Məhkəmə qərarları › İş №2(103)-3661/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3661/2023

13.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3661/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina edilməsinə dair hərəkətinin qanunsuz hesab edilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X24 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı (X13, X14 və X18 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina edilməsinə dair hərəkətinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-315/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Binəqədi rayon məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2-405 saylı qətnaməsi ilə X9 X15 qarşı “yaşayış sahəsindən və həyətyanı sahədən istifadə qaydasının müəyyən edilməsi” barədə iddiası təmin edilərək, evdən istifadə qaydası müəyyən edilməklə, X9 20 kv.metr olan yaşayış otağından və sahəsi 12 kv.metr olan verandadan; X10 və F.A.Yeniskanyanın isə sahəsi 20 və 12 kv.metr olan 2 yaşayış otağından və sahəsi 18 kv.metr olan verandadan; X11 isə sahəsi 24 kv.metr olan yaşayış otağından və sahəsi 12 kv.metr olan verandadan istifadə etmələri qət edilib.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 4360/2018 saylı qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh X1rşı “vərəsəlik hüququnun tanınması”tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 10521/2019 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti rədd, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, yəni qarşlıqlı iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi üzərində İddiaçı və Nərgiz Şərifovanın hüquqlarını məhdudlaşdıran və Binəqədi rayon məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilməklə Xuraman Hüseynova, Hüseyn Hüseynzadə və Zeynəb Hüseynovanın hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, həmçinin İddiaçı və Nərgiz Şərifovaya aid (Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2000-ci il tarixli Qətnaməsi ilə X10 istifadəsinə verilmiş, 2 otaqlı, sahələri 20,0; 12,0 kv.metr, sahəsi 18,0 kv.metr olan yardımçı sahə) yaşayış sahəsindən istifadə etmə qaydalarına Xuraman Hüseynova, Hüseyn Hüseynzadə və Zeynəb Hüseynova tərəfindən edilən müdaxilələrin aradan qaldırılması, qalan hissədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi və qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Bakı şəhəri 26 saylı Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli “Notariat hərəkətinin aparılmasından imtina edilməsi” qərarına əsasən vərəsəlik işinin icrası dayandırılmış, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən vərəsələr arasında mübahisə mövcud olduğu və mülkiyyətin hüquqmüəyyənedici və tələb edilən digər sənədlərin təqdim olunmadığı üçün imtina edilmiş, İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina edilməsinə dair hərəkətinin qanunsuz hesab edilməsi, 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu əsasında Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi döngə 2, 4 saylı evin mülkuyyətçisi hesab edilən Qurban Əmir-Əhməd oğlunun vəfatından sonra miras qalmış əmlak üzərində X10, həmin evin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli 2405/2000 saylı qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş 2 yaşayış otağı - 20 kv.metr və 12 kv.metr, yardımçı sahə 18 kv.metr olan mirasa (yaşayış sahəsinə) dair onun mülkiyyət hüququnun tanınması və onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunması vəzifəsinin cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X10 Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi döngə 2, 4 saylı evin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2405/2000 saylı qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş 2 yaşayış otağı - 20 kvadrat metr və 12 kvadrat metr, yardımçı sahə 18 kvadrat metr olan yaşayış sahəsi üzərindəki əmlak hüquqlarını (mirası) həmin dövrdə faktiki olaraq qəbul etmiş və bütün vərəsələr qarşısında bəyan etmişdir. X19 evlənmədiyinə görə 1-ci növbəli vərəsələrinin olmaması barədə arayışı və vərəsələrin həmin paya dair iddialarının olmaması barədə notariat qaydasında təsdiqlənmiş ərizələri ilə birlikdə, qeyd olunan evin 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu, evin sahibi olan Qurban Əmir-Əhməd oğlunun və X10 ölüm haqqında şəhadətnamələrini və vərəsələrin doğum haqqında şəhadətnamələrinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2405/2000 saylı qətnaməsinin notariat qaydada təsdiq olunmuş surətlərini ərizəyə əlavə edərək, ilk dəfə xx.xx.2017-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh X-136 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və əsas kimi iki səbəb göstərmişdir. Bunlardan biri mülkiyyətin hüquqmüəyyənedici sənədinin olmaması digəri isə, mərhumun digər vərəsələrinin, yəni, bacı və qardaşlarının müəyyən edilməsinə dair sənədləri təqdim edə bilməməsi olmuşdur. O, yenidən cavabdehə, xx.xx.2022-ci il tarixli ərizəsi ilə yuxarıda göstərilən sənədlərlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-1084/2020 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 10521/2019 saylı qətnaməsi də əlavə olunmaqla müraciət etmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh X-82 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bu dəfə əsas kimi üç səbəb göstərilmişdir ki, bunlardan birincisi təqdim edilmiş sənədlər sırasında mülkiyyətin hüquqmüəyyənedici sənədinin olmaması, ikincisi vərəsəlik işinin aparılması üçün tələb olunan sənədlərin təqdim edilməməsi və üçüncüsü mərhumun digər vərəsələri, yəni bacı və qardaşları ilə əmlak bölgüsü ilə bağlı aralarında olan mübahisədir. Onun tərəfindən kifayət qədər, yəni qanunvericilikdə nəzərdə tutulan sənədlərin təqdim olunmasına baxmayaraq, cavabdeh qərəzli və əsassız olaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina etmişdir. 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu əsasında Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi döngə 2, 4 saylı evin sahibi Qurban Əmir-Əhməd oğludur və o, 1988-ci ildə vəfat etmişdir. Miras əmlak Qurban Əmir-Əhməd oğlunun 1-ci növbəli vərəsələrindən 3 nəfəri, yəni X20, X21 və X19 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Mirası faktiki qəbul etmiş 3 qardaş arasında sonradan mübahisə yarandığından, Binəqədi Ravon Məhkəməsinin xx.xx.2000ci il tarixli, 2405/2000 saylı qətnaməsi əsasında həmin ev 3 qardaş arasında bölünməklə, hər birinə aid olan yaşayış və həyətyanı sahədən istifadə qaydaları müəyyən edilmişdir. X19 xx.xx.2012-ci il tarixdə, X20 xx.xx.2014-cü il tarixdə və X21 xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. X19 evlənmədiyinə görə, onun 1-ci növbəli vərəsələri olmamışdır. X10 bacısı və 2-ci növbəli vərəsəsi olan o, X10 faktiki qəbul etmiş payını, yəni yaşayış sahəsi üzərindəki əmlak hüquqlarını (mirası) həmin dövrdə faktiki olaraq qəbul etmiş, bütün vərəsələr qarşısında bəyan etmiş və əmlakı hal-hazırda da idarə etməklə, həmin yaşayış sahəsinə sahiblik edir. O, ilk dəfə xx.xx.2017-ci il tarixdə cavabdehə müraciət edərkən, bütün sağ olan 2-ci növbəli vərəsələri, o cümlədən X21 notariat qaydasında təsdiq olunmuş ərizələrini də təqdim edərək, X6 miras qalmış mirası qəbul etmədiklərini, iddia müddətinin ötürdüklərini və buna heç bir iddiaların olmadığını bildirmişlər. X10 ölümündən sonra, X20 2-ci növbəli vərəsə olaraq, xx.xx.2012-ci ildən xx.xx.2014-cü il tarixədək (ölənədək), yəni sağlığında X6 miras qalmış əmlakı onun tərəfindən faktiki qəbul edilməsinə etiraz etməmiş, həmin mirası hər hansı bir formada mübahisələndirməmiş, əksinə onun 2 övladı ilə birlikdə həmin yaşayış sahəsində yaşamasına razı olmuşdur. O, qardaşı X9 xx.xx.2012-ci ildə vəfatından sonra mirası faktiki olaraq qəbul etməklə, idarə etdiyindən və bunu bütün vərəsələrə bəyan etdiyindən, miras əmlakı həmin gündən iddiaçının mülkiyyəti hesab edilmişdir. X10 ölümündən sonra, X20 2-ci növbəli vərəsə olaraq, yəni xx.xx.2012-ci ildən xx.xx.2014-cü il tarixədək (ölənədək), yəni sağlığında Rafiqdən miras qalmış əmlakı qəbul etməmiş və bacısının 2 övladı ilə birlikdə həmin yaşayış sahəsində yaşamasını hər hansı bir formada mübahisələndirməmişdir. Deməli, X9 vərəsələri olan X2, X3 və X7 X6 miras qalmış əmlak üzərində hər hansı bir hüquqları yarana bilməz. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-10521/2019 saylı, qanuni qüvvəyə minmiş qətnaməsi ilə hazırda iddia predmetinin obyekti olan yaşayış sahəsi üzərində, onun və qızı X12 hüquqlarını məhdudlaşdıran və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2405/2000 saylı qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəvvən edilməklə yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn X2, X3 və X7 hərəkətləri qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, həmçinin ona və qızı X16 aid yaşayış sahəsindən istifadə etmə qaydalarına X13, X17 və X18 tərəfindən edilən müdaxilələrin aradan qaldırılması qət edilmişdir.

7. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi-vəkili Vəkil2 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı vəfat etmiş qardaşı X10 vərəsəsi olaraq tanınması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-405/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən qardaşı R.Q.Hüseynovun istifadəsinə və sahibliyinə verilmiş və vəfatından sonra miras qalmış ünvan 3 küçəsi döngə 2, 4 saylı ev ünvanında yerləşən yaşayış sahəsinə (20 və 12 kv.metr yaşayış otaqları, 18 kv.metr veranda) vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)- 13621\2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4360/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X2 həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı cavabdeh X1rşı vərəsəlik hüququnun tanınması tələbi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4360/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli ev özbaşına tikilidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-7630/2018 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4360/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı bilərəkdən bu məhkəmə aktlarını məhkəməyə təqdim etməmişdir. Qeyd olunan qətnaməyə əsasən İddiaçı qardaşının vərəsəsi olaraq müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynovun X-82 saylı xx.xx.2022-ci il tarixli qərarı tam əsaslıdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-315/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi dalan-2, 4 saylı evin özbaşına tikili olduğundan miras əmlak sayıla bilmədiyi müəyyən edildiyindən, X10 vərəsəsi olaraq tanınaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-405/2000 saylı xx.xx.2000- ci il tarixli qətnaməsinə əsasən R.Q.Hüseynovun istifadəsinə və sahibliyinə verilmiş və vəfatından sonra miras qalmış ünvan 3 küçəsi döngə 2, 4 saylı ev ünvanında yerləşən yaşayış sahəsinə (20 və 12 kv.metr yaşayış otaqları, 18 kv.metr veranda) vərəsəlik hüququnun tanınması barədə İddiaçı iddia tələbləri təmin edilmədiyindən, miras qoyanın vərəsələri arasında mübahisə olduğundan Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynovun X-82 saylı xx.xx.2022-ci il tarixli qərarı əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilə bilməz

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanuni qüvvəsini alan məhkəmə aktları ilə Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi dalan-2, 4 saylı evin özbaşına tikili olduğundan miras əmlak sayılmır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-315/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi- həqiqəti müəyyən etməməklə ona qarşı qərəzli mövqey nümayiş etdirmiş; tərəflər arasında yaranmış və mövcud olan hüquq münasibətlərini, həmçinin bəzi faktları gizlətməklə cavabdehin və 3-cü şəxs X2 hüquqlarına bilə-bilə qanunsuz üstünlük vermiş; işin hallarına tətbiq olunması nəzərdə tutulmayan, eləcə də aidiyyəti olmayan, müxtəlif sayda maddi-hüquq normalarını qətnamədə sadalamaqla əsassız olaraq hüquqi görüntü yaratmış; tərəfindən təqdim olunmuş sübutları əlaqəli şəkildə tam və hərtərəfli şəkildə araşdırmamış, eləcə də bəzi sübutları ümumiyyətlə dəyərləndirmədən və dəyərləndirməmənin səbəblərini qətnamədə açıqlamadan əsassız və ədalətsiz nəticəyə gəlmişdir. Belə ki, mübahisə predmeti olan ev həmin dövrlərdə qüvvədə olan qanunvericiliyin tələbinə görə özbaşına tikili hesab edilsə də, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinin tələbinə əsasən, evin 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” Pasportu olduğundan, həmin Pasport mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq qəbul edilməlidir. Açıq-aşkardır ki, məhkəmə akı ilə - X6 miras qalmış əmlakla bağlı mübahisə yaradan vərəsələrin, yəni X2, X3 və X7 onun əmlak hüquqlarına qarşı hərəkətləri qanunsuz hesab edilmiş və bu cür hərəkətlərə son qoyulmuşdur; eləcə də yaşayış sahəsindən istifadə etmə qaydalarına edilən müdaxilələr aradan qaldırılmışdır. Göstərilən hallar ilə birbaşa sübut olunur ki, mübahisə yaradan vərəsələr arasında artıq məhkəmə mübahisəsi başa çatmış, iş üzrə yekun qətnamə çıxarılmış və hazırda bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Odur ki, həmin şəxslər tərəfindən bu və ya digər səbəblərlə yenidən mübahisə yaradılması və yaxud qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı mübahisə edilməsi qəbul edilən deyildir. Açıq-aşkardır ki, miras qoyanın vərəsələri arasında mübahisənin başa çatması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa da, məhkəmə bunu işdə olan digər sübutlarla əlaqəli şəkildə dəyərləndirməmiş və ya dəyərləndirmək istəməmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, əmlak bölgüsü ilə bağlı vərəsələr arasında məhkəmə mübahisəsi başa çatdıqdan sonra, o, cavabdehə yenidən müraciət etmiş və cavabdehdən imtina cavabını aldıqdan sonra isə məcbur qalıb məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmələr tərəfindən - vərəsələrin hüquq münasibətlərinə qiymət verilməklə, onlar arasında yaranmış mübahisə ilə bağlı bütün hallar və faktlar müəyyən edildiyi, o cümlədən işin həmin hallarına hüquqi müəyyənlik gətirildiyi halda, hazırkı məhkəmənin bu cür mövqeyi həm əsassız, həm də qanunsuzdur. Bundan başqa, məhkəmə bir tərəfdən evin özbaşına tikili olduğundan miras əmlak sayıla bilmədiyi qənaətinə gəlir, digər tərəfdən isə miras qoyanın vərəsələri arasında mübahisə olduğunu qeyd edir. Deməli, məhkəmənin bir-birini təkzib edən qənaətə gəlməsi, qətnamənin qeydşərtsiz əsassız olmasını müəyyən edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina edilməsinə dair hərəkətin qanunsuz hesab edilməsi" barədə iddia ərizəsi ilə cavabdehler 26 saylı Xüsusi Notariat Ofisinə qarşı Binəqədi rayon Məhkəməsində iddia qaldırmışlar. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-315/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinə esasən iddia tələbi rədd edilmişdir. İddiaçı sözügedən qətnamadən apellyasiya şikayəti vermişdir. Hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-315/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi qanunidir, apellyasiya şikayətinin dəlillərini əsassızdır. İddiaçı hesab edir ki, 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport" hüquq müəyyənedici sənəd qismində tanınmalıdır. Lakin qanuni qüvvəsini alan məhkəmə aktı ilə ünvan 4 ünvanında yerləşən tikili özbaşına tikili kimi tanınmışdır. Belə olan halda həmin hüquqi fakt preyudisiallıq prinsipi ilə öz təsdiqini tapdığından təkrar məhkəmə mübahisənin predmeti ola bilməz. İddiaçı apellyasiya şikayətində istinad edilən maddi hüquq normallarının tələbləri pozulduğunu zənn edirsə sözügedən qətnamədən yeni açılmış hallar üzrə kassasiya şikayəti verə bilər. Yəni apellyasiya şikayətinin bu dəlili əsassızdır. Apellyasiya şikayətinin ikinci dəlili isə birinci instansiya məhkəməsinin tərəflərin arasında mübahisə olduğundan iddianı təmin etməmək qənaətinə gəlməsini 1964-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport hüquq müəyyənedici sənəd qismində tanınmalıdır. Əsası ilə ziddiyət təşkil etdiyini buna görə də bu iki əsası bir-birini təkzib edən əsas kimi qiymətləndirərək qətnamənin əsassız olduğu qənaətinə gəlmişdir. Miras qoyanın vərəsələri arasında mübahisə olması və hüquq müəyyənedici sənədin olmaması qətiyyən bir-birini təkzib edən hal kimi qiymətləndirilməməlidir. Miras əmlak tək ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi deyil. Qanun üzrə vərəsəlik şəhadətnaməsi ümumi miras əmlaka verilir və vərəsələrin miras əmlaklardakı payını müəyyən edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı şikayət verərək ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20.139.1-ci və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 21.1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 22.1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 23.1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun

24.40-ci maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. 25.59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın

26.36-cı bəndinə əsasən notarius notariat hərəkətinin aparılmasından imtina etdikdə, şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barədə əsaslandırılmış qərar çıxarır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İddiaçı Bakı şəhəri 26 saylı Notariat Kontoruna “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsi üçün müarciət etmişdir. Notarius vərəsələr arasında mübahisə olduğunu, təqdim edilən sənədlərin sırasında mülkiyyətin hüquqmüəyyənedici sənədlərin olmadığını qeyd edərək adına “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verməkdən imtina etmişdir. İddiaçı cavabdeh təşkilatın bu hərəkətlərini qanunsuz hesab edir. Ona görə də məhkəmədən evin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli 2405/2000 saylı qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş 2 yaşayış otağı - 20 kv.metr və 12 kv.metr, yardımçı sahə 18 kv.metr olan mirasa (yaşayış sahəsinə) dair onun mülkiyyət hüququnun tanınması və onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunması vəzifəsinin cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.

29. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qanuni qüvvəsini almış məhkəmə aktları ilə Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi dalan-2, 4 saylı evin özbaşına tikili olmasının, bu səbəbdən miras əmlak sayıla bilməməsinin müəyyən edildiyinə, onun X10 vərəsəsi olaraq tanınması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-405/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən R.Q.Hüseynovun istifadəsinə və sahibliyinə verilmiş və vəfatından sonra miras qalmış ünvan 3 küçəsi döngə 2, 4 saylı ev ünvanında yerləşən yaşayış sahəsinə (20 və 12 kv.metr yaşayış otaqları, 18 kv.metr veranda) vərəsəlik hüququnun tanınması barədə İddiaçı iddia tələblərinin təmin edilmədiyinə istinad etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, həmin məhkəmənin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur.

31. Belə ki, cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli “Notariat hərəkətlərinin imtina edilməsi haqqında” qərarı Mülki Məcəllənin 1151.1-ci maddəsinə uyğun olmuşdur. Həmin maddənin məzmununa görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Halbuki miras əmlaka daxil edilməsi və barəsində vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin verilməsi xahiş edilən Bakı şəhəri, ünvan 1 ev (2 yaşayış otağı - 20 kv.metr və 12 kv.metr, yardımçı sahə 18 kv.metr) özbaşına tikili olduğundan miras əmlaka daxil ola bilməz. Həmçinin mübahisəli əmlaka dair iddiaçının mülkiyyət hüququnun tanınması da yolverilməzdir.

32. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 34.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-315/2023 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məhəmməd Rüstəmli Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar