Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-368/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X1 tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli, 2(006)-298/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında onun iştirakı olmadan bağlanmış 24 dekabr 2012-ci il tarixli, 05UMZ/10-2 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 19 may 2010-cu il tarixdə, 05 UM/10 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən borc alana 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. 24 dekabr 2012-ci il tarixdə, Cavabdeh1 ilə onun məlumatı və iştirakı olmadan zaminlik müqaviləsi bağlanmışdır. O, həmin müqavilənin mövcudluğunu yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2018-ci il tarixli, 2(102)- 1278/2018 saylı məhkəmə bildirişi ona təqdim olunduqdan sonra bilmişdir. O, məhkəmə bildirişini aldıqdan sonra məsələni araşdırmağa başlamış və ona məlum olmuşdur ki, həmin zaminlik müqaviləsi onun adına yazılmış, onun rekvizitlərindən istifadə edilmiş, lakin imza yerinə Cavabdeh2 imzasına bənzəyən imza çəkilmişdir. O, bu barədə Cavabdeh2 soruşduqda ona bildirmişdir ki, o, kreditin alınması ilə bağlı zaminlik barədə ona məlumat vermək istəmiş, lakin sonradan bank tərəfindən ona artıq zaminliyə ehtiyac olmadığı bildirilmiş və bankın nümayəndəsi etibarnaməni onun özünə qaytarmışdır. Cavabdeh2 ona bildirmişdir ki, o, qeyd edilən zaminlik müqaviləsinə imza etməmiş və həmin müqavilənin mövcudluğu ona məhkəmə mübahisəsi zamanı məlum olmuşdur. O, bu məsələ ilə bağlı əsəb və stres keçirmiş və bu səbəbdən onun səhhətində ciddi problemlər yaranmışdır. Qeyd etmək istəyir ki, o, cavabdeh bankla zaminlik müqaviləsi bağlamamış, bağlamaq arzusu və istəyində olmamışdır. Hazırda həmin zaminlik müqaviləsi onun əmlakı və əmlak hüquqları üzərində ciddi risklər yaratmışdır. Hesab edir ki, həmin zaminlik müqaviləsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş edir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli, 2(006)-298/2019 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, onun qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi, onun subyektiv hüququnun olmamasını əsas gətirmişdir.Həmçinin məhkəmə imza ekspertizanın işin həlli üçün yeganə sübut olduğunu bilə-bilə xəttşünaslıq ekspertizası keçirməkdən imtina etmişdir. Cavabdehin onun imzası ilə təsdiq edilməmiş müqavilə əsasında ondan pul vəsaitlərini tələb etməsi mülkiyyətçi olaraq onun hüquqlarını pozur. Odur ki, hesab edir ki, iddia müddətinin tətbiqi qanunsuzdur və həmin qətnamə ləğv edilməlidir. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya apellyasiya şikayətinin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli, 2(006)-298/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan kreditor "xxxx" KB ASC, borclu "xxxx" MMC, zaminlər İddiaçı və X6 arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli, 05UM/10-2 saylı zaminlik müqaviləsinin kserosurətindən görünür ki, bank tərəfindən "xxxx" KB ASC ilə "xxxx" MMC arasında 19 may 2010-cu il tarixdə 05UM/10 saylı kredit müqaviləsinə əsasən borc alana 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Zaminlik müqaviləsinə əsasən İddiaçı və X6 zamin kimi üzərlərinə öhdəliklər götürmüşlər. Sözügedən müqaviləyə İddiaçı əvəzinə verdiyi etibarnamə əsasında Cavabdeh2, digər zamin X2 isə əvəzinə etibarnamə ilə X3 imza etmişlər. İş materiallarından görünür ki, iddiaçı zaminlik müqaviləsinin mövcuduluğunu Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.02.2018-ci il tarixli 2(102)-1278/2018 saylı məhkəmə bildirişi ona təqdim olunduqdan sonra bilməsini göstərərək, onun bankla elə bir zaminlik müqaviləsi bağlamamasını, buna istəyinin olmamasını, Cavabdeh2 tərəfindən zaminlik müqaviləsinə imza edilməməsini və sonuncunun etibarnaməni ona qaytarmasını bildirmişdir. Birinci instansiya məhkəmə iddiaçının subyektiv hüququ malik olmamaqla yanaşı, müqavilənin etibarsızlığı ilə bağlı hər hansı sübutun təqdim olunmadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-nin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-nin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətşiz əqdlər ola bilər. MM-nin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2020-ci il tarixli, 3030 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş, 24 dekabr 2012-ci il tarixli 05UMZ/10-2 saylı “Zaminlik müqaviləsinin 2-ci vərəqəsində “Zamin İddiaçı” hissəsində “İddiaçı” yazılarının qarşısında olan imza və həmin imzanın aşağı hissəsində “Cavabdeh2 o” yazıları- Cavabdeh2 tərəfindən icra olunmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının ekspert rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, iddiaçının zaminlik müqaviləsini onun etibarnamə verdiyi şəxsin imzalamadığı barədə dəlilləri öz təsdiqini tapmamış, əksinə epkspert rəyi ilə nümayəndənin zaminlik müqaviləsini imzaladığı müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, iddiaçı öz iddia tələbinin faktiki əsası kimi istinad etdiyi zaminlik müqaviləsinin etibarsızlığı ilə bağlı halları sübut edə bilməmiş, bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kollegiya hesab edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqdlərin etibarsızlığı ilə bağlı bir ildən artıq müddət nəzərdə tutulmamışdır. Bununla da iddiaçı etibarsız əqdlər üzrə qanunla müəyyən edilmiş kəsici müddəti də ötürmüşdür. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 124 manat iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli, 2(006)- 298/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 124 manat İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-368/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-368/2020
10.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver