpikdir və 2019-cu ilin oktyabr ayından sonra ödəniş etmədiyindən 01 avqust 2022-ci il tarixə 1328 manat, Cavabdeh3 məxsus 21 nömrəli mənzilin sahəsi 97 kv.m. olmaqla, kommunal xidmətlərin aylıq məbləği 48 manat 50 qəpikdir və əvvəlki ayları natamam ödəsə də 2019-cu ilin iyul ayından sonra ümumiyyətlə ödəniş etmədiyindən 01 avqust 2022-ci il tarixə 1914 manatdır. Bu müddətlər ərzində göstərilmiş kommunal xidmətin ödənilməsi ilə bağlı yaranmış öhdəliyin vaxtında və lazımı qaydada icra edilməsi cavabdehlərə dəfələrlə təklif olunsa da, nəticəsi olmamışdır. Ona görə də məsələnin məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır. Bundan başqa, kommunal xidmətlərin hesablanması və ödənilməsinin müəyyən edilməsi barədə MTK-nın ümumi yığıncağının 28 avqust 2017-ci il tarixli qərarına əsasən üzürsüz səbəbdən bir aydan çox ödənilməmiş məbləğə hər gecikdirilmiş gün üçün 0,01% cərimə hesablanılır. Gecikdirilmiş məbləğlərə hesablanılacaq cərimə Cavabdeh2 389 manat, Cavabdeh1 143 manat və Cavabdeh3 206 manat təşkil edir və həmin məbləğin ödənilməsi də cavabdehlərdən tələb olunmalıdır.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2023-cü tarixli, e-2(005)- 915/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
16. Qətnamə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin mütləq ödənişlərinin, kommunal xidmətə, binanın saxlanması və təmirinə görə haqqın miqdarı qanuna müvafiq qaydada keçirilmiş kooperativin üzvlərinin ümumi yığıncağının qərarı ilə təsdiq edilməli, tələb olunan illər üçün xərclər smetası haqqında hesabat tərtib edilməli və təsdiq olunmaq üçün sahə mülkiyyətçilərinin ümumi yığıncağına təqdim edilməli olmasına baxmayaraq, kommunal xidmətlərin ödənilməsini tələb etmək hüququ verən həmin vəzifələrdən hər hansı birinin iddiaçı MTK tərəfindən qanuna uyğun şəkildə yerinə yetirilməsi müəyyən edilməmişdir. Məhkəmə vurğulamışdır ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Hazırkı işdə də iddiaçının istinad etdiyi halları sübut etmək vəzifəsinin onun üzərinə düşməsinə baxmayaraq idda tələbini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı iş materiallarında isə iddiaçının tələb etdiyi məbləği cavabdehlərin ödəməli olduğuna dair etibarlı sübutlar mövcud deyildir. Bu baxımdan iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1, 125, 128, 138, 140.3, 141.1, 141.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Mənzil Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mübahisənin dəlillərindən görünür ki, cavabdehlər çoxmənzilli binada mülkiyyət sahibləri olmaqla, binaya göstərilən ümumi kommunal haqlarının ödənilməsində iştirak etməkdən yayınırlar. Onlara hesablanmış kommunal haqları üzrə yaranmış borcun vaxtında ödəməsinin təmin etmirlər. Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Məhkəməyə təqdim edilmiş çoxmənzilli bina üçün kommunal haqqının hesablanmasına dair dəlillərə görə bina sakinləri olaraq cavabdehlərin hər birinə kommunal xidməti haqqı, onların malik olduğu sahəylərə nisbətində müəyyən edilib, hesablanmışdır. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. İş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş dəlillərə əsasən kommunal xidməti üçün haqqlar ümumi binaya görə ümumi olaraq eyni qaydada müəyyən edilmişdir. Hər bir sakin üçün olduğu kimi, cavabdehlərin də hər birinə əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarı, malik olduqları sahələrin kv.m. ölçülərindən asılı olaraq fərqli hesablanmışdır. Bu baxımdan da iddiaçının çoxmənzilli binada kommunal xidmətlərinin ümumi qaydada müəyyən edilməsi, müəyyən edilmiş kommunal xidmət haqqının bina sakinlərə, həmçinin cavabdehlərə görə mənsub olduqları sahəyə nisbətdə hesablanması və nəticə etibarı ilə hesablanmış borcun cavabdehlərdən ödənilməsi tələbi tam şəkildə yuxarıdaqeydedilən maddi hüquq normalarına uyğundur. Bu da iddianın təmin olunması üçün hüquqi əsasdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə əsasən, onlar əmlaklarına sahib ola bilsələr də, iddiaçı onları ondan istifadə etmək və onun barəsində sərəncam vermək imkanlarından məhrum etmişdir. Beləki, mənzil haqqının məbləğinin müəyyənləşdirilməsindən tutmuş yaşadıqları mənzilin yerləşdiyi torpaq sahəsi üzərində sərəncam verməyə qədər olan məsələləri onlar - mülkiyyət sahibləri yox, kənar qurum – İddiaçı MTK verir. Çoxmənzilli binaların idarəedilməsi Mənzil Məcəlləsinin uyğun maddələrinə əsasən tənzimlənir. Çoxdandır adı ləğv prosesində hallanan İddiaçı MTK Məcəllənin 141, 142, 143, 144, 145 -ci maddələrini kobud surətdə pozmuşdur. Bu maddələrə əsasən, sahə mülkiyyətçisi olaraq onları seçim qarşısında qoymayıblar. İstənilən halda hər 3 idarəetmə forması MTK-ların ləğvini tələb edir. Çünki MTK-lar yalnız müəyyən dövr üçün yaradılırlar. İddiaçı MTK binanı tikib təhvil verdikdən sonra da idarəçiliyi əllərində saxlamış, bu azmış kimi istədikləri kimi də kommunal ödəniş haqqı müəyyən etmişlər. Hətta bu ödənişləri tələb edərkən dövlətin mənzil üzərində əsas sənədi sayılan reyestr çıxarışındakı məlumatlara deyil, öz müqavilələrindəki məlumatlara əsaslanıblar. Halbuki, qanunvericilik bunu onlara qadağan edir. Ümumiyyətlə, MTK sahibləri ayrıca, yəni, sakinlərin və ya onların təmsilçilərinin razılığı olmadan sərbəst şəkildə aylıq ödəniş məbləğini müəyyənləşdirmək hüququna malik deyillər. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan sonra bir ay ərzində MTK-lar ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Yəni, binanın idarəsini mülkiyyətçilərə təhvil verib, çıxmağa borcludur. Yəni, əgər MTK bina sakinlərinin razılığı əsasında binanı idarə edəcəksə, o Ədliyyə Nazirliyində MMMC olaraq qeydiyyatdan keçməlidir. İddiaçı MTK isə bunu etməyib və qanunsuz olaraq binada pul toplamaqla məşğuldur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının nümayəndəsi Vəkil iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək qətnamə ləğv olunmaqla iddianın təmin olunmasını xahiş etdi.
22. Cavabdeh1, Cavabdeh3 nümayəndəsi X11 apellyasiya şikayəti ilə razı olmadıqlarını bildirərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır; Maddə 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir; Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir; Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır; Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir; Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər; Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; Maddə 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir; Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir; Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir; Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir; Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır; Maddə 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir; Maddə 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur; Maddə 141.7. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin; Maddə 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər; Maddə 141.9. Bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqə keçirilmədən çoxmənzilli binanın idarəetmə müqaviləsinin bağlanmasına o şərtlə yol verilir ki, göstərilən müsabiqə qanunvericiliyə uyğun olaraq baş tutmamış hesab edilsin; Maddə 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Maddə 141-1.1. Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir; Maddə 141-1.2. Bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır; Maddə 141-1.3. Bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur;
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
27. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 105-ci məhəllə ünvanında İddiaçı MTK tərəfindən tikilmiş binada yerləşən mənzillərin mülkiyyətçiləridir. İddiaçı, MTK tərəfindən sakinlərə kommunal xidmətlərin göstərildiyinə və MTK-nın təsisçilərinin birgə ümumi yığıncağının 28 avqust 2017-ci il tarixli iclas protokoluna istinad etməklə 01 avqust 2022-ci il tarixə Cavabdeh3 1914 manat, X1 3601 manat və X6 1328 manat ödənilməmiş kommunal borclarının olduğunu əsas gətirərək hazırkı iddia ilə çıxış etmişdir.
28. İddiaçının istinad etdiyi 28 avqust 2017-ci il tarixli iclas protokolundan görünür ki, çoxmərtəbəli binaya MTK tərəfindən göstərilən bəzi xidmətlərə görə, yeni idarəçilik formasının həyata keçirilməsi müəyyən edilmiş, sözügedən xidmətlərin qiymətləri təsbit olunmuş, binaya idarəçi – kommendant təyin edilmişdir.
29. Kollegiya hazırkı iddianın hüquqi təhlili yönündə ilk öncə çoxmənzilli binalarda idarəetmə ilə bağlı qanunvericiliyin müvafiq maddələrinə nəzər salmağı zəruri hesab edir.
30. Kollegiya hesab edir ki, tələbin qanuni əsasını Mənzil Məcəlləsinin 141-ci maddəsi təşkil edir.
31. Həmin maddənin tələblərinə görə, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
32. Normaların məzmunundan göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir.
33. Mənzil tikinti kooperativlərinin yaradılmasının məqsədi binaların tikintisi və (və ya) yenidənqurulması kimi müəyyən edilmiş, kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi isə yalnız müəyyən dövr üçün müəyyənləşdirilmişdir. Binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququnun mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi imperativ şərt kimi müəyyənləşdirilmişdir.
33. Kollegiya qeyd olunan normaların işin halları baxımından qiymətləndirərək hesab edir ki, iddiaçı çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq həyata keçirir. Belə olduğu təqdirdə, iddiaçının cavabdehlərdən kommunal borclarının tutulmasına dair tələbinin hər hansı bir hüquqi əsası yoxdur.
34. Hazırkı işdə, yaşayış sahəsinin 6 ildən çoxdur ki, istismara verilməsi, mənzillərin və qeyri-yaşayış sahələrinin ayrı-ayrı mülkiyyətçilərin sərəncamında və istifadəsində olması iddiaçı tərəfindən təsdiq edilməklə, işin mübahisəsiz halıdır. Deməli, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququnun mənzil-tikinti kooperativinin üzvlərinə keçdiyindən, MTK-nın ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi məsələsi həll olunmalı idi.
35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, e-2(005)- 915/2023 nömrəli qətnaməsindən İddiaçı Mənzil – Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, e-2(005)- 915/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev