Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3677/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: «əsassız hesablanmış borcun silinməsi») Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-1312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən əsassız hesablanmış Bakı şəhəri Xəzər rayonu Gülçülük sovxozu ünvanında yerləşən evinə (abonent kodu **********00000) hesablanmış 4147,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, '‘Azəriqaz" İB tərəfindən ünvan 2 ünvanında olan **********00000 saylı abonent hesabına xx.xx.2023-cü il tarixli akt əsasında 4147,20 manat məbləğində borc yazılmışdır. Həmin aktdan görünür ki, “sayğacdan kənar rezin boru” vasitəsilə təbii qazdan istifadə etmişdir. 31 may 2023-cü il tarixli aktdan görünür ki, guya qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 34560 m3 qaz sərfinə görə 4147,2 manat məbləğində borc hesablanmışdır. Halbuki, onun ünvanında təbii qazdan sayğacdan kənar istifadə 1 gün olmuş və elə həmin günü də akt yazılaraq kənar xətt ləğv edilmişdir. Belə olan halda akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən qəsdən hesabat müddəti 360 gün göstərilməklə borc məbləği şişirdilmişdir.
3. Xəzər Rayon Məhkəməsinin 2(003)-1312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvana aid qaz sağacına (abonent kodu: **********00000 olan) hesablanmış 3801,6 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilməli olan 59 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri
4. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qazxəttinə qoşulma mövcuddur. Cavabdeh tərəfindən təqdim olunmuş sübutlara,yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim edilmiş sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbuletmişdir. Məhkəmə, qətnaməsində borcun silinməsini təmin etsə də buna əsas gətirməmişdir. Tərəflərin izahatı:
6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, cavabdeh tərəf ərizə ünvanlayaraq mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, iddiaçı isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. Abonentin saldosundan və “Gasrep” proqram təminatı çıxarışından görünür ki, abonent İddiaçı verilən qaz xətti **********00000 saylı kodla qeydiyyata alınmışdır.
9. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni istifadə edir.
10. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin (4x24x360=34560 m3 ).
11. Abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna aktlar üzrə 2023-cü ilin aprel ayında 34560 kub.metr zərərə görə 4147,20 manat borc hesablanmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu
14. Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu
15. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
16. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
17. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
18. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
19. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
20. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
21. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
22. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
23. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
24. 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları:
25. 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Tətbiq edilən prosessual hüquq normaları:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
35. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
38. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən – iddianın təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçını təbii qazla təmin etmək, iddiaçı isə ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə bağlandıqdan sonra cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğac göstəricilərinin geri çəkildiyi və sayğacın hesablama mexanizminin qapağının əzildiyi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, iddiaçıya ümumilikdə aktlar əsasında 4147,20 manat məbləğində borc hesablanmışdır.
41. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur.
42. İddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunması iddiaçı tərəfindən də mübahisələndirilməmişdir, belə ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etməsini qəbul etmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassız olmuşdur. Belə ki, cavabdeh tərəfindən ziyan hesablanarkən qaz avadanlıqlarının orta günlük iş rejimi 24 saat və 360 gün götürülməklə iddiaçıya zərər hesablanmışdır.
44. Halbuki qaz sayğacının nominal qaz sərfi orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 360 gün deyil, 30 gün olmaqla, 4x24x30=2880 x0.12 manat, yəni 345,60 manat məbləğində borcun iddiaçıya hesablanması ədalətli və ağlabatandır.
45. Göründüyü kimi akta əsasən hesablanmış dəymiş ziyanın məbləği düzgün olmamışdır. Çünki qaz sayğacının nominal qaz sərfi orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 360 gün deyil, 30 gün olmaqla hesablanmalıdır.
46. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən - iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00000 olan) hesablanmış 3801,6 (4147,20 – 345,60) manat məbləğində borcun silinməsi hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir.
47. Cavabdeh isə qeyd olunan hesablama ilə razılaşmasa da istinad etdiyi dəlillərə münasibətdə mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə ki, cavabdeh dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədə qaz sayğacının orta günlük iş rejiminin 24 saat və hesabat müddətinin 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmasının hansı meyarlar əsasında olmasını və iddiaçının davamlı olaraq eyni sərfiyyatı 24 saat ərzində bütün il üçün istifadə etməsini təsdiq edə bilməmişdir.
48. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:
51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı mübahisələndirilən hissədə təmin etməkdə haqlı olmuş, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin mübahisələndirilən hissədə ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
53. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xəzər Rayon Məhkəməsinin 2(003)-1312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.