Məhkəmə qərarları › İş №2(103)-3665/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3665/2025

03.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3665/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X7 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, Cavabdeh2neun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(005)-2727/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən mənzil X4 xüsusi mülkiyyətində olmuş, 03 sentyabr 2014-cü il tarixində qeydiyyata alınmışdır.

2. X12 31 avqust 2014-cü il tarixində kəskin ürək-damar çatışmazlığından Bakı şəhərində vəfat etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı, 23 yanvar 2015-ci il tarixli qətnaməsinə əsasən xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh2 ilə 16 yanvar 1936-cı ildə Bakı şəhərində anadan olmuş, 31 avqust 2014-cü ildə Bakı şəhərində vəfat etmiş X4 qohumluq münasibətləri, yəni ərizəçi Cavabdeh2 mərhum X4 bibisi nəvəsi olması faktı müəyyən edilmiş,ərizə qalan hissədə təmin edilməmişdir.

4. 07 may 2015-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 notariusu D.F.Kərimov AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 31 avqust 2014-cü ildə vəfat etmiş X4 vərəsəsi bibisi nəvəsi Cavabdeh2dur və o miras əmlakı bütövlükdə miras almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü ildə verilmiş RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 66 saylı evdə yerləşən, 22A saylı, 2 otaqlı, yaşayış sahəsi 35.0 kv.m olan mənzildən ibarətdir.

5. ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir, 12 may 2015-ci il tarixində qeydiyyata alınmışdır.

6. 05 avqust 2015-ci il tarixli etibarnamədən görrünür ki, X12 İddiaçı 10 il mddətinə etibarnamə vermişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh2 mülkiyyətinə keçirilməsinə dair Bakı şəhər 21 saylı Notariat Kontorunun 2-V-1/20 reyestr nömrəli, 07 may 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddia onunla əsaslandırmışdır ki, Cavabdeh2 Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 1936-cı ildə Bakıda doğulmuş, 31 avqust 2014-cü ildə Bakıda vəfat etmiş X6 xalası nəvəsi olmağı faktının müəyyən edilməsi və miras qoyanın qanuni vərəsəsi olması barədə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı, 23 yanvar 2015-ci il tarixli qətnaməsi ilə ərizəçi Cavabdeh2 ərizəsi qismən təmin edilərək, Cavabdeh2 mərhum X6 bibisi nəvəsi olması faktının müəyyən edilməsi qət edilmişdir. Əslində isə vəziyyət tamamilə başqa cürdür. Belə ki, mərhum Plaskina Ninaya ölən günə qədər o qulluq etmişdir. Cavabdeh2 mərhumla heç bir qohumluq əlaqəsi olmamışdır. Qətnamədə qeyd olunanlar tamamilə yalandır, ən önəmlisi mərhumu onun vasitəsilə tanımışdır və Nina yalnız onunla birlikdə Emilin evinə getmişdir. Lakin qətnamə Nina və Emilin qohumluq faktını təsdiq etmişdir. Emil həmin qətnamənin əsasında vərəsəlik şəhadətnaməsi alaraq miras əmlakı öz mülkiyyətinə keçirtmişdir. Həmin xəstə rus qadını o saxlamış, ancaq evi isə kürəkəni olan cavabdeh ələ keçirtmişdir. Əsası da budur ki, guya onun qohumudur. Qeyd etmək istərdi ki, ünvan 2 ünvanı ünvan 3 2000-ci il tarixli Forma 2 arayışına əsasən, 23 yanvar 2001-ci ildə Ninanın adına qeydiyyata alınmışdır və onun adı ilə bağlı ÖM 060824 saylı çıxarış tərtib edilmişdir. Sonradan həmin mənzilə DİN BBPİ-nin 9/A-5787-039-4912Ə saylı, 25 avqust 2014-cü il tarixli arayışa və qəzetdə elana əsasən Ninanın adı ilə bağlı ********** qeydiyyat nömrəli, 03 sentyabr 2014-cü il tarixli çıxarış tərtib edilmişdir. Həmin mənzil Bakı şəhər 21 saylı notariat Kontorunun 2-V-1/20 reyestr nömrəli, 07 may 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 12 may 2015-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır və onun adı ilə bağlı ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Ümumiləşdirsək, cavadeh qohumluq faktını saxla əsaslarla qətnamədə təsdiq etdirmiş və onun əsasında miras əmlakı ələ keçirtmişdir. Odur ki, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalıdır..

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(005)- 2727/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Qətnamənin əsaslarına görə, iddiaçı mərhum X2 baxdığını və X12 tərəfindən ona etibarnamə verildiyi bildirərək, onun qanuni vərəsəsinin o olduğunu bildirsə də, qanunvericilikdə vərəsələrin dairəsi konkret şəkildə müəyyən edilmişdir və iddiaçı qeyd edilən vərəsələr siyahısına daxil deyildir. Məhkəmə tərəfindən İddiaçı ilə X12 arasında hər hansı qohumluq münasibətlərinin olması və ya onun vərəsələr siyahısına daxil olması üçün əsasların olması halları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı, 23 yanvar 2015-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh2 ilə 16 yanvar 1936-cı ildə Bakı şəhərində anadan olmuş, 31 avqust 2014-cü ildə Bakı şəhərində vəfat etmiş X4 qohumluq münasibətləri, yəni ərizəçi Cavabdeh2 mərhum X4 bibisi nəvəsi olması faktı müəyyən edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda mülki iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı, 07 yanvar 2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2015 saylı, 23 yanvar 2015-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayət onun maraqların toxunduğu müəyyən edilmədiyi əsası ilə geri qaytarılmışdır. İddiaçı izahatı özü-özlüyündə onun iddiasının əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. İddiaçının iddia ərizəsinin digər dəlilləri – borclarının olması, qızının ölümü ilə əlaqədar məhkəməyə vaxtında deyil, 10 ilə yaxın müddətdən sonra müraciət etməsi ilə bağlı bildirdikləri isə formal mülahizələdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 337, 1133, 1145, 1151, 1159-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

13. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən hallarla əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

16. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlilləri ilə rzı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Azərbaycan Mülki Məcəlləsi: Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Maddə 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Maddə 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Maddə 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

18. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir; Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Sadalanan normaların tələblərinə istinadən qeyd edilməlidir ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edildiyindən məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. İşdən müəyyən olunur ki, 07 may 2015-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi əsasında Cavabdeh1 notariusu D.F.Kərimov AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2014-cü ildə vəfat etmiş X4 vərəsəsi bibisi nəvəsi Cavabdeh2dur və o miras əmlakı bütövlükdə miras almalıdır.

23. İddianın və apellyasiya şikayətinin dəlillərini o təşkil edir ki, Cavabdeh2 X4 qohumu deyildir, qohumluq faktının müəyyən olunması barədə qətnamə əsassızdır, sonuncu ona əmlakını özgəninkiləşdirmək üçün etibarnamə vermişdir.

24. Lakin qeyd olunan hallar iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququnun olmasını təsdiq etmir. Birinci instansiya məhkəməsi düzgün qiymətləndirmə apararaq müəyyən etmişdir ki, iddiaçının izahatı iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Buna görə də məhkəmə kollegiyası iş üzrə əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(005)- 2727/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(005)- 2727/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar