Məhkəmə qərarları › İş №2(103)-3666/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3666/2024

06.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3666/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi və suyun verilməsinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi və suyun verilməsinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(010)-693/2024 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 27 sentyabr 1995-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir.

2. Cavabdeh ASC tərəfindən tərtib edilmiş abonent kartından görünür ki, abonent kodu **********001 olan ünvan 1 ünvanı üzrə borc məbləği 502,87 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, suyun verilişi və çirkab sularının axıdılmasına görə cavabdeh tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 6-ya (B tikilisi) (abunə kodu **********001) 502,87 manat məbləğinin ondan tələb edilməsinin Cavabdeh ASC-yə qadağan edilməsi, 502,87 manat borc məbləğinin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 6-ya (B tikilisi) (abunə kodu **********0010) aid abunə haqqında və digər sənədlərdən silinməsinin və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 6-ya (B tikilisi) (abunə kodu **********60000) təbii suyun verilişinin həcmi smart sayğacla ölçülməklə verilməsinin təmin edilməsi öhdəliyinin Cavabdeh ASCyə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci ildə sayğacı dəyişdirib smart kart sayğac ilə əvəz etmişlər. Sonradan isə smart sayğaca cərimə borcu yazıldı, lakin cərimə borcu ilə razılaşmadıqları üçün ödəniş edilmədi və bu səbəbdən də su xəttindən istifadə edilmədi. Daha sonra, Əmircan qəsəbəsində yeni su xətti çəkildi və smartkart sayğacı yenisi ilə əvəz etdilər. Cavabdeh ASC tərəfindən verilmiş çıxarışa əsasən 15 dekabr 2021ci il tarixə onların heç bir borcu olmayıb. Ancaq onlar 21 may 2022-ci il tarixdə ünvana 433,52 manat borc hesablayıblar. Sayğacın göstəricisi var, bu məbləği necə, nə səbəbə yazıblarsa, sübutlarını təqdim etməlidirlər. Onlar elektron sayğac yazdığı bütün borcu müntəzəm olaraq ödəyirlər, 21 fevral 2022-ci ildə sayğacı çıxarıb aparıblar, idarəyə kimi şikayət etməyinə baxmayaraq hələ də sayğac quraşdırılmayıb. Bugünkü günədək su xəttinə blom vurulub və sudan istifadə edə bilmirlər.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(010)- 693/2024 nömrəli qətnaməsi ilə iddia qismən olunmuş, ünvan 1 (abunə kodu **********001) ünvanına hesablanmış 502,87 manat məbləğində borcun silinməsi, iddia tələbənin qalan hissədə isə təmin olunmaması qət edilmişdir.

6. Qətnamənin əsaslarına görə, mübahisəli borc cavabdeh tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Hazırki halda isə cavabdeh bunu sübut edə bilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında sayğacın elektron hissəsinin xarab olduğunu və mexaniki hissənin yazmağa davam etdiyini, iddiaçının da bilmədən sudan istifadə etdiyini və bu səbəbdən borc yazıldığını bildirsə də, məhkəmə qeyd edir ki, istehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, iş materialları ilə iddiaçıya borcun hesablanması üçün əsaslar müəyyən edilməmiş, cavabdeh iddiaçı tərəfindən sudan istifadə hallarının mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının ünvanına borc yazılması və həmin borcun iddiaçı tərəfindən ödənilməsinin tələb edilməsi əsassız və qanunsuz olduğundan borcun yaranma mənbəyi məlum deyil və bu səbəbdən həmin borc iddiaçının abunə hesabından silinməlidir. Hazırki iş üzrə suyun verilməsi borc məbləği ödənilmədiyi üçün dayandırılmış və iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra təbii suyun verilməsi Cavabdeh ASC tərəfindən təmin olunacağından iddia həmin hissədə təmin edilə bilməz. Çünki, istehlakçını təbii su ilə təmin etmək su təchizatı müəssisəsinin əsas vəzifəsi olduğundan və həmin vəzifə birbaşa qanunda nəzərdə tutulduğundan, həmin vəzifənin yenidən məhkəmə tərəfindən cavabdehin üzərinə öhdəlik kimi qoyulması yolverilməzdir.

7. Məhkəmə gəldiyi nəticəni “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30, 59.1, 59.3-cü maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”-nın 2.1.5, 2.1.7, 2.1.8, 5.1.5, 7.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunan hissəsində rədd edilməsini xahiş etmişdir.

9. Şikayətin dəlillərinə görə, qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən S u təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Belə ki, iddiaçı 2016-cı ildən əməkdaşların ünvan daxili quraşdırılmış su sayğacına baxmalarına şərait yaratmamış, əraziyə baxış keçirən su kəmər təsərrüfatında nəzarətçi tərəfindən 22 may 2022-ci il tarixində ünvanda olan sayğaca baxış keçirilən zaman sayğacın üzərində 433,52 manatlıq sərfiyyat olduğu aşkarlanmış və sistemə daxil edilmişdir. İddiaçı su və kanalizasiya xidbətlərindən tam istifadə etsə də xidmətlərin dəyərini tam ödəməmişdir. İddiaçı sonuncu dəfə 11 sentyabr 2016-cı il tarixində 20 manat ödəmiş və illərərzindəxidmətlərdən heç bir ödəniş etmədən istifadə etmişdir. Digər tərəfdən Cavabdeh ASC Suraxanı rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinin su təchizatı və kanalizasiyasistemlərinə baxış keçirilən zaman sayğacdan kənar boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmiş və bu barədə akt tərtib edilmiş, akta əsasən 90,51 manat dəymiş ziyan hesablanmışdır. Bu səbəblərdən iddiaçının 502,87 manat borcu yaranmışdır. Bəndə əsasən su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhalsu və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-nın hüququdur. Bəndə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 il müddətinədək hesablanır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı sayğacdan d=15 mm-lik boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 90,51 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdı.r

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

12. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 59.3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır.

14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: Bənd 2.1.5. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifəsidir. Bənd 2.1.7. İstehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək STKM-in vəzifəsidir. Bənd 2.1.8. İstehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-in vəzifəsidir. Bənd 5.1.5. Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Bənd 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. İşdən müəyyən olunur ki, cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən su sərfiyyatına görə ona ziyan hesablamışdır.

17. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasəb su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Başqa sözlə, su sərfiyyatı üçün tələb olunan borcun real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir.

18. Kollegiya hesab edir ki, iddiaçıya hesablanmış borc baxımından cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Bu baxımdan birinci instansiya məhkəməsinin gəldiyi qənaəti məhkəmə əsaslı hesab edir.

19. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”-nın 2.1.8-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-in vəzifəsidir.

20. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(010)- 693/2024 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(010)- 693/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar