Məhkəmə qərarları › İş №2(103)-3656/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3656/2023

15.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3656/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, Cavabdeh1 cavabdehlər İddiaçı və qeyrisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən çıxarılma, müqavilənin etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" MTK –nın nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MTK tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması, iddiaçının həmin mənzilə köçürülməyi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzili cavabdehlərdən pul verib almışdır. Sonra həmin mənzillə bağlı "xxxx" MTK-nın sədri X4 ilə həmin mənzilə pay hüququnun əldə edilməsi barədə xx.xx.2022-ci il tarixdə müqavilə bağlamışdır. “Hidayət N" MTK tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli maliyyə arayış verilmişdir. Arayışda sözügedən mənzilin xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən alındığı və bu günə qədər heç bir borcunun olmaması qeyd edilmişdir. Lakin cavabdehlər ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxmaq istəmirlər, müxtəlif bəhanələr gətirirlər. Dəfələrlə cavabdehlərə aldığı mənzilə köçmək istədiyini bildirsə də, onlar mınzili boşaltmaqdan imtina etmişlər. Belə olan halda iddiaçı məhkəməyə müraciət etməyi qarara almışdır.

3. Cavabdeh1 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 01 sentyabr 2022-ci il tarixli "xxxx" MTK ilə İddiaçı Hafiz oğlu arasında bağlanılmış “müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi və sair” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 avqust 2013-cü il tarixdə X5 ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, S.Ə. Şirvani küçəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin 3 blok 14- cü mərtəbə, 3 otaqlı ümumi sahəsi 135kv.m olan 229 nömrəli mənzili Cavabdeh1 adına pay hüququnun əldə edilməsi barədə müqavilə bağlanmışdır. Avqust 2022-ci il tarixdə müqavilə əsasında adına olan sözügedən mənzili satmaq qərarına gəlmişdir. İddiaçı ilə görüşərək mənzilini 170000 (yüz yetmiş min) manata satmağa dair danışıqlar olmuşdur. Bu məqsədlə ilkin olaraq 03 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində MTK-nın məsləhəti ilə ərizə verərək paylarından imtina barədə ərizə almışlar. Mənzili alan şəxslə eyni rayondan olduqlarından ona inanmışlar. İddiaçı onlara pul vermək niyyətinin olmadığını, aldatdığını bildikdə alqı-satqı fikrindən imtina etmişlər. Sonradan ərizədən istifadə edilməməsi üçün xx.xx.2022-ci il tarixdə 14 saylı notariat ofisinə gedərək paydan imtina barədə verdikləri ərizəni ləğv etdirmişlər. Sonradan məhkəmədən bildiriş gələndə bəlli oldu ki, İddiaçı hansı yollasa qanunsuz müqavilə əldə edərək ona aid olan mülkiyyətində olan S.Ə. Şirvani küçəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin 3 blok 14-cü mərtəbə, 3 otaqlı ümumi sahəsi 135 kv.m olan 229 nömrəli mənzili ələ keçirmək istəyir. İddiaçı adına olan müqavilədən iddiaçının xəbəri yoxdur. Aldadıldığından mənzilin satışına heç bir razılığı olmamışdır.01 sentyabr 2022-ci il tarixli qeyri-qanuni yolla əldə etdiyi müqavilənin yoxlanması barədə xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi və müqavilənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməlidir.

5. Xətai Rayon Məhkəməsinin 2(011)-276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Əminə Abbasova) ilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh3 arasında ünvan 1 ünvanındakı binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən 229 nömrəli mənzilə dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilmişdir.

6. İddiaçı və Cavabdeh3 MTK həmin qətnamədən ayrılıqda apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri.

7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə,yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzilin "xxxx" MTK tərəfindən 170000 manat müqabilində İddiaçı istifadəsinə verilməsi ilə bağlı "xxxx" MTK ilə İddiaçı arasında müqavilənin bağlanması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən tərəflər arasındakı müqaviləyə Mülki Məcəllənin etibarsız əqdlərə dair müddəalarının tətbiq olunması düzgün deyildir. Məhkəmə qərar qəbul edərkən cavabdeh tərəfindən iddiaçıya evin alınması üçün 170000 manat pul vəsaitinin verilməsini nəzərə almamışdır. Bildirmək istəyir ki, iddiaçı alqı-satqı razılaşması üzrə öz öhdəliklərini vaxtında və tam yerinə yetirmişdir. "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli arayışından da görünür ki, İddiaçı ünvan 1, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzil xx.xx.2022-ci il tarixdə almış və bu günə qədər heç bir borcu yoxdur. İşin hallarından göründüyü kimi, iddiaçının cavabdehə dəfələrlə söhbət aparmağına və etdiyi xəbərdarlıqlara baxmayaraq cavabdeh mənzildən çıxmaqdan imtina etdiyini, evin iddiaçının sahibliyinə verməyəcəyini bildirmişdir. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tələbini əsaslandırdığı hallarla təsdiq edilən iddiaçının izahatına obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə öz qətnaməsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olaraq təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bildiririk ki, İddiaçı müqavilə bağlanmazdan bir gün qabaq Cavabdeh1 oglu ilə Bakı şəhəri,Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin qarşısında (mübahisəli mənzilin yerləşdiyi binanın həyətində) görüşmüşlər və iddiaçının avtomobilində Kamal 170000 manat pulu sayaraq Hafizə vermişdir. Bundan sonra, yəni, Hafiz pulu alandan sonra öz iradəsini MTK-ya bildirmiş və artıq sentyabr ayının 1-də MTK ilə müqavilə bağlanılmışdır. Müqavilə bağlanan zaman MTK tərəfindən bildirilmişdir ki, gələcəkdə hər hansı problemin olmaması üçün imtina ərizələri olmalıdır. Həmin imtina ərizələrinin alınması və MTK-ya təqdim olunmasını zəruriliyi Cavabdeh1 bildirmiş,Hafiz də öz növbəsində imtina ərizələrinin hazırlayıb verəcəyinə söz vermiş və sonradan cavabdeh tərəfindən imtina ərizələri notariat qaydasında ayının 3-ü hazırlanıb MTK-ya təqdim olunmuşdur. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh "Hidayət-N” MTK qətnamədən apellyasiya şikayəti vermiş, şikayətinin dəlili kimi qeyd etmişdir ki, mənzilə pay hüququndan imtina və pay hüququnun ilkin iddia üzrə iddiaçının adına sənədləşdirilməsinə razılıq barədə notarial qaydada təsdiq edilmiş ərizələrin pay hüququnun bağlanmış müqavilə ilə ilkin iddia üzrə iddiaçının adına sənədləşdirilməsindən sonra verilməsi həmin müqavilənin subyekt tərkibinə görə qüsurlu olmasına və bu əsasla etibarsız sayılmasına səbəb ola bilməzdi. Çünki istinad olunan maddənin nəzərdə tutduğu mənada ağlabatan mühakimə əsasında belə bir nəticəyə gəlmək mümkün deyildir ki, iş üzrə cavabdeh MTK qarşılıqlı iddia üzrə iddaçının və onu həyat yoldaşının, yəni mənzilə pay hüququ olan şəxslərin razılığı olmadan həmin mənzili başqa şəxsin adına sənədləşdirərək qanunsuzluğa yol versin, bundan sonra isə MTK-nın bu qanunsuzluğu bir neçə gündən sonra mənzilə pay hüququ olan şəxslər tərəfindən bəyənilərək razılıq barədə notarial qaydada təsdiq edilmiş ərizələr verilsin. Əslində ağlabatan mühakimə əsasında sonradan verilmiş notarial ərizələr mənzilə pay hüququ olan qarşılıqlı iddia üzrə iddiaçının və onun həyat yoldaşının hələ müqavilə bağlanmamışdan əvvəl mənzilin ilkin iddia üzrə iddiaçının adına sənədləşdirilməsi barədə iradə ifadəsinin mövcudluğunu təsdiq etmişdir. İşə baxmış məhkəmə işin bu hallarını nəzərə almayaraq, MTK ilə ilkin iddia üzrə iddiaçı arasında bağlanmış əqd hesab edilən müqavilə üzrə razılıq verən şəxslərin iradə ifadəsinin məzmununu ağlabatan mühakimə əsasında düzgün müəyyənləşdirməməklə göstərilən maddi hüquq normasını pozmuşdur. Bununla da həmin sübutlara məhkəmə düzgün qiymət verməməklə MPM-in 88-ci maddəsinin tələblərini də pozmuşdur. "xxxx" MTK Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş mülki hüquq subyektlərinin iradə sərbəstliyinə uyğun hərəkət edərək mənzilə pay hüququnun digər şəxsin adına keçirilməsi barədə müqavilə bağlamışdır. Müqavilənin bağlanması, müqavilə bağlanarkən mənzilə pay hüququ olan şəxslərin müqavilənin bağlanmasına dair iradə ifadəsinin mövcudluğu iş üzrə ilkin iddia üzrə iddiaçının və qarşlıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsinin verdiyi izahatlar, şahid ifadəsi, notarial qaydada təsdiq edilmiş ərizələr və s. ilə təsdiq edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmamamış,prosessual və maddi hüquq normaları pozulmuşdur. Göstərilənlərə əsasən, qətnamənin tamamilə ləğv edilməsi, qarşılıqlı iddia üzrə iddia tələblərinin təmin edilməməsi və ilkin iddia üzrə iddia tələblərinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, işə baxmış rayon məhkəməsi hazırkı mülki işin müəyyən olunmuş hallarına düzgün qiymət verməmiş, tərəflər arasında yaranmış hüquq münasibətlərini düzgün müəyyənləşdirə bilməmiş, eləcə də maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir. Çünki işin mübahisə olunmayan halı ondan ibarətdir ki, cavabdeh pula ehtiyacı olduğundan mənzilini satmaq qərarına gəlmiş, iddiaçı ilə bu barədə danışıqlar apararaq razılığa gəlmiş, mənzilin qiyməti 170.000 manat razılaşdırılmış, cavabdeh tərəf həmin məbləği aldıqdan sonra cavabdehə məxsus mənzil müvafiq qaydada qeydiyyata alınmadığından (çıxarışı olmadığından) sənədləşdirmə MTK-larda mövcud praktikaya uyğun olaraq satanın paydan imtinası və mənzilin yeni alıcının adına müqavilənin bağlanması üsulu ilə həyata keçirilməsi barədə qarşılıqlı razılıq əldə olunmuş, bu məqsədlə də cavabdeh MTK-ya yaxınlaşaraq mənzilini iddiaçıya satdığını, mənzilin onun adına keçirilməsini xahiş etmiş, MTK-da onlara bildirmişlər ki, gələcəkdə mübahisə olmasın deyə imtina ərizələri notariat qaydasında olmalıdır, həm də cavabdeh nikahda olduğundan onun arvadının da eyni qaydada razılığı olmalıdır, həmin vaxt cavabdeh tərəf pula təcili ehtiyacları olduğundan həmin günü müqaviləni alıcının adına keçirməyi israrla xahiş etmiş və bir-iki günə isə notariat qaydasında həm özünün, həm də arvadının imtina ərizəsini gətirəcəyinə söz vermiş, həmin günü, yəni xx.xx.2022-ci il tarixində MTK ilə iddiaçı arasında həmin müqavilə bağlanmış, iki gün sonra, yəni xx.xx.2022-ci il tarixində isə cavabdeh verdiyi vədinə əməl edərək notariat qaydasında həm özünün, həm də arvadının imtina ərizəsini vermişdir. Sonradan onlara məlum olmayan səbəbdən cavabdeh on gün sonra isə imtina ərizələrini ləğv etdirmiş və mənzili təhvil verməkdən yayınmışlar. Cavabdeh tərəf müxtəlif bəhanələr uyduraraq, gah mənzilin satılmasına razılıq vermədiklərini, gah da razılaşdırılmış pulun ona ödənilmədiyini bildirirlər, halbuki mənzilin satılma qərarının olmasını, bu məqsədlə alıcı ilə dəfələrlə görüşüb danışmaları, MTK-ya gedib mənzilin iddiaçının adına keçirilməsini xahiş etmələri, bundan sonra notariat qaydasında imtina ərizələrinin verilməsi işin mübahisəsiz halı kimi cavabdehin qarşılıqlı iddia ərizəsindəki etirafı, şahid ifadəsi eləcə də məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam təsdiq olunmuşdur. Cavabdehin mənzilə dair razılaşdırılmış pulu almaması barədə bildirdiyi də uydurmadır, ağlabatan deyildir, cavabdeh özü də bunu heç cür izah edə bilməmişdir ki, necə ola bilərdi ki, pulu almadan MTK-dan mənzilin iddiaçının adına keçirilməsini xahiş etmiş, bundan iki sonra isə həm özünü, həm də arvadının notariat qaydasında imtina ərizələrini vermişlər.Göründüyü kimi, rayon məhkəməsi işin müəyyən olunmuş hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Rayon məhkəməsi əsassız olaraq iddiaçı tərəfindən mənzilə görə pulun ödənilməsinin sübut olmaması qənaətinə gəlmiş və bu səhv qənaətinə əsasən də iddiaçı ilə MTK arasında bağlanmış müqaviləni etibarsız hesab etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MTK–nın nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək və mahiyyət etibarı ilə iddiaçının bildirdiyi faktları təkrarlayaraq göstərdi ki, cavabdehin nümayəndəsi olduğu MTK-da mənzili olmuş, cavabdeh mənzilini satmaq qərarına gəlmiş, bu barədə MTK-nı məlumatlandırmış, həmin mənzilə dair müvafiq çıxarış olmadığından sənədləşdirmə MTK vasitəsi ilə mövcud praktikaya uyğun olaraq mənzil sahibinin imtinası və müqavilənin yeni sahiblə bağlanması qaydasında həyata keçirilmiş, iddiaçı ilə müqavilə bağlanmamışdan qabaq və həmin gün mənzilin sahibi MTK-ya gələrək mənzilini satdığını və mənzili iddiaçının adına keçirilməsini xahiş etmiş, həmin vaxt araşdırıllaraq müəyyən olunmuşdur ki, mənzilin sahibi nikahdadır, buna görə də onlara bildirilmişdir ki, gələcək mübahisələrin olmaması üçün imtina notariat qaydasında olmalıdır, eləcə də Cavabdeh1 arvadının da eyni qaydada razılığı tələb olunur, mənzilin sahibləri israrla müqavilənin həmin günü bağlanmasını xahiş etmiş və bir-iki gün ərzində isə imtina ərizələrini lazımi qaydada təsdiq etdirərəcəklərinə söz vermiş, bu əsasla da xx.xx.2022-ci il tarixində mənzilin yeni sahibi ilə müqavilə bağlanmış, iki gün sonra, yəni xx.xx.2022-ci il tarixində isə Cavabdeh1 həm özünün, həm də arvadının mənzildən imtinaya dair notariat qaydasında ərizələrini vermişlər. MTK olaraq onlar bu cür hallarda pulun alınıb-verilməsinə qarışmır, bu məsələni tərəflər öz aralarında həll edirlər, hazırkı halda da onlar pulun verilib-verilməməsi barədə heç bir məlumat verə bilməzlər, onlar bu işə qarışmır, lakin müqavilənin bağlanmasını israr edərkən mənzilin sahibi pula təcili ehtiyacı olması səbəbindən müqavilənin məhz həmin gün bağlanmasını istəməsi, iki gün ərzində də notariat qaydasında imtina ərizələrini vermələri mənzilə görə pulun alındığı qənaətinə gəlməyə əsas ola bilər. Qaldı ki, cavabdehin mənzilinin onun istəyi olmadan MTK tərəfindən başqa şəxsin adına keçirilməsi ilə bağlı bildirdiklərinə, bu aşkar yalan və həm də məntiqsizdir, çünki MTK haradan bilirdi ki, onlarla mənzil olan binada məhz Cavabdeh1 mənzilini satır və məhz iddiaçıya satır, demək ki, cavabdehin mənzilinin, həm də məhz iddiaçının adına keçirilməsi onun öz iradəsinə uyğun olmuşdur. Rayon məhkəməsi işin mübahisəsiz olan hallarına düzgün qiymət verməməklə yanaşı, həm də pulun verilməsinin sübut olunmaması əsası ilə əqdi etibarsız hesab etməklə əqdlərin etibarsızlığı ilə öhdəliklərin icrası məsələsinin qarışıq salmış, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi, eyni zamanda bildirdi ki, həqiqətən də Cavabdeh1 özünə məxsus mənzili satmaq istəmiş, tərəflər arasında mənzilin alqı-satqısı barədə danışıqlar olmuş və mənzilin 170.000 manata satılmasına dair tərəflər arasında razılıq olmuş, lakin iddiaçı sonradan mənzilə görə razılaşdırılmış məbləği Cavabdeh1 ödəməmiş, bu səbəbdən də cavabdeh sonradan verdiyi razılıq ərizələrini ləğv etdirmiş, rayon məhkəməsində də iddiaçı tərəfindən mənzilə görə pulun verilməsi sübut olnmamışdır, eyni zamanda iddiaçı ilə cavabdeh MTK arasında mənzilə dair müqavilə xx.xx.2022-ci il tarixində bağlansa da, mənzilin əvvəlki sahibi Cavabdeh1 və onun arvadı tərəfindən mənzilin iddiaçının adına keçirilməsinə dair notariat qaydasında razılıq yalnız iki gün sonra, yəni xx.xx.2022-ci ilə verilmişdir, demək ki, müqavilə bağlanan vaxt belə bir razılıq olmamışdır, bu səbəbdən də həmin müqavilə etibarlı ola bilməzdi, rayon məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, bu səbəbdən, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Bununla belə, cavabdehin nümayəndəsi təsdiq etmişdir ki, hələ avqust ayında tərəflər arasında mənzilin satılması ilə bağlı danışıqlar aparılaraq razılıq əldə olunmuş, eyni zamanda da mənzilin əvvəlki sahibi notariat qaydasında ərizələrin verilməsindən öncə MTK-da olmuşlar.

12. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi, eyni zamanda bildirdi ki, əslində onun adına olan mənzilin həqiqi sahibi qudası Mehman Rzayevdir, sadəcə olaraq həmin mənzil alınarkən qudalar belə razılığa gəlmişlər ki, mənzil onun adına olsun, qudası Mehmanın ehtiyacları olmuş, mənzili satmaq qəraına gəlmiş, qarşı tərəflə danışıqları əsasən qudası aparmış, o, yalnız Mehmanın göstərişlərinə əsasən hərəkət etmiş, arvadı ilə birlikdə notariat qaydasında ərizələri də məhz Mehmanın deməsinə əsasən vermişdir, məlumatı var ki, onlar həmin ərizələri verməmişdən qabaq qudası Mehman MTK-da olmuş, mənzilin iddiaçının adına keçirilməsini MTK-dan xahiş etmiş, lakin mənzilə görə şəxsən ona hər hansı pul verilməmiş, güman etmişlər ki, yəqin bir neçə günə mənzilin pulu ödənilər, onlar bir həftəyə qədər gözləmiş, pul ödənilmədiyini görüb xx.xx.2022-ci il tarixində həmin ərizələrini ləğv etdirmişlər, bu səbəbdən də apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Bununla belə, Cavabdeh1 mənzilə görə razılaşdırılmış pulun ödənilmədiyi bir halda MTK tərəfindən mənzilin müqaviləsinin İddiaçı adına dəyişdirilməsinə, bundan iki gün sonra isə həm özü, həm də arvadının notariat qaydasında mənzilin İddiaçı adına keçirilməsinə yazılı razılıq verilməsinin səbəblərini (o, bütün bunların qudası Mehmanın tapşırığına əsasən etdiyini, cavabdehin sözünə inandıqlarını deyərək) hər hansı ağlabatan və inandırıcı şəkildə izah edə bilməmişdir. Sübutların tədqiqi:

13. Cavabdeh1 (payçı) ilə X6 (icraçı) arasında bağlanılmış xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, icraçı Xətai rayonu, S.Ə,Şirvani küçəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin İİİ blok, XlV mərtəbə, ümumi sahəsi 135 kv.m. olan 229 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət payçının istifadəsinə verir. Müqavilə üzrə mənzilin dəyəti bir kv.m. sahə üçün 445 manat təşkil edir. Cəmi 135 kv.m.sahə üçün 60000 manat təşkil edir.

14. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 onun adına olan ünvan 2 ünvanında fiziki şəxs X6 tərəfindən inşa edilmiş yüksək mərtəbli evinin. 3 blok. 14-cü mərtəbədə yerləşən, üınumi sahəsi 135 kv.m olan 3 otaqlı 229 nömrəli mənzil və paydan imtina edir. Həmin nənzilin İddiaçı adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etiraz etmir. Onun gələcəkdə bu mənzilə və X3 qarşı heç bir iddiası olmayacaq.

15. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 8İ-16317 reyestr nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh2, əri Cavabdeh1 adına olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi. 2319- cu məhəllə ünvanında fiziki şəxs X6 tərəfindən inşa edilmiş yüksək mərtəbli evinin, 3 blok, 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi İ35 kv.m otun 3 otaqlı 229 nömrəli mənzil və paydan imtina etməsinə etiraz etmir. Həmin mənzilin İddiaçı adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etiraz etmir. Onun gələcəkdə bu mənzilə və X3 qarşı heç bır iddiası olmayacaq.

16. "xxxx" MTK-in xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzil xx.xx.2022-ci il tarixdə almış və bu günə qədər heç bir borcu yoxdur.

17. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK-in sədri X4 Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzili 170000 manat qiymətinə İddiaçı satmışdır.

18. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 8İ-17019 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh1 Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 8İ-16318 reyestr nömrəli ərizədən imtina etdiyini bildirmişdir.

19. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 8İ-16817 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri 14 saylı notariat ofisində 8İ-16317 reyestr nömrəli ərizədən imtina etdiyini bildirmişdir.

20. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində bildirmişdir ki, ev faktiki ona məxsus olmuşdur, özü Rusiya Federasiyasında olduğundan 2013-cü ildə MTK-dan xahiş etmişdir ki, evi qudası Hafizin adına keçirsin, sonra ona pul lazım olmuş, evin çıxarışı olmadığı üçün ipotekaya qoya bilmədiyindən evi satmaq qərarına gəlmiş, Kamalın atası ilə bir kəndlidir, onu uşaqlıqdan tanıyır, bir gün Kamalın atası zəng etdi ki, bir imkanlı adam var evi almaq istəyir, həmin adamla əlaqə saxlamış, o da bildirmişdir ki, evə baxmayacaq, yaxın adamlardan birinin adına keçirdərsən, pulu da Moskvada alacaqsan, o, da inanıb razılaşmışdı. Mənzilin iddiaçının adına keçirilməsini o özü xahiş etmiş, müqavilə ayın 1-də olub, iki gün sonra isə onun tapşırığına əsasən qudası Hafiz və onun arvadı notariata gedərək razılıq ərizəsi veriblər, razılığa görə mənzilin pulu sonradan veriləcəkdi, sənədləşmə olsa da, sonradan pul ödənilmədi, onlar bir müddət gözləmiş, sonra imtina ərizələrini ləğv etdirmişlər, iddiaçı tərəfindən mənzilə görə ona heç nə verilməyib. M.Rzayev eyni zamanda, nəyə görə pul alınmadığı bir halda mənzilin iddiaçının adına keçirilməsinə razı olmasını, eləcə də müqavilə bağlandıqda iki gün sonra isə mənzildən iddiaçının xeyrinə imtina barədə notarial qaydada ərizə verilməsinin səbəblərini ağılabatan şəkildə izah edə bilməmiş, eyni zamanda, İddiaçıla “Laçın” ticarət mərkəzinin qarşısında görüşdüyünü və onu notariusda gördüyünü bildirmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

22. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

23. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

24. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

25. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

28. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

29. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

30. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

31. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

32. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

33. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

34. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

35. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

36. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

37. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

38. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

39. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

40. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

41. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

42. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

43. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

44. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

45. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

50. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

51. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

52. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

53. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

56. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

57. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

58. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

59. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

60. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

61. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı və cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı və cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

63. Hazırkı ilkin iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən Cavabdeh1 mübahisəli mənzilin dəyəri olaraq 170000 manat məbləğində pul vəsaitini ödədiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və "xxxx" MTK ilə İddiaçı arasında müqavilə mənzilin əsl sahibi Cavabdeh1 tərəfindən mənzildən İddiaçı xeyrinə imtina edilməsi ilə bağlı ərizə verilməmişdən 2 gün əvvəl bağlanıldığından, "xxxx" MTK-nın həmin məznilə dair sərəncam vermək və mənzil ilə bağlı mübahisələndirilən əqdi bağlamaq hüququ olmamışdır.

64. Belə ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

65. "xxxx" MTK ilə İddiaçı arasında ünvan 1 ünvanındakı binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən 229 nömrəli mənzilin sonuncunun istifadəsinə verilməsi haqqında müqavilə bağlanılan zaman müqavilənin etibarlı olması üçün əqdin subyektiv tərkibinə aid olan şərtə əməl edilməmişdir. Belə olan halda, "xxxx" MTK ilə İddiaçı arasında ünvan 1 ünvanındakı binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən 229 nömrəli mənzilin sonuncunun istifadəsinə verilməsi haqqında müqavilə etibarsız hesab edilməlidir.

66. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.

67. Belə ki, hazırkı mülki işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur ki, ünvan 4 ünvanındakı binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən 229 nömrəli 3 otaqlı, ümumi sahəsi 135.km. olan mənzil Cavabdeh1 məxsus olmuş (bax, xx.xx.2013-cü il tarixli müqavilə) cavabdeh tərəf bildirir ki, mənzilin faktiki sahibi onun qudası M.Rzayevdir)) mənzilin əvvəlki sahibi pula ehtiyaclarının olması səbəbindən mənzilin satılması qərarına gəlmiş, bununla bağlı iddiaçı tərəflə 2022-ci ilin avqust ayının sonlarında danışıqlar aparmış, tərəflər arasında buna dair razılıq əldə olunmuş, tərəflər mənzilin qiymətinin 170.000 manata razılaşdırmış, satılan mənzil müvafiq qaydada qeydiyyatdan keçmədiyindən (mənzilin çıxarışı olmadığından) əldə olunmuş razılaşmaya əsasən alqısatqı mövcud praktikaya uyğun olaraq MTK-da əvvəlki sahibin imtinası və mənzili əldə edən şəxsin adına yeni müqavilənin bağlanması qaydasında həyata keçirilmiş, buna dair MTK-ya müraciət olunmuş, əvvəlki sahib mənzilini alıcı İddiaçı satdığını və mənzilin onun adına keçirilməsini MTK-dan xahiş etmiş, MTK-da olarkən tərəflərə, gələcəkdə mübahisə olmasın deyə, əvvəki sahibin həm özünün, həm də arvadının notariat qaydada ərizələrinin lazım olduğu bildirilmiş, satıcı tərəf mənzilin məhz həmin günü, yəni xx.xx.2022-ci il tarixində alıcının adına keçirilməsini, yaxın bir iki gün ərzində isə notariat qaydada təsdiqlənmiş ərizələri də təqdim edəcəyini bildirmiş, xx.xx.2022-ci il tarixində həmin mənzilə dair MTK ilə İddiaçı arasında müqavilə bağlanmış və İddiaçı borcunun olmamasına dair ona elə həmin tarixli maliyyə arayışı verilmiş, xx.xx.2022-ci il tarixində isə həm Cavabdeh1, həm də onun arvadı Cavabdeh2 notariat qaydasında ərizə verərək mənzilin K. Həsənovun adına sənədləşdirilməsini (satılmasını) xahiş etmişlər. Bundan sonra, xx.xx.2022-ci il tarixində mənzilin əvvəlki sahibi Cavabdeh1 və onun arvadı Cavabdeh2 notariat qaydasında ərizə verərək mənzilə dair verilmiş xx.xx.2022-ci il tarixli ərizələrindən imtina etmişlər (həmin ərizələrdə səbəb olaraq narazılıq olması qeyd olunmuşdur).

68. Hazırda iddiaçı işin qeyd olunan hallarına istinadən cavabdeh tərəfindən mənzilin boşaldılması və mənzilin təhvil verilməsini, cavabdeh də öz növbəsində qarşılıqlı iddia verərək mənzilin alqı-satqısı zamanı razılaşdırılmış məbləğin sonradan alıcı tərəfindən ödənilmədiyinə istinadən müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir.

69. Yuxarıda da qeyd olunduğu kimi, rayon məhkəməsi ilkin iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən mənzilə görə pulun ödənilməsi təsdiq olunmur, həm də MTK ilə İddiaçı arasında mənzilə dair müqavilə Cavabdeh1 notariat razılığından iki gün qabaq bağlanmışdır ki, bununla da MTK-nın həmin tarixdə müqaviləni bağlamaq hüququ olmamışdır.

70. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin hər iki halla bağlı, həm pulun ödənilməməsi, həm də xx.xx.2022-ci il tarixində MTK ilə İddiaçı arasında müqavilə bağlanarkən MTK-nın mənzilin ilkin sahibinin iradəsi olmadan yeni şəxslə müqavilə bağlamasının, buna isə onun hüququnun olmaması barədə mövqeyi hazırkı işin müəyyən olunmuş hallarına uyğun olmamaqla yanaşı, maddi hüquqi baxımdan da əsassızdır.

71. Çünki əqdlərlə bağlı ümumi münasibətləri tənzimləyən MM-in Xİİİ Fəslində təsbit olunmuşdur ki, (maddə, 324.5.) iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Eyni qayda müqavilələrlə bağlı münasibətləri tənzimləyən MM-in XX Fəslində də təsbit olunmuşdur. Belə ki, qanunun tələbinə görə (maddə 404.1.) müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.) Nəzərə almaq lazımdır ki, qanunun istinad olunan həm əqdlərlə bağlı tələbi, həm də müqavilərlə bağlı tələbi imperativ xarakterlidir. Demək ki, xx.xx.2022-ci il tarixli müqavilə bağlanarkən əvvəlki sahib Cavabdeh1 mənzilini satmaq niyyətinin olmaması barədə rayon məhkəməsinin gəldiyi qənaət işin faktiki halllarına aşkar uyğun olmamaqla, həm də istinad olunan maddi hüquq normalarının tələbləri baxımından əsassız olmuşdur. Rayon məhkəməsi onu da nəzərə almamışdır ki, hətta müqavilə bağlanan xx.xx.2022-ci il tarixində mənzilin əvvəlki sahibinin iradəsi olmamış olsaydı belə, onlar tərəfindən iki gün sonra, yəni xx.xx.2022-ci il tarixli notariat qaydasında verilmiş razılıq ərizələrinin MM-in 357-ci maddəsinin (bəyənmə, sonradan verilən razılılq) tələbləri baxımından geriyə qüvvəsi olmuşdur.

72. İddiaçı iddia tələbini təmin etməyən rayon məhkəməsinin onun istinad etdiyi müqaviləni (əqdi) etibarsız hesab edərkən gəldiyi qənaətin ikinci əsası isə alıcı tərəfindən mənzilə görə pulun ödənilməsinin sübut olunmaması ilə bağlıdır. Kollegiya hesab edir ki, rayon məhkəməsinin bu qənaəti də əsassız olmuşdur.

73. Əvvəla, ona görə ki, təcili pula ehtiyacı olan və buna görə də mənzilini satmaq qərarına gələn şəxsin mənzilə görə razılaşdırılmış məbləği almadan mənzilin alıcının adına keçirilməsini təşkil etməsi, mənzilin alıcının adına keçirilməsindən iki gün sonra isə notariat ofisinə gedərək buna dair həm özünün, həm də arvadının yazılı ərizə vermələri nə ağlabatan, nə də inandırıcı görünmür. Ən azından ona görə ki, bu işdə təcili pul lazım olan şəxs mənzili satan olmuşdur, mənzili alana mənzilin qaçılmaz lazım olması işdən görünmür, demək ki, bu halda təcili pulun alınması vacib olmuşdur, nəinki mənzilin sənədləşdirilməsi. Mənzilin sahibi Cavabdeh1, eləcə də mənzilin həqiqi sahibi kimi təqdim olunan və şahid kimi ifadə verən onun qudası M.Rzayev rayon məhkəməsində bu xüsusatla, yəni pul alınmadan mənzilin alıcının adına, həm də tam olaraq sənədləşdirilməsinin səbəbləri barədə hər hansı inandırıcı izah verə bilməmişlər, elə apellyasiya icraatı zamanı da cavabdeh tərəf bu məsələdə tutarlı dəlil gətirə bilməmiş, yalnız “inam olub”, “söz vermişdilər az vaxtda verəcəklər” deməklə kifayətlənmişlər.

74. Pulun ödənilməsinin sübuta yetirilməməsinə görə əqdin etibarsız olmasına dair rayon məhkəməsinin qənaətinin əsassız olmasının ikinci və başlıca səbəbi isə ondan ibarət olmuşdur ki, əqdlərin etibarsızlığının əsasları MM-in XİV Fəslində (337-354 -cü maddələr) nəzərdə tutulmuşdur və əsasən onun bağlanmasındək (məsələn; aldatma, zorakılıq, hədə təsiri altında, tərəflərin nümayəndələrinin pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, uydurma və yalan əqd, qeyri -ciddi əqd, fəaliyyət qabiliyyəti olmayan şəxsin və s.) mövcud olan hallarla bağlı olur. Cavabdeh1 qarşılıqlı iddiasında həmin Fəsildə təsbit olunmuş halların-əsasların hər hansı birinə istinad etməmiş, hazırkı işdə belə əsaslar, ümumiyyətlə mövcud olmamışdır. Cavabdeh1 özü də qarşılıqlı iddia ərizəsində və məhkəmələrdə verdiyi izahatlarında mənzilini satmaq qərarına gəldiyini, bununla bağlı İddiaçılə görüşüb danışıqlar apardığını, mənzilin 170.000 manata satılmasına dair tərəflər arasında razılığın olduğunu, bu razılaşmaya əsasən də mənzilin İddiaçı adına keçirildiyini, pulun sonradan ödənilməli olmasını, lakin sonradan İddiaçı sözünə əməl etməyərək mənzilə görə pulu ödəmədiyini bildirmiş və bu əsasla da əqdin etibarsızlığını xahiş etmişdir. Güründüyü kimi, Cavabdeh1 tələbinin faktiki əsası kimi əqdin etibarsızlığını deyil, mənzilin alıcısı İddiaçı tərəfindən müqavilə öhdəliyinin icra edilməməsinə istinad etmişdir.

75. Öhdəliklərin icrası və öhdəliklərin icra edilməməsi ilə bağlı məsələlər isə MM-in müvafiq olaraq XXİ və XXİİ Fəsillərindəki normalarla tənzimlənir. Belə olan halda aydın olur ki, rayon məhkəməsi öhdliklərin icra edilməməsi ilə bağlı olan münasibətlərə əqdlərin etibarsızlığına dair normaları tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, nəticədə də düzgün olmayan qətnamə çıxarmışdır.

76. Beləliklə də, hazırkı mülki işin müəyyən olunmuş faktiki hallarına yuxarıda istinad olunan maddi hüquq normalarını tətbiq etdikdə aydın olur ki, Cavabdeh1 özünə məxsus mənzilin İddiaçı satılmasıyla bağlı onun həqiqi iradə ifadəsinə uyğun tərəflər arasında müvafiq razılaşma olmuş, tərəflər arasında əldə olunmuş həmin razılaşmaya əsasən həmin mənzilin alıcının adına keçirilməsi çoxmənzilli binalarda özəlləşdirilməmiş mənzillərlə bağlı mövcud praktikaya uyğun müqavilənin “addan-ada keçirilməsi” qaydasında həyata keçirilmişdir ki, bununla da İddiaçı həmin mənzilin qanuni sahibi, İnsan Hüquqlarının və X2 X1 İ saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından isə mənzilin mülkiyyətçisi olmuşdur ki, onun hazırkı tələbi də məhz bu əsasa bağlıdır. MM-in 157.2-ci maddəsinin tələbinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bununla da, İddiaçı cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması və ona təhvil verilməsi barədə tələblə çıxış etməyə subyektiv hüququnun olmaması barədə rayon məhkəməsinin mövqeyinin düzgün olmadığı müəyyən olunur. Bütün bunlar isə ona dəlalət edir ki, İddiaçı tələbi əsaslı olmuşdur və təmin olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ilkin iddia tələbinin təmin olunması Cavabdeh1 qarşılıqlı iddia tələbinin təmin olunmasını öz-özlüyündə istisna etdiyindən, onun əlavə əsaslandırılmasına zərurət qalmır.

77. Rayon məhkəməsinin alıcı İddiaçı tərəfindən MTK-ya da hər hansı məbləğdə pulun ödəməməsi ilə bağlı mülahizəsi ilə əlaqədar qeyd olunmalıdır ki, bunu tərəflərdən heç biri, xüsusən də iddiaçı da iddia etmir, çünki bu halda MTK -ya pulun ödənilməsi nəzərdə tutulmur, həmin qayda mənzilin sonrakı özəlləşdirilməsi məqsədi güdür və formal xarakter daşıyır.

78. Konstitusiya Məhkəməsinin özünün bir çox qərarlarında nümayiş etdirdiyi hüquqi mövqe də ondan ibarət olmuşdur ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr nəzərə almalıdırlar ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

79. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).

80. Konstitusiya Məhkəməsinin Plenumu M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il Qərarındakı hüquqi mövqe də hazırkı mülki işin halları baxımından əhəmiyyətlidir: ...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir. Nəticə:

81. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayətləri təmin edilməli qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, iddiaçı həmin mənzilə köçürülməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər

83. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ilkin iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 (yüz əlli) manat İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdeh "xxxx" MTK-ya cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq verilməlidir.

84. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı və cavabdeh "xxxx" MTK tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, ilkin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılsın, mənzil boşaldılaraq İddiaçı təhvil verilsin, İddiaçı həmin mənzilə köçürülsün. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İlkin iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 (yüz əlli) manat dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdeh "xxxx" MTK-ya cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar