Məhkəmə qərarları › İş №2(103)-3676/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3676/2025

20.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3676/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-519/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********40000) təbii qazdan istifadə ilə bağlı hesablanmış 6.159,70 manat borc silinsin. Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin borcun 2.922,8 manat hissəsi silinsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv olunsun və iddia rədd edilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehin əməkdaşları iddiaçıya aid ünvan üzrə iki akt tərtib edib: 1) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt; 2) xx.xx.2024-cü il tarixli ******* nömrəli akt. 1-ci aktda qeyd olunub ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan 4 ədəd zavod plastmas plombdan biri sayğacın üzərində aşkar olunmadı. 2-ci aktda qeyd olunub ki, sayğacın qoruyucu şüşəsinin üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olundu. Daha sonra hesabat aparılıb, dəymiş zərərin (itirilmiş qazın) həcmi 1-ci akt üzrə 12.960 kub.m (1.555,20 manat), 2-ci akt üzrə 6.430 kub.m (777,60 manat) müəyyən edilib. 1.555,20 manat və 777,60 manatın cəmi 2.332,8 manat təşkil edir. Həmin 2.332,8 manat borc silinməlidir. Belə ki, abonent sayğaca müdaxilə etmədiyini bildirir, aktları isə imzalamayıb. Abonentin sayğaca müdaxilə etdiyini təsdiq edən sübut yoxdur, o, sayğacın mühafizəsinə görə məsuliyyət daşımır. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən olunub və lazımi qaydada əsaslandırılıb, lakin 2.332,8 manat borcun silinməsi əvəzinə 2.922,8 manat borcun silinməsi qət olunub. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinin göstərişlərinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilməli, silinməli olan borcun məbləği 2.332 manat müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə iddianın rədd edilməsinə aid olan hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-519/2025 nömrəli qətnaməsi dəyişdirilsin, silinməli olan borcun məbləği 2.332 (iki min üç yüz otuz iki) manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar