Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-366/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və sair tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkilləri (nümayəndələri) Vəkil1 və Vəkil3, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, dalan 12-də yerləşən 268 nömrəli bağ evinin qonşu sərhədində cavabdeh tərəfindən inşa edilən 4,30 metr hündürlüyündə köməkçi tikilinin və cavabdeh tərəfindən öz divarına yerləşdirilmiş iri ölçüdə elektrik qutusunun öz hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi, iddiaçının həyətinə baxan pəncərələrin bağlanması, qonşu sərhədindən keçən elektrik kabelinin və qaz boru xəttinin yığışdırılaraq cavabdehin giriş qapısının (darvazasının) yaxın ara məsafəsindən öz həyətinə daxil olması, qonşu divarının (hasarın) tikinti qaydalarına uyğun olaraq yenidən inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mübahisəli tikiliyə dair cavabdehin adına xx.xx.2024-cü il tarixdə verilmiş “Texniki pasportun” və xx.xx.2024-cü il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən 268 nömrəli bağ sahəsinin mülkiyyətçisidir və həmin bağı 2023-cü ilin aprel ayında almışdır. Qonşusu olan cavabdeh ona aid olan hasarı 2023-cü ilin iyul-avqust ayında sökmüşdür. Hasar bir neçə ay sökülü qaldıqdan sonra 2023-cü ilin oktyabr-dekabr aylarında cavabdeh əvvəlki hasardan 57 sm aralıda öz tərəfində bina inşa etməyə başlamışdır. Tikilən bina torpaq sahəsi ilə düzgün ara məsafəsi buraxılmadan 5-6 metr hündürlükdə inşa edilmişdir. Həmin tikilini qazanxana kimi istifadə etmək üçün ana qaz kəmərindən yeni yüksək təzyiqli xüsusi qaz xətti çəkdirmişdir. Binada həmçinin elektrik generatorunun yerləşdirilməsi nəzərdə tutulur. Cavabdeh tikinti işləri aparmaqla onun mülkiyyət hüquqlarını pozmuşdur. b) birinci instansiya məhkəməsində tərəflərin izahatları barədə məlumat
3. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iddianı müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, cavabdeh iddiaçıya aralarında olan hasarın sökülüb yenidən tikilməsini təklif etmiş, iddiaçı da buna razı olmuşdur. Lakin hasar 5 daş hörüldükdən sonra cavabdeh tikintini dayandırmışdır. O, həmçinin hasara 30 sm yaxınlığında tikili inşa etdirmişdir, həmin tikilinin 4 pəncərəsi iddiaçının həyətinə baxır. Təqdim etdiyi rəydə tikilinin düzgün inşa edilmədiyi müəyyən edilmişdir. Həmin rəy mülki işdə olan sənədlər əsasında baxış keçirilmədən tərtib edilmişdir. Bundan başqa, cavabdeh elektrik generatorunu iddiaçının həyətə daxil olan qapısının yaxınlığında yerləşdirmiş, bununla da iddiaçıya təhlükə yaratmışdır. Cavabdeh tərəfindən inşa edilmiş yardımçı tikili və qurğular iddiaçıya öz həyət sahəsinə giriş-çıxış qapısını açmağa imkan vermir.
4. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, hər hansı bir daşınmaz əmlak “Daşınmaz əmlak dövlət reyestrində” qeydiyyata alınmazdan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq mütəxəssisləri tərəfindən müayinə edilir, normalara uyğun inşa edilmiş uyğun tikiliyə dair “Reyestrdən çıxarış” verilir. Cavabdehə də, ona məxsus bağ evinə daşır “Reyestrdən çıxarış” verilən zaman müvafiq müayinə aparılmış və “Çıxarış” verilmişdir, bu da həmin evin bütün tələblərə riayət etməklə inşa edildiyini göstərir. Bundan başqa, elektrik şitindən həm iddiaçının, həm də digər qonşuların evlərinə elektrik enerjisi gedir, ümumiyyətlə, elektrik şitini "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları quraşdırmışlar. Belə ki, cavabdeh, şitin yerləşdirilməsinə çəkilən xərci ödəsə də, şitin yerini ASC müəyyən edir. Ara məsafə ilə bağlı bildirir ki, iddiaçı evi ilə hasar arasında olan məsafənin olmamasını qeyd edir, lakin həmin müəyyən edilmiş məsafələr evlə hasar arasında deyil, iki tikili arasında olmalıdır. İddiaçı ilə cavabdehə məxsus bağ evləri arasında həmin ara məsafəsi saxlanılmışdır.
5. İddiaçının vəkilinin (nümayəndəsinin) vəsatəti əsasında Rayon Məhkəməsi tərəfindən işin baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti və “Azəriqaz” İstehsalat Birliyi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə baxışı iclaslarında nümayənədələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər.
6. Bunu nəzərə almış Rayon Məhkəməsi işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla iddianın bir hissəsi, yəni “mübahisəli tikiliyə dair cavabdehin adına verilmiş “Texniki pasportun” və “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” etibarsız hesab edilməsi barədə” hissəsi üzrə işin icraatına, həmin tələbə mülki icraata qaydasında baxılmalı olmaması əsası ilə xitam verililməsini qərara almışdır.
8. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü tarixli qətnamə ilə iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir.
9. Rayon Məhkəməsi iddianın təmin edilməməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının yenidən inşa olunmasını tələb etdiyi qonşu divarı (hasar) cavabdeh tərəfindən artıq tam bərpa olunmuşdur. Cavabdehin adına xx.xx.2024-cü ildə verilmiş “Texniki pasportdan” görünür ki, iddiada bəhs olunan köməkçi tikiliyə cavabdehin mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmışdır. Sökülməsi tələb edilən elektrik qutusu və pəncərələr də məhz həmin tikilinin divarlarına quraşdırılmışdır. Cavabdehin adına “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyatın aparılmasının və “Texniki pasportun” verilməsinin hazırkı iddianın qaldırılmasından sonrakı müddətə təsadüf etdiyini nəzərə alınsa, qeydiyyat orqanı tərəfindən keçirilən daşınmaz əmlakın texniki inventarlaşdırılması zamanı həm pəncərələrin, həm də elektrik qutusunun nəzərə alındığı məlum olur. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, cavabdehin adına qeydiyyatın aparıldığı “Daşınmaz əmlakın dövlət reyestrinin” məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyi halda, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, bu səbəbdən köməkçi tikilinin, həmin tikiliyə quraşdırılmış pəncərələrin və elektrik qutusunun sökülməsi barədə iddiaçının tələbi təmin oluna bilməz. İddiaçı sadalanan əmlakların sökülməsinə nail olmaq üçün ilk növbədə reyestrin məzmununun qeyri-dəqiqliyini sübuta yetirməli, bunun üçün isə reyestrdəki qeydiyyatın ləğvini tələb etməlidir. Elektrik kabelinin və qaz boru xəttinin yığışdırılaraq cavabdehin giriş qapısının (darvazasının) yaxın ara məsafəsindən öz həyətinə daxil olması barədə iddia tələbi ilə bağlı isə Rayon Məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən yerində müayinə keçirilən zaman iddiaçının bildirdiyinə görə, həmin xətlər iddiaçının torpaq sahəsi ilə deyil, küçədə yerin altı ilə aparılmışdır. İddiaçı həmin xətlərin onun hansı hüquqlarını pozmasını izah edə bilməmişdir. Eyni zamanda, iddiaçı həmin xətlərin məhz cavabdeh tərəfindən çəkildiyini də sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. d) apellyasiya şikayəti barədə məlumat
10. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
11. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
12. İddiaçının vəkilləri (nümayəndələri) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdilər və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər.
13. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, şikayətə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
14. İş üzrə üçüncü şəxslər apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da apellyasiya baxışı iclaslarında nümayəndələrinin iştirakını etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
15. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2023-cü il tarixli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 268 nömrəli bağ evi tam xüsusi mülkiyyət əsasında iddiaçıya məxsusdur.
18. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2024-cü il tarixli “Çıxarışdan” görünür ki, Bilgəh qəsəbəsində yerləşən 220 (yeni qaydalarla: Az1094, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rauf Kazımovski küçəsi giriş 127) nömrəli bağ evi tam xüsusi mülkiyyət əsasında cavabdehə məxsusdur.
19. "xxxx" MMC tərəfindən iddiaçıya verilmiş və onun tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 116 nömrəli rəydən görünür ki, Bilgəh bağ massivinin bağ sahələrinin bölgü sxeminə əsasən iddiaçının mülkiyyətində olan 0,21 ha torpaq sahəsi ilə cavabdehin mülkiyyətlərində olan 0,24 ha torpaq sahəsi arasında yol var. Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikili həmin yolun üzərində inşa edilmişdir. İddiaçı tərəfindən inşa edilmiş yardımçı tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 saylı qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalarının” tələblərinə uyğun inşa edilməmişdir. Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikili, tikilidə qazanxana və ya elektrik generatoru quraşdırılacağı təqdirdə həmin tikilinin girişləri olan tərəfinə və pəncərə boşluqları olan divarlarına bilavasitə bitişik qazanxanaların layihələndirilməsinə, qazanxananın xarici divarından yaşayış otağının ən yaxın pəncərəsinə qədər üfüqi məsafə 4 metrdən, qazanxananın dam örtüyündən yaşayış otağının ən yaxın pəncərəsinə qədər şaquli məsafə isə 8 metrdən az olduqda yol verilmir.
20. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli, 10/9475 nömrəli rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-3873/2025 saylı mütəxəssis rəyinə əsasən, cavabdehin Bilgəh qəsəbəsi, 220 saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin şərq hissəsində Bilgəh qəsəbəsi, 268 ünvanı arasında olan keçidi (82,0 kv.m) tutaraq tikinti işləri aparması müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, qeyd olunan keçid yolu kimi nəzərdə tutulmuş torpaq sahəsinin (82,0 kv.m) hər hansı bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən olunmuşdur. İddia olunan tikilinin planlı yerləşmə yerinin cavabdehin adına tərtib olunmuş **********17-11302 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli “Texniki pasportda” qeyd olunan “İ” literli köməkçi tikilinin yerləşdiyi yerə uyğun olduğu müəyyən edilmişdir. Lakin “Texniki pasportda” qeyd olunan torpaq sahəsinin koordinatları ilə sözügedən tikilinin yerləşdiyi yerin koordinatlarını müqayisə etdikdə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin 69 kv.m hissəsinin cavabdehin adına tərtib olunmuş “Texniki pasportun” hüdudlarından kənarda yerləşdiyi müəyyən olunmuşdur. Sərhəd hasarı ilə ara məsafəsi “Qazanxana qurğuları. Layihələndirmə normaları” ilə tənzimlənmir. Sərhəd hasarı ilə ara məsafəsi “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar” və Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsi ilə tənzimlənir. “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların” 2-ci bəndinə əsasən, ara məsafəsi yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazisinin sərhədləri arasında saxlanılmalı olan məsafələri nəzərdə tutur. Mübahisəli tikilinin bir hissəsinin cavabdehə ayrılmış torpaq sahəsinin sərhədlərində, bir hissəsinin isə torpaq sahəsinin sərhədlərindən kənarda inşa edildiyinə, həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsində göstərildiyi kimi, mübahisəli tikilinin torpaq sahəsinin sərhədində tikilməsinin müfəssəl planda nəzərdə tutulub-tutulmamasına dair iş materiallarında məlumatlar olmadığına görə, qərardadın üçüncü və dördüncü sualları üzrə tədqiqat aparılması mümkün olmadı.
21. Göstərilənlərə əsasən müəyyən edilir ki, Bilgəh qəsəbəsində yerləşən 268 nömrəli bağ sahəsi iddiaçıya, 220 (yeni qaydalarla: Bilgəh qəsəbəsi, Rauf Kazımovski küçəsi, giriş 127) nömrəli bağ sahəsi isə cavabdehə məxsusdur. Göstərilən bağ evlərinə iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə, cavabdehin mülkiyyət hüququ isə xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçıya məxsus evin həyətyanı sahəsinin hasarı və darvazası küçənin axırındadır. Göstərilən həyətin yanında isə cavabdehə məxsus həyətyanı sahə yerləşir. İddiaçının hasarına 1 metrdən az məsafədə cavabdeh tərəfindən köməkçi tikili inşa edilmiş, tikilinin iddiaçının evinə baxan divarında 3 ədəd pəncərə, küçəyə baxan divarında isə elektrik qutusu quraşdırılmışdır.
22. İddiaçı cavabdehin həyətində inşa edilən köməkçi tikilinin, elektrik qutusunun sökülməsini, həmin tikilidə olan pəncərələrin bağlanmasını, elektrik kabelinin və qaz boru xəttinin yığışdırılmasını və qonşu divarının (hasarın) inşa edilməsini tələb edir.
23. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının yenidən inşa olunmasını tələb etdiyi qonşu divarı (hasar) cavabdeh tərəfindən artıq tam bərpa olunmuşdur.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
25. Cavabdehin adına xx.xx.2024-cü il tarixdə verilmiş “Texniki pasportdan” görünür ki, iddiada bəhs olunan köməkçi tikiliyə cavabdehin mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmışdır. Sökülməsi tələb edilən elektrik qutusu və pəncərələr də məhz həmin tikilinin divarlarına quraşdırılmışdır. Cavabdehin adına “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyatın aparılmasının və “Texniki pasportun” verilməsinin hazırkı iddianın qaldırılmasından sonrakı müddətə təsadüf etdiyini nəzərə alsaq, qeydiyyat orqanı tərəfindən keçirilən daşınmaz əmlakın texniki inventarlaşdırılması zamanı həm pəncərələrin, həm də elektrik qutusunun nəzərə alındığı məlum olur.
26. Ona görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdehin adına qeydiyyatın aparıldığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyi halda, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, bu səbəbdən köməkçi tikilinin, həmin tikiliyə quraşdırılmış pəncərələrin və elektrik qutusunun sökülməsi barədə iddiaçının tələbi təmin oluna bilməz. İddiaçı sadalanan əmlakların sökülməsinə nail olmaq üçün ilk növbədə reyestrin məzmununun qeyri-dəqiqliyini sübuta yetirməli, bunun üçün isə reyestrdəki qeydiyyatın ləğvini tələb etməlidir.
27. Elektrik kabelinin və qaz boru xəttinin yığışdırılaraq cavabdehin giriş qapısının (darvazasının) yaxın ara məsafəsindən öz həyətinə daxil olması barədə iddia tələbi ilə bağlı isə Rayon Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən yerində müayinə keçirilən zaman iddiaçının bildirdiyinə görə, həmin xətlər iddiaçının torpaq sahəsi ilə deyil, küçədə yerin altı ilə aparılmışdır. İddiaçı həmin xətlərin onun hansı hüquqlarını pozmasını izah edə bilməmişdir. Eyni zamanda, iddiaçı həmin xətlərin məhz cavabdeh tərəfindən çəkildiyini də sübuta yetirə bilməmişdir.
28. Rayon Məhkəməsinin bu mövqeyi ilə də razılaşan Məhkəmə qeyd edir ki, MPMnin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
30. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
31. Hazırkı mübahisədə iddianın dəlillərini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. g) apellyasiya baxışının nəticəsi
32. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
36. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh və iş üzrə üçüncü şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
37. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
38. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh və üçüncü şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.