Məhkəmə qərarları › İş №2(103)-3674/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3674/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3674/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik mübahisələr barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 2569/2025 saylı, 02 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 1400 manat dəyərində məhsulu ayda 78 manat ödəmək şərti ilə 18 ay müddətinə almışdır. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən, alıcıya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt İddiaçı MMC-yə və ya digər üçüncü şəxslərə güzəşt edə bilər. "xxxx" MMC və İddiaçı QSC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsi və ona əlavə olunan xx.xx.2024-cü il tarixli sazişdən aydın olur ki, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququ sonucuya keçmişdir. Hazırda iddiaçı xx.xx.2024-cü tarixli müqaviləyə əsasən yaranmış borcun cavabdehdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü tarixli müqaviləyə əsasən, ondan 1320 manat əsas, 198 manat cərimə borcu olmaqla, cəmi 1518 manat məbləğində borc, 36 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış NLG000054 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1400 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1400 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5% miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bugünə 1320 manat əsas borcu, 198 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2569/2025 saylı, 02 aprel 2025- ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1320 manat əsas, 198 manat cərimə borcu olmaqla, cəmi 1518 manat məbləğində borc, 36 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqının tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilən hallarından məlum olur ki, Cavabdeh məhsulun nisyə alqı-satqı müqaviləsi üzrə həmin tarixə İddiaçı QSC-yə 1320 manat əsas, 198 manat cərimə borcu olmaqla, cəmi 1518 manat məbləğində borcu vardır. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ona qarşı pul tələbi barədə iddiasının tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında onunla İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında hər hansı bir müqavilə olmamışdır, müqavilə fiziki şəxs X4 və “Premium Baku” möhürü ilə təsdiqlənmişdir. “Premium” modelli su təmizləmə aparatı nasaz vəziyyətə olmuşdur və aparat onların işçisi Samir Piriyev tərəfindən götürülmüşdür. Lakin indiyənədək həmin aparat geri qaytarılmamışdır. Bütün bunlar qətnamə qəbul edilərkən məhkəmə tərəfindən nəzərə alınmamışdır və bununla bağlı hər-hansı araşdırma aparılmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi işi birtərəfli qaydada aparmış, düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bununla yanaşı işə apellyasiya qaydasında baxılan zaman iş üzrə aparatın işləyib-işləməməsini müəyyən etmək üçün məhkəmə ekspertizasının təyin edilməsini xahiş edir. Göründüyü kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona nasaz aparatın satılması və sonradan geri götürməsi ilə yanaşı ona qarşı iddia tələblərinin qaldırılması əsassızdır. Həmçinin birinci instansiya məhkəməsi bankın mövqeyindən çıxış etmişdir, cavabdehin mövqeyi ilə maraqlanmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3674/2025 saylı, 12 iyun 2025-ci il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddia ərizəsi üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2569/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxılması və şikayətə baxılmasının 28 iyul 2025-ci il tarixə saat 12:45-ə təyin edilməsi qərara alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz təqdim edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsia apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 1400 manat dəyərində məhsulu ayda 78 manat ödəmək şərti ilə 18 ay müddətinə almışdır. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən, alıcıya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt İddiaçı MMC-yə və ya digər üçüncü şəxslərə güzəşt edə bilər. İş materiallarında olan "xxxx" MMC və İddiaçı QSC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsi və ona əlavə olunan xx.xx.2024-cü il tarixli sazişdən aydın olur ki, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququ sonucuya keçmişdir. Hazırda iddiaçı tərəf qeyd edilən məhsulun nisyə alqı-satqı müqaviləsinə istinad etməklə cavabdehdən 1320 manat əsas, 198 manat cərimə borcu olmaqla, cəmi 1518 manat məbləğində borc, 36 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə apellyasiya şikayətində onunla İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında hər-hansı bir müqavilə olmamasına, müqavilənin fiziki şəxs X4 və “Premium Baku” möhürü ilə təsdiqlənməsinə istinad etmişdir. Məhkəmə Kollegiyası cavabdehin dəlillərinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Hazırda da işin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC və İddiaçı QSC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsi və ona əlavə olunan xx.xx.2024-cü il tarixli sazişdən aydın olur ki, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququ sonucuya keçmişdir. Göründüyü kimi, iddiaçıya hazırki tələb hüququ "xxxx" MMC və İddiaçı QSC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsi və ona əlavə olunan xx.xx.2024-cü il tarixli sazişə əsasən keçmişdir ki, bu zaman qanunvericiliyin tələblərinə əsasən tələbin sahibi ilə, yəni "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Odur ki, cavabdehin onunla İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında hər hansı bir müqavilə olmaması barədə dəlilləri əsassız olmuşdur. Bundan başqa cavabdehin apellyasiya şikayətinin dəlili olan “Premium” modelli su təmizləmə aparatı nasaz vəziyyətə olması və aparatın onların işçisi Samir Piriyev tərəfindən götürülməsi ilə dəlilləri ilə əlaqədar Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hazırda isə cavabdeh tərəf “Premium” modelli su təmizləmə aparatı nasaz vəziyyətə olmuşdur və aparat onların işçisi Samir Piriyev tərəfindən götürülməsi barədə mötəbər sübutlar təqdim etməmiş, həmçinin qeyd edilənlər işin sadalanan halları ilə müəyyən edilməmişdir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur Bununla yanaşı Məhkəmə Kollegiyası qeyd edir ki, işin müəyyən edilən hallarından məlum olur ki, Cavabdeh məhsulun nisyə alqı-satqı müqaviləsi üzrə həmin tarixə İddiaçı QSC-yə 1320 manat əsas, 198 manat cərimə borcu olmaqla, cəmi 1518 manat məbləğində borcu olmuşdur. Cavabdeh isə borcun düzgün hesablanmamasını təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd edilən borcun məbləğini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1320 manat əsas, 198 manat cərimə borcu olmaqla, cəmi 1518 manat məbləğində borcun tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclunun 1320 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı tərəfindən 198 manat cərimə borcu hesablayıb tələb etmişdir və Məhkəmə Kollegiyasının qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kollegiya apellyatorun şikayətə əlavə etdiyi Cavabdeh fiziki şəxs X4 ilə bağladığı 07 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsinin mövcudluğuna qiymət verərək hesab edir ki, bu müqavilə hazırda ona qarşı qaldırılmış iddianın əsassızlığına heç bir formada təsir etmir. Belə ki, bu müqavilə üzrə öhdəliklər cavabdehin hazırki iş üzrə xx.xx.2024cü il tarixli müqavilə üzrə götürdüyü öhdəliklərin icrasına heç bir aidiyyatı və hüquqi bağlılığı yoxdur. Kollegiya apellyatorun işə apellyasiya qaydasında baxılan zaman iş üzrə aparatın işləyib-işləməməsini müəyyən etmək üçün məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı qeyd edir ki, mübahisənin predmeti aparatın işləyib-işləməməsi ilə bağlı deyil, tərəflər arasında müqavilə münasibətləri üzrə yaranmış borcla əlaqədar olmuşdur. Kollegiya qeyd edir ki, müqavilə üzrə göstərilən xidmətin qüsurlu olması və ya verilən malın keyfiyətsiz olması ilə bağlı cavabdehin sübutlar qarşılığında buna dair ayrı icraatda iddia qaldırıla bilər. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, işin faktiki halları ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2569/2025 saylı, 02 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar