Məhkəmə qərarları › İş №2(103)-3652/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3652/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3652/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə bağlı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3652/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X13 oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, avtomobilin geri qaytarılması və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1343/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 11 iyul 2025-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilin alışı üçün ödədiyi cəmi 24500 manatın, mənəvi ziyan olaraq 10000 manatın və ödənilmiş 195 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən xx.xx.2024-cü il tarixdə rəsmi müqavilə bağlamaqla, LAC JS8 minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satın almışdır. Aralarında imzalanmış avtomobilin müddətli satşı üzrə K-819-A-PCC-24 nömrəli müqaviləyə əsasən, 8.780 AZN ilkin ödəniş etmişdir və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli əlavə ilə müəyyən edilmiş şərtlərlə və qaydada dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə imzaladıqdan sonra cavabdeh müqavilədə göstərilən avtomobili ona təhvil vermiş və o həmin avtomobilə görə, ödəniş cədvəlinə uyğun olaraq hər ay nəzərdə tutulmuş qaydada ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə cədvəl üzrə növbəti ödənişi etdikdən sonra cavabdeh müxtəlif bəhanələr gətirməklə, aldığı avtomobili idarə etmək üçün etibarnamə verməkdən əsassız olaraq imtina etmişdir. Məcburiyyət qarşısında qalaraq cavabdehin bu qanunsuz hərəkəti barədə Yasamal rayon prokurorluğuna müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və həmin qərara əsasən mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəmyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdeh ona satmış olduğu avtomobilə dair etibarnamə verməməsi və avtomobili özünün nəzarətində olan dayanacaqda saxlaması qanunsuzdur və cavabdehin bu hərəkəti ilə onun mənafeyinə ziyan vurmuşdur. İş yoldaşlarının, dostlarının və ailəsinin yanında pis vəziyyətdədir. Camaat elə bilir ki, o ödəniş edə bilmədiyi üçün maşını əlindən alıblar. Başına gələnləri hər kəsə izah etmək olmur. Pulunu ödədiyi halda avtomobili əlindən alınmışdır.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, avtomobilin geri qaytarılması və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və İddiaçı arasında bağlanmış K-819-A- PCC-24 nömrəli xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələrinin müddətli satışı üzrə müqavilənin etibarsız hesab edilməsi, JAC JS8 minik markalı **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı alınaraq Cavabdeh MMC-yə verilməsi, JAC JS8 minik markalı **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərini itirməsi nəticəsində vurduğu zərərə görə 17958 manat məbləğində pul, JAC JS8 minik markalı **- YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən qanunsuz olaraq istifadə etdiyinə görə əldən çıxmış fayda kimi 16110 manat məbləğində pul, 193 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı alınaraq Cavabdeh MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, JAC JS8 minik markalı 77- YX478 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılması ilə bağlı Cavabdeh MMC və İddiaçı arasında xx.xx.2024-cü il tarixli K-819-A-PCC-24 nömrəli nəqliyyat vasitəsinin müddətli satışı üzrə müqavilə bağlanmışdır. Nəqliyyat vasitəsi Cavabdeh MMC-nin Babək Filialından alınmışdır. Həmin müqavilənin şərtlərinə əsasən satılan nəqliyyat vasitəsinin dəyəri 48458 manat məbləğində razılaşdırılmışdır. Cavabdeh 8780 manat məbləğində ilkin ödəniş etdikdən sonra qalan 39678 manat məbləğində pulun 24 ay müddətində hər 1653 manat olmaqla, hissə-hissə ödənilməsi barədə razılıq əldə edilmişdir. Cavabdeh həmçinin xalası oğlanları kimi qələmə verdiyi X12 və onun qardaşı X5 qeyd edilən nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamə verilməsini xahiş etmişdir. Cavabdehin xahişi əsasında xalası oğlanları kimi qələmə verdiyi X12 və onun qardaşı X9 da etibarnamə verilmişdir. Yuxarıda qeyd edilən bütün sənədləşmə işləri Cavabdeh MMC-nin Babək Filialında icra edilmişdir. 8 ay müddətində müqaviləyə əsasən ödənişlər icra edilmiş və bu müddət ərzində hər üç şəxsə qeyd edilən nəqliyyat vasitəsini idarə etməsi üçün müxtəlif vaxtlarda etibarnamələr verilmişdir. Cavabdeh MMC-nin Babək X1 tanıyan işçi yoxdur. Bu səbəbdən də heç kim ona əhəmiyyət verməmişdir. Lakin sonradan təsadüf nəticəsində bu fakt onlara məlum olmuşdur. Belə ki, X12 2016-cı ildə onlarla sıx əməkdaşlıq edən tərəfdaşları “X17” MMC-dən Chevrolet Cruze minik markalı 90- PC-818 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi almış və həmin nəqliyyat vasitəsinin dəyərini ödəmədiyi üçün tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 566/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X3 alınaraq “X17” MMC-yə verilməsi qət edilmişdir. Lakin həmin qətnamənin qanuni qüvvəyə minməsindən sonra da X12 qeyd edilən nəqliyyat vasitəsini gizlədərək istifadə etməyə davam etmiş və həmin nəqliyyat vasitəsi ilə çoxsaylı inzibati xətalar törətmişdir. Bu səbəbdən də həm nəqliyyat vasitəsi, həm də onun özü ilə bağlı axtarış elan edilmişdir. Uzun müddət davam edən məcburi icra tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsi X3 alınaraq “X17” MMC-yə təhvil verilmişdir. Cavabdeh MMC və “X17” MMC hər ikisi nəqliyyat vasitələrinin satışı və onlara texniki xidmət sahəsində fəaliyyət göstərdikləri, eyni bir istehsalat sahəsində fəaliyyət göstərdikləri, bir-biri ilə əməkdaşlıq etdikləri, Cavabdeh MMC-nin bir çox işçilərinin əvvəllər “X17” MMC-də işləməsi səbəbindən Cavabdeh MMC-nin bir çox işçiləri əvvəllər “X17” MMC-də problemli müştərilər barədə məlumata sahibdirlər. X6 da məhz həmin işçilər tanımış və bu barədə cəmiyyətin rəhbərliyinə məlumat vermişdir. Bundan sonra məlum səbəbdən X12 və onun qardaşı X10 etibarnamə verilməsinə icazə verilməmişdir. Bu barədə cavabdehə də məlumat verilmişdir. Lakin buna baxmayaraq cavabdeh yenə də JAC JS8 minik markalı **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi üçün X7 vermişdir. X2 xx.xx.2024-cü il tarixində yol polisi əməkdaşları tərəfindən saxlanılmış və etibarnaməsi olmadığı üçün nəqliyyat vasitəsi ondan alınaraq müvəqqəti duracağa yerləşdirilmişdir. Bütün qeyd edilənlərdən aydın görünür ki, cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli K-819-A-PCC- 24 nömrəli nəqliyyat vasitələrinin müddətli satışı üzrə müqavilə uydurma əqddən başqa bir şey deyil. Belə ki, həmin əqdin əsl tərəfi, əslində, cavabdeh deyildir. Cavabdeh sadəcə onunla əqd bağlanması görünüşü yaratmaq üçün həmin əqdin tərəfi olaraq müqavilənin bağlanmasında iştirak etmişdir. Əslində isə qeyd edilən nəqliyyat vasitəsini alan məhz X8r. Belə ki, X12 problemli müştəri olduğu üçün onların ona nəqliyyat vasitəsi satmaqdan imtina edəcəklərini bilirdi. Bu səbəbdən də görünüş yaratmaq üçün müqavilənin bağlanması üçün cavabdehi müqavilənin tərəfi kimi təqdim etmək məcburiyyətində qalmışdır. Əslində isə nəqliyyat vasitəsini özü və qardaşının istifadəsini üçün almışdır. Qeyd edilən səbəblərdən əqd etibarsız hesab edilməlidir. Nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu müddət ərzində qeyd edilən nəqliyyat vasitəsi bazar dəyərini xeyli itirmişdir. Belə ki, hazırda bazarda olan analoji nəqliyyat vasitələrinin orta satış qiyməti 30500 manatdır. Beləliklə də, cavabdehin nəqliyyat vasitəsini istismar etməsi nəticəsində nəqliyyat vasitəsinin bazar dəyəri 17958 manat məbləğində azalmış və nəqliyyat vasitəsinin öz dəyərini itirməsi nəticəsində külli miqdarda zərər dəymişdir. Əqd etibarsız olduğu üçün cavabdeh nəqliyyat vasitəsi üçün 2024-cü ildə bir aylıq kirayə haqqının məbləği 1800 manat təşkil edir. Beləliklə də cavabdeh nəqliyyat vasitəsindən əsassız olaraq istifadəyə görə əldən çıxmış fayda kimi 16100 manat məbləğində zərər vurmuşdur.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1343/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) ilkin iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh MMC-dən 24500 manat pul və 163 manat dövlət rüsumunun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə ilkin iddia üzrə İddiaçı özünə aid edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin özünə aid edilməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.5, 21, 23, 337.1, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 385.1, 386.1, 425.1, 441.1, 441.2, 442, 567, 600.1, 600.3, 600.4-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 217.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin olunmamasını, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alıcı tərəfindən uzun müddət – konkret olaraq 9 ay ərzində nəqliyyat vasitəsindən fasiləsiz istifadə edildiyi halda, məhkəmə həmin müddət ərzində yaranmış təbii aşınma və istismar nəticəsində meydana çıxmış dəyər itkisinin ödənilməsi məsələsinə münasibət bildirməmişdir. Cavabdeh MMC ilə cavabdeh arasında bağlanmış K-819-A-PCC-24 nömrəli avtomobilin müddətli satışı üzrə müqavilənin 4.1.4-cü bəndinə əsasən alıcı nəqliyyat vasitəsinin istismarı zamanı istehsalçı tərəfindən müəyyən edilmiş istismar qaydalarına və zəmanət şərtlərinə riayət etməlidir. Lakin o, nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalı olduğu halda bu öhdəliyinə əməl etməmiş, onun etinasız, laqeyd, səhlənkar və səliqəsiz şəkildə istismar etməsi nəticəsində nəqliyyat vasitəsinin bazar dəyəri azalmışdır. Həmçinin nəqliyyat vasitəsinin İddiaçı tərəfindən istifadə edilməməsi ilə bağlı əsaslı sübutları məhkəməyə təqdim etməyimizə baxmayaraq məhkəmə sübutları tam araşdırmamışdır. Nəqliyyat vasitəsinin idarə edilməsi üçün verilən 9 etibarnamədən yalnız 2-si ona aid olmuşdur. Təqdim etdiyimiz dəlillər, həqiqətən də, nəqliyyat vasitəsinin İddiaçı tərəfindən istifadə üçün alınmaması və onun müqavilənin əsl tərəfi olmamasını sübut edir. Ona görə də İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan müqavilə uydurma əqd hesab edilməli idi. Lakin məhkəmə göstərilən sübutların heç birinə əhəmiyyət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

16. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

18. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.

19. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

20. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

21. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

22. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

25. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

26. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

27. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

28. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.

29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

32. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Əşyanının hissə-hissə ödənilməsi şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Hazırda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin “mənəvi ziyanın ödənilməsi” tələbinə dair hissəsi istisna olmaqla (həmin hissənin təmin edilməməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən şikayət verilmədiyindən) digər hissələrinin yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

42. Hazırda apellyasiya baxışı zamanı aydınlıq gətirilməli bir sıra məsələlər mövcuddur: 1) qarşılıqlı iddia tələbi üzrə: a) əqdin etibarsızlığı; b) avtomobilin qaytarılması; c) amortizasiya nəticəsində dəymiş zərərin ödənilməsi; ç) əldən çıxmış fayda; 2) ilkin iddia tələbi üzrə: ödənilmiş pulun geri qaytarılması.

43. Kollegiya hesab edir ki, ilkin iddia tələbi üzrə müqavilə öhdəliklərinin icra edilməsi məsələsinə münasibət bildirilməsi üçün ilk növbədə qarşılıqlı iddia üzrə həmin əqdin etibarlı olub-olmamasına aydınlıq gətirilməlidir.

44. Belə ki, apelyator xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələrinin müddətli satışı üzrə müqavilənin etibarsız hesab edilməsi barədə tələbini onunla əsaslandırmışdır ki, nəqliyyat vasitəsi əksər hallarda R.Əliyev tərəfindən deyil, xalası oğlanları kimi qələmə verdiyi X12 və onun qardaşı X14 tərəfindən idarə olunmuş, nəqliyyat vasitəsi İddiaçı tərəfindən deyil, digər şəxslər tərəfindən istifadə üçün alınmışdır. Bu hal onun müqavilənin əsl tərəfi olmamasını sübut etdiyindən tərəflər arasında bağlanan müqavilə uydurma əqd hesab edilməlidir.

45. Göstərilən mövqeyə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir.

46. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Bütün bunlar onu deməyə əsas verir ki, uydurma əqd bağlanarkən tərəflərin pərdələmək istədikləri başqa bir əqd və ondan doğan öhdəliklər mövcud olmur, sadəcə cari müqavilə sırf görüntü yaratmaq məqsədi daşıyır. Lakin qarşılıqlı iddia üzrə iddiaçının bildirdiyinə görə başqa hüquq və öhdəlikləri, yəni alqı-satqı münasibətlərini ehtiva edən əqd olmuş, lakin həmin əqdin tərəfi İddiaçı deyil, başqa şəxs(lər) olmuş, mübahisəli əqd isə həmin əqdi pərdələmək niyyəti ilə bağlanmışdır. Bu halda qarşılıqlı iddia üzrə iddiaçının tərəflər arasındakı əqdin əhəmiyyətsizliyini onun uydurma olması ilə əsaslandırması, bir növ, öz dediklərinin təkzibinə gətirib çıxarmışdır.

47. Lakin məhkəmə hər bir halda tələbi yalan əqdin etibarsızlığı aspektindən də qiymətləndirərək qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” plenum qərarı) əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. eləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

48. Lakin xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Belə ki, ilk növbədə, hazırki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı nəqliyyat vasitəsinin İddiaçı tərəfindən deyil, xalası oğlu kimi təqdim etdiyi digər şəxslər tərəfindən istifadə üçün alındığını və əslində, əqdin tərəfinin həmin şəxslər olduğunu bildirsə də, bu dediklərini təsdiq edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Apelyator bu arqumentini həmin şəxslərə verilən etibarnamələrlə əsaslandırmağa çalışsa da, kollegiya qeyd edir ki, avtomobilin idarəetməsi ilə bağlı digər şəxslərə də etibarnamə verilməsi bağlanan əqdin tərəfinin başqa şəxslər olmasını deməyə əsas vermir. Halbuki müqavilənin etibarsızlığına dair iddialara baxılarkən sübutetmə yükü bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

49. O cümlədən qarşılıqlı iddia üzrə cavabdeh də belə bir pərdələmə niyyəti güdən razılaşmanın mövcudluğunu təsdiqləməmiş, işdə olan hər hansı materiallarla da bu hal təkzib olunmamışdır. Bu zaman da Konstitusiya Məhkəməsinin də bu barədə yuxarıda göstərilən mövqeyinə uyğun olaraq əqdin yalan əqd kimi qiymətləndirilməsinə dair mötəbər əsas mövcud olmuş olmur.

50. Beləliklə, kollegiyanın qənaətinə görə qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər tərəflər arasında bağlanılan etibarlı müqavilənin etibarsız hesab olunmasına əsas vermir.

51. Kollegiya qarşılıqlı iddia tələbinin avtomobilin geri qaytarılması ilə bağlı hissəsində münasibətdə qeyd edir ki, avtomobilin iddiaçının sahibliyinə verilməsi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin müddətli satışı üzrə K-819-A-PCC- 24 №-li müqavilənin nəticəsində baş vermişdir və həmin əqd etibarsız hesab edilmədiyindən, restitusiyanın edilərək avtomobilin qaytarılmasına hər hansı əsas mövcud olmur. Bundan əlavə işin hallarından da görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən cavabdehə avtomobilin idarəsi üçün etibarnamə verilməsindən imtina edildiyindən sonuncu artıq avtomobilə sahiblik və istifadə edə bilməmiş, həmçinin apellyatorun öz dediyinə əsasən cavabdehin qohumu X12 xx.xx.2024-cü il tarixində yol polisi əməkdaşları tərəfindən saxlanılmış və etibarnaməsi olmadığı üçün nəqliyyat vasitəsi ondan alınaraq müvəqqəti duracağa yerləşdirilmişdir. Bu halda avtomobilin məhz cavabdeh tərəfindən qaytarılması da qeyri-mümkündür.

52. Məhkəmə kollegiyası apelyatorun amortizasiya nəticəsində dəymiş zərərin və əldə çıxmış faydanın tələbinə dair dəlillərinə münasibəti isə ilkin iddia tələbinin əsaslı olubolmaması aspektindən dəyərləndirərək aşağıdakıları qeyd edir.

53. Belə ki, iş materiallarında olan sənədlərə əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə Avtomobilin müddətli satışı üzrə K-819- A-PCC-24 №-li müqavilə bağlanmış və Cavabdeh MMC texniki spesifikasiyaya uyğun olan JAC JS8 minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı ban LJ166A253P4034021 nəqliyyat nasitəsini texniki saz halda İddiaçı satmağı, İddiaçı isə həmin nəqliyyat vasitəsini qəbul edib hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 №li Əlavə ilə müəyyən edilmiş şərtlərlə və qaydada dəyərini Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı müqavilə öhdəlikləri üzrə aylıq 1653 manat olmaqla, 8 ay müddətində ümumilikdə 13224 manat ödəniş edilmişdir. Eyni zamanda, ilkin iddia üzrə iddiaçı tərəfindən 8780 manat ilkin ödəniş edilməsi və 2502 manat sığorta haqqının ödənilməsi iş materialları və ilkin iddia üzrə cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunmuşdur.

54. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1 və 600.3-cü maddələrin əsasən, Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Əşyanının hissə-hissə ödənilməsi şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

55. Qeyd edilən MM-in 441-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.

56. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcıya verməyi, alıcı isə əşyanın dəyərini müqavilədə göstərildiyi qaydada ödəməyi öz öhdəsinə götürür. Hazırki iş üzrə yuxarıda da göstərildiyi kimi tərəflər arasında bağlanılan müqavilə şərtləri də qanunvericiliyə uyğun olaraq təsbit olunmuş, alıcı qismində R.Əliyev öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında icra etmiş, satıcı isə bir müddətdən sonra öz ərizəsində göstərdiyi səbəbləri əsas gətirərək R.Əliyevə avtomobilin idarə edilməsi üçün nəzərdə tutulan etibarnamənin verilməsindən imtina etmiş və nəticədə avtomobil sonuncunun istifadə və sahibliyindən çıxmışdır. Bu isə MMC-nin müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina olunması deməkdir ki, MM-in 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

57. Satıcının qeyd edilən birtərəfli imtinası ilkin iddia üzrə iddiaçıda haqlı olaraq mükəlləfiyyətli tərəfin müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirməməsi və ya ən azından həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyi fikrini yaratdığından onun öz üzərinə düşən icranı dayandıraraq bu günədək etdiyi ödənişləri tələb etməsinə qanuni və faktiki əsaslar yaranmışdır. Çünki alıcı qismində ilkin iddia üzrə iddiaçı sözügedən müqaviləni bağlayarkən əldə etməyə ümid etdiyi nəticəyə çata bilməmiş, buna səbəb isə qarşı tərəfin öz öhdəliklərindən birtərəfli qaydada imtinası olmuşdur. Qeyd edilənlər onu deməyə əsas verir ki, ilkin iddia üzrə iddiaçının ödənilmiş vəsaitin geri qaytarılmasına dair tələbi əsaslı olmaqla qətnamənin həmin hissədə ləğvi üçün hər hansı əsas aşkar olunmamışdır.

58. Qarşılıqlı iddia tələbinin amortizasiya nəticəsində dəymiş zərərin və əldə çıxmış faydanın tələbinə dair dəlillərinə münasibətdə də kollegiya qeyd edir ki, yuxarıda da göstərildiyi kimi müqavilə üzrə öhdəliyindən birtərəfli imtina edən tərəf qarşılıqlı iddia üzrə iddiaçı olduğundan, alıcı avtomobili ona mülkiyyət hüququ əldə edəcəyi gözləntisi ilə istifadə etdiyindən hazırda apelyatorun avtomobilin istifadəsi nəticəsində amortizasiya məbləğini və ona hesablanmalı əldən çıxmış fayda məbləğini tələb etməsi əsassız olmuşdur. Buna görə də qətnamənin qeyd edilən hissədə də ləğvi üçün hər hansı qanuni əsas mövcud deyildir.

59. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri göstərilən hissədə də əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

60. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

61. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

62. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

63. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

64. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

65. Göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

66. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

68. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1343/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar