Məhkəmə qərarları › İş №2(103)-3672/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3672/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3672/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nizami Əliyevin iştirakı ilə, iddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3429/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1949,39 (bir min doqquz yüz qırx doqquz manat, otuz doqquz qəpik) manat, faiz borcu üzrə 1189,48 (bir min bir yüz səksən doqquz manat, qırx səkkiz qəpik) manat olmaqla, cəmi 3138,87 (üç min bir yüz otuz səkkiz manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3429/2020 saylı qətnaməsi ilə iddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması" tələbinə dair iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. İddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3429/2020 saylı qərardadı ilə iddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3429/2020 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3429/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3429/2020 saylı qərardadı ilə iddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatının Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3429/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3429/2020 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin geri qaytarılması barədə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərardad qəbul edilmiş və həmin qərardad təşkilata xx.xx.2020-ci il tarixində daxil olmuşdur. Həmin qərardadda qeyd olunan halların aradan qaldırılmasına zərurət yaranmışdır. Bu səbəbdən də iddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatının səlahiyyətli şəxsi tərəfindən yeni etibarnamə verilməli idi. Lakin koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin şərtlərinin ciddiləşdirilməsi və dövlət qurumlarında işçilərin say həddinin 30 faizədək azaldılması ilə əlaqədar dövlət və təşkilatların işlərinin görülməsində, müvafiq sənədlərin alınmasında və təsdiq edilməsində çətinliklər yaranmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(006)- 3429/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi elan edilənədək tərtib olunmalıdır. Həmin Məcəllənin 227.3cü maddəsinə görə məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İş materiallarının tədqiqi əsasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3429/2020 saylı qətnaməsi iddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən xx.xx.2020-ci il tarixdə təhvil alınmış və həmin aktdan verilmiş apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə poçt rabitəsinə təqdim edilərək birinci instansiya məhkəməsinə ünvanlanmışdır. Səlahiyyətli şəxs tərəfindən verilmədiyi əsası ilə həmin şikayət geri qaytarılsa da, nəzərə alınmalıdır ki, müvafiq prosessual müddət buraxılmadan iddiaçı "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən məhkəməyə müraciət edilmişdir. Daha sonra təkrar müraciət zamanı verilən müddətin bərpasına dair ərizə araşdırılarkən, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, ölkədə yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə karantin elan edilməsi və nəticədə bəzi hüquq və azadlıqların məhdudlaşdırılması hamıya bəlli olan haldır və sübut edilməsinə ehtiyac yoxdur. Belə olan halda, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3429/2020 saylı qərardadı qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdıraraq, ərizəyə münasibət bildirməlidir. Ona görə də qərardad ləğv olunmalı, ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3429/2020 saylı qərardadı ləğv edilsin və iş ərizəyə yenidən baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar