Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3660/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş (Açar sözlər: “avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-798/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. 2013-cü il buraxılışlı “Kia Sportage” markalı 99FU813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü ildə gömrük bəyannaməsinə (hesab-arayış) əsasən Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2013-cü ildən xx.xx.2024-cü ilədək nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə İddiaçı verilmişdir
2. 2013-cü il buraxılışlı “Kia Sportage” markalı 99FU813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu ildə 99UC796 dövlət qeydiyyat nişanı ilə alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçmiş, həmin tarixdən xx.xx.2023-cü ilədək nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə Cavabdeh1 verilmişdir.
3. 2013-cü il buraxılışlı “Kia Sportage” markalı 99FU813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci ildə 77CA793 dövlət qeydiyyat nişanı ilə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətinə keçmiş, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə Cavabdeh1 verilmiş, hazırda Cavabdeh2 mülkiyyətindədir.
4. Nəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 2013-cü il buraxılışlı “Kia Sportage” markalı 99FU813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 25.000 manata Cavabdeh3 satmışdır
5. Nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 2013-cü il buraxılışlı, “Kia Sportage” markalı ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 satmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 7 saylı binada yerləşən 147 saylı mənzilin, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 9-cu küçə, 13 saylı 0,0681 ha torpaq sahəsinin və Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,008 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş bağ evinin naturada bölünməsi və əgər bu mümkün olmadıqda isə hərracda satılması və satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına mütənasib şəkildə bölünməsi və 2013cü il buraxılışlı “Kia Sportage” markalı, ** CA *** (əvvəlki dövlət qeydiyyat nişanı ** FU *** və ** UC ***) dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin İddiaçı ilə Cavabdeh1 birgə mülkiyyəti hesab edilməsi, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** CA *** (dövlət qeydiyyat nişanı ** FU *** və ** UC *** olmuş) dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-302/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak bölgüsü və s. tələbinə dair iddia ərizəsi üzrə iddia tələbinin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əli qızına və Cavabdeh3 qarşı “avtomobilə dair bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin birgə mülkiyyət hesab edilməsi, açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi” hissəsinin ayrılaraq ayrıca icraatda baxılması qərara alınmışdır.
8. Tələbdə göstərilir ki, İddiaçı Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakların naturada bölgüsü və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** FU *** (hazırda ** UC ***) dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** FU *** (hazırda ** UC ***) dövlət qeydiyyat nişanlı avtomobillə bağlı iddianın həcmini artırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-279/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** FU *** (hazırda ** UC ***) dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin Cavabdeh1 və İddiaçı birgə mülkiyyəti hesab edilməsi, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** FU *** (hazırda ** UC ***) dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində Cavabdeh1 paylarının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsinə və qətnamə qanuni qüvvəsini almasına baxmayaraq, xx.xx.2021-ci il tarixdə Cavabdeh3 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1 etibarnamə verilmişdir. “Kia Sportage” markalı avtomobilin dövlət qeydiyyat nömrəsi Cavabdeh1 mülkiyyətində olan zaman ** FU ***, Cavabdeh3 mülkiyyətində olan zaman ** UC *** və Cavabdeh2 mülkiyyətində olan zaman isə ** CA *** olmuşdur. Görünən odur ki, Cavabdeh1 avtomaşını formal alqı-satqı müqaviləsi əsasında satmış, çünki hər iki mülkiyyətçinin adına olan avtomobili etibarnamə əsasında Cavabdeh1 idarə etmişdir. Hazırda “Kia Sportage” markalı avtomobil iddiaçı ilə cavabdehin paylı mülkiyyətindədir. Alqı-satqı müqaviləsi qüvvədə olduğu halda birgə nikah dövründə əldə olunmuş əmlakı hərracda satmaq olmur, mülkiyyət hüququ məhdudlaşdırılmışdır. 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** CA *** (dövlət qeydiyyat nişanı ** FU *** və ** UC *** olmuş) dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin Cavabdeh1 ilə İddiaçı birgə mülkiyyəti hesab edilməsi, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** CA *** (dövlət qeydiyyat nişanı ** FU *** və ** UC *** olmuş) dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmalıdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-798/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbi qismən təmin edilərək Cavabdeh1 13.500 (on üç min beş yüz) manatın tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə tərəflərin izahatlarını mülki işin materialları, ekspert rəyi və 2(006)-279/2021 nömrəli işin materialları ilə müqayisəli şəkildə araşdıraraq müəyyən etdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, 99FU813 (həmin vaxt 99UC796, hazırda isə 77CA793) dövlət qeydiyyat nişanlı avtomobilə dair hazırki iş üzrə cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək, avtomobil hazırki iş üzrə Cavabdeh1 və hazırki iş üzrə İddiaçı birgə mülkiyyəti hesab edilmiş və avtomobilin ½ hissəsi üzərində onların hər birinin payları müəyyən edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İddiaçı xx.xx.2022-ci ildə Cavabdeh1 bildiriş verərək, avtomobilin ½ hissəsi üzərində olan payını ona təklif etmiş və 28.000 manat dəyəri olan həmin avtomobildəki payını aldığı təqdirdə 14.000 manat məbləğində pulu ödəməsini xahiş etmişdir. Lakin məlum olmuşdur ki, həmin avtomobil məhkəmə mübahisələri zamanı - xx.xx.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh2 mülkiyyətinə keçmişdir. Hazırda iddiaçı 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, 77CA793 (əvvəlki dövlət qeydiyyat nişanı 99FU813 və 99UC796) dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin İddiaçı ilə Cavabdeh1 birgə mülkiyyəti hesab edilməsi, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, 77CA793 (dövlət qeydiyyat nişanı 99FU813 və 99UC796 olmuş) dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını; cavabdehlər isə iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. İlk öncə qeyd edilməlidir ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədiyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Buna görə də məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində tələbin qeyd olunan formada göstərilməsi və bir neçə hissəyə bölünməsi iddianın yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməz. Çünki məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. Mad.14.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin onunla Cavabdeh1 birgə mülkiyyəti hesab edilməsi, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, 77CA793 (dövlət qeydiyyat nişanı 99FU813 və 99UC796 olmuş) dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyindən, deməli, əslində iddiaçının niyyəti məhz avtomobilin dəyərinin yarısını əldə etmək olmuşdur. Bunun başqa cür olması da fiziki olaraq mümkün deyildir. Çünki nə avtomobil naturada bölünə bilməz, nə də münasibətləri heç də xoş olmayan paylı mülkiyyətçilər onu eyni anda istifadə və istismar edə bilməzlər. Deməli, onsuz da bu cür iddianın təmin olunması nəticəsində avtomobilin dəyəri tərəflər arasında bölünməli olur. Belə ki, ümumi mülkiyyətdə olan əmlakda (əmlak hüquqlarında) hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi, mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu, əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan avtomobilin tərəflərin birgə nikahı dövründə əldə edilməsi, onların birgə mülkiyyəti hesab edilməsi və hər birinin ½ hissədə paylarının müəyyən edilməsi hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş mübahisəsiz haldır. Prosessual qənaət prinsipini və mülki dövriyyənin sabitliyini rəhbər tutan məhkəmə hazırki iş üzrə hesab etmişdir ki, cavabdehlərin hüquqdan sui-istifadə edərək, avtomobili məhz əvvəlki məhkəmə mübahisələri zamanı özgəninkiləşdirmələri faktı, hazırki iddianın qismən təmin edilməsinə - iddiaçının əsl niyyətinin, yəni avtomobilin həqiqi orta bazar dəyərinin onun payına mütənasib olan ½ hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına əsas verir. Avtomobilin dəyəri ilə bağlı isə qeyd edilməlidir ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində avtomobilin qiymətinin 25000 manat olmasının göstərilməsi, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsində isə ümumiyyətlə qiymətinin göstərilməməsi, lakin həmin alqı-satqı müqaviləsinin tərəfləri olan cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında avtomobilin 7000 manata satıldığını bildirmələri, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası nəticəsində verilmiş 31 avqust 2023-cü il tarixli 10/3889-9/4048 nömrəli ekspert rəyi ilə “Kia Sportage” markalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada hazırki vaxtda orta bazar dəyərinin 27000 manat müəyyən edilməsi bir-biri ilə ziddiyyət təşkil etməsi mübahisəsizdir. Göründüyü kimi, mübahisə predmeti olan avtomobilin orta bazar dəyərinin nəinki birinci müqavilədə göstərilən 25000 manat, habelə ikinci müqavilənin tərəflərinin məhkəməyə bildirdiyi 7000 manat məbləğdə olması ekspertin rəyi ilə təkzib olunur. Avtomobili ekspertiza tədqiqatına təqdim edərək, real dəyərinin müəyyən edilməsini təmin etmək öhdəliyi avtomobili etibarnamə (xx.xx.2022-xx.xx.2023) əsasında idarə edən Cavabdeh1 üzərində olsa da, o, avtomobili ekspert tədqiqatına təqdim etməkdən yayınmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, avtomobilin həqiqi real bazar dəyərinin ekspert rəyində göstərilən qiyməti mötəbər hesab edilməli və həmin qiymət əsas götürülməklə tərəflər arasında bərabər şəkildə bölünməlidir. Çünki mülki qanunvericiliyin müqavilələr azadlığı prinsipinə əsasən, cavabdehlər avtomobili daha aşağı qiymətə də özgəninkiləşdirə bilərdilər. Beləliklə, məhkəmə iddianın qismən təmin edilərək, qalan hissədə təmin edilməməli olduğu qənaətinə gəlir və bunu məhz prosessual qənaət prinsipi ilə əsaslandırır. Belə ki, tərəflərin izahatlarından, hazırki və 2(006)-279/2021 nömrəli işlərin materiallarından da bəlli olur ki, tərəflər arasında mübahisəli avtomobillə bağlı məhkəmə mübahisələri uzun müddətdir ki, davam edir. Cavabdeh1 iddianı qəti surətdə qəbul etmədiyindən, əvvəlki məhkəmə mübahisələri tam yekunlaşmadan avtomobili özü istifadə etməyə davam etdiyi halda, formal olaraq dəfələrlə özgəninkiləşdirməyə nail olduğundan, bununla da hazırki iddiaya yeni əsas verdiyindən, hətta hazırki iddia ərizəsi üzrə aparılmış məhkəmə araşdırmaları dövründə iddiaçı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq avtomobildə olan payını alması üçün 13.500 manat (31 avqust 2023-cü il tarixli 10/3889- 9/4048 nömrəli ekspert rəyində göstərilmiş məbləğin yarısı) kompensasiya qarşılığında xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında cavabdehə təklif etdiyi halda, cavabdeh iddiaçının avtomobildəki payını almaqdan imtina edərək bu təklifi qəbul etmədiyindən (13:00-14:30-cu dəqiqələr), cavabdehin Məhkəmə Hüquq Şurasına, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Dövlət Təhlükəsizliyi Xidmətinə olan payın müəyyən edilməsi ilə bağlı əvvəlki məhkəmə qərarları ilə razı olmaması məzmunundakı müraciətləri onun iddiaçıya kompensasiya ödəmək niyyətində olmamasına dəlalət etdiyindən, məhkəmənin qənaətinə görə mübahisəli avtomobillə bağlı tərəflər arasında hər hansı razılaşmanın olması mümkünsüzdür, bu isə məhkəmə tərəfindən mübahisənin birdəfəlik həllini zəruri və qaçılmaz edir. Məhz tərəflər arasında olan uzunmüddətli sonu görünməyən məhkəmə çəkişmələrinin birdəfəlik həlli məqsədilə məhkəmə hesab etmişdir ki, hazırki mübahisənin bu formada həll edilməsi kifayət qədər ədalətli və ağlabatandır. Əks halda, yəni iddia tələbində göstərildiyi kimi məhkəmə tərəfindən maşının açıq hərraca çıxarılaraq satışdan əldə edilən vəsaitin tərəflər arasında bərabər bölüşdürülməsi nəticəsinə gəlinməsi tərəflərin arasında yeni məhkəmə mübahisələrinə yol açar, bununla da, tərəflərin hüquqları, prosessual qənaət prinsipi və mülki dövriyyənin sabitliyi pozular. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan, İddiaçı ilə Cavabdeh1 tərəfindən birgə nikah dövründə əldə edilmiş 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, ** CA *** (dövlət qeydiyyat nişanı ** FU *** və ** UC *** olmuş) dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vaxtda orta bazar dəyəri 27000,00 manat müəyyən edildiyindən həmin məbləğin yarısı, yəni 13.500 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı verilməsi ağlabatan və ədalətli olacaqdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh X1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş edib şikayətində göstərmişdir ki, “Kia Sportage” markalı, 77CA793 (əvvəlki dövlət qeydiyyat nişanı 99FU813 və 99UC796) dövlət qeydiyyat nişanlı avtomobil artıq neçə illərdir ki, Cavabdeh1 məxsus deyil, bu avtomobil Cavabdeh2 şəxsi əmlakıdır. Cavabdeh1 bu avtomobili Cavabdeh3 satmışdır, o, da öz növbəsində onu Cavabdeh2 satmışdır. Bu alqı-satqı müqaviləsi mövcuddur. Əgər avtomobillə bağlı hər hansı problem olsaydı onda dövlət orqanlarında alqı-satqı müqaviləsi bağlana bilməzdi. Lakin göründüyü kimi alqı-satqı müqaviləsi bağlanmış və avtomobil başqa bir şəxsin əmlakına çevrilmişdir. Lakin məhkəmə 2024-cü ilin mart ayında işə baxaraq 2021-ci ilin sentyabr ayında bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab olunması barədə qeyriqanuni olaraq qətnamə qəbul etmişdir. Dövlət orqanı digər bir dövlət orqanının qəbul etmiş olduğu sənədi üç ildən sonra ləğv edərək necə etibarsız hesab edə bilir? İkinci, bu avtomobilin alınmasında İddiaçı heç bir rolu, payı olmayıb. Bu avtomobili Cavabdeh1 atası onun adına rəsmiləşdirib kreditlə almışdır. Bu barədə rəsmi ödəniş çekləridə mövcuddur. İddiaçı bu avtomobilə iddia etməyə heç bir haqqı çatmır. Hətta iddiaçını işə belə cavabdehin atası düzəldib. Üçüncü, cavabdehin vəkili Vəkil, avtomobilin hazırkı sahibi Cavabdeh2, avtomobilin əvvəlki sahibi Cavabdeh3 üzrlü səbəbdən məhkəməyə gələ bilmədilər. Cavabdeh hakim X2 məhkəməni təxirə salmaq barədə xahiş etsə də, hakim onu dinləməmiş, qarşı tərəfin vəkili Nümayəndə təkidi, göstərişi ilə məhkəmə baxışı keçirdi və qeyri-qanuni, ədalətsiz qətnamə qəbul etdi. Dördüncü, avtomobilə ekspert təyin edilmədən, avtomobilin texniki vəziyyəti nəzərə alınmadan, hakim avtomobilə qeyri-qanuni olaraq qiymət təyin etmişdir. Cavabdeh qəbul edilmiş bu qətnamə ilə qəti olaraq razı deyil. Bu qətnamə ədalətsiz və qeyri-qanunidir. Qətnamə qəbul ediləndə cavabdehin sübut və faktları, şahidlərin ifadələri dinlənilməyib, qəbul edilməyib. Cavabdeh Apellyasiya Məhkəməsindən onun faktlarının və sübutlarının yoxlanılaraq qiymətləndirilməsini, şahidlərin dindirilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi.
13. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi.
14. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi.
15. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. və 37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
18. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarında qeyd edilir ki:
7.17. Ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir. Belə ki, müqavilənin etibarsız sayılması barədə iddia qaldırıldıqda, etibarsızlığın nəticəsi (Mülki Məcəllənin 337.5-ci maddəsi) kimi üçüncü şəxsin adına olan reyestr qeydinə düzəliş edilməsi (Mülki Məcəllənin 141-ci maddəsi); etibarsız əqd əsasında verilmiş əşyanın qaytarılması tələbi (Mülki Məcəllənin 157.2-ci maddəsi) üzrə isə qeydin əsasında duran müqavilənin etibarlılığının yoxlanılması məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsidir və tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Sözügedən tələblərə baxılarkən əşyanın üçüncü şəxsin adına rəsmiləşməsinə əsas olmuş əqd etibarsız sayıldıqda müvafiq reyestr qeydi ləğv olunur və əşya ər-arvadın birgə əmlakı kimi bölünür. 7.18. Mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ərarvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir. 7.19. İddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompenasiyasıdır. 7.20. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. Belə mübahisələrə baxılarkən əqd əhəmiyyətsiz olduqda (müqavilənin mühüm şərtləri göstərilmədikdə, formaya riayət edilmədikdə və s.) isə belə müqavilə heç bir hüquqi nəticə yaratmadığı üçün əşyanın mülkiyyəti əldə edənə keçmiş sayılmır, yaxud sonuncunun adına aparılmış reyestr qeydiyyatı əsassız olur. Bu halda pul tələbinin təmin edilməsi mümkün olmadığına görə iddiaçıya əşyanın qaytarılması barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Bununla belə, əşya məhv olduqda və ya vicdanlı üçüncü şəxs tərəfindən əldə edildikdə hüququ pozulmuş ərin (arvadın) düşdüyü zərərin əvəzini tələb etmək hüququ vardır. 7.21. Ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin müvafiq razılığın alınmaması əsası ilə etibarsızlığı barədə iddia cavabdeh qismində əqdin hər iki tərəfi (həm əşyanın digər birgə mülkiyyətçisi olan ər və ya arvad, həm də əqd üzrə əşyanı əldə edən şəxs) cəlb edilmədiyi halda təmin oluna bilməz. Çünki Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunduğundan və əqdlərin etibarsızlığı tələbinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə həmin müqavilənin bütün tərəfləri malik olduğundan bu cür tələbin əsl cavabdehi müvafiq əqdin tərəfləri birlikdə ola bilərlər. Əks halda, işə baxan məhkəmə, Mülki Prosessual Məcəllənin 51.3 və 54-cü maddələrinin tələblərinə müvafiq olaraq, iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz etməli və ya başqa cavabdehi işə cəlb etməli, iddiaçı razı olmadıqda isə məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxaraq əsl olmayan cavabdehə qarşı qaldırılmış iddiaya dair qaydaları tətbiq etməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur.
26. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın təmin edilən hissəsində faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia həmin hissədə haqlı sayılır.
27. Belə ki, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).
29. Yalnız nikah müddətində və ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (AM. m.34.1).
30. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yəni, tərəflərin işləməməsi onları ümumi əmlak üzərində mülkiyyət hüququndan məhrum etmir. Əksinə qanunverici bu cür hallarda ərin yaxud arvadın ümumi əmlak üzərində hüquqlarının olduğunu xüsusiləşdirərək müəyyən etmişdir.
31. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, cavabdeh mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etsə də, həmin dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisə predmeti olmuş avtomobilə dair hazırki iş üzrə cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh1 və İddiaçı birgə mülkiyyəti hesab edilmiş və avtomobilin ½ hissəsi üzərində hər birinin payları müəyyən edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Demək ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qeyd olunan avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak olduğu və üzərində ½ hissədə paylı mülkiyyətin tanındığı təsbit edilmiş və bu fakt hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır.
32. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, iddiaçı Cavabdeh1 bildiriş verərək, avtomobilin ½ hissəsi üzərində olan payını ona təklif etmiş və 28.000 manat dəyəri olan həmin avtomobildəki payını aldığı təqdirdə 14.000 manat məbləğində pulu ödəməsini xahiş etmişdir. Lakin həmin avtomobilin məhkəmə mübahisələri gedən zaman, yəni xx.xx.2021ci ildə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətinə keçdiyi müəyyən edilmişdir. Buna görə də, iddiaçı tərəfindən hazırki iddia irəli sürülmüş və mübahisə yuxarıda qeyd olunan qaydada həll edilmişdir. İddiaçı iddiasının qismən təmin edilməsi ilə, yəni mübahisə predmeti olmuş avtomobilin bazar dəyərinin yarısının Cavabdeh1 alınaraq ona ödənilməsi ilə razılaşıb apellyasiya şikayəti verməyib, yalnız Cavabdeh1 iddianın təmin edilən hissəsindən narazı qlaraq apellyasiya şikayəti vermişdir.
33. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakılar qeyd olunur. Əvvəla, birinci instansiya məhkəməsi mübahisə predmeti olan avtomobilə dair Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab etməmiş, avtomobil yenə də Cavabdeh2 mülkiyyətində qalmışdır. Cavabdeh1 həmin avtomobilin bazar dəyərinin yarısını iddiaçıya ona görə ödəməlidir ki, onun birgə nikah dövründə, birgə gəlirlər hesabına əldə edilməsi və üzərində ½ hissədə paylı mülkiyyət hüququ tanınması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Mübahisənin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ərarvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir.
34. Bundan başqa, mübahisə predmeti olan avtomobilin bazar dəyəri ekspertiza rəyi əsasında müəyyən edilmişdir. İddiaçı Cavabdeh1 həmin avtomobilin bazar dəyərinin yarısını yaxud dəyərinin yarısını ona ödəməklə avtomobilin ona qaytarılmasını təklif edir. Ancaq Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə aktının olmasına baxmayaraq hər iki variantı qəbul etmir, üstəlik şikayətində yenə də yoxlanılması tələb edilməyən halların, yəni avtomobilin birgə əmlak olduğunu mübahisələndirir, üstəlik qətnaməni ədalətsiz və qeyriqanuni sayır. Əlbətdə ki, bu cür yanaşma açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə sayılır.
35. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, Cavabdeh1 üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın bu qaydada təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
36. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-798/2024 saylı, 19 mart 2024-cü il qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-798/2024 saylı, 19 mart 2024-cü il qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.